Məhkəmə qərarları › İş №2(105)-304/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-304/2021

03.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-304/2021 03.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və X1 ibarət tərkibdə, məhkəmə katibi X4, iddiaçı X5 nümayəndəsi X8, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-547/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-547/2020 saylı qətnaməsi ilə (hakim R.V.Kazımov) iddiaçı X5 Cavabdeh qarşı təyin edilmiş alimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verib, Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-547/2020 saylı qətnaməsinin ləğv edilib, xx xxxx 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin Cavabdeh ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(029)-795/2019 saylı qətnaməsinə əsasən xx xxxx 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh xeyrinə hər ay 120 manat sabit pul məbləğində aliment ödəməlidir. Təyin edilmiş alimentin məbləği aylıq qazancının ½ hissəsidir və qanunda nəzərdə tutulan hissədən artıq olur. Rusiya Federasiyasının vətəndaşı olduğu üçün burada işləmək onun üçün müvafiq qanuna uyğun olaraq mümkün deyildir. Karantin qaydalarına görə Azərbaycana qayıda bilmədiyi üçün Rusiya Federasiyasında yaşamaqdadır. Hər ay 120 manat sabit pul məbləğində alimenti ödəməkdə çətinlik çəkir. Ona görə də təyin edilmiş alimentin miqdarının azaldılaraq hər ay 70 (yetmiş) manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual qanunvericiliyin normaları pozulmuş və işin faktiki hallarına düzgün huquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X8 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X7 apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Qusar Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(029)-795/2019 saylı qətnaməsi ilə X6 və Cavabdeh arasında RF, Samara vilayəti VVAQ İdarəsi Samara şəhər dairəsi Promışlennıy rayon VVAQ Şöbəsində xx xxx 2017-ci il tarixli, 421 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx xxxx 2017-ci il təvəllüdlü X9 anası Cavabdeh himayəsində saxlanılması və uşağın yaşayış yeri kimi sonuncunun yaşayış yerinin müəyyən edilməsi, xx.xx.1979-cu ildə Xaçmaz rayonu Qusarçay kəndində anadan olmuş, həmin kənddə yaşayan X2 Cavabdeh xeyrinə xx xxxx 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 120 (yüz iyirmi) manat miqdarda alimentin tutulması qət edilmişdir. Xaçmaz RİH Başçısının Qusarçay İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 1416 nömrəli arayışdan görünür ki, iddiaçı Rusiya Federasiyası vətəndaşı olmaqla müvəqqəti olaraq Xaçmaz rayon Qusarçay kəndində valideynləri ilə birgə yaşayır. İş materialları ilə müəyyən olur ki, İddiaçı maddi vəziyyətinin ağır olmasını əsas gətirilməklə məhkəmə tərəfindən təyin edilmiş 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin azaldılaraq 70 (yetmiş) manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstıtusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Konstıtusiyanın 34-cü maddəsinin İV-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm-dəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göründüyü kimi istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal qida rasionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutulmalıdır. Məhkəmə kollegiyası qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla, yetkinlik yaşına çatmayan uşağın mənafeyi, normal qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq xx xxxx 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin edilmiş alimentin məbləğinin azaldılmasından imtina edərək düzgün nəticəyə gəlmişdir. Verilmiş apelyasiya şikayəti əsasında işin hallarını araşdıran məhkəmə kollegiyası nəzərə alır ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münsibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddianı təmin edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Valideynlərin öz uşaqları barədə aliment öhdəlikləri davam edən münasibətlər sırasına daxil olduğundan və buna görə də gələcəkdə, əmlak vəziyyətinə uyğun, cavabdehə qarşı alimentin miqdarına dair yeni iddia verilməsi imkanlarının mümkünlüyünü nəzərə alaraq məhkəmə kollegiyası hazırki halda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakiə edərək hesab edir ki, İddiaçı apelyasiya şikayətinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb xx xxxx 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün Qusar Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 120 manat sabit pul məbləğində alimentin azaldılıb, 70 manat sabit pul məbləğində müəyyən edilməsindən ibarədir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda müəyyən edilmiş aliment məbləği ilə azaldılması tələb olunan aliment məbləği arasında fərq 50 manat təşkil edir. Həmin məbləğin bir il ərzində məcmusu isə (50 X 12 ay) 600 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-547/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar