Məhkəmə qərarları › İş №2(105)-3153/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3153/2021

02.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3153/2021 02.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş alimentin məbləğinin azaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2455/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 2(012)-2455/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim H.Əhmədov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2455/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qətnamə qəbul olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 08.10.2014-cü il tarixli, 2(012)-3686/2014 saylı icra vərəqəsinə əsasən cavabdehin xeyrinə 14.05.2010-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarının azaldılması, 14.05.2010-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı müəyyənləşdirilərkən iki övladının olması ilə bağlı faktın nəzərə alınaraq 2 övlada görə müəyyənləşdirilən alimentin miqdarının (1/3) bölüşdürülməsi və Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3083/2020 saylı, 27.11.2020-ci il tarixli qətnaməsində olduğu kimi əmək haqqının 1/6 hissəsində müəyyən olunması, əmək haqqından 1/6 hissəsində müəyyən edilən yeni alimentin miqdarının Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3083/2020 saylı, 27.11.2020-ci il tarixli qətnaməsinin qüvvəyə mindiyi tarixə uyğun olaraq 27.11.2020-ci il tarixdən hesablanması, icra məmurlarının əvvəlki aylar üçün miqdardan artıq edilmiş ödənişlərin qarşıdakı ayların alimentindən cüzi miqdarda çıxılmaqla (məsələn: aylıq aliment miqdarı 217 manatdırsa artıq edilmiş məbləğ tam çıxalan vaxtadək aliment miqdarı 200 manat hesablansın) qaytarılmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 08.10.2014-cü il tarixli, 2(012)- 3686/2014 saylı icra vərəqəsinə əsasən ondan Dərziyeva (qərarda Şibliyeva göstərilir) Elnarə Bəxtiyar qızının xeyrinə 14.05.2010-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqının ¼ hissəsi (manat ekvivalentində 325 manat) miqdarında aliment tutulur. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı onun himayəsində başqa övladı yox idi və buna görə də onun saxlanması ilə bağlı əlavə aliment, həmçinin 3 yaşına kimi uşağın saxlanması ilə bağlı əlavə ödəniş ödəmirdi. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3083/2020 saylı, 27.11.2020-ci il qətnaməsinə əsasən, ondan başqa rəsmi nikahından dünyaya gəlmiş 01.11.2018-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27.11.2020-ci il tarixdən başlayaraq hər ay əmək haqqının 1/6 hissəsi miqdarında aliment formasında tutulur. Məhkəmə həmçinin 01.11.2018-ci il təvəllüdlü X12 3 yaşına çatanadək ondan əlavə 50 manat miqdarında aliment tutulması ilə bağlı qərar vermişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3083/2020 saylı, 27.11.2020-ci il tarixli qərarında iki övladının olması ilə bağlı fakt nəzərə alınmışdır. Məhkəmə 2 övlada görə müəyyənləşdirilən aliment miqdarının (1/3) bölüşdürülməsi xahişinə əsasən “01.11.2018-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27.11.2020-ci il tarixdən başlayaraq hər ay uşaq 18 yaşına çatanadək onun əmək haqqından 1/6 hissəsində aliment tutulsun” məzmununda qərar çıxarmışdır. Hazırkı maaşına əsasən Cavabdeh əmək haqqının ¼ hissəsində ödədiyi aylıq alimentin miqdarı 325 manatdır. Qanunla 2 uşaq üçün müəyyən edilən əmək haqqının 1/3 hissəsi isə hazırkı maaşının 433,3 manatlıq hissəsinə barəbər olur. Bu məbləğin 2 uşaq arasında (əmək haqqının 1/6 hissəsi prinsipi ilə) bölüşdürülməsi zamanı yaranan məbləğ minimum aliment miqdarı, eləcə də Azərbaycan üçün müəyyən olunan yaşayış minimumundan kifayət qədər yüksəkdir. Buna görə də iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apelyasiya şikayətini iddia ərizəsilə eyni məzmunda əsaslandıraraq, Abşeron Rayon Məhkəməsinin 2(012)-2455/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında İddiaçı şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. O, bildirdi ki, hazırda ayda 1300 manat əmək haqqı alır və onun yarısı alimentə tutulur. Uşaqları Şəms üçün hər ay 325 manat, Lila üçün 215 manat aliment ödəyir. Hər iki uşaq üçün eyni məbləğdə aliment ödəməlidir. Ona görə də, Abşeron Rayon Məhkəməsinin 08.10.2014-cü il tarixli, 2(011)-3686/2014 saylı qətnaməsinin, 14.05.2010-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay əmək haqqının ¼ hissəsi miqdarında aliment tutularaq X3 ödənilməsi hissəsində dəyişdirilməsini, 02.11.2021-ci il tarixdən başlayaraq 14.05.2010-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay əmək haqqının 1/6 hissəsi miqdarında aliment tutularaq X3 ödənilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına təkrar gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26.07.2018-ci il tarixli, AZ-İV 125274 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 14.05.2010-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 911 nömrə ilə qeydiyyat aparılmışdur, atası İddiaçı, anası Cavabdehdır Yenə işdə olan Abşeron rayon İcra və Probasiya Şöbəsinin 18.03.2019-cu il tarixli, 17/75-8İ3481 saylı məktubundan görünür ki, Şöbənin icraatında olan icra işindəki sənədlərə görə Abşeron Rayon Məhkəməsinin 2(011)-3686/2014 saylı qətnaməsinə əsasən 14.05.2010-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay əmək haqqının ¼ hissəsi miqdarında aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. Aparılmış icra tədbirləri zamanı məlum olmuşdur ki, iş üzrə borclu İddiaçı hal-hazırda "xxxx" MMC-də işləyir və 1300 manat əmək haqqı alır. Borclunun hazırda heç bir aliment borcu yoxdur. Odur ki, borclunun aylıq əmək haqqından borc ödənilənədək hər ay 70% məbləğində borc ödənilib qurtardıqdan sonra hər ay əmək haqqının ¼ hissəsi miqdarında aliment tutularaq iş üzrə tələbkar X1 hesabına köçürülməsi və həmin tutmalar barədə Abseron rayon İcra və Probasiya şöbəsinə rəsmi məlumat verilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur. Yenə də işdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.11.2020-ci il tarixli, 2(006)-3083/2020 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, iddiaçı X8 ilə cavabdeh İddiaçı arasında 02.12.2017-ci il tarixdə, Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsində bağlanılmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 01.11.2018-ci il təvəllüdlü X12 anası X5 yanında saxlanılması, 01.11.2018-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanması üçün 27.11.2020-ci il tarixdən başlayaraq hər ay cavabdeh İddiaçı əmək haqqından 1/6 hissəsində alimentin tutulması, 01.11.2018-ci il təvəllüdlü X12 3 yaşına çatanadək cavabdeh İddiaçı 50 manat miqdarında alimentin tutularaq, iddiaçı X7 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşə əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 08.10.2014-cü il tarixli, 2(012)- 3686/2014 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X4 ilə İddiaçı arasında 06.06.2009-cu il tarixdə Bakı nikah evində bağlanmış, 1202 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 14.05.2010-cu il tarixdə doğulmuş X11 anası X2 yanında saxlanılması, 14.05.2010-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay əmək haqqının ¼ hissəsi miqdarında alimentin tutularaq X3 ödənilməsi, alimentin tutulmasının əvvəlinin 15.08.2014-cü il tarixdən hesablanması qət edilmişdir. Yenə mülki işə əlavə edilmiş "xxxx" MMC-nin 29.04.2021-ci il tarixli, 103 saylı arayışından görünür ki, İddiaçı həqiqətən də 24.01.2019-cu il tarixindən "xxxx" MMC-də əmək müqaviləsi əsasında fəaliyyət göstərir və aylıq əmək haqqı 1300 manat təşkil edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə də həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddia tələbinin rədd edilmiş hissəsindən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmədiyindən həmin hissədə qətnamə araşdırılmır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb, iş üzrə tərəflərin izahatını dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2455/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 06.06.2009-cu il tarixdə Cavabdeh ilə nikaha girmiş, bu nikahdan onların Şəms adlı uşaqları olmuşdur. Sonradan onların münasibətləri pisləşmiş və Abşeron Rayon Məhkəməsinin 08.10.2014-cü il tarixli, 2(012)-3686/2014 saylı qətnaməsilə onların nikahının pozulması, tərəflərin birgə nikahından 14.05.2010-cu il tarixdə doğulmuş X11 anası X2 yanında saxlanılması, 14.05.2010-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay əmək haqqının ¼ hissəsi miqdarında alimentin tutularaq X3 ödənilməsi, alimentin tutulmasının əvvəlinin 15.08.2014-cü il tarixdən hesablanması qət edilmişdir. Bundan sonra, İddiaçı 02.12.2017-ci il tarixdə X8 ilə nikaha girmiş, bu nikahdan onların Lila adlı uşaqları olmuşdur. Sonradan onların münasibətləri pisləşmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.11.2020-ci il tarixli, 2(006)-3083/2020 saylı qətnaməsilə onların da nikahları pozulmuş, birgə nikahdan doğulmuş 01.11.2018-ci il təvəllüdlü X12 anası X5 yanında saxlanılması, 01.11.2018-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanması üçün 27.11.2020-ci il tarixdən başlayaraq hər ay cavabdeh İddiaçı əmək haqqından 1/6 hissəsində alimentin tutulması, 01.11.2018-ci il təvəllüdlü X12 3 yaşına çatanadək cavabdeh İddiaçı 50 manat miqdarında alimentin tutularaq, iddiaçı X7 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 08.10.2014-cü il tarixli, 2(012)-3686/2014 saylı icra vərəqəsinə əsasən cavabdehin xeyrinə 14.05.2010-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarının azaldılması, 14.05.2010-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı müəyyənləşdirilərkən iki övladının olması ilə bağlı faktın nəzərə alınaraq 2 övlada görə müəyyənləşdirilən alimentin miqdarının (1/3) bölüşdürülməsi və Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3083/2020 saylı, 27.11.2020-ci il tarixli qətnaməsində olduğu kimi əmək haqqının 1/6 hissəsində müəyyən olunması, əmək haqqından 1/6 hissəsində müəyyən edilən yeni alimentin miqdarının Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3083/2020 saylı, 27.11.2020-ci il tarixli qətnaməsinin qüvvəyə mindiyi tarixə uyğun olaraq 27.11.2020-ci il tarixdən hesablanması, icra məmurlarının əvvəlki aylar üçün miqdardan artıq edilmiş ödənişlərin qarşıdakı ayların alimentindən cüzi miqdarda çıxılmaqla (məsələn: aylıq aliment miqdarı 217 manatdırsa artıq edilmiş məbləğ tam çıxalan vaxtadək aliment miqdarı 200 manat hesablansın) qaytarılmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisənin düzgün həlli ilə bağlı məhkəmə kollegiyası aşağıdakı maddi hüquq normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad olunan normaların əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Hazırki halda işin tədqiq olunan faktiki hallarından məlum olur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində dəyişiklik baş vermiş, maddi durumunun zəifləməsinə səbəb olacaq əlavə xərclər yaranmışdır. Belə ki, işdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 08.10.2014-cü il tarixli, 2(012)-3686/2014 saylı qətnaməsilə Şəmsin saxlanılması üçün aliment təyin edildikdən sonra, iddiaçı təkrar nikaha girmiş, bu nikahdan onun Lila adlı qızı olmuş, nikah məhkəmə qaydasında pozulmuş və Lilanın saxlanılması üçün iddiaçının əmək haqqının 1/6 hissəsində alimentin tutulması qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı maddi vəziyyətində yaxşılığa doğru dəyişiklik baş verməmiş, əksinə maddi durumunun zəifləməsinə təsir edəcək hallar baş vermişdir. Abşeron Rayon Məhkəməsinin 08.10.2014-cü il tarixli, 2(012)-3686/2014 saylı qətnaməsilə Şəmsin saxlanılması üçün istinad olunan Ailə Məcəlləsinin 76.1.1-ci maddəsi hazırda İddiaçı tətbiq edilə bilməz, çünki işdən görünür ki, hazırda onun iki uşağı vardır. Qüvvədə olan qanunvericiliyə görə isə iki uşağın saxlanılması üçün onun qazancının (başqa gəlirlərinin) ¼ hissəsində yox, 1/3 hissəsində aliment tutulmalıdır. Məhkəmə qətnaməsinə əsasən Lila adlı uşağın saxlanılması üçün iddiaçının aylıq gəlirinin 1/6 hissəsi miqdarında aliment tutulduğundan, istinad olunan maddi hüquq normalarına görə tutulan alimentin məbləğinin azaldılması barədə iddia əsaslıdır və bu tələbin rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Qeyd edildiyi kimi iddiaçı, əvvəlki aylar üçün miqdardan artıq edilmiş ödənişlərin qarşıdakı ayların alimentindən cüzi miqdarda çıxılmaqla (məsələn: aylıq aliment miqdarı 217 manatdırsa artıq edilmiş məbləğ tam çıxalan vaxtadək aliment miqdarı 200 manat hesablansın) qaytarılmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini də məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iddia tələbini bu hissədə əsassız hesab edir. Belə ki, Ailə Məcəlləsinin 109.2-ci maddəsinə əsasən, müəyyən istisnalar olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz. Qeyd edilən istisnaların isə hazırki mübahisəyə aidiyyatı yoxdur. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi hazırki nəticəyə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları tam aydınlaşdırmamış, nəticədə tətbiq edilməli olan qanunu tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Bu da qətnаmənin ləğvi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2455/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş alimentin məbləğinin azaldılması tələbinə dair iddiası qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 08.10.2014-cü il tarixli, 2(011)-3686/2014 saylı qətnaməsi, 14.05.2010-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay əmək haqqının ¼ hissəsi miqdarında aliment tutularaq X3 ödənilməsi hissəsində dəyişdirilsin, bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 14.05.2010-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay əmək haqqının 1/6 hissəsi miqdarında aliment tutularaq X3 ödənilsin. İddia əvvəlki aylar üçün miqdardan artıq edilmiş ödənişlərin qarşıdakı ayların alimentindən cüzi miqdarda çıxılmaqla qaytarılması hissəsində təmin edilməsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar