Məhkəmə qərarları › İş №2(105)-3201/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3201/2021

23.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3201/2021 23.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması və əlavə xərcin tutulması tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 2(059)-226/2021 saylı, 19 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Siyəzən Rayon Məhkəməsinin 2(059)-226/2021 saylı, 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddia qismən təmin edilmiş, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 30 iyun 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(059)-396/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulması, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı azad edildiyi 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir (hakim Bəylər Ələkbərov) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən, iddianın təmin olunmuş hissəsində ləğv edilərək qətnaməni qalan hissədə dəyişdirmədən saxlayaraq iddia tələbinin tamamilə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Siyəzən Rayon Məhkəməsinin e- 2(059)-226/2021 saylı, 19.04.2021-ci il tarixli qətnaməsini iddianın təmin olunmadığı hissədə qismən ləğv edərək, 30 iyun 2020-ci il təvəllüdlü X4 3 yaşına çatana qədər, onun saxlanılmağı üçün hər ay 100 manat sabit pul məbləğində alimentin məhkəməyə müraciət olunduğu vaxtdan hesablanmaqla, Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul etmənizi xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması və əlavə xərcin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəməyə müraciət olunduğu vaxtdan hesablanmaqla, 30 iyun 2020-ci il təvəllüdlü X1 üçün Siyəzən Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(059)-396/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay üçün həmin vaxt qanunvericiliklə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğində alimentin, eləcə də uşağın 3 (üç) yaşına çatanadək onun saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib, iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, məhkəmə tələbi qismən təmin edərəkən qanunsuz qətnaməsini hüquq normaları əsasında deyil, özünün çox zəif formal mülahizələri ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki,“Məhkəmə araşdırılması zamanı cavabdehin maddi vəziyyətinin alimenti ödəməyə imkan verməməsi hallarını təsdiq edəcək dəlillər təqdim etməmişdir’’. Hansı ki, o, məhkəməyə AR MN HDQnin N saylı hərbi hissəsində yanğınsöndürən atıcı vəzifəsində işləməklə 299 manat əmək haqqı aldığı haqqında arayış təqdim etmiş, yəni mülki işdə gəlir barədə arayış vardır. Bu onun aylıq maddi durumunun rəsmi göstəricisi idi. Lakin məhkəmə bu rəsmi sübutla, əsası olmayan arqumentlər gətirməklə razılaşmır. Belə ki, məhkəmə hesab edir ki, əgər cavabdeh qanuna tabe olub məhkəmə tərəfindən müəyyən olunmuş 140 manat alimentin ödənilməsindən boyun qaçırmırsa, könüllü ödəyirsə, onda deməli cavabdehin maddi durumu yüksəkdir. Yəni, hakim onun qanunlara tabe olmağını normal vətəndaş davranışı kimi qəbul etməyərək, bu tabeçiliyi onun maddi durumunun yüksək olması ilə əlaqələndirərək yalnışlıqlara yol verir. O, Siyəzən Rayon Məhkəməsinin 14.10.2020-ci il tarixli məhkəmə qətnaməsi üzrə mülki işdə vəkilsiz iştirak etdiyindən, qərardan şikayət verilməli olduğunu bilməyə bilərdim. Bundan əlavə məhkəmə 1 gün işdə,3 gün evdə qalmaqla iş rejimini əsas tutaraq hesab edir ki, o, istirahət günlərində əlavə gəlir əldə edir. 1 sutkaya görə 3 sutka istirahət verilməsinin əsasları qeyd edilən iş rejiminin ağırlığı ilə əlaqədardır. Qanunverici boş yerə 1 iş sutkasına görə 3 gün istirahətin verilməsini nəzərdə tutmamışdır. Ona görə ki, işçi 1 sutka ağır iş günündən sonra öz fiziki iş keyfiyyətini bərpa etmək üçün 3 gün evdə qalmalıdır. Bu səbəbdən qanunverici Konstitusiyada hər kəsin istirahət hüququnun olmasını və Əmək Məcəlləsində isə İstirahət günü işçilərin işə cəlb olunmasının yolverilməzliyini təsbit etmişdir. Lakin bütün bunlara baxmayaraq məhkəmə işin bu xüsusiyyətləri haqqında məlumatsız olduğuna görə yalnışlığa yol verərək onun hüquqlarını pozan qətnamə qəbul etmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin qismən - hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 30 iyun 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(059)-396/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilərək ondan İddiaçı xeyrinə hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulması hissəsində və İddiaçı azad edildiyi 30 (otuz) manat dövlət rüsumunun ondan alınaraq dövlət büdcəsinə keçirilməsi hissəsində ləğv edilərək qətnaməni qalan hissədə dəyişdirmədən saxlayaraq iddia tələbinin tamamilə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil2 cavabdehin apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, Siyəzən Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(059)-396/2020 saylı qətnaməsinin iddianın təmin olunması hissəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, cavabdehin apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, övladının 1 yaşı var, uşaq anadangəlmə qüsurludur, diaqnozu iflicdir. Təkcə uşağın müalicələrinə xeyli miqdarda vəsait xərclənir, qardaşı ona kömək edir, amma kifayət etmir. 140 manat xəstə uşağın ehtiyaclarını qarşılamaq üçün çox azdır. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və Siyəzən Rayon Məhkəməsinin e-2(059)-226/2021 saylı 19.04.2021-ci il tarixli qətnaməsini iddianın təmin olunmadığı hissədə qismən ləğv edərək, 30 iyun 2020-ci il təvəllüdlü X4 3 yaşına çatana qədər, onun saxlanılmağı üçün hər ay 100 manat sabit pul məbləğində alimentin məhkəməyə müraciət olunduğu vaxtdan hesablanmaqla, Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Nümayəndə iddiaçının apellyasiya şikayətini müdafiə edib, cavabdehin apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, məhkəmə iclasında şahid X3 ifadəsində Cavabdeh öz işindən əlavə vaxtlarda əlavə işlə fəhləliklə məşğul olduğunu bir neçə dəfə, ayrı-ayrı yerlərdə və ayrı-ayrı ustaların yanında gördüyünü demişdir. Bununla da cavabdehin aylıq qazancının, gəlirinin yalnız əmək haqqından ibarət olmadığı sübuta yetirilir. Bu barədə şahid ifadəsi isə iş üçün əhəmiyyətli olan halı - cavabdehin əlavə qazancının olması barədə halı təsdiq etdiyindən, mühümdür. Beləliklə, məhkəməyə təqdim edilmiş sübutlarla cavabdehin istər rəsmi iş yeri üzrə olan, istərsə də əlavə işlər üzrə olan qazancının olması tam sübuta yetirilir. İddiaçının isə hər hansı qazancının olmadığı müəyyən olunur. Belə olan halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən cavabdehdən iddiaçıya aliment tutulması barədə iddia tam əsaslı və qanunidir. Bundan başqa iddiaçı ilə cavabdeh arasında olan nikah pozulmayıb, iddiaçını saxlamaq cavabdehin bir ər kimi də borcudur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və Siyəzən Rayon Məhkəməsinin e-2(059)-226/2021 saylı 19.04.2021-ci il tarixli qətnaməsini iddianın təmin olunmamış hissədə qismən ləğv edərək, 30 iyun 2020-ci il təvəllüdlü X4 3 yaşına çatana qədər, iddiaçının saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin məhkəməyə müraciət olunduğu vaxtdan hesablanmaqla Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etmənizi xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin və vəkillərinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin e-2(059)-226/2021 saylı 19.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh 02 sentyabr 2019-cu il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmiş, birgə nikahdan 30 iyun 2020-ci il tarixdə Nəfəs adlı uşaqları doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə Sistemində olan şəxsi məlumatlardan edilmiş çıxarışdan, eləcə də Cavabdeh məxsus 131 saylı buraxılış vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsində yanğınsöndürən atıcı vəzifəsində işləməklə, aylıq 299 manat əmək haqqı alır. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(059)-396/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilməklə, 30 iyun 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 18 sentyabr 2020-ci il tarixdən başlayaraq, Cavabdeh Muradova (Ağabalayeva) Həlimə Daşdəmir qızının xeyrinə hər ay 140 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə şahid X3 ifadəsinə qiymət verərək qeyd etmişdir ki, şahid iddiaçı tərəfin qohumu olmaqla sonuncunun cavabdehlə olan münasibətlərini bildiyindən, iş üzrə iddiaçı tərəfindən ifadə verməsi baxımından işin nəticəsi ilə bağlı maraqlı olduğundan əsaslı hesab edilməməli və mötəbər sübut kimi qəbul edilməməlidir. Həmçinin, şahid ifadəsinin əsaslı və mötəbər olmamasına dəlalət edən hallardan biri də onun ifadə verən zaman cavabdehin ayrı-ayrı ustaların yanında fəhlə işlədiyini göstərsə də, həmin ustaların adları, eləcə də cavabdehin aldığı muzdun məbləği ilə bağlı dəqiq məlumat verə bilməməsi olmuşdur ki, bu da sonda onun ifadəsinə daxili inamın yaranmaması ilə nəticələnmişdir. Belə olan təqdirdə isə verilən şahid ifadəsinin əsaslı və mötəbər sübut kimi qəbul edilməsi istisna edilir. İş materiallarından görünür ki, tərəflər arasında nikah pozulmasa da ailə daxilində münasibətlərin kəskinləşməsi səbəbindən onlar 01 dekabr 2019-cu il tarixdən faktiki olaraq bir yerdə yaşamırlar. İddiaçı hazırda tək qadın olaraq cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə uşağının artan tələbatını qarşılaya bilmir və uşağını maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Məhz buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında 29 dekabr 2020-ci il tarixli Qanuna əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrəuşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, 30 iyun 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun minimum maddi təminatını və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 30 iyun 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(059)-396/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa məhkəmə iddia tələbinin “uşağın saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(059)-396/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay üçün həmin vaxt (icra vaxtı) qanunvericiliklə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsinə münasibət bildirməklə, qeyd edir ki, tələbin bu hissədə təmin edilməsi istisna edilir. Belə ki, həmin vaxt (icra vaxtı) özündə qeyri-müəyyən müddəti ehtiva edib, dəqiqliyi əks etdirməməklə yanaşı nədən ibarət olması iddiaçı tərəfindən aydınlaşdırılmamışdır. Digər tərəfdən, həmin vaxt (icra vaxtı) gələcəkdə baş verəcək münasibətlərə şamil edildiyinə görə də tələb bu hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin əlavə xərcin tutulmasına dair hissəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə iddia tələbinin "uşağın 3 yaşına çatana qədər hər ay iddiaçının xeyrinə cavabdehdən alimentin tutulması" hissəsinə münasibətdə belə nəticəyə gəlmişdir ki, tələb bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ailə qanunvericiliyi bu cür alimentin tutulmasını zəruri vəsaitə malik olan cavabdehin ailə və maddi vəziyyəti, eləcə də tərəflərin digər diqqətəlayiq olan maraqları ilə şərtləndirmişdir. Hazırkı vəziyyətdə isə iddiaçı tərəf cavabdehin uşağının 3 yaşına çatanadək saxlanması üçün ona maddi yardım göstərməsi məqsədilə əlavə zəruri vəsaitə malik olmasını təsdiq edəcək mötəbər sübutu və ya sənədi iş materiallarına əlavə etməmiş, o cümlədən tələbini əsaslandırmamışdır. Belə ki, verilmiş izahatlardan, eləcə də iş materiallarına əlavə edilmiş digər mötəbər sübutlardan cavabdehin zəruri vəsaitə malik olduğu müəyyən edilməmişdir. Belə olan halda isə iddia tələbinin bu hissədə də təmin edilməsi məqsədə müvafiq hesab edilə bilməz. Həmçinin, məhkəmə iddia tələbinin “artırılmış alimentin və əlavə xərcin məhkəməyə müraciət olunduğu vaxtdan hesablanması” hissəsinə münasibətdə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il, 8-2/2016 saylı qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab etmişdir ki, İddiaçı azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini dəyişdirərək, 175 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin apellyasiya şikayətlərinin dəlillərini, dəlilini əsaslı saymır. Belə ki, cavabdehin qeyd etdiyi hallar onu uşağı saxlamaq, uşağın qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsindən azad etmir. İddiaçı isə öz dəlillərini əsaslandıra bilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə artırılmış aliment məbləğinin qətnamənin qanuni qüvvəsini aldıqdan sonra hesablanması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, hazırki iddia tələbi alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması (dəyişdirilməsi) barədə olduğu üçün alimentin artırılmış məbləği qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Buna görə də Ailə Məcəlləsinin 100.2-ci maddəsi alimentin artırılması ilə bağlı tələblər tətbiq edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur və qətnamə qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi, dəyişdirilməsi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(012)-2746/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Siyəzən Rayon Məhkəməsinin 2(059)-226/2021 saylı, 19 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar