Məhkəmə qərarları › İş №2(105)-3128/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3128/2021

13.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3128/2021 13.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Siyəzən Rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli, 2(059)-196/2021 saylı qərardadından İddiaçı şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Siyəzən Rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli, 2(059)-196/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Bəylər Ələkbərov) İddiaçı cavabdehlər Siyəzən Bələdiyyəsinə, Cavabdeh2nə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Ərazi Şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı müsabiqənin və torpaq icarə müqaviləsinin ləğv edilməsi, həmin torpaq sahəsinin onun icarəsinə verilməsi, bu torpaq sahəsində mövcud olan tikiliyə mülkiyyət hüququnun tanınması və cavabdehlər Siyəzən Bələdiyyəsindən və Cavabdeh2ndən mənəvi zərərin tutulması tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(059)-196/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət prosessual müddət keçdikdən sonra verildiyi və müddətin bərpa edilməsinə dair vəsatət təqdim edilmədiyi üçün geri qaytarılması qərara alınmış, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Siyəzən Rayon Məhkəməsinin 08 may 2021ci il tarixli, 2(059)-196/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Siyəzən Bələdiyyəsinə, Cavabdeh2nə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Ərazi Şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı müsabiqənin və torpaq icarə müqaviləsinin ləğv edilməsi, həmin torpaq sahəsinin onun icarəsinə verilməsi, bu torpaq sahəsində mövcud olan tikiliyə mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmiş, məhkəmənin həmin tarixli qərardadı ilə iddianın cavabdehlər Siyəzən Bələdiyyəsindən və Cavabdeh2ndən mənəvi zərərin tutulması hissəsi üzrə icraata xitam verilmişdir. İddiaçı Nadirov X2 Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(059)-196/2021 saylı qərardadından şikayət vermişdir. Siyəzən Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(059)-196/2021 saylı qərardadı ilə Siyəzən Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(059)-196/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Siyəzən Rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli, 2(059)-196/2021 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət prosessual müddət keçdikdən sonra verildiyi və müddətin bərpa edilməsinə dair vəsatət təqdim edilmədiyi üçün geri qaytarılması qərara alınmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, qərardad əsassızdır. Belə ki, qərardaddan vaxtında, həmin qərardadı rəsmi qaydada əldə etdiyi andan 10 gün müddətində, yəni 27 may 2021-ci il tarixdə şikayət vermişdir. Dövlət rüsumu ödənilmədiyi əsas gətirilərək şikayəti geri qaytarıldığından şikayətinə dövlət rüsumu barədə sənəd əlavə edərək şikayətini yenidən məhkəməyə təqdim etmişdir. Qərardaddan şikayət verilməsi müddətini keçirməmişdir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv olunması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı şikayətdə qeyd edilənlərə uyğun izahat verdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi şikayəti və ona əlavə edilmiş sənədləri geri qaytararkən iddiaçı tərəfindən qərardaddan şikayət verilməsi müddətinin ötürülməsinə və müddətin bərpa edilməsinə dair vəsatət təqdim edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. İş materiallarından görünür ki, iddiaçı Nadirov X2 Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qərardadının surətini 20 may 2021-ci il tarixdə poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza etməklə almışdır (İ/v-139). Göründüyü kimi, Siyəzən Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qərardadının surəti İddiaçı rəsmi qaydada verilmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsində göstərilir ki, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Göründüyü kimi, qanunverici qərardaddan şikayət verilməsi ilə bağlı 10 günlük müddətin axımını, qərardadın surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi günlə əlaqələndirmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Siyəzən Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qərardadından şikayəti verilməsi müddətinin axımı qərardadın ona təqdim edildiyi günün sabahı, yəni 21 may 2021-ci il tarixdən başlanmışdır. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. İddiaçı tərəfindən Siyəzən Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qərardadından şikayəti verilməsi müddəti 2021-ci ilin may ayının 31-də qurtarmışdır. İş materiallarından görünür ki, İddiaçı Siyəzən Rayon Məhkəməsinin 08 may 2021ci il tarixli qərardadından şikayəti 16 iyun 2021-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, qərardadı rəsmi qaydada aldıqdan sonra İddiaçı tərəfindən şikayət 10 gün müddətində deyil, prosessual müddət keçdikdən sonra verilmişdir. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Siyəzən Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli şikayətin verilməsi müddətinin bərpa olunması barədə vəsatət verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi prosessual müddətin keçməsi əsası ilə şikayəti geri qaytararkən prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 133, 263-264, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. İş üzrə Siyəzən Rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli, 2(059)-196/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar