Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3092/2021 07.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə açar sözlər: birgə nikah dövründə tikilmiş evin tikintisinə sərf edilmiş pul məbləğindən payın ayrılması Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı, maraqlarına toxunan şəxslər Maraqlı şəxs1 və Zülfiqarova Almaz İdris qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə tikilmiş evin tikintisinə sərf edilmiş pul məbləğinin müəyyən edilməsi və həmin məbləğdən payına düşən hissənin cavabdehdən alınıb ona verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(060)-84/2020 saylı qətnaməsindən maraqlarına toxunan şəxslər Maraqlı şəxs1 və Zülfiqarova Almaz İdris qızı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünü Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayıb məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə tikilmiş evin tikintisinə sərf edilmiş pul məbləğinin müəyyən edilməsi və həmin məbləğdən payına düşən hissənin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim A.M.Behbudova) iddia təmin edilərək, tərəflərin birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, 49-cu məhəllə, 5-ci döngədə yerləşən 184 saylı fərdi yaşayış evinin tikinti-təmir işlərinin ümumi dəyərinin 20.752 manat məbləğində müəyyən edilməsi, həmin pulun 1/2 hissəsinə iddiaçının, 1/2 hissəsinə isə cavabdehin paylarının müəyyən edilməsi, həmin pulun 1/2 hissəsinin, yəni 10.376 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilib. Cavabdeh apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər S.A.Qafari sədrlik edən - məruzəçi, Ş.R.Abasov və T.Q.Məmmədov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qətnaməsi dəyəşdirilmədən saxlanılıb. Cavabdeh kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.A.Əhmədov sədrlik edən - məruzəçi, İ.K.Dəmirov və V.T.Həsənov) kassasiya şikayətinin təmin edilmədən, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb və qətnamə qanuni qüvvəyə minib. Maraqlarına toxunan şəxslər Maraqlı şəxs1 və Zülfiqarova Almaz İdris qızı Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 10 iyun 2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edib. Maraqlı şəxs1 və Zülfiqarova Almaz İdris qızı apelyasiya şikayətində göstərmişlər ki, qeyd olunan qətnamə maraqlı şəxslər kimi onların əmlak hüquqlarını pozduğu üçün məhkəmənin bu qətnaməsinin qanunsuz və ədalətsiz hesab etməklə ləğv edilməsini zəruri hesab edirlər. Belə ki, məhkəmə qətnaməsi ilə müəyyən edilib bölünmüş əmlakınfərdi yaşayış evinin tikinti-təmir işlərinə onların birgə əldə etdikləri vəsait sərf edilmiş və həmin evin tikinti-təmir məqsədləri üçün xərclənmişdir. Belə olan halda, Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2-(060)-84/2020 saylı qətnaməsi onların maraqlarına toxunur. Məhkəmə iclasında iştirak edən maraqlarına toxunan şəxslər Maraqlı şəxs1 və Zülfiqarova Almaz İdris qızı ayrı-ayrılıqda apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxslər Maraqlı şəxs1 və Zülfiqarova Almaz İdris qızı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə apelyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti üzrə işə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Maddənin məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan işdə iştirak edən şəxslər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilərlər. Lakin Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilməklə apelyasiya və kassasiya qaydasında şikayətlərə baxıldıqdan sonra qanuni qüvvəsini almışdır (cild 1, i.v. 230-234). Göründüyü kimi, birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsindən maraqlarına toxunan şəxslər Maraqlı şəxs1 və Zülfiqarova Almaz İdris qızı apelyasiya şikayəti vermişdir. Konstitusiya Məhkəməsi tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından “res judicata” prinsipinə hörmət edilməsini ehtiva edən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının bir qayda olaraq dəyişdirilmədən saxlanılmasını nəzərdə tutan preyudisiallıq və qanunun aliliyinin fundamental aspektlərindən olan hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsinə xüsusi önəm verilmiş, yalnız məhkəmə səhvlərinin düzəldilməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar aşkar olunduqda belə qərarlara yuxarı instansiya məhkəməsi tərəfindən yenidən baxılmasının mümkünlüyü əks olunmuşdur (Xotulyeva Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 30 iyul tarixli, Kondraşov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 8 yanvar tarixli qərarlar). Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır (Brumaresku Rumıniyaya qarşı” iş üzrə 1999-cu il 28 oktyabr tarixli qərar). Hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi ilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli qərar). Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd edir ki, Maraqlı şəxs1 və Zülfiqarova Almaz İdris qızı məhkəmə aktından apelyasiya qaydasında şikayət versə də, birinci instansiya məhkəməsi qətnamənin qanuni qüvvəyə minməsini nəzərə almadan, apelyasiya şikayətini baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş tərəfin şikayəti üzrə təkrarən apelyasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) MPM-in 366.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 366, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə tikilmiş evin tikintisinə sərf edilmiş pul məbləğinin müəyyən edilməsi və həmin məbləğdən payına düşən hissənin cavabdehdən alınıb ona verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(060)-84/2020 saylı qətnaməsindən maraqlarına toxunan şəxslər Maraqlı şəxs1 və Zülfiqarova Almaz İdris qızı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-3092/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3092/2021
07.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver