Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3172/2021 17.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Sı̇ mı̇ rov Əhməd Üzeyı̇ r oğlunun Cavabdeh qarşı pul və ziyan tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(027)-1256/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddianın qismən təmin edilməsi, Cavabdeh 1800 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) və 750 manat məbləğində pul alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq, iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat pulun, bununla bağlı 800 manat dəyərində dəymiş ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sosial şəbəkədən “Keyprobject Group” işə düzəltmə şirkətinin rəhbəri kimi özünü tanıdan və əlində “Keyprobject Group” şirkətinin (**********9 nömrəli vöen) möhürü və (AA1676129) nömrəli şəxsiyyət vəsiqəsi olan cavabdehlə, ünvan 1 ünvanında yerləşən, Caspian Plaza binasının 2-ci mərtəbəsində Kalinka adlanan bölməsində tanış olmuşdur. Onun oradakı ofisini 2019-cu ilin ilk aylarında görmüşdür. Cavabdeh xaricdə işə düzəlmək istədiyi halda, rəsmi qaydada xarici ölkədə işə düzəldə biləcəyini bildirmişdir. Növbəti dəfə cavabdehlə görüşdükdən sonra kontraktı imzalayıb, şərtlərinə əməl edərək, göstərilən 1800 $ (min səkkiz yüz ABŞ dolları) və 750 (yeddi yüz əlli) manat pulu ona vermişdir. Həmin, hər iki tərəfin imzası ilə, Xidməti kontraktla, Cavabdeh onu 4 ay müddətində xaricdə işə düzəldəcək və bunun müqabilində ondan özü müəyyən etdiyi miqdarda pul almış və 4 ay ərzində onu işə düzəltmədiyi təqdirdə isə götürdüyü bütün məbləği bir ay müddətində tam olaraq ona qaytaracağını cavabdeh öz öhdəsinə götürmüşdür. Lakin həmin müddətin bitməsinə baxmayaraq, Vüsal nə kontraktın şərtlərinə əməl etmədi, nə də, pulunu qaytarmamışdır. Cavabdehə verdiyi pul məbləği manat dəyərində 4000 (dörd min) manat təşkil edir. Bundan sonra, cavabdehlə dəfələrlə telefon əlaqəsini saxlasa da, lakin, sonuncu, qətiliklə, pulunun qaytarmayacağını ona bildirmişdir. Bununla bağlı, cavabdeh barəsində cinayət təqibi üzrə polisə müraciət etmiş, lakin, polis təhqiqatçısının qənaəti ilə iş mülki səciyyə daşıdığına görə “cinayət işin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Quba Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qeyri-obyektiv, əsassız, qanunsuzdur. Maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə işə baxan zaman işin həqiqi hallarını hərtərəfli araşdırmamış, eyni zamanda öz qətnaməsi ilə işin həqiqi hallarını nzərə almamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallanı araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni cavabdehin üzərinə götürdüyü öhdəliyi və müqavilə şərtlərini icra etməməsi ilə əsaslandırmış, gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 324.1., 324.2, 327, 390, 442, 443.1, 443.5, 1091.1., 1091.2, 1092.1, 1092.2. maddələrinə istinad etmişdir. Cavabdeh bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etmiş və şikayətinin dəlillərindən biri də məhkəmə iclası barədə məlumatlandırılmaması olmuşdur. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclası keçirilmiş, Cavabdeh məlumatlandırılmadan, xəbərnamə əldə edilmədən, onun iştirakı olmadan iddia tələbinə baxaraq qətnamə qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərə iddia ərizəsini, məhkəmə bildirişini rəsmi qaydada verməlidir (Mülki Prosessual Məcəllənin 134.1.1. və 134.1.4. maddələri). Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir (Mülki Prosessual Məcəllənin 138.1. və 138.3. maddələri). “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarı). Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə əsaslarından biri məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsidir (Mülki Prosessual Məcəllənin 387.2.4. maddəsi). İşdən göründüyü kimi mübahisəyə baxılarkən cavabdehin iştirakı lazımı qaydada təmin edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi iddia tələbinə maddi hüquqi normalarını da düzgün tətbiq etməmişdir. İşdən görünür ki, iddia tələbinin predmetini tərəflər arasında bağlanmış xidməti müqavilə əsasında öhdəliyin yerinə yetirilməməsi təşkil edir. Lakin tərəflər arasında yaranmış mübahisəni həll edən birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinə istinad etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X6rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X3 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-nin 385.1.1-ci maddəsi). İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirdikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər arasında 20.10.2019-cu il tarixdə bir illik xidməti müqavilə bağlanmış, həmin müqaviləyə əsasən 1 illik işə qəbul məktubunun alınması, lazımi məsləhətlərin verilməsi, sənədlərin düzgün formada hazırlanmasına köməklik göstərilməsi, ərizə formasının doldurulması və viza görüşünün alınması, təyyarə biletinin alınmasına köməklik göstərilməsi, qarşılanması, iş və yaşayış yerinə yerləşdirilməsini həyata keçirilməsini təmin etməli və bunun müqabilində 1800 ABŞ dolları və 750 manat pul ödəməlidir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 777-ci maddəsi təşkil edir. İş üzrə Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin 22.02.2020-ci il tarixli qərarı ilə İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Göründüyü kimi cavabdeh tapşırıq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vicdanla həyata keçirməmiş və nəticədə iddiaçının Mülki Məcəllənin 777, 779.1, 385.1, 386.1, 425-ci maddələrinin tələbləri baxımından tələb hüququ yaranmışdır. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh öhdəliyin icra edilməməsinə görə məsuliyyətdən azad olunması üçün Mülki Məcəllənin 448.4-cü maddəsinə əsasən bunu özü cavabdeh olmadığı haldan irəli gəldiyini sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etdiyi halda cavabdeh bunu təkzib edən tutarlı sübut məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya qaydasında işə baxan məhkəmə işin şərh olunan hallarında düzgün hüquqi qiymət versə də, qətnaməyə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, ləğv edilməlidir. Cavabdeh İddiaçı xeyrinə müqaviləyə əsasən ödənilmiş 1800 (min səkkiz yüz) ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 750 (yeddi yüz əlli) manat məbləğində pul tutularaq verilməlidir. Məhkəmə kollegiyası iddiaçının cavabdehdən dəymiş ziyanın ödənilməsi ilə bağlı 800 manat məbləğində pul tələbinə gəldikdə isə qeyd edir ki, iddiaçı qeyd etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2., 385.1.1.., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1800 (min səkkiz yüz) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 750 (yeddi yüz əlli) manat alınaraq Sı̇ mı̇ rov Əhməd Üzeyı̇ r oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3172/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3172/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver