Məhkəmə qərarları › İş №2(105)-3062/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3062/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3062/2021 09.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında, Abşeron Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2(012)-885/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2(012)-885/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 24000 manat ödədiyi əsas borcun və özgəsinin pul vəsaitini qanunsuz ələ keçirməklə, saxlamaqla, qaytarılmasından imtina etməklə, vurduqları maddi ziyanla əlaqədar 20000 manat, cəmi 44000 manat pul vəsaitinin onun xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Qobu qəsəbə sakinləri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona qarşı dələduzluq cinayəti törədərək, müştərək olaraq ümumilikdə 24000 manat pul vəsaitini və əmlakını ələ keçirmişlər. Cavabdehlər onun əmlakını və pul vəsaitini ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olaraq 2013-cü ilin may ayının əvvəllərində Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşən kərpic zavodunun yaxınlığında, Qobu bələdiyyəsinin balansında olan və özlərinə məxsus olmayan 0,08 ha torpaq sahəsini ona göstərərək, guya həmin torpaq sahəsinin Cavabdeh1 əmisi oğluna məxsus olduğunu bildirmiş və həmin sahəni sonradan onun adına sənədləşdirəcəklərini yalandan vəd edərək etibarından sui-istifadə etməklə 09 may 2013-cü il tarixdə Xətai rayonu ərazisində yerləşən 14 saylı notariat kontoruna apararaq orada satdıqları torpaq sahəsinə heç bir aidiyyatı olmayan Abşeron rayonu Qobu bələdiyyə şurası tərəfindən X4 verilmiş rəsmi sənəd hesab edilən 09 nömrəli, 17.05.2007-ci il tarixli qərarın kserosurətini təqdim edərək həmin saxta sənəddən istifadə etməklə Qobu bələdiyyəsi ərazisində 0,08 ha torpaq sahəsini özəlləşdirməyə, sərəncam verməyə, satmağa və s. hərəkətləri etməyə dair ona 09.05.2013-cü il tarixli etibarnamə verərək notariusun qarşısında ondan 4500 manat, 16.05.2013-cü il tarixdə Nərimanov rayonu ərazisində yerləşən Nərimanov metrosunun qarşısında 1500 manat, cəmi 6000 manat pulunu almışlar. Ona və bir neçə vətəndaşa qarşı dələduzluq cinayəti törətmələri faktına görə Cavabdeh2 və Cavabdeh1 barəsində 31.03.2015-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis idarəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə cinayət işi başlanmış və həmin cinayət işi baxılması üçün Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə verilmişdir. Məhkəmə hökmü çıxarılmazdan əvvəl Cavabdeh2 və Cavabdeh1 dəfələrlə bildirmişdilər ki, əgər onlar barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərsə, zərər çəkmişlərə dəymiş ziyanı torpaq sahəsi verməklə aradan qaldıracaqlar. Növbəti məhkəmə iclası zamanı, yəni 26 aprel 2017-ci il tarixdə Cavabdeh2 və Cavabdeh1 barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmiş, həbsdən azad edilmişdilər. O və digər vətəndaşlar cavabdehlərlə birlikdə Qobu bələdiyyəsi ərazisinə gəlmiş, bələdiyyənin o vaxtki sədri Ənvər adlı şəxslə görüşmüşdülər. Onların iştirakı ilə bələdiyyədə işləyən Asif adlı şəxs ona veriləcək torpaq sahəsinin xəritəsini çəkmək üçün hər sahəyə görə 170 manat pul ödəmək lazım olduğunu bildirmişdi. Bundan sonra Cavabdeh1 ona Qobuda torpaq göstərmiş və Qobu bələdiyyəsi tərəfindən X3 adına olan sənədləri verərək bunun birinci sənəd olduğunu, bunun üstünə göstərdiyi digər torpağın xəritəsini də çəkdirib qoyacağını, bununla da sənədlərin çıxarış üçün hazır olacağını bildirmişdir. Növbəti məhkəmə zamanı Cavabdeh1 ona Meydan adlı şəxsin sənədlərini verərək onu Qobuya dəvət etmiş və ikinci torpağın yerini göstərərək xəritəni çəkdirməyə və çıxarış almağa köməklik gğstərməsini xahiş etmişdir. O də razılaşmış, xəritənin çəkilməsi üçün 250 manat, çıxarışın alınması üçün isə 700 manat pul vermişdir. Həmçinin Cavabdeh1 torpağa görə ona məxsus “Mercedes Benz-230” markalı, **-BN-*** dövlət nömrə nişanlı olan avtomobili təkidlə istəyib dələduzluq yolu ilə ələ keçirərək 9000 manata satmışdır. Sentyabr ayında məhkəməyə gələn Cavabdeh1 ona sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon şöbəsinə verdiyini və bunu təsdiqləyən sənədi verərək 24 oktyabr 2017-ci il tarixdə çıxarışı ala biləcəyini bildirmiş, ondan yenə 3500 manat məbləğində pul almışdı. O, 07 noyabr 2017-ci il tarixdə DƏDRXnin Abşeron rayon şöbəsinə müraciət etmiş, oradan bu sənədin onlara məxsus olmadığını və sənədlərin saxta olduğunu bildirmişdilər. Bununla bağlı Cavabdeh1 zəng vurub şikayət edəcəyini demişdir. Qabil Mehtiyev bunu etməməsini, ona etibarnamə verəcəyini bildirmiş, bundan sonra ona yeni torpaq sahəsi göstərmişdi. Cavabdeh1 05 dekabr 2017ci il tarixdə onu Bakı şəhəri 14 saylı notariat kontoruna gətirmiş, onu notariat kontoruna girməyə qoymamış, özü içəri keçib bir qədər sonra çıxaraq öz adından olan 05 dekabr 2017-ci il tarixli, AR-1 571965 nömrəli etibarnaməni ona vermişdir. Sonradan məlum olmuşdur ki, Cavabdeh1 ona verdiyi etibarnamə saxtadır. Cavabdeh1 sənədləri qaydasına qoyacağını, torpaq sahəsində tikinti işləri apara biləcəyini bildirmişdi. Bundan sonra həmin ərazidə müəyyən işlər görmüşdü. 2020-ci ilin mart ayında torpaq sahəsini hasara almaq üçün həmin əraziyə gedərkən orada tanımadığı şəxslərin ona məxsus torpaq sahəsində tikinti işləri apardıqların görmüşdür. Həmin şəxslər Qobu bələdiyyəsinin sədri Maraqlı şəxs razılığı və iştirakı ilə Pünhan adlı şəxsin torpaq sahəsini onlara satdığını, ancaq sənəd vermədiyini demişdilər. Bu məsələyə aydınlıq gətirmək üçün Qobu bələdiyyəsinin sədri Maraqlı şəxs ərizə ilə müraciət etmiş, ona həmin torpaq sahəsinə dair 05.12.2017-ci il tarixdə Cavabdeh1 verdiyi etibarnamənin ləğv edildiyi bildirilmişdir. Cavabdeh1 02.02.2018-ci il tarixdə, Cavabdeh2 isə 21.12.2017-ci il tarixdə imzaladıqları ondan müxtəlif vaxtlarda ümumi torpaq sahələrinə görə 24000 manat pul aldıqlarına dair qəbzlər vermiş və pulu qaytaracaqlarını vəd etmişdilər. Bu pulun qaytarılması üçün dəfələrlə cavabdehlərlə görüşmüş, ancaq heç bir nəticəsi olmamışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qeyri-qanuni və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ona qarşı dələduzluq cinayəti törədilərək, xeyli miqdarda pul vəsaiti və əmlakı ələ keçirilmişdir. Həmin şəxslər əmlakını və pul vəsaitini ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olaraq 2013-cü ilin may ayının əvvəllərində Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşən kərpic zavodunun yaxınlığında, Qobu bələdiyyəsinin balansında olan və özlərinə məxsus olmayan 0,08 ha torpaq sahəsini ona göstərərək, guya həmin torpaq sahəsinin Cavabdeh1 əmisi oğluna məxsus olduğunu bildirmiş və həmin sahəni sonradan onun adına sənədləşdirəcəklərini vəd edərək etibarından sui-istifadə etməklə 09 may 2013-cü il tarixdə Xətai rayonu ərazisində yerləşən 14 saylı notarial kontoruna apararaq orada satdıqları torpaq sahəsinə heç bir aidiyyatı olmayan, Abşeron rayonu Qobu bələdiyyə şurası tərəfindən X4 verilmiş rəsmi sənəd hesab edilən 09 nömrəli, 17.05.2007-ci il tarixli qərarın kserosurətini təqdim edərək həmin saxta sənəddən istifadə etməklə Qobu bələdiyyəsi ərazisində 0,08 ha torpaq sahəsini özəlləşdirməyə, sərəncam verməyə, satmağa və s. hərəkətləri etməyə dair ona 09.05.2013-cü il tarixli etibarnamə verərək notariusun qarşısında ondan 4500 manat, 16.05.2013-cü il tarixdə Nərimanov rayonu ərazisində yerləşən Nərimanov metrosunun qarşısında 1500 manat, cəmi 6000 manat pulunu almışlar. Ona və bir neçə vətəndaşa qarşı dələduzluq cinayəti törətmələri faktına görə cavabdehlər barəsində 31.03.2015-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis idarəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə cinayət işi başlanmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli hökmünə əsasən Əli Qəmbərov 3 il 6 ay müddətinə, Cavabdeh1 isə 3 il 4 ay müddətinə azadlıqdan məhrum edilmişlər. İbtidai istintaq zamanı barələrində həbs qətimkan tədbiri seçilmiş cavabdehlər məhkəmədə qətimkan tədbiri dəyişdirilərsə, zərər çəkmişlərə dəymiş ziyanı torpaq sahəsi verməklə aradan qaldıracaqlarını bildirmişdilər. 26 aprel 2017-ci il tarixdə cavabdehlər barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmiş, cavabdehlər məhkəmə zalında həbsdən azad edilmişdilər. O və digər vətəndaşlar cavabdehlərlə birlikdə Qobu bələdiyyəsi ərazisinə gəlmiş, bələdiyyənin o vaxtki sədri Ənvər adlı şəxslə görüşmüşdülər. Cavabdehlərin iştirakı ilə bələdiyyədə işləyən Asif adlı şəxs ona veriləcək torpaq sahəsinin xəritəsini çəkmək üçün hər sahəyə görə 170 manat pul ödəmək lazım olduğunu bildirmişdi. Bundan sonra Cavabdeh1 ona Qobuda torpaq göstərmiş və Qobu bələdiyyəsi tərəfindən X3 adına olan sənədləri verərək bunun birinci sənəd olduğunu, bunun üstünə göstərdiyi digər torpağın xəritəsini də çəkdirib qoyacağını, bununla da sənədlərin çıxarış üçün hazır olacağını bildirmişdir. Növbəti məhkəmə zamanı Cavabdeh1 ona Meydan adlı şəxsin sənədlərini verərək onu Qobuya dəvət etmiş və ikinci torpağın yerini göstərərək xəritəni çəkdirməyə və çıxarış almağa köməklik gğstərməsini xahiş etmişdir. O də razılaşmış, xəritənin çəkilməsi üçün 250 manat, çıxarışın alınması üçün isə 700 manat pul vermişdir. Həmçinin Cavabdeh1 torpağa görə ona məxsus “Mercedes Benz-230” markalı, **-BN-*** dövlət nömrə nişanlı olan avtomobili təkidlə istəyərək dələduzluq yolu ilə ələ keçirərək 9000 manata satmış, həmin pulu da özünə sərf etmişdi. Sentyabr ayında məhkəməyə gələn Cavabdeh1 ona sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon şöbəsinə verdiyini və bunu təsdiqləyən sənədi verərək 24 oktyabr 2017-ci il tarixdə çıxarışı ala biləcəyini bildirmiş, ondan yenə də 3500 manat məbləğində pul almışdı. O, 07 noyabr 2017-ci il tarixdə DƏDRX-nin Abşeron rayon şöbəsinə müraciət etmiş, oradan bu sənədin onlara məxsus olmadığını və sənədlərin saxta olduğunu bildirmişdilər. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə bu fakta da diqqət yetirilməmişdir. Cavabdeh1 ona 05 dekabr 2017-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda etibarnamə vermiş, sənədləri qaydasına qoyacağını, torpaq sahəsində tikinti işləri apara biləcəyini bildirmişdi. Bundan sonra o, həmin ərazidə müəyyən işlər görmüşdü. 2020-ci ilin mart ayında torpaq sahəsini hasara almaq üçün həmin əraziyə gəldikdə, tanımadığı şəxslərin ona məxsus torpaq sahəsində tikinti işləri apardıqlarını görmüşdür. Bu məsələyə aydınlıq gətirmək üçün Qobu bələdiyyəsinin sədri Maraqlı şəxs ərizə ilə müraciət etmiş, Qobu bələdiyyəsinin sədri həmin torpaq sahəsinə dair 05.12.2017-ci il tarixdə Cavabdeh1 ona verdiyi etibarnamənin ləğv edildiyini bildirmişdir. Cavabdeh1 02.08.2018-ci il tarixdə və Cavabdeh2 21.12.2017-ci il tarixdə imzaladıqları qəbzlərlə müxtəlif vaxtlarda ondan ümumi torpaq sahələrinə görə 16000 manat pul aldıqlarını və həmin pulu qaytaracaqlarını etiraf etmişdilər. Birinci instansiya məhkəməsində keçirilən iclas vaxtı cavabdehlər qəbzləri onların yazmadıqlarını bildirmiş, qəbzlərin kim tərəfindən yazılmasını müəyyən etmək üçün iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilməsini xahiş etsə də, məhkəmə işin ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edən xahişini qəbul etməmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 02 fevral 2018-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 İddiaçı 0,12 ha torpağın sənədləşdirilməsi məqsədi ilə 12000 manat pul almış və həmin pulu 2018-ci ilin avqust ayının axırına qədər qaytaracağına söz vermişdir. İş materiallarında olan 21 dekabr 2017-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh2 İddiaçı Qobu qəsəbəsində 0,16 ha torpaq sahəsini sənədləşdirilməsi adı ilə 12000 manat pul almış və həmin pulu 2018-ci ilin mart ayının sonuna qədər qaytaracağına söz vermişdir. İş materiallarında olan 11.06.2013-ci il tarixli etibarnamənin surətindən görünür ki, “Mercedes Benz 230” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1 Bəxtiyar Binnət oğluna 9 il 2 ay 19 gün müddətinə nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermiş və etibarnamə 31.08.2022-ci il tarixədək qüvvədədir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli, 1(006)-07/2018 saylı hökmündən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 03 il, 02 ay, 4 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cavabdeh1 Azərbaycan Respublikası CMnin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 03 il, 01 ay, 07 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş materiallarında olan İddiaçı imzası 07.06.2019-cu il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona dəymiş maddi və mənəvi ziyan ödənildiyi üçün Cavabdeh1 və Cavabdeh2 qarşı heç bir şikayəti və tələbi yoxdur. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı cavabdehlərdən 24000 manat ödədiyi əsas borcun və özgəsinin pul vəsaitini qanunsuz ələ keçirməklə, saxlamaqla, qaytarılmasından imtina etməklə, vurduqları maddi ziyanla əlaqədar 20000 manat tələb etmiş, iddia tələbini Cavabdeh1 02 fevral 2018-ci il tarixdə, Cavabdeh2 21 dekabr 2017-ci il tarixdə verdikləri qəbzlərlə əsaslandırmışdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin mübahisə edilməyən hallarından görünür ki, torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar cavabdehlərin hər biri tərəfindən iddiaçıdan 12000 manat olmaqla, cəmi 24000 manat alınmışdır. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən vurulmuş ziyan aradan qaldırılmış və iddiaçı 07.06.2019-cu il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizə ilə dəymiş maddi və mənəvi ziyan ödənildiyi üçün Cavabdeh1 və Cavabdeh2 qarşı heç bir şikayəti və tələbinin olmadığını göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçıya 20000 manat məbləğində maddi ziyan vurulması iş üzrə araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsində keçirilən iclas vaxtı cavabdehlərin qəbzləri onların yazmadıqlarını bildirdiklərini, qəbzlərin kim tərəfindən yazılmasını müəyyən etmək üçün iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilməsini xahiş etsə də, xahişinin qəbul edilmədiyini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birinci instansiya məhkəməsində 02 fevral 2018-ci il tarixli və 21 dekabr 2017ci il tarixli qəbzlərin onlar tərəfindən yazıldığını etiraf etmişlər. Belə olan halda, iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilməsinə zərurət olmamışdır. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2(012)-885/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar