Məhkəmə qərarları › İş №2(105)-295/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-295/2023

23.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-295/2023 23.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin ləğv edilməsi - prosessual pozuntu) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Ruhiyyə Orucəli qızı Əsgərovadan ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “kooperativ binanın tikintisi haqqında müqavilənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022ci il tarixli 2(012)-952/2022 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları: Birinci instansiya məhkəməsində icraat İddiaçı MTK Cavabdeh qarşı kooperativ binanın tikintisi haqqında müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbəsindəki ümumi sahəsi layihə üzrə 61 kv.m olan 1 otaqdan ibarət 76 nömrəli mənzilin tikintisi ilə bağlı “Kooperativ binanın tikintisi haqqında” müqavilənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(012)-952/2022 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) İddiaçı MTK-nın Cavabdeh qarşı kooperativ binanın tikintisi haqqında müqavilənin ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbini əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının dəlilləri onun özünün təqdim etdiyi kassa mədaxil qəbzi ilə və işin müəyyən edilən halları ilə tam təkzib olunur. Ona görə də, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421, 373, 377-ci maddələri və Mülki Prosessual Məcəllənin 107, 124.2, 216- 220, 227 və 360-cı maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayəti Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(012)-952/2022 nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçının nümayəndəsi Vəkil3 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(012)-952/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbəsindəki ümumi sahəsi 61 kv.m. olan 1 otaqdan ibarət 76 nömrəli mənzilin tikintisinə dair İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “Kooperativ binanın tikintisi haqqında” müqavilənin və həmin müqavilə ilə bağlı Cavabdeh adına xx.xx.2017-ci il tarixdə tərtib edilmiş Kassa mədaxil orderinin hüquqi qüvvəsi olmayan maliyyə sənədi sayılmaqla, ləğv edilmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh Qəbələ rayonu, Vəndam qəsəbəsində rəsmi qeydiyyatdadır, faktiki olaraq isə Bakı şəhəri ərazisində kirayədə yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı tərəf məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.2-ci maddəsinə əsasən (iddiaçının seçməsinə görə aidiyyət) rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 36.13-cü maddəsinin tələbinə görə həmin Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. 44.1-ci maddəsinə görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 384.0.4. işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. 402.2 və 402.2.5-ci maddələrinin tələbinə görə bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(012)-952/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(012)-952/2022 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair cavabdeh tərəfin izahatını dinləyib, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(012)-952/2022 nömrəli qətnaməsi ləğv edilməli və mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı MTK-nın Cavabdeh qarşı məhkəməyə müraciət edərək “kooperativ binanın tikintisi haqqında müqavilənin ləğv edilməsi”ni xahiş etmiş, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul edərək, işə mahiyyəti üzrə baxaraq yekun məhkəmə qətnaməsi qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi hazırki iddia tələbinə mahiyyəti üzrə baxmaqla ərazi aidiyyəti qaydalarını pozmuşdur. Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. İşin müəyyən edilmiş hallarından, həmçinin məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh Qəbələ rayonu Vəndam qəsəbəsində rəsmi qeydiyyatdadır. Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Bununla yanaşı, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddənin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; -sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Göründüyü kimi, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir ki, hazırkı iddia tələbi həmin maddənin təsiri dairəsinə düşmür. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ərazi aidiyyəti qaydaları ilə bağlı tələbləri pozulduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(012)-952/2022 nömrəli qətnaməsi ləğv edilməli və mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 399 və 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MTK-nın nümayəndəsi Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(012)-952/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı MTK-nın Cavabdeh qarşı “kooperativ binanın tikintisi haqqında müqavilənin ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar