Məhkəmə qərarları › İş №2(105)-3277/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3277/2021

02.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3277/2021 02.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı və cavabdeh Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızının iştirakları ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(067)-1101/2021 saylı qətnaməsindən cavabdeh Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızının apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(067)-1101/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar Sadıqov) İddiaçı cavabdeh Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızına qarşı valideynin uşağa görə əlavə xərclərdə iştiraka cəlb olunması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızından 1350,27 manat məbləğində pulun (X7 müalicəsinə xərclənmiş) alınaraq İddiaçı verilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdeh Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızından 23.08.2005-ci il təvəllüdlü övladı X7 müalicələrinə xərclənmiş 19600 manat pulun yarı hissəsinin, 9800 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 25.11.2013-cü il tarixli, 2(067)-1629/2013 saylı qətnaməsi ilə onunla cavabdeh arasında 23.10.1997-ci il tarixli nikah pozulmuş, birgə nikahlarından olan 15.10.2003-cü il təvəllüdlü Rəvan onun, 23.08.2005-ci il təvəllüdlü Azər isə cavabdehin himayəsində saxlanılmış, onun qazancının ¼ hissəsi miqdarında alimentin alınaraq cavabdehə verilməsi qət edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 24.06.2015-ci il tarixli, 2(067)-15/2015 saylı qətnaməsi ilə ondan 14.02.2014-cü il təvəllüdlü X1 üçün qazancının 1/3 hissəsi miqdarında alimentin tutularaq cavabdehə verilməsi qət edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 23.02.2018-ci il tarixli, 2(067)-465-2018 saylı qətnaməsi ilə 23 avqust 2005-ci il təvəllüdlü X7 yaşayış yeri onun yanında müəyyən edilmiş, Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızının himayəsində olan 14 fevral 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay onun qazancının (gəlirinin) ¼ hissəsi miqdarında alimentin tutularaq cavabdehə verilməsi qət edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 30.12.2019-cu il tarixli, 2(067)-3744/2019 saylı qətnaməsi ilə 15.10.2003-cü il təvəllüdlü X5 və 23.08.2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün 05 dekabr 2019-cu ildən başlayaraq Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızından hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat məbləğində sabit pul şəklində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Uşaqlardan 23.08.2005-ci il təvəllüdlü X13 onkoloji xəstədir və uşağa “C83.7-Berkitt limfoması, Atipik Berkitt limfoması, “Berkittə oxşar” limfoma mərhələ İİ” diaqnozu qoyulmuşdur. X3 Nazirliyinin 5 saylı xəstəxanasında, habelə Milli Uşaq Onkologiya Mərkəzində 2 dəfə əməliyyat olunmuş və hazırda kimya-terapiya müalicələri davam etdirilir. O, uşağın 5 saylı xəstəxanada olunan əməliyyatına 2000 manat, əməliyyatdan sonrakı müalicələrə və dərmanların alınmasına 600 manat, ümumilikdə 2600 manat, Onkologiya Mərkəzində olunan əməliyyata, əməliyyatdan sonrakı müalicələrə və dərmanların alınmasına 2000 manat, 6 dəfə kimya-terapiya müalicələrinə və hər dəfə uşağın Bakı şəhərinə aparılmasına, orada qalmasına və qayıtmalarına ümumilikdə 15000 manat pul xərcləmişdir. X7 müalicələri davam etdirilir və bundan sonra da 5 il ərzində müalicə olunmalıdır. Hazırda 10000 manat civarında digər şəxslərə borcu vardır. Uşağın valideyni olan cavabdeh bu vaxta qədər həmin xərclərdə, demək olar ki, iştirak etməmişdir. Halbuki, valideynlər uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malikdirlər. Cavabdeh Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızı uşağın müalicələrinə xərclənmiş 19600 manat pulun yarı hissəsini, yəni 9800 manatı ona ödəməlidir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən ləğv edilməli və iş üzrə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, keçmiş həyat yoldaşı İddiaçı ilə aralarında olan nikah Xaçmaz Rayon Məhkəməsinin 25.11.2013-cü il tarixli, 2(067)-1629-2013 saylı qətnaməsi ilə pozulmuşdur. Bu nikahlarından 15.10.2003-cü il təvəllüdlü X12 və 23.08.2005-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi ataları X8, 14.02.2014-cü il təvəllüdlü övladı X4 isə onun himayəsində qalması qərara alınmışdır. Xaçmaz Rayon Məhkəməsinin 24.06.2015-ci il tarixli, 2(067)-15/2015 saylı qətnaməsi ilə onun yanında qalan 14 fevral 2014-cü il təvəllüdlü X1 üçün İddiaçı hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Lakin iddiaçı heç bir zaman bu alimenti ödəməmişdir. Himayəsində qalan 14 fevral 2014-cü il təvəllüdlü X2 əziyyət çəkir və müalicəsi və baxılmasındakı çətinliklərin hamısı onun üzərinə düşür. İddiaçı aliment ödəməyərək valideynlik vəzifəsini yetinə yetirməmişdir. İddiaçı özü öz övladının səhhəti ilə maraqlanmayaraq bir dəfə də olsun maddi-mənəvi yardım göstərməməsi ilə yanaşı, onu da oxşar şəkildə bunda ittiham edir. Onun heç bir gəlir sahəsi yoxdur, işləmir və məhz bu səbəblə də övladının müalicəsinə köməklik göstərə bilməmişdir. Bunu onun istəyərək, yardım edə bilərkən qəsdən etməməyi kimi qiymətləndirmək iddiaçının böyük haqsızlığıdır. Onun bu vəziyyətindən fərqli olaraq İddiaçı Abı oğlunun daimi qazanc yeri olsa da, bir dəfə də olsun qızı X1 üçün aliment verməmiş, skolioz xəstəsi olan uşağı ilə maraqlanmamışdır. İddiaçı 10000 manata yaxın aliment borcu vardır. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməməsi barədə yeni qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli, 2(067)-3744 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızına qarşı aliment tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, 15.10.2003-cü il təvəllüdlü X5 və 23.08.2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün 05 dekabr 2019-cu ildən başlayaraq Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızından hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat məbləğində sabit pul şəklində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan xəstəlik tarixindən çıxarışlardan görünür ki, X11 “C83.7- Berkitt limfoması Atipik Berkitt limfoması “Berkittə oxşar” limfoma mərhələ İİ” diaqnozu qoyulmuşdur. Həmçinin o, bir neçə dəfə kimya terapiya qəbul etmiş və həmin diaqnoz üzrə əməliyyat olunmuşdur. İş materiallarından görünür ki, X7 müalicəsi ilə əlaqədar dərman vasitələrinin alınmasına görə ümumilikdə (30+35+301+29,6+23,33+55+ 39,35+54+24,06+13,50+58,8+43,5+196,7+35+37,9+700+20+56,2+39,6+63+14,5+45,79+2 6,9+29+399,5+189,7+29,6+100) 2700,53 manat pul xərclənmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.3-cü maddəsinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. “Uşaq hüquqları haqqında” qanunun 9-cu maddəsinə görə hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi hüququ vardır. Dövlət uşaqların həyatının mühafizəsi və sağlam inkişafını təmin edir, ekoloji təhlükəsizliyini təmin edən şərait yaradır, onların keyfiyyətli yeməklə, içməli təmiz su ilə təchizi üçün müvafiq tədbirlər görür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Məhkəmənin presedent hüququna müvafiq olaraq, xərc və məsrəflərin yalnız həqiqətən və zəruri olaraq, həmçinin əsaslandırılmış həcmdə çəkilməsi göstərildiyi halda, ərizəçi onların əvəzinin ödənilməsi hüququna malikdir. İş materiallarında olan sənədlərdən görünür ki, 23.08.2005-ci il təvəllüdlü övladı X13 xəstədir, dəfələrlə müalicə almışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Qeyd olunan maddənin tələbinə görə əlavə xərclərin miqdarı məhkəmə tərəfindən müəyyən olunarkən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin bu hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh Murtuzova (Əlimirzəyeva) Tahirə Baxşəli qızının apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(067)-1101/2021 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar