Məhkəmə qərarları › İş №2(105)-3131/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3131/2021

28.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3131/2021 28.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, Cavabdeh, onun vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(060)-5317/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(060)-5317/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 02 iyun 2021-ci il tarixdən etibarən 18.12.2004cü il təvəllüdlü X3, 26.02.2014-cü il təvəllüdlü X2 və 27.01.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, 300 manat miqdarında alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın verilməsinə görə 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.(hakim Ə.Ələkbərov) Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, onun dəyişdirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını, Cavabdeh isə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh övladları 18.12.2004-cü il təvəllüdlü X3, 26.02.2014-cü il təvəllüdlü X2 və 27.01.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 170 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, tərəflər arasındakı nikah Sumqayıt Şəhər Məhkəməsinin 10.03.2021-ci il tarixli, 2(060)-1987/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Birgə nikahda olduqları zaman onların 16.05.1997-ci il təvəllüdlü X9, 27.12.2001-ci il təvəllüdlü X6, 18.12.2004-cü il təvəllüdlü X8, 26.02.2014-cü il təvəllüdlü X7 və 27.01.2016-cı il təvəllüdlü X11 adlı uşaqları dünyaya gəlmişdir. Cavabdehlə ailə qurduqları ilk günlərdə münasibətləri yaxşı olsa da, sonralar pisləşmişdir. Bu səbəbdən də rəsmi olaraq boşanmışlar. O, nikahın pozulması zamanı aliment tələb etməmişdir, lakin övladlarının saxlanması ona çətinlik yaradır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T L Ə R İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı əsaslı deyildir. Qət edilən aliment məbləği ilə, yəni 300 manatla bir ay ərizndə üç uşağa baxılması mümkün deyil. 2021-ci il üçün uşaq minimumu 175 manatdır. Məhkəmə alimentin məbləğini müəyyən edərkən heç bir meyara əsaslanmamışdır. Birgə nikahdan 5 uşaq olsa da, hazırda onların üçü azyaşlıdır. Cavabdeh Bakı şəhərində saatsaz işində çalışır və ayda 1300-1500 manat gəlir əldə edir. Göstərilənlərə əsasən qətnamə dəyişdirilməli, onun aliment barədə iddiasının tamamilə təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdıır. Cavabdeh isə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi qanunsuzdur. Ondan aylıq tutulan alimentin məbləği əmək haqqından çoxdur və o, bu məbləğdə alimenti ödəyə bilməyəcəkdir. Məhkəmə qətnamə qəbul edərkən uşaqların yaşını və fikrini araşdırmamış, müvafiq qəyyumluq orqanını prosesə cəlb etməmiş, oranın rəyini almadan qanunsuz nəticəyə gəlmişdir. İddiaçı uşaqlarına yaxşı baxmır, onları tanımadığı adamların himayəsində qoyur, bunun nəticəsində uşaqlarda müxtəlif xəstəliklər əmələ gəlir. Birgə nikahdan doğulmuş Fatimə faktiki olaraq anasının deyil, onun yanında qalır. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, müvafiq qurumun rəyi alınmaqla işə yenidən baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı öz apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, qarşı tərəfin şikayətinin rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun vəkili və nümayəndəsi X4 cavabdehin apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh əlavə etdi ki, evin bütün xərclərini o, çəkir, gündəlik tələbat mallarını o, alır, uşaqların qayğısına imkanı daxilində qalır. Fatimə adlı uşaq da onunla yaşayır. Bu fakt nəzərə alınmalıdır. Qarşı tərəfin şikayətinin əsası yoxdur və rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından 16.05.1997-ci ildə X9, 27.12.2001-ci ildə X6, 18.12.2004-cü ildə X8, 26.02.2014-cü ildə X7 və 27.01.2016-cı ildə X11 adlı övladları vardır. Yenə iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1987/2021 saylı, 10.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 04.04.1996-cı il tarixli nikahın pozulması, nikah pozulduqdan sonra 18.12.2004-cü il təvəllüdlü X3, 26.02.2014-cü il təvəllüdlü X2 və 27.01.2016-cı il təvəllüdlü X5 anaları İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarına əlavə edilmiş 16.07.2020-ci il tarixli arayışdan məlum olur ki, Cavabdeh hədiyyə mağazasında saat ustası vəzifəsində işləyir, aylıq əmək haqqı 250 manat təşkil edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayətiləri təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(060)-5317/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı və Cavabdeh 04.04.1996-cı il tarixdə rəsmi nikaha girmişlər. Onların bu nikahından 5 uşaqları doğulmuşdur. Uşaqlardan üçü, yəni 18.12.2004-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatmamış, 26.02.2014-cü il təvəllüdlü X7 və 27.01.2016-cı il təvəllüdlü X11 azyaşlıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Yenə həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, aliment təyin olunarkən tərəflərin hər ikisinin maddi vəziyyəti, azyaşlıların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması nəzərə alınmalı, alimentin tutulması barədə tərəflərin hər birinə münasibətdə balanslaşdırılmış qətnamə çıxarılmalıdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” AR Qanununa əsasən 2021-ci il üzrə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 manat təşkil etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə 17.01.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli, “X14rşı” iş üzrə 26.10.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Birinci instansiya məhkəməsi qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə alaraq azyaşlı Fatimə, Rüqəyya və Rübabın saxlanılması üçün cəmi 300 manat məbləğində aliment təyin etmişdir. İddiaçının bu məbləği 510 manata qaldırılması barədə dəlili isə əsassızdır, çünki cavabdehin hər ay 1300-1500 manat gəlir əldə etməsi barədə iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən bu məbləğin azaldılması barədə də qarşı tərəfin dəlili ilə razılaşmaq olmaz. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh rəsmi işləyir və ayda 250 manat əmək haqqı alır. Qət edilən aliment bu məbləğdən cüzi miqdarda çox olsa da, məhkəmə kollegiyası hesab edir ki, bir uşaq üçün 100 manatdan da az aliment tutulması onun normal qidalanması üçün kifayət etmir. Bundan başqa, cavabdehin mübahisə araşdırılarkın müvafiq qəyyumluq orqanının işə cəlb edilməməsi, azyaşlı Fatimənin onun yanında qalmasının nəzərə alınmaması barədə dəlilləri də əsassızdır. Belə ki, bu məsələlər hazırkı mübahisənin predmetinə daxil deyil və artıq qanuni qüvvəsini almış Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1987/2021 saylı 10.03.2021-ci il tarixli qətnaməsində öz həllini tapmışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş Fatimə, Rüqəyya və Rübab adlı uşaqların saxlanılması üçün hər ay ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutulması ədalətlidir. Bu baxımdan, işin tədqiq olunan faktiki hallarına əsaslanaraq məhkəmə kollegiyası tərəflərin öz apellyasiya şikayətlərində göstərdikləri dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, tərəflər özlərinə aid şikayətlərdəki qeyd etdiyi dəlilləri sübut edə bilməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İş üzrə tərəflərin verdikləri apellyasiya şikayətləri təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(060)- 5317/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar