Məhkəmə qərarları › İş №2(105)-2967/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2967/2020

25.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2967/2020 25.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nəvənin saxlanılması üçün alimentin tutulması tələbinə dair mülki iş üzrə Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)- 1506/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Xəlilov) İddiaçı Cavabdeh qarşı nəvənin saxlanılması üçün alimentin tutulması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən nəvəsi-yəni onun övladları xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün maddi vəziyyəti dəyişənə qədər hər ay 300 (üç yüz) manat onun xeyrinə aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Sərkərli kəndində yaşayan xx.xx.1950-ci il təvəllüdlü X4 onun oğlanları X11 oğlunun və X12 oğlunun nənəsidir. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X6 hazırda saxlanması üçün öz atası X2 maddi yardım almır, baxmayaraq ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-541 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən hər uşağa 75 manat, cəmi 150 (bir yüz əlli) manat aliment pulu almalıdır. Onun 11700 manat məbləğində aliment borcu var. Lakin həmin aliment pulunu uşağın atasından ala bilmir, ona görə ki, uşağın atası tüfeyli həyat yaşayır, tez-tez inzibati məsuliyyətlərə cəlb olunur. O, da az yaşlı uşaqlarını saxlamaqda çətinlik çəkir, heç yerdə işləmir. Ona görə də azyaşlı uşaqlarını saxlamağa imkanı yoxdur. Cavabdehin nəvəsinə kömək etmək üçün yetərincə maddi vəsaiti var və onu saxlaya bilər, ancaq həmin vəzifəni könüllü surətdə yerinə yetirmək istəmir. Cavabdeh kənd təsərrüfatı ilə məşquldur. Onun meyvə bağı da var. Uşaqları öz valideynindən maddi yardım ala bilmədiklərindən ailə qanunvericiliyinə əsaslanıb məhkəmə qaydasında öz baba və nənəsindən aliment ala bilmək hüququndan istifadə edə bilərlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iş üzrə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni tamamilə qanunsuz və əsassız hesab edir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının tələbini sübut edə bilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnaməni mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(067)-481 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı ilə X7 arasında bağlanmış nikah pozulmuş, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün X2 hər ay hər uşağa görə sabit məbləğdə 75 (yetmiş beş) manat alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 17.08 2020-ci il tarixli, 6628/03 saylı arayışından müəyyən olunur ki, hazırda X3 11700 manat məbləğində aliment borcu var və borclu X7 inzibati məsuliyyətə cəlb olunsa da aliment borcunu ödəməmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın aildə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələri). Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir (Ailə Məcəlləsinin 89-cu maddəsi). Hazırkı işdən görünür ki, iddiaçının övladları, cavabdehin nəvələrinin saxlanılması üçün ayda 75 (yetmiş beş) manat alimentin ödənilməsi xx xxxx 2014-cü il tarixli qətnamə ilə müəyyən edilmişdir. İddiaçının nəvəsinin saxlanılması üçün nənəsindən aliment ödənilməsinin tələb edilməsi əsasının yaranması üçün valideyn kimi X3 aliment ödəmək imkanının olmamasını qeyd etsə də, uşaqların valideynləri sağ olmaqla əmək qabiliyyətlidirlər və belə bir vəziyyətdə nənəyə münasibətdə kifayət qədər daha güclü imkanlara və əmək qabiliyyətinə malik olan, bilavasitə qanunla üzərinə uşaqları saxlamaq vəzifəsi qoyulmuş bir şəxsin təqaüddə olan şəxslərdən öz övladının saxlamaq üçün aliment tələb etməsi əsassızdır. Həmçinin cavabdeh ölkə üzrə yaşayış minimumundan bir qədər artıq məbləğdə pensiya alır, onun başqa gəlirlərinin olması və aliment ödəmək üçün kifayət qədər vəsaitə malik olması barədə iddiaçı tərəfindən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd etmək lazımdır ki, baba və nənənin nəvələri saxlamaq vəzifələri əlavə təminat xarakteri daşıyır. Nəvələrin valideynlərindən aliment tələb etmək hüququna əsasən yardıma ehtiyaclarının olması təşkil edir. Buna onların valideynlərindən yardım ala bilməmələri halları daxildir. Nəvələr valideynlərindən aliment aldıqda, lakin həmin vəsait onların ehtiyaclarını ödəmədikdə, onların baba və nənələrindən aliment tələb etmək hüquqları yoxdur. Çünki baba və nənənin nəvələrinə münasibətdə aliment öhdəlikləri ikinci növbəli olub, birinci növbəli borcluların öhdəliklərindən sonra tətbiq edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı övladının saxlanılması üçün aliment ödəmək imkanı olmamasına görə nənəsindən aliment ödənilməsini tələb etməsi əsaslarını sübut etmə öhdəliyi daşıyır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. 217.4. maddələri). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qətnaməsinin uşaqların atası Elçin Səmədov tərəfindən könüllü icra etməməsi iddiaçının övladının saxlanılması üçün nənəsindən aliment tələb etməsi üçün əsas deyildir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar