Məhkəmə qərarları › İş №2(105)-3213/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3213/2021

30.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3213/2021 30.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili X5, Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2(012)-431/2021 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2(012)-431/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 19851 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək vurulmuş maddi ziyana görə 29700 manat, mənəvi zərərə görə 10000 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 torpaq sahəsi satdığını öyrənmiş, Cavabdeh2 ona Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 7-ci küçədə yerləşən 2 otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin boş qalan hissəsini satmaq istədiyini bildirmişdir. O, cavabdehlə razılığa gələrək 55 kv.m torpaq sahəsini 3200 manat pul məbləğinə almış və torpaq sahəsində özünə fərdi yaşayış evi tikməyə başlamışdır. Tikinti işləri bitdikdən sonra Cavabdeh2 atası Cavabdeh1 torpaq sahəsinin və üzərində olan fərdi yaşayış evinin öz adına olduğunu bildirmişdir. Cavabdeh1 ondan torpaq sahəsində əvvəlcədən inşa etdiyi yaşayış evini satın almağını və ya evin satılmasında ona köməklik göstərməsini xahiş etmişdir. O, Cavabdeh1 köməklik edəcəyinə söz vermiş, özünün və Cavabdeh1 evini satmaq məqsədi ilə 2017-ci ildə Kamran adlı şəxslə əraziyə gəlib hər iki evi Kamrana göstərmişdir. Kamran yeni inşa edildiyi və təmirli olduğu üçün onun tikdiyi evi 26500 manata almışdır. Cavabdeh1 evi almağı ona təklif etmiş, lakin o, ancaq evin satılmasında kömək edəcəyini bildirmişdir. Bundan sonra Cavabdeh1 10.05.2017-ci il tarixdə Abşeron rayon Polis idarəsinə ərizə ilə müraciət edərək özünə məxsus torpaq sahəsində tanımadığı şəxsin fərdi yaşayış evi tikdiyini bildirmişdir. Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısının 20.05.2017-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdeh1 özünə məxsus torpaq sahəsində özbaşına tikilmiş evin sökülməsi də daxil olmaqla torpaq sahəsinin onun hesabına ilkin vəziyyətə gətirilərək təhvil verilməsi tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 06.12.2018-ci il tarixli, 2(102)-819/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 28.07.2020-ci il tarixli, 2(105)-114/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq massivi küçə 7, 6-cı dalan, 7 saylı evin həyətində 0,0064 ha torpaq sahəsində onun tərəfindən tikilmiş evin onun hesabına sökülməsi və torpaq sahəsinin ilkin vəziyyətinə gətirilərək Cavabdeh1 təhvil verilməsi qət edilmişdir. Nəticədə cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, evə xərclədiyi pul məbləğindən məhrum olmuş, daimi olaraq əsəb, gərginlik, stress keçirmiş və ona xeyli miqdarda maddi və mənəvi ziyan vurulmuşdur. Xırdalan bələdiyyəsinə ünvanladığı ərizəyə 11.06.2020-ci il tarixli, 186 saylı cavab məktubunda bildirilmişdir ki, üzərində fərdi yaşayış evi tikilmiş 45 kv.m torpaq sahəsi bələdiyyənin mülkiyyətində olan torpaq sahəsidir. İddiaçı iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək vurulmuş maddi ziyana görə 29700 manat, mənəvi zərərə görə 10000 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, mülki hüquq pozuntusu mövcud olsaydı, onun digər məhkəmədə İddiaçı qarşı iddia tələbi təmin edilməzdi. İddiaçı torpaq sahəsini qeyri-qanuni almasını və orada qeyri-qanuni ev tikməsini əvvəlcədən bilirdi. Evin tikilməsinə xərclənən pul vəsaitinə görə o, cavabdeh ola bilməz. Oğlu Cavabdeh2 və o, 3200 manat pulun alınması ilə torpaq sahəsinin İddiaçı faktiki istifadəsinə keçməsinə razılıqlarını bildirmişlər. Lakin tikinti işləri aparılmamışdan əvvəl onun və oğlunun yeni tikili layihəsi ilə bağlı notariatda təsdiq edilmiş razılıqları olmamışdı. Heç bir razılığın olmaması, 3200 manatın alınması və ona şəxsən verilməsi kimi təhqiqat orqanında olan ifadələr sübut kimi qiymətləndirilə bilməzdi. Artıq mövcud olan hüquq münasibətinə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-114/2020 saylı, 28.07.2020-ci il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmiş, mübahisəli özbaşına tikilinin sökülməsi barədə İddiaçı üzərinə öhdəlik qoyulmuşdur. Öhdəlik mövcud olduğu halda, İddiaçı tikili və torpaqla bağlı maddi, mənəvi və hər hansı bir iddiası yolverilməzdir. Digər tərəfdən, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 114/2020 saylı, 28.07.2020-ci il tarixli qətnaməsində məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsindən cavabdeh tərəfindən inşa edilmiş tikili özbaşına tikilidir və həmin torpaq sahəsində İddiaçı istifadə hüququ, o cümlədən mübahisəli tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur, odur ki, mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş mübahisələndirilən tikili qanunsuzdur. Əgər İddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq mülkiyyət sahibi olsaydı və bu hüquqa sonradan xitam verilsəydi, onda hüquq pozuntusu barədə söhbət gedərdi. Bundan başqa, bir məhkəmədə müəyyən edilmiş hüquqi faktlar digər məhkəmədə eyni tərəflər arasında, eyni predmetlər olduğu halda yenidən sübut olunmur. Hazırki işdə iddiaçının qeyd etdiyi kimi torpaq sahəsini üçüncü şəxsə satıldıqdan sonra ona hansı formada maddi ziyan dəyməsi əsaslandırılmır. Bir sözlə, iddiaçının özünə aidiyyatı olmayan tikili ilə bağlı hansı hüququnun pozulduğu aydın deyildir. Ümumiyyətlə, məhkəmə İddiaçı iddia ərizəsini icraata qəbul etməklə qanunun tələbini pozmuşdur. Abşeron rayon Polis idarəsinin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı preyudisiallıq yaratmır, həmin qərar sübut növü hesab edilə bilməz. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-114/2020 saylı, 28.07.2020-ci il tarixli qətnaməsi ilə onun tikdirdiyi evin sökülməsi qərara alındığından, Cavabdeh1 evin sökülməsini tələb edir. Həmin evi satdığı şəxsə də, pulunu ondan geri tələb edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X9 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, oxşar izahat verdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, məhkəmə qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısının 20.05.2017-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh1 ərizəsi əsasında Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsi tərəfindən aparılmış təhqiqat zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 atası Cavabdeh1 ilə razılığa gəldikdən sonra ünvan 1 ünvanında yerləşən sonuncunun adına olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin boş qalan hissəsini 3300 manata İddiaçı satmış, İddiaçı isə həmin torpaq sahəsində 2 otaqlı fərdi yaşayış evi inşa edərək həmin evi X3 26500 manata satmışdır. İddiaçı Cavabdeh1 onun fərdi yaşayış evini satmaqda köməklik edəcəyinə söz versə də, vədinə əməl etməmiş, bunun səbəbini Cavabdeh1 evinin təmirsiz və baha olması ilə əlaqələndirmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli, 2(012)-819/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 Mirzəhəsən oğlunun cavabdeh İddiaçı qarşı özbaşına tikintinin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.07.2020-ci il tarixli, 2(105)-114/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)- 819/2018 saylı, 06 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 7-ci küçə 6-cı dalan 7 saylı evin həyətində 0,0064 ha torpaq sahəsində cavabdeh İddiaçı tərəfindən qeyri-qanuni tikilmiş evin onun hesabına sökülməsi və torpaq sahəsinin cavabdeh İddiaçı hesabına ilkin vəziyyətə gətirilərək iddiaçı Cavabdeh1 təhvil verilməsi qət edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın 23.04.2021-ci il tarixli, 10/4081 saylı rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 7-ci küçədə yerləşən 55 kv.m torpaq sahəsi üzərində inşa olunmuş fərdi yaşayış evinin tikintisinə (tikinti materiallarının daşınma xərcləri, fəhlə əməyinin haqqı və s.) çəkilmiş xərclərin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 19851,0 manat məbləğində müəyyən olunur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 7-ci küçə 6-cı dalan 7 saylı ev Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında 12.01.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 159 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında torpaq sahəsinin alqısatqısı barədə şifahi razılaşma olmuş, iddiaçı cavabdehə 3200 manat verilməsi müqabilində 55 kv.m torpaq sahəsini almış və sonra orada fərdi yaşayış evi tikdirmişdir. Daha sonra digər Cavabdeh1 həmin torpaq sahəsinin onun adına olduğunu bildirmiş, iddiaçı ilə şifahi razılaşma əsasında belə qərara gəlmişlər ki, iddiaçı alqı-satqı işləri ilə məşğul olduğundan yeni tikdirdiyi evlə bərabər Cavabdeh1 məxsus olan ev və torpaq sahəsinin satılmasına köməklik göstərəcəkdir. Lakin iddiaçı tərəfindən gətirilən müştərilər Cavabdeh1 məxsus ev köhnə olduğundan həmin evi almaqdan imtina etmiş, yeni tikilən evi almaq istəmişlər. İddiaçı tərəfindən yeni tikilmiş ev satılmışdır. Bu səbəbdən Cavabdeh1 iddiaçıdan Abşeron rayon Polis idarəsinə şikayət etmiş, şikayət araşdırılaraq cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra, Cavabdeh1 özbaşına tikintinin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinə əsasən iddia təmin edilmişdir. İddiaçı isə cavabdehin qanunsuz hərəkətləri nəticəsində torpaq sahəsinə və evə xərclədiyi pul məbləğindən məhrum olduğunu, daimi olaraq əsəb, gərginlik, stress keçirdiyini əsas gətirərərək, ona vurulmuş xeyli miqdarda maddi və mənəvi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. İşin üzrə tədqiq edilmiş sübutlardan, işin müəyyən edilən hallarından görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında torpaq sahəsinin alqı-satqısı barədə şifahi razılaşma olmuş, iddiaçı cavabdehə 3200 manat verilməsi müqabilində 55 kv.m torpaq sahəsini almış və sonra orada fərdi yaşayış evi tikdirmişdir. Tərəflər arasında olan razılaşma cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardakı qeyd edilən tərəflərin izahatları ilə də öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh Əliyev X4 rayon Polis idarəsinin Təhqiqat şöbəsində verdiyi izahatda torpağın satılması və eyni zamanda orada evin inşa olması barədə məlumatları atası Cavabdeh1 bildirdiyini göstərmişdir. Cavabdeh1 iddiaçının ona məxsus torpaq sahəsinin almasından və orada ev tikdirməsindən xəbəri olmuş, ona məxsus torpaq sahəsi və ev iddiaçı tərəfindən satıla bilinmədiyindən aidiyyəti orqanlara şikayət etmişdir. Eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.07.2020-ci il tarixli, 2(105)-114/2020 saylı qətnaməsinə əsasən iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq massivi 7-ci küçə 6-cı dalan 7 saylı evin həyətində 0.0064 ha torpaq sahəsində cavabdeh İddiaçı tərəfindən qeyri-qanuni tikilmiş evin onun hesabına sökülməsi və torpaq sahəsinin cavabdeh İddiaçı hesabına ilkin vəziyyətə gətirilərək iddiaçı Cavabdeh1 təhvil verilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsi icra olunsa belə, işin araşdırılan halları ilə təsdiq olunur ki, cavabdehlərlə iddiaçı arasında torpaq alqı-satqısı olmuş və iddiaçı cavabdehlərin razılığı ilə orada ev inşa etdirmişdir. Həmçinin iş üzrə keçirilmiş ekspertizanın 23.04.2021-ci il tarixli 10/4081 saylı rəyi ilə Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 7-ci küçədə yerləşən 55 kv.m torpaq sahəsi üzərində inşa olunmuş fərdi yaşayış evinin tikintisinə (tikinti materiallarının daşınma xərcləri, fəhlə əməyinin haqqı və s.) çəkilmiş xərclərin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 19851,0 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, iddianın təmin edilmiş hissəsində birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Digər cavabdeh qətnamənin iddianın təmin edilmiş hissəsi ilə razılaşaraq apellyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin bu hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, məhkəmə qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2(012)-431/2021 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar