Məhkəmə qərarları › İş №2(105)-2995/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2995/2020

13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2995/2020 13.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(074)-891/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon AİK-nin xx xxxxx 2001-ci il tarixli, 03 saylı qərarı ilə Cavabdeh ayrılmış Şamaxı rayonu, Göylər kəndində yerləşən 857,37 kv.metr həyətyanı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(074)-891/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. (hakim E.Hümbətov) Qərardaddan narazı qalan İddiaçı ondan şikayət vermiş, qərardaddın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(074)-891/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, iddianın predmeti Şamaxı rayonu, Göylər kəndində yerləşən torpaq sahəsinə dair alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi barədədir. Eyni zamanda, nəzərə alınmalıdır ki, həmin torpaq sahəsi Şamaxı rayon X1 xx.xx.2001-ci il tarixli, 03 nömrəli qərarı ilə Cavabdeh ayrılmışdır və onun əmlakı hesab olunur. Cavabdeh Rusiya Federasiyasının vətəndaşı olaraq daimi olaraq orada yaşadığına görə onun Azərbaycan Respublikasında yaşayış yeri mövcud deyildir. Qeyd olunan xüsusatlar nəzərə alınmaqla hesab edilməlidir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 36.1-ci və ya 39.1-ci maddələrinə əsasən işə ərazi aidiyyəti üzrə Şamaxı rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Bu hallara məhkəmə düzgün qiymət verməmiş, iddia ərizəsinin geri qaytarılması barədə qanunsuz qərardad qəbul etmişdir. Göstərilənlərə əsasən qərardad ləğv edilməli və işə mahiyyəti üzrə baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Göylər kənd İƏD üzrə nümayəndəsinin xx xxxxxx 2020-ci il tarixli, 442 saylı arayışından görünür ki, Cavabdeh Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda deyildir və hazırda Azərbaycan Respublikası ərazisində yaşamır. Məlumata görə o, Rusiya Federasiyasında yaşayır. İşdə olan tprpaq sahəsinin planı və ölçüsündən görünür ki, Şamaxı rayon AİK-nin xx xxxxx 2001-ci il tarixli, 03 saylı qərarı ilə Cavabdeh Şamaxı rayonu, Göylər kəndində yerləşən 857,37 kv.metr həyətyanı torpaq sahəsi ayrılmışdır. Yenə işdə olan xx.xx.2003-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh özünə məxsus Şamaxı rayonu, Göylər kəndində yerləşən 857,37 kv.metr həyətyanı torpaq sahəsini ******* köhnə manata İddiaçı satmışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(074)-891/2020 saylı qərardadı ləğv edilməlidir. İddia ərizəsindən göründüyü kimi, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon AİK-nin xx xxxxx 2001-ci il tarixli, 03 saylı qərarı ilə Cavabdeh ayrılmış Şamaxı rayonu, Göylər kəndində yerləşən 857,37 kv.metr həyətyanı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində cavabdehin yaşayış yeri Rusiya Federasiyası, Tümen vilayəti, Xantı-Mansiyski rayonu kimi göstərilmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən ona əsaslanmışdır ki, cavabdeh Rusiya Federasiyasında qeydiyyatda olduğundan hazırkı mübahisəyə aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsində baxılmalı deyildir və MPM-nin 152.1.3-cü maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, qərardad mövcud qanunvericiliyin tələbləri pozulmaqla çıxarıldığından ləğv edilməli, sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Həmin Məcəllənin 443.0, 443.0.1, 443.0.3, 443.0.7, 443.0.7-ci maddələrinə görə Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan aşağıdakı işlərə baxmağa haqlıdır:iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda;iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə;iddia Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəldikdə. Yenə həmin Məcəllənin 444.0 və 444.0.1-ci maddələrinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə aşağıdakılar daxildir: daşınmaz əmlaka əşya hüququ, eləcə də həmin əmlakın icarəyə verilməsi və ya girov qoyulması haqqında iddialara dair işlər, əgər onların predmeti olan əmlak Azərbaycan Respublikasının ərazisindədirsə. İş materiallarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasında yaşayış yeri yoxdur. Lakin onun mülkiyyətində Şamaxı rayonu, Göylər kəndində yerləşən həyətyanı torpaq sahəsi vardır və o, bu torpaq sahəsinə görə iddiaçıdan 2003-cü ildə müəyyən məbləğdə pul vəsaiti almışdır. Belə olan halda, qeyd edilən normaların tələbinə görə mübahisəli torpaq sahəsilə bağlı əqdin bağlanmış hesab edilməsi haqqında iddia torpaq sahəsinin yerləşdiyi yerin məhkəməsində qaldırıla bilər. İşdən görünür ki, İddiaçı yuxarıda qeyd edilən prosessual normaların tələblərinə əməl edərək hazırkı iddia ərizəsilə Şamaxı Rayon Məhkəməsinə müraciət etsə də, birinci instansiya məhkəməsi formal əsaslarla bu iddia ərizəsini geri qaytarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci və 152.1.3-cü maddələrinə əsaslanmaqla iddia ərizəsini geri qaytarması əsassızdır və bu hal, məhkəmə kollegiyasının qənaətinə görə, İddiaçı məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilər. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının şikayəti təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(074)-891/2020 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357, 395- 396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(074)-891/2020 saylı qərardadı ləğv edilsin və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar