Məhkəmə qərarları › İş №2(105)-3030/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3030/2021

24.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3030/2021 24.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(027)-1399/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quba Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(027)-1399/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim İ.Məmmədov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun doğma oğludur. O, Aygün Salahova ilə 10.06.1994-cü il tarixdə rəsmi qaydada ailə qurub. Cavabdeh birgə nikahdan doğulmuş övladıdır. Onunla A.Salahova arasında olan nikah Quba Rayon məhkəməsinin 19.12.2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. O, hazırda beyin neyronlarının labil poronsızmal vəziyyəti funksional yüklənmə zamanı gec olma enməsi xəstəliyinə düçar olub və bütün əmək fəaliyyətini itirib. İşləyə bilmir, əmək fəaliyyəti ilə məşğul ola bilmir. Məhz bu səbəbdən Quba Rayon məhkəməsinin 19.12.2018-ci il tarixli qətnaməsi ilə digər bacı və qardaşları üçün həyat yoldaşı A.Salahovanın xeyrinə təyin olunmuş 100 manat aliment pulunu ödəmək iqtidarında deyil. Ona görə də hazırkı Cavabdeh aliment tələb etmək məcburiyyətində qalaraq məhkəməyə müraciət etmək qərarına gəlib və Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə iddiaçı iddia ərizəsinin məzmununa uyğun apelyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının əsassız olmasını, maddi və prosessual normaların pozulması ilə qəbul edildiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə etdi ki, onun maddi imkanı aliment ödəməyə yetərli deyildir. Kirayədə yaşayır. Böyük qardaşı daha imkanlı olsa da, iddiaçı alimenti həmin qardaşından yox, ondan tələb edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 19.12.2018-ci il tarixli, 2(027)-1847/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə X4 arasında olan 10.06.1994-cü il tarixdə bağlanmış nikah qeydinin pozulması, 15.08.2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 100 manat sabit pul məbləğində aliment alınaraq X2 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş tibbi arayışlardan iddiaçının hansısa ciddi xəstəlikdən əziyyət çəkməsi, bu səbəbdən də əmək qabiliyyətsiz olması müəyyən olunmur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 09.07.2021-ci il tarixli, 2(027)-1399/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə X4 arasında olan nikah Quba rayon Məhkəməsinin 19.12.2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, 15.08.2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 100 manat sabit pul məbləğində aliment alınaraq X2 verilməsi qət edilmişdir. İddiaçı həmin alimenti ödəyə bilməməsi əsası ilə oğlu Cavabdeh aliment tələb edir. İddiaçı Cavabdeh məhkəməyə onun əmək qabiliyyətli olmaması və maddi yardıma ehtiyacı olmasını sübut edən sənədləri təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə görə əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Göründüyü kimi həmin normanın dispozitiv şərti “maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərin” övladları tərəfindən saxlanılmasını şərtləndirir. Hazırki halda isə iddiaçı maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideyn olması barədə məhkəməyə sübut təqdim etməməklə yanaşı, həmçinin hazırki aliment tələbinin özünün digrə şəxslər qarşısında olan aliment öhdəliklərindən yayınmasına yönəldiyini dolayısıyla ifadə edir. Həmçinin apelyasiya şikayətində prosessual hüquq normalarının pozunusu da qeyd edilsə də, həmin pozuntunun nədə ifadə olunması anlaşılan deyildir. Beləliklə, iddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədi və o barədə sübutları məhkəməyə təqdim etmədi. Məhkəmə iş materiallarını tədqiq edərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPMnin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən saxlanması, apelyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 09.07.2021-ci il tarixli, 2(027)-1399/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar