Məhkəmə qərarları › İş №2(105)-3110/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3110/2021

18.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3110/2021 18.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(060)-4044/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(060)-4044/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elmir Hüseynov) İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, 13 aprel 2021-ci il tarixdən etibarən 02.04.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 175 manat alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 02.04.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 24.04.2012-ci il tarixdə faktiki nikaha daxil olaraq ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə, 02.04.2013-cü il tarixdə X5 anadan olmuşdur. Bir müddətdən sonra ailə münasibətləri soyumuş və cavabdehdən ayrılmışdır. Hazırda uşaq onun himayəsindədir. Cavabdeh uşağının maddi vəziyyəti ilə maraqlanmır, heç bir köməklik göstərmir. O, heç bir yerdə işləmədiyindən uşağın təminatını ödəməyə çətinlik çəkir. Hazırda atasının pensiyası ilə uşağını dolandırır, vəziyyəti çox çətindir. Cavabdeh fərdi işlərdə işləyir, taksi fəaliyyəti ilə məşğuldur və dövlətdən müavinət də alır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qismən əsassız hesab edir. İddiaçı ilə 2012-ci ildə ailə həyatı qurmuş, faktiki nikahlarından 02.04.2013-cü il tarixdə X5 doğulmuşdur. Onun hər ay 175 manat məbləğində aliment ödəməyə maddi imkanı yoxdur. Belə ki, heç bir yerdə işləmir, işsiz olduğu üçün hazırki vəziyyətdə hər ay 175 manat məbləğində aliment ödəmək iqtidarında deyildir, buna maddi imkanı yoxdur. Lakin bir ata kimi öz uşağına maddi cəhətdən köməklik etməli olduğunu dərk edir. Onun hər ay 80 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanı çatır. Məhkəmə alimentin miqdarını müəyyən edərkən onun maddi vəziyyətini, işsiz olmağını və diqqətəlayiq digər halları nəzərə almalı idi. Lakin məhkəmə işə baxarkən bütün bunları nəzərə alınmamışdır. Məhkəmə öz qətnaməsini “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanunla əsaslandırmışdır. Həmin qanuna görə 2021-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Lakin həmin qanunda 175 manat məbləğində pulun bütövlükdə bir valideyndən tutulması qeyd olunmamışdır. Ailə Məcəlləsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi, uşaqları saxlamaq tək atanın yox, hər iki valideynin borcudur. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilərək, 02.04.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay 80 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X7 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 120-130 manat aliment ödəyə bilər. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, heç bir yerdə işləmir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin alimentin məbləğinə aid hissədə dəyişdirilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 02 aprel 2013-cü il tarixdə doğduğu X1 atası Cavabdeh hesab edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 02.04.2013-cü il il tarixdə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləğinə aid hissədə qanuni və əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdur, cavabdeh rəsmi olaraq işləmir. Digər tərəfdən, tərəflərin faktiki nikahından olan yetkinlik yaşına çatmayan uşağın iddiaçının himayəsində olması, uşağa qulluq, onun sağlamlıq, inkişaf, təhsil, məişət qayğılarının çəkilməsi uşağın himayəsində olduğu iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Həmçinin “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2021-ci ildə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanunun mənasına görə isə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Cavabdeh apellyasiya şikayətində uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ondan 80 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin göstərdiyi miqdarda, yəni hər ay 80 manat məbləğində alimentin tutulması uşağın mənafeyinə uyğun deyildir, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli sayıla bilməz və yuxarıda qeyd edilən qanunların tələblərinə ziddir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən görünür ki, cavabdehin qətnamənin mübahisələndirdiyi hissədə iddianın qiyməti 1140 (175-80) x 12) manat təşkil edir, yəni beş min manatdan azdır. Ona görə də Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(060)-4044/2021 saylı qətnaməsi alimentin məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar