Məhkəmə qərarları › İş №2(105)-3057/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3057/2021

09.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3057/2021 09.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli, 2(012)-4525/2021 saylı qərardadından İddiaçı şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli, 2(012)-4525/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Məlahət Abbasova) İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmış, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə 16.07.2015-ci il təvəllüdlü Mönsümova Yağmur Samir qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardad tamamilə əsassız və qanunsuzdur. Belə ki, iddia ərizəsinə əlavə etdiyi sənədlərlə onun azyaşlı qızı Yağmurla Abşeron rayonu, Masazır kəndində yaşadığı təsdiq edilir. Məhkəmə qızı Yağmurun Abşeron rayonu, Masazır həkim məntəqəsində qeydiyyatda olmasını, uşağın azyaşlı olmasını, səhhətində olan problemlərlə və pandemiya ilə bağlı azyaşlı qızı ilə cavabdehin yaşadığı yerin məhkəməsinə gedib-gələ bilmək imkanının olmamasını nəzərə almamış, iş üzrə səhv nəticəyə gəlmiş və qəbul etdiyi qərardadını düzgün əsaslandırmamışdır. Şikayətdə qərardadın ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri geri qaytararkən tərəflərin Abşeron rayonu ərazisində qeydiyyatda olmamalarına istinad etmişdır. İş materiallarından görünür ki, iş üzrə İddiaçıdır və o, Füzuli şəhəri Komsomol küçəsi, 38 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 02.06.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Füzuli şəhəri, Komsomol küçəsi 28 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, qanunvericilik iddianın, bir qayda olaraq, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsini müəyyən etmiş, eləcə də bu qaydadan kənara çıxan müstəsna aidiyyət qaydasını da nəzərdə tutmuşdur. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17.05.2021-ci il tarixli, 2844 saylı arayışdan görünür ki, İddiaçı Abşeron rayonu, Masazır kəndində qeydiyyatsız yaşayır. İş materiallarında olan Abşeron rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Masazır həkim məntəqəsinin 17.05.2021-ci il tarixli, 517 saylı arayışından görünür ki, X3 həmin həkim məntəqəsində müayinə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 36.3-cü maddəsinə görə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı Füzuli şəhəri, Komsomol küçəsi 38 saylı evdə qeydiyyatda olsa da, faktiki Abşeron rayonu, Masazır kəndində qeydiyyatsız yaşayır. İddiaçı məcburi köçkün kimi hansı ünvanda məskunlaşması barədə isə iş materiallarında hər hansı bir sənəd yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılarkən İddiaçı məcburi köçkün kimi hansı ünvanda məskunlaşması aydınlaşdırılmalı, bundan asılı olaraq işin ərazi aidiyyəti müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti qismən təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli, 2(012)-4525/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar