Məhkəmə qərarları › İş №2(105)-2929/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2929/2020

11.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2929/2020 11.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dairmülki iş üzrə Şuşa rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(077)-163/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şuşa rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Həsənov) iddianın təmin edilməsi, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)- 1212/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği azaldılaraq xx xxx 2006-ci il təvəllüdlü X2 və xx xxxxxx 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün qətnamə qanunu qüvvəsini aldığı vaxtdan başlayaraq hər ay İddiaçı aylıq qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayon məhkəməsinin 2(003)-1212/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx xxx 2006-cı ildə anadan olmuş X2 və xx xxxxxx 2010-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının 1/3 hissəsində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə birgə nikahlarından xx xxx 2006-cı ildə qızı Fatimə və xx xxxxxx 2010-cu ildə oğlu İbrahim doğulmuşdur. Cavabdehlə münasibətləri pozulduğundan Xəzər rayon məhkəməsinin 2(003)-1212/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən onunla Cavabdeh arasında olan nikah pozulmuş, uşaqlar anasının himayəsində saxlanılmış və uşaqların saxlanılması üçün ondan cavabdehin xeyrinə xx xxx 2006-cı ildə anadan olmuş X2 və xx xxxxxx 2010-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxx 2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 154 manat məbləğində olmaqla, cəmi 308 manat məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdehlə nikahı pozulduqdan sonra xx xxxxxxxx 2019-cu il tarixdə yenidən ailə qurmuş və həmin nikahdan Hüseyn adlı oğlu doğulmuşdur. Hazırda “xxxxx” Sığorta Şirkətində mütəxəssis vəzifəsində işləyir və aylıq əmək haqqı 340 manat təşkil edir. Xəzər rayon məhkəməsinin qərarına əsasən alimentin sabit pul məbləğində tutulması onun maddi vəziyyətini ağırlaşdırır. Nəticədə öz ailəsinin və digər övladının saxlanılmasında maddi çətinliyi yaranır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Şuşa rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil, qəbul edilmiş qətnamə isə hüquq normalarının tələbləri baxımından əsassız və qanunsuzdur. İşin faktiki hallarını müəyyən edən mülki iş materiallarında olan sübutlardan görünür ki, iddiaçının ailə və maddi vəziyyətində heç bir mənfi dəyişiklik yoxdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticəni iddiaçının ikinci dəfə ailə quraraq üçüncü övladının doğulması və əmlak vəziyyətində (qazancında) artımın olmamasının onun yeni ailəsinin maddi çətinliyinə səbəb olması, cavabdehin heç bir yerdə işləməməsi barədə məhkəməyə sübut təqdim edə bilməməsi ilə əsaslandırmışdır, məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayan Cavabdeh qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, Xəzər rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, nikah pozulduqdan sonra uşaqlar ananın yanında saxlanılmış, birgə nikahlarından olan uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 154 manat olmaqla cəmi 308 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd etmək lazımdır ki, aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Əgər alimentin miqdarı müəyyən edildikdən sonra həmin məbləğin dəyişdirilməsi zərurəti yaranarsa, bu zaman ilk növbədə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməlidir. Bu da alimentin miqdarının dəyişdirilməsini tələb edən şəxsin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasını sübut etmə öhdəliyini yaradır. Hazırkı işdən göründüyü kimi tərəflərin birgə nikahlarından olan övladının saxlanılması üçün müəyyən edilən alimentin məbləği Xəzər rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Lakin sübutetmə yükü daşıyan iddiaçı özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin olmasını təsdiq edən tutarlı sübut təqdim etməmişdir. Əksinə, uşağın tələbatının ödənilməsi məqsədilə təyin edilmiş alimentin azaldılması uşaqların maraqlarına uyğun deyil. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli ailə hüquq münasibətinə tətbiq edib, tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almaqla hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şuşa rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2., 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Şuşa rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar