Məhkəmə qərarları › İş №2(105)-3197/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3197/2021

15.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3197/2021 15.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10.08.2021-ci il tarixli, 2(060)-7119/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qərardadı ilə (hakim E.Abdullayev) İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya qaytarılması qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Sumqayıt şəhər məhkəməsinin 24 avqust 2021-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7119/2021 saylı, 10 avqust 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 23.01.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay ödənilmək şərtilə, cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı ilə razı deyildir. İddia ərizəsi 05 avqust 2021-ci il tarixdə icraata qəbul edilmiş, mediasiya seansında iştirakın olmamasına görə sənəd qəbulundan imtina isə 19 avqustdan başlayaraq qüvvəyə minmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. və 397.2. maddələrinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını iddia tələbi ailə münasibətlərindən irəli gələn mübahisə ilə bağlı olduğu üçün tərəflər məhkəməyə müraciət etməmişdən əvvəl müvafiq mediasiya qurumuna müraciət etməli olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2. maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1.4. maddəsinə əsasən uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. Həmin Qanunun 28.1. maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 39-cu maddəsinə əsasən bu Qanunun 3.2-ci, 28-ci və 29-cu maddələri və həmin maddələrlə bağlı olan müddəalar 2021-ci il iyulun 1-dən qüvvəyə minir. Məhkəmə kollegiyası iddiaçının şikayətində mediasiya seansında iştirakın olmamasına görə sənəd qəbulundan imtinanın 19 avqustdan başlayaraq qüvvəyə minməsi barədə qeyd etdiyi dəlili ilə balı qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəasına əsasən ilkin mediasiya seansında iştirak 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmişdir. İddiaçı isə iddia ərizəsini 05 avqust 2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Mülki Prosessual Məcəllənin 152.1.6. maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2021-ci il tarixli və onunla bağlı 24 avqust 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2021-ci il tarixli və onunla bağlı 24 avqust 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar