Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-314/2025 12.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı atanın saxlanılması üçün alimentin tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1547/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Məşğulluq haqqında arayışın surətindən görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olan vətəndaş İddiaçı işsizdir.
2. Azərbaycan Respublikası Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-75-38/2-402/2024 saylı arayışının surətindən görünür ki, İddiaçı Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatdadır və faktiki olaraq nümayəndəlik ərazisində işləmir.
3. “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 18-1-72/2-Z-11xx-xx-1964/2024 saylı arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində “İ20.8-Stenokardiyanın digər formaları” diaqnozu ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının TTTY Şöbəsində həkim müayinəsində olmuşdur.
4. Cavabdeh gəlirləri üzrə axtarış məlumatlarından görünür ki, Cavabdeh vətən müharibəsi iştirakçılarına verilən 80 manat pensiya alır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə onun və ya cavabdehin maddi vəziyyəti dəyişənə qədər hər ay 270 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu, Quşçu kəndində yaşayan 01 avqust 1999-cu il təvəllüdlü vətəndaş Cavabdeh onun oğludur. O, xəstə olduğu üçün əmək qabiliyyətli deyil, işləmir və başqa gəlir yeri olmadığına görə maddi yardıma ehtiyacı var. Valideynlik vəzifələrini yerinə yetirməkdən boyun qaçırmayıb və valideynlik hüquqlarından məhrum olunmamışdır. Ona məlumdur ki, cavabdehin yetərincə maddi vəsaiti var, onu saxlaya bilər, ancaq həmin vəzifəni könüllü surətdə yerinə yetirmək arzusunda deyil.
7. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, xəstə olduğu və iş qabiliyyətini itirdiyi üçün, Cavabdeh hər ay 270 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1547/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Natiq İsmayılov).
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82-ci maddəsinə, Azərbaycna Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verib, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1547/2024 nömrəli qətnaməsnin ləğv edilməsi və iddiam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1547/2024 qətnaməsini qanunsuz və əsasız hesab edir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin faktiki hallarını araşdırmamışdır. İşin faktiki hallarına görə onun mülkiyyətində hər hansı texnika yoxdur və olmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş diskdə əks olunan traktor ona aid deyildir. O hal-hazırda işziz kimi qeydiyyatdadır və hər hansı qazancı yoxdur. Göründüyü kimi birinci instansiya məhkəməsi sübutların araşdırılması hissəsində səhvlərə yol vermiş və lazimi sübutların əldə olunması üçün sorğular göndərməmişdir. Beləliklə də Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı, Mülki Prosesual Məcəlləsinin 217-ci və 80-ci, Ailə Məcəlləsinin 82.1-ci maddələrinin tələbləri pozulmuşdur.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məlumat verməmişdir.
15. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
16. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini əsas götürərək işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
17. Maddə 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.
18. Maddə 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur.
19. Maddə 82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.
20. Maddə 82.4. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır.
21. Maddə 82.5. Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər.
22. Maddə 82.6. Uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
32. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1547/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir.
33. Ona görə də kollegiya Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Belə ki, iddiaçı əmək qabiliyyətinin olmamasını təsdiq edən sübutu iddia ərizəsinə əlavə etməmiş, həmçinin apellyasiya instansiya məhkəməsində təqdim etməmişdir. Halbuki əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borclu olduğu qanunvericiliklə müəyyən edilmişdir.
36. Həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatlardan görünür ki, İddiaçı adına “dənli (çəltik istisna olmaqla) bitkilərin becərilməsi” fəaliyyət növü üzrə aktiv VÖEN-i qeydə alınmışdır. Eyni zamanda həmin məlumatlardan görünür ki, iddiaçını adına MAZ 54323 markalı yük, MAZ 5549 markalı yük, MAZDA BT50 markalı minik avtomobilləri qeydə alınmışdır.
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edir.
38. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
39. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”
40. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.
41. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır.
42. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X5rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən saxlanılması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1547/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.