Məhkəmə qərarları › İş №2(105)-3001/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3001/2021

25.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3001/2021 25.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X16 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili: X12, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan 01.07.2013-cü il təvəllüdlü X8 və 22.11.2018-ci il təvəllüdlü X1 üçün ondan hər ay hər uşağa görə tutulan 170 (yüz yetmiş) manat, ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində alimentin məbləğinin azaldılaraq hər ay hər uşağa görə 100 (yüz) manat, ümumilikdə 200 (iki yüz) manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə 29.09.2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 01.07.2013-cü il təvəllüdlü X8 və 22.11.2018-ci il təvəllüdlü X9 adlı iki övladları var. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5286/2020 saylı mülki iş üzrə 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ona qarşı “aliment və maddi yardım tələbinə” dair iddiası qismən təmin edilərək 02.09.2020-ci il tarixdən başlayaraq ondan 01.07.2013-cü il təvəllüdlü X8 və 22.11.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1082/2021 saylı mülki iş üzrə 11 mart 2020-ci il tarixli qətnaməsi ilə onun cavabdehə qarşı “nikahın pozulması tələbinə” dair iddiası təmin edilərək onunla Cavabdeh arasında 29.09.2012-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində bağlanmış 1608 nömrəli akt qeydli nikahın pozulması və boşanmadan sonra tərəflərin birgə nikahlarından anadan olmuş 01.07.2013cü il təvəllüdlü X8 və 22.11.2018-ci il təvəllüdlü X3 Cavabdeh yanında qalması qət edilmişdir. O, 2018-ci ilin avqust ayından X6 ilə faktiki olaraq birlikdə yaşayır. Onların iki övladları vardır: 15.11.2019-cu il təvəllüdlü X10 və 05.03.2021-ci il təvəllüdlü X11. A.X.Şəkəralıyevanın əvvəlki nikahından iki övladı vardır: 18.08.2004-cü il təvəllüdlü X4 və 04.10.2005-ci il təvəllüdlü X7. O, hal-hazırda heç bir yerdə işləmir və heç bir əlavə gəlir yeri yoxdur. Himayəsində 4 övladı vardır. Faktiki olaraq birlikdə yaşadığı A.X.Şəkəralıyeva N saylı hərbi hissədə rabitəçi vəzjfəsində işləyir. Aylıq əmək haqqısı 700 (yeddi yüz) manat təşkil edir. Bu məbləğ ilə dolanmaq eləcə də 4 uşağın gündəlik xərclərini qarşılamaq mümkün deyildir. Bu azmış kimi qeyd olunduğu kimi o, aylıq 340 (üç yüz qırx) manat aliment ödəyir. Alimenti ödəməkdə çətinlik çəkir. Alimentin hələ 7 aydır tutulmasına baxmayaraq artıq borc yaranmışdır. Bundan sonra da işləmədən və himayəsində ikisi azyaşlı olmaqla dörd uşaqla birlikdə aylıq 340 (üç yüz qırx) manat aliment ödəməyi heç cür mümkün deyildir. Cavabdeh Sumqayıt Dövlət Universitetində müəllimə vəzifəsində işləyir və kifayət qədər yüksək əmək haqqı alır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. İddianın kökündə duran və məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılmasına səbəb olan, onun himayəsində yaşayan 2 övladının hissəsində hən hansı bir araşdırma aparılmır. Cavabdehlə birgə yaşadıqları dövrdə o, işləyib və ailənin maddi cəhətdən təmin olunmasına çalışmışdır. Hazırda iş yerini itirib, bu baxımdan onun maddi vəziyyətində dəyişiklik yaranmışdır. Məhkəmə qətnaməsi ilə yalnız cavabdehin yanında qalan övladlara münasibətdə onun konstitusion borcunu qeyd etsə də, hal-hazırkı himayəsində olan 2 övladı nəzərə almır. Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2021-ci il tarixli 2(060)- 5220/2021 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili G.E.Qasımlı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə və ona oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçının bir valideyn kimi uşağın saxlanılmasında maddi köməklik göstərməsinə bir ata kimi borclu olduğuna istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddaçı İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İddia ərizəsindən və mülki işin materillarından görünür ki, tərəflər rəsmi qaydada 29 sentyabr 2012-ci ildə ailə qurmuş, onların bu nikahdan 01 iyul 2013-cü il təvəllüdlü Eldar və 22 noyabr 2018-ci il təvəllüdlü Leyla adlı uşaqları doğulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5286/2020 saylı, 02.10.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, 02.09.2020-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı 01.07.2013-cü il təvəllüdlü X5 və 22.11.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1082/2021 saylı, 11.03.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, İddiaçı ilə Cavabdeh (Abbasova) arasında 29.09.2012-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində bağlanmış 1608 nömrəli akt qeydli nikahın pozulması, boşanmadan sonra tərəflərin birgə nikahlarından anadan olmuş 01 iyul 2013-cü il təvəllüdlü E.E.Səlimzadə və 22 noyabr 2018-ci il təvəllüdlü L.E.Səlimzadə anası Cavabdeh yanında qalması qət edilmişdir. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh Sumqayıt Dövlət Universitetində müəllimə vəzifəsində çalışır və aylıq əmək haqqısı 600 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin Cavabdeh ünlanladığı 01.07.2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5286/2020 saylı, 02.10.2020-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı 02.09.2020-ci il tarixdən başlayaraq 01.07.2013-cü il təvəllüdlü X5 və 22.11.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə ayda 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində aliment tutularaq, ödənilməlidir. Hazırki icra materiallarına əsasən bu vaxta kimi İddiaçı tərəfindən cəmi 2060 (iki min altmış) manat aliment ödənilmiş, 1340 (bir min üç yüz qırx) manat aliment borcu qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasında 2021-ci il üçün “X15” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “X15” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumum uşaqlar üçün 175 manat məbləğində müəyyən edildiyini və hazırki halda uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin atadan hər ay hər uşağa 100 manat məbləğində tutulmasının ananın marağını əhəmiyyətli dərəcədə pozacağını nəzərə alaraq məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan tutulması müəyyən olunmuş alimentin miqdarının azaldılması barədə iddiaçının tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 05 iyul 2021-ci il tarixli 2(060)-5220/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar