Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3109/2021 17.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(060)-3968/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Ələkbərov) iddianın qismən təmin edilməsi, 12 aprel 2021-ci il tarixdən etibarən 24.09.2015-ci il təvəllüdlü X1 və 20.11.2018-ci il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, 350 manat miqdarında aliment Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, məhkəmə qətnaməsi alimentin tutulması hissədə dərhal icra olunması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı aliment tələbi ilə məhkəməyə müraciət edərək, 24.09.2015-ci il təvəllüdlü X1 və 20.11.2018-ci il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat və uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, 24.09.2015-ci il təvəllüdlü X1 və 20.11.2018-ci il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 250 manat, dayənin xərclərini qarşılamaq üçün ona hər ay ödəməli olduğu 2018-ci ilin dekabr ayından 2021-ci ilin fevral ayınadək 300 manatın ½ hissəsi olan 150 manat olmaqla, ümumilikdə 4050 manat, xəstəliyi və himayəsində olan iki azyaşlı uşağı ilə birlikdə çətin sosial vəziyyətdə olduğuna görə uşaqların 3 yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 28.11.2014-cü il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan 24.09.2015-ci il təvəllüdlü X2 və 20.11.2018-ci il təvəllüdlü X4 oğlu adlı övladları vardır. Nikahları pozulmasa da, münasibətləri gərgindir və onlara ayrı yaşayırlar. Cavabdeh uşaqların saxlanması üçün ona heç bir köməklik göstərmir. Cavabdeh uşaqların saxlanması üçün yardım edə biləcək gücdədir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini, qazancının və başqa gəlirlərinin 1/3 hissəsi həcmində alimentin tutulmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi obyektiv olaraq çıxarılmamış, maddi və prosessual hüquq normalarına əsaslanmamış, MPM-nin 88-ci maddəsinə zidd olmaqla, qanuni və əsaslı deyildir. Məhkəməmühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamış, tərəflərin mübahisəsini tənzimləyən qanunvericiliyin tələblərinə əməl etməmişdir. O, 17.07.2020-ci il tarixdən “Yeni Klinika” Publik hüquqi şəxsində porter vəzifəsində çalışır, aylıq qazancı 311,65 manatdır. Aylıq əmək haqqından tutulmalar aparıldıqdan sonra ödəniləcək məbləğ 278,88 manatdır. Başqa heç bir yerdən gəliri yoxdur. Başqa ödənişli fəaliyyətlə məşğul deyildir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni tərəflərin birgə nikahından olan uşağın mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını və maddi vəziyyətlərini nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17 maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1. maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (Ailə Məcəlləsinin 58.1. və 58.2. maddələri). “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 18-ci maddəsinin 1-ci bəndinə görə bu məsuliyyət hər iki valideyn üçün, onların harada yaşamalarından asılı olmayaraq ümumi və məcburi olmalıdır. Konvensiya bu məsuliyyəti “əsas” hesab edir. Valideynlərin uşaqlarının hüquq və mənafelərinin təmin edilməsinə görə məsuliyyətinin xüsusi əhəmiyyəti bununla müəyyən olunur. Eyni zamanda, uşağa görə məsuliyyət hissinin formalaşmasına, uşağın tərbiyəsinə təsir göstərir. Ailə tərbiyəsinin keyfiyyəti əhəmiyyətli dərəcədə onun tam olmadığından asılıdır. Həmin konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosila inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Qeyd edilən maddi hüquq normalarının məzmununa görə ailə tərbiyəsi ilə əlaqədar hərəkətlərin və əməllərin mümkün olan hədləri müəyyən olunur. Bu elə bir istiqamətdir ki, onu həm gündəlik həyatda, həm də uşaqların tərbiyəsi ilə əlaqədar yaranmış mübahisənin və sualların həlli zamanı tutmaq lazımdır. Belə ki, qanunvericilik diqqəti ona yönəldir ki, valideynlər üçün əsas amil öz maraqlarının deyil, uşaqlarının bir şəxsiyyət olaraq maraqlarının təmin edilməsi olmalıdır. Valideynlər uşaqlarının hüquq və mənafelərinin ziyanına həyata keçirilən özlərinin hüquq və vəzifələrinə görə məsuliyyət daşıyırlar. Bununla belə bu halda tək valideyn hüquqlarından sui-istifadə deyil, həm də valideynlərin uşaqlarının hüquq və mənafeylərinə ziyan vuran, yaxud ziyan vura biləcək digər hərəkət və əməlləri nəzərdə tutulur. Valideynlərin qayğısından yararlanmaq uşaqların hüququ olduğu kimi uşaqların təlim-tərbiyəsi ilə onların şəxsiyyət kimi formalaşmasını və inkişaf etməsi üçün zəruri şəraitin yaradılması təmin etmək valideynin borcudur. Övladın kamil şəxsiyyət kimi formalaşması üçün fiziki cəhətdən sağlam mənəvi inkişafına görə valideynlər məsuliyyət daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələri). Həmin Məcəllənin 78.1. maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Tərəflərin rəsmi nikahından olan 24.09.2015-ci il təvəllüdlü X1 və 20.11.2018-ci il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəmə qətnaməsi ilə hər ay hər uşaq üçün 175 manat olmaqla ümumilikdə 350 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bütün maddi və mənəvi yükün ananın üzərində qalması, iddiaçının mənafeyinin əsaslı şəkildə məhdudlaşdırılmasını qaçılmaz edir. Halbuki övladın saxlanılması üçün hər iki valideyn birgə məsuliyyət daşıyır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3109/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3109/2021
17.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver