Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3158/2021 15.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(012)-4376/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı birgə nikahdan doğulmuş iki uşağın saxlanılması üçün cavabdehdən ümumilikdə hər ay 400 manat məbləğində alimentin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(012)-4376/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. (hakim C.Səfiyeva) Qərardaddan narazı qalan İddiaçı ondan şikayət verərək ləğv edilməsini edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(012)- 4376/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ və TƏRƏFLƏRİN İZAHATLARİ : İddiaçı şikayətini bununla əsaslandırmışdır ki, mübahisəyə cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsində baxılmamalıdır və aidiyyətin pozulması ilə bağlı iddia ərizəsinin geri qaytarılması qanunsuzdur. Onun iki azyaşlı uşağı vardır və belə halda onun cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsinə getməsi çətindir. Buna görə də qərardad ləğv edilməli və işə yenidən baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. O, əlavə etdi ki, Abşeron rayonunda qeydiyyatdadır və himayəsində iki azyaşlı uşağı vardır. Ünvanının Sahil qəsəbəsi kimi göstərilməsi vəkilin texniki səhvidir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakim məruzəsini dinləyib, iş materiallarını cavabdehin şikayəti ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(012)- 4376/2021 saylı qərardadı ləğv edilməli və hazırkı mübahisəyə baxılması üçün iş materialları həmin məhkəməyə qaytarılmalıdır. İşin tədqiq olunan hallarından görünür ki, hazırki iddia tələbinin predmetini tərəflərin birgə nikahından 07.10.2011-ci il tarixdə doğulmuş Hüseyn və 05.10.2012-ci ildə doğulmuş Xəzər adlı uşaqların saxlanılması üçün alimentin tutulması təşkil edir. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, iddia ərizəsində iddiaçı və cavabdehin qeydiyyatda olduğu ünvan Abşeron rayonu ərazisinə aid olmadığından ərizə aidiyyət qaydalrının pozulması ilə verilmişdir. İddiaçı isə səhvən Abşeron Rayon Məhkəməsinə müraciət etdiyindən onun iddia ərizəsi geri qaytarılmalıdır. Bunun üçün məhkəmə MPM-nin 151.3, 152.1.3 və 35.1-ci maddələrinə istinad etmişdir. Məhkəmənin gəldiyi bu nəticə əsassızdır. Belə ki, AR MPM-nin 35-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmayıbsa, iddia cavabdehin rəsmi qeydə alındığı və ya hüquqi ünvanının olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. İşin tədqiq olunan hallarından görünür ki, İddiaçı hazırkı iddia ərizəsi alimentin alınması ilə bağlıdır və o, ünvan 1 ünvanında qeydiyyatdadır, orada yaşayır. Belə olan halda, İddiaçı hazırkı iddia ərizəsilə MPM-nin 36.3-cü maddəsinə əsaslanmaqla Abşeron Rayon Məhkəməsinə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.3-cü maddələrinə görə apelyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(012)- 4376/2021 saylı qərardadı ləğv edilməli və hazırkı mübahisəyə baxılması üçün iş materialları həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0, 398.0.3 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(012)-4376/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair mülki iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3158/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3158/2021
15.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver