Məhkəmə qərarları › İş №2(105)-3271/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3271/2021

30.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3271/2021 30.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(060)-6221/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(060)-6221/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 01.01.2013-cü il təvəllüdlü X2, 28.06.2014-cü il təvəllüdlü X3 və 27.09.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının 02 iyul 2021-ci il tarixindən hesablanması qət edilmişdir (hakim Emin Abdullayev). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(060)-6221/2021 saylı qətnaməsinin dəyişdirilərək hər uşağa 100 manat olmaqla ondan cəmi 300 manat alimentin tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, birgə nikahlarından olan 01.01.2013-cü il təvəllüdlü X4, 28.06.2014-cü il təvəllüdlü X5 və 27.09.2018-ci il təvəllüdlü X1 iddiaçının yanında qalması, cavabdehdən hər ay hər bir uşaq üçün 175 manat sabit pul məbləğində olmaqla, ümumilikdə 525 manat aliment tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, tərəflər əvvəlcə faktiki, 04.02.2015-ci il tarixdə isə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuş, birgə nikahdan 01.01.2013-cii il təvəllüdlü İlyas, 28.06.2014-cü il təvəllüdlü Ümrə və 27.09.2018-ci il təvəllüdlü Mücahid adlı üç övladları var, tərəflər arasında nikah pozulmayıb. Cavabdeh bir valideyn kimi öz məsuliyyətini dərk edir. Uşaqları saxlamaq valideyinlərin borcudur. Lakin cavabdeh indiki halda alimenti iddiaçının tələb etdiyi miqdarda ödəmək iqtidarında deyil. İddiaçı halhazırda xəstədir və uşaqlara cavabdehin valideynləri baxır. Uşaqlardan yalnız biri İddiaçı yanındadır. Bunun üçün cavabdehin vəsaiti də yoxdur. Cavabdeh bir uşaq üçün 100 manat aliment ödəyə bilər. Məhkəmə isə bütün bunları nəzərə almadan hər uşağa 130 manat aliment müəyyən etməklə cavabdehin vəziyyətini pisləşdirmişdir. Hazırki aliment məbləği ilə onun üzərinə yüksək aliment öhdəliyi qoyulmuşdur ki, o bunu icra edə bilməz, bu da gələcəkdə əlavə problemlər yaradacaqdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(060)-6221/2021 saylı qətnaməsinin dəyişdirilərək hər uşağa 100 manat olmaqla cavabdehdən cəmi 300 manat alimentin tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdehin vəkili-nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(060)-6221/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh əvvəlcə faktiki, 04.02.2015-ci il tarixdə isə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmiş, birgə nikahdan 01.01.2013-cü ildə İlyas, 28.06.2014-cü ildə Ümrə, 27.09.2018-ci ildə Mücahid adlı uşaqları doğulmuşdur. Cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilmiş 26.07.2021ci il tarixli tibbi arayışda cavabdehin “üzvi dissosiativ pozğunluq” diaqnozu ilə 3 saylı şəhər poliklinikasının psixiatrik kabinetində dispanser və ambulator müşahidədə olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75,1 maddəsinə əsasənə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4. maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1 maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2 maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə qeyd etmişdir ki, uşaqların saxlanması və onların maddi ehtiyaclarının ödənilməsi onların hər iki valideyninin vəzifəsidir. Valideynlər uşaqların saxlanmasında eyni dərəcədə məsuliyyət daşıyırlar. Bu məsələ ilə əlaqədar onların birinin üzərinə az, digərinin üzərinə çox məsuliyyət qoyula bilməz. Bundan başqa məhkəmə hesab etmişdir ki, valideynlərin maddi vəziyyətlərində əhəmiyyətli dərəcədə fərq olarsa onların üzərlərinə uşaqların maddi təminatı ilə bağlı fərqli öhdəliklər qoyula bilər. İş materiallarından görünür ki, iddiaçı cavabdehdən ümumilikdə 525 manat aliment tutulmasını xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, tərəfin həmin məbləğdə aliment ödəmək imkanında olub-olmadığını aydınlaşdırmadan onun üzərinə yüksək məbləğdə aliment ödənilməsi öhdəliyi qoyula bilməz. Eyni zamanda cavabdehin psixiatrik kabinetində dispanser və ambulator müşahidədə olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehdən hər ay hər uşaq üçün 130 manat olmaqla, ümumilikdə 390 manat aliment tutulmasını məqsədəmüvafiq hesab etmişdir. Bundan başqa məhkəmə iddia tələbinin uşaqların iddiaçının yanında saxlanmaları ilə bağlı hissəsinə qiymət verərək hesab etmişdir ki, bu tərəflər arasında nikahın pozulmasından sonra həll edilməli olan məsələdir. Bu səbəbdən həmin məsələyə halhazırda qiymət verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1 maddəsinin tələblərinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aliment məbləğinin 02 iyul 2021-ci il tarixindən başlayaraq tutulması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini, yəni bir uşaq üçün 100 manat məbləğində alimentin ödənilməsinə dair xahişini əsassız sayır. Belə ki, bu, uşaqların maddi rifahına və marağına ziddir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur və qətnamə qanuni və əsaslı olduğundan apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi, dəyişdirilməsi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(060)-6221/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(060)-6221/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar