Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2950/2021 18.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı alqı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.X.Hüseynov) İddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə qarşı 16 iyul 2004-cü il tarixli 123 saylı protokoluna əsasən ona ayrılmış və Sumqayıt şəhəri 20-ci mikrorayon ərazisində yerləşən 600 kv.m torpaq sahəsinə görə alqı-satqı müqavilsəinin bağlanılmış hesab edilməsi tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə qarşı «alqı-satqı müqavilsəinin bağlanılmış hesab edilməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli, 123 saylı Protokoluna əsasən iddiaçıya ayrılmış və Sumqayıt şəhəri 20ci mikrorayon ərazisində yerləşən 600 kv m-dən ibarət olan torpaq sahəsinə görə onunla cavabdeh Sumqayıt şəhər Bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli 123 saylı Protokoluna əsasən Sumqayıt şəhəri 20ci mikrorayon ərazisində 600 kv.metr torpaq mülkiyyəti onun mülkiyyətinə ayrılmış və onun tərəfindən həmin torpağın ona satılması ilə əlaqədar 1 milyon 500 min manat məbləğində vəsait ödənilmişdir. Qeyd edilən torpaq sahəsinə dair Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təhkim aktı tərtib olunmuş və o, həmin torpaq sahəsinə dair inşaat pasportu əldə etməklə qeyd edilən ərazidə yaşayış evi inşa edərək ailə üzvləri ilə bu ünvanda yaşayır. Torpağın ona satılmasına dair protokolda onun ilə torpağın alqısatqısına dair aktın tərtib edilməsi qeyd olunsa da bu vaxta kimi cavabdeh tərəfindən alqı-satqı aktı tərtib olunmamış, nəticədə o torpaq üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına ala bilməmişdir. Halbuki onun bu hüquqları Sumqayıt şəhər Bələdiyyə Şurasının 16.06.2004-cü il tarixli qərarında təsbit olunmuşdur. Alqı-satqı müqaviləsinin bağlanmaması üzündən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıra və çıxarış ala bilməmişdir. Bu səbəbdən də o, müvafiq sənədlərin surətini cavabdeh təşkilata göndərməklə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin onun tərəfindən icra edildiyini və 17 ildən artıq bu torpaq sahəsinin onun sahibliyində olduğunu nəzərə alaraq onunla ilə alqı-satqı aktının (müqaviləsinin) rəsmiləşdirilməsini xahiş etmiş, lakin ona ünvanlanan cavab məktubunda cavabdeh bildirmişdir ki, həmin torpaq sahəsi ona satıldıqdan sonra normativ-hüquqi aktlarda edilmiş dəyişikliklərə görə alqı-satqı aktlarının verilməsi müddəası ləğv olunduğundan və həmin alqı-satqını qeydiyyata alan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi də ləğv edildiyindən sənədin tərtibi mümkünsüzdür. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müvafiq sənədlərin surətini cavabdeh təşkilata göndərməklə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin tərəfindən icra edildiyini və 17 ildən artıq bu torpaq sahəsinin onun sahibliyində olduğunu nəzərə alaraq onunla alqı-satqı aktının rəsmiləşdirilməsini xahiş etmiş, lakin ona ünvalanan cavabdeh məktubunda cavabdeh bildirmişdir ki, həmin torpaq sahəsi ona satıldıqdan sonra normativ-hüquqi aktlarda edilmiş dəyişikliklərə görə alqı-satqı aktlarının verilməsi müddəası ləğv olundugundan və həmin alqısatqını qeydiyyata alan AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi də ləğv edildiyindən sənədin tərtibi mümkünsüzdür. Göründüyü kimi cavabdeh bu torpaq sahəsini ona satmış, dəyərini almış və bunu həmin torpaq sahəsinin ona ayrılması barədə qərara ilə ifadə etmişdir. Lakin ondan asılı olmayan səbəblər üzündən onunla yeni tarixdə həmin müqaviləni bağlaya bilmir, bu da əqdin məhkəmə qaydasında etibarlı hesab edilməsi üçün əsassdır. Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv etməklə, onun iddiasının təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə və şikayətə oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, hazırda mübahisə olunan torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmasının qanuna zidd olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş 02/379 nömrəli, 29.09.2003-cü il tarixli rəyinin surətindən görünür ki, “Torpaq İslahatları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən fərdi ev tikmək üçün vətəndaşın mülkiyyətinə satılmalıdır. Sumqayıt şəhərinin baş planına əsasən fərdi ev tikmək üçün 20ci mikrorayon ərazisindən İddiaçı 600 kv.m torpaq sahəsinin alqı-satqı qaydasında sənədləşdirilməsinə Suqmayıt şəhər şöbəsi etiraz etməmişdir. İşə əlavə olan Suqmayıt şəhər Bələdiyyəsinin 16.07.2004-cü il tarixli, 123 nömrəli protokolun surətindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sumqayıt şəhər şöbəsininin rəyini nəzərə alaraq şəhər bələdiyyəsi torpaq komitəsinin 16.07.2004-cü il tarixli, 123 saylı protokoluna əsaslanaraq, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 1-də yaşayan İddiaçı baş plan əsasında, 20-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İşdə olan CZX seriyalı, 114377 nömrəli, 23.01.2004-cü il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı torpağın alqı-satqısı üçün Sumqayıt şəhər Bələdiyyəsinin hesabına ******* manat (köhnə manatla) pul ödəmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxslər torpaq sahəsinin mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranma əsaslarından biri də bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrdir. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci hissəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 5.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsindəidarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. «Torpaq islahatı haqqında" Qanunun 19-cu maddəsinə görə dövlət, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Sadalanan maddi hüquq normalarının məzmunundan aydın olur ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Məhkəmə qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə həmin tələbin qanuni əsasının tapılmasından və istinad olunan faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası istinad olunan maddi hüquq normaları mübahisələndirilən hissədə torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün hər hansı əsas verməməsini bildirir. Həmin normalar torpaq üzərində hüququn yaranmasının ümumi qaydalarını müəyyən edir. Məhkəmə kollegiyası iddiaçının birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335-ci maddəsinin tələblərinin pozulması ilə qəbul edilməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman (24.05.2005-ci il) hələ qüvvədə olan 335-ci maddəsində əqdin etibarlı sayılmasının qaydası nəzərdə tutulmuşdur. Lakin həmin qayda notariat qaydasında təsdiq edilməli olan əqdlərə, əqdin notarial formasına riayət edilməməsinin nəticələrinə aid idi. Bələdiyyə ilə bağlanan alqı-satqı müqavilələrinin notariat qaydasında təsdiqinin məcburiliyi isə qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmamışdır. Digər tərəfdən, əqdin notariat qaydasında təsdiqinə yol verildiyi təqdirdə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların əlqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir (“i.K.Rəcəbovun şikayəti üzrə" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarı). Göründüyü kimi, hazırkı işdə etibarlılığının müəyyən edilməsi, bağlanmış hesab olunması xahiş edilən əqd yuxanda göstərilən tələblərə cavab vermir. İddia tələbindən göründüyü kimi, hazırkı işdə iddiaçının narazılığı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən olsa da, iddiaçı məhz həmin orqanın onun hüquqlarını və qanunla qorunan mənafeyini pozduğunu bildirsə də, tələbi bu orqana deyil, Sumqayıt şəhər bələdiyyəsinə qarşı irəli sürmüşdür. Lakin işdən göründüyü kimi, Sumqayıt şəhər bələdiyyəsi ilə onun arasında hər hansı mübahisə yoxdur. Həm də Bələdiyyənin alqı-satqı müqaviləsini bağlamaqdan imtina etməsinə dair də iş materiallarında hər hansı sübut yoxdur. İddiaçı Sumqayıt şəhər bələdiyyəsinin 16.07.2004-cü il tarixli qərarından razıdır və həmin qərarı hazırkı işdə mübahisələndirmir. Onun məqsədi və həm də tələbi həmin bələdiyyə qərarı əsasında mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti onun bu xahişini yerinə yetirmədiyindən məqsədinə nail ola bilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməməlidir və dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 06 iyul 2021-ci il tarixli 2(060)-4966/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2950/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2950/2021
18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver