Məhkəmə qərarları › İş №2(105)-3287/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3287/2021

08.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3287/2021 08.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X8, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə Zəngilan Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(034)-340/2021 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Zəngilan Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2(034)-340/2021 saylı qətnaməsi ilə (hakim G.K.İmanova) İddiaçı Cavabdeh və üçüncu şəxs Abşeron rayon 2 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsi və pul” tələbinə dair ilk iddia təmin edilməmiş və Cavabdeh İddiaçı qarşı “İddiaçı 23 yanvar 2002-ci il tarixdə doğulmuş və 07 noyabr 2020-ci il tarixdə şəhid olmuş X6 vərəsəsi olmaq hüquqlarından mərhum olmasına dair” qarşılıqlı iddia təmin olunub, İddiaçı 23.01.2002-ci il tarixdə anadan olmuş və 07.11.2020-ci il tarixdə şəhid olmuş X6 vərəsəsi olmaq hüquqlarından mərhum olunması qət edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verib, Zəngilan Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli 2(034)- 340/2021 saylı qətnaməsinin ləğv edilərək ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, 2 saylı notariat ofisinin xüsusi notariusu X15 tərəfindən 07 noyabr 2020-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə pay alması barədə 04 fevral 2021-ci il tarixli, reyestrdə 2V-22 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsi, Cavabdeh 5500 (beş min beş yüz) manat almış olduğu sığorta ödənişinin və 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və X5 rəsmi olaraq ailə qurmuş və birgə nikahlarından 23 yanvar 2002-ci ildə İsmayıl adlı uşaqları doğulmuş, bu barədə 01.02.2002-ci il tarixdə Zəngilan rayon qeydiyyat şöbəsi tərəfindən 22 №-li doğum haqqında akt qeydi tərtib edilmişdir. Oğlu ilə keçmiş gəlini boşanmışlar və boşandıqları vaxtdan da bir yerdə yaşamamışlar. Boşananda uşaq balaca olmuşdur. Belə ki, dörd yaşına kimi cavabdeh gəlib getmişdir. Lakin sonra onlar uşağı görmək istədikdə cavabdeh buna maneçilik törətmişdir. İddiaçı 6 il həbsdə olmuşdur. İmkansızlıqdan uşağa heç vaxt aliment ödəməmişdir. Nəvəsi Naxçıvanda hərbi məktəbdə oxumuş, sonuncu dəfə isə nəvəsi ilə paradda görüşmüşlər. X3 07 noyabr 2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində Füzuli rayonunda gedən döyüş zamanı şəhid olmuş və bu barədə Zəngilan rayon qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin dekabr 29-da 50 nömrə ilə qeyd edilmişdir.Uşağın dəfn mərasimlərində iştirak etmiş, lakin oğlu Türkiyədə olduğuna görə dəfn mərasimində iştirak etməmişdir. İddiaçı oğlunun 07.11.2020ci il tarixdə Füzulu rayonunda gedən döyüşlərdə şəhid olduğunu artıq 2020-ci ilin noyabr ayında xəbər tutmuşdur.Vərəsəliyin qəbul olunması ilə bağlı notariat kontoruna nə o, nə də onun oğlu müraciət etməmişlər. Mart ayının sonlarında, aprel ayının əvvəlində bilmişlər ki, Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X15 tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən 07 noyabr 2020-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə pay alması barədə 04 fevral 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd edilən şəhadətnamə əsasında Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Abşeron filialından 11.000 manat sığorta ödənişi almışdır. X4 ailəli olmamış, vəsiyyətnamə qoymamışdır. Cavabdeh isə 11.000 manat sığorta ödənişini tək vərəsə kimi almışdır. Oğlu uzun müddətdir ki, Türkiyədə yaşadığı üçün vərsəliklə bağlı notariusa vaxtında müraciət edə bilməmişdir. Halbuki 11.000 manat sığorta ödənişi Cavabdeh ilə birinci növbədə vərəsə kimi oğlu İddiaçı arasında bərabər surətdə bölünməli idi. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı 23 yanvar 2002-ci il tarixdə doğulmuş və 07 noyabr 2020-ci il tarixdə şəhid olmuş X6 vərəsəsi olmaq hüquqlarından mərhum olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 10 noyabr 1998-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və birgə nikahdan İsmayıl adlı bir uşaqları doğulmuşdur. Aralarında baş verən narazılıqlar nəticəsində Zəngilan Rayon Məhkəmsinin 08 dekabr 2004-cü il tarixli qətnaməsi ilə onların nikah qeydiyyatı pozulmuş və uşaq onun yanında saxlanılmışdır. Zəngilan Rayon Məhkəmsinin 2(034)-88/2013 saylı, 26 aprel 2013-cü il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı 23 yanvar 2002-ci il tarixdə doğulan X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 04 aprel 2013-cü il tarixdən etibarən hər ay 87 (səksən yeddi) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh uşaq doğulandan hazırkı vaxta kimi uşağın saxlanmasında nə mənəvi, nə də maddi cəhətdən ona köməklik göstərməmişdir. O, bu barədə dəfələrlə ona bildirsə də uşağın saxlanmasından qəti olaraq imtina etmişdir. Uşaq bu vaxta kimi necə böyüyüb, necə yaşayıb, bunların heç birindən xəbəri olmamışdır. Hətta bir ata kimi uşağı görsə heç tanımazdı. Onun uşağın saxlanması üçün aliment ödəməməyi barədə Saatlı rayon İcra və Probasiya Şöbəsində də barəsində tədbirlər görülmüş və artıq axtarışa verilmişdir. İddiaçı bu günə kimi ona uşağın saxlanması üçün aliment ödəmədiyi üçün hazırki vaxta 8265 manat ödənilməmiş aliment borcu yığılmışdır. Cavabdeh hazırda Azərbaycanda deyil, Türkiyyə Respublikasında yaşayır. Saatlı rayon İcra və Probasiya Şöbəsində artıq bu barədə məlumat vardır. Övladı 23 yanvar 2002-ci il təvəllüdlü X9 2-ci Qarabağ döyüşlərində ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərəkən qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 19.04.2018-ci il tarixli fərmanına əsasən şəhidin vərəsəsi kimi 11000 manat birdəfəlik ödəməni şəhidin tək vərəsəsi kimi o almışdır. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən “şəhid adının əbədiləşdirilməsi şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublkasının qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə 500 manat məbləğində “şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidetinin təqaüdü” verilməsi nəzərdə tutulmuşdur. O isə həmin məbləği də şəhidin tək vərəsəsi kimi almaq istəsə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu barədə ona imtina edərək bildirir ki, ya şəhidin atasının vərəsəliyi ləğv olunmalı, ya atalıq hüququndan mərhum olunmalıdır. Çünki o, uşağı üç yaşından özü valideynlərinin köməyi ilə böyütmüşdür, uşağın atası ona həmin vaxt ərzində heç bir maddi yardım göstərməmiş, məhkəmə tərəfindən təyin edilmiş alimenti də ödəməkdən qətiyən imtina etmişdir ki, hal-hazıra kimi onun xeyli miqdarda aliment borcu vardır. İddiaçı oğlunun şəhid olduğunu bilsə də onun dəfn mərasimində iştirak etməmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən də məlum olur ki, o şəhidin tək vərəsəsi hesab olunmuşdur. Hazırda ona qarşı yönələn iddiaya tam etirazını bildirir. Ona vərəsəlik şəhadətnaməsi 04.02.2021-ci il tarixdə verilmişdir. Oğlu isə 07.11.2020-ci il tarixdə şəhid olmuşdur.Burdan da məlum olur ki, şəhadətnamə ona altı aydan da öncə verilmişdir və bu o deməkdir ki, o şəhidin tək vərəsəsidir. David İsmayılın atası olsa da, lakin uşağı saxlamaqdan qəti imtina etmişdir və bu baxımdan onun qanun üzrə vrəsəsi ola bilməz, yəni bu huquqdan məhrum olunmalıdır. Mülki Məcəllənin 1203-cü maddəsinə əsasən həmin Məcəllənin 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur. Davidin isə uşağa, doğulandan bir valideyn kimi nə maddi, nə də mənəvi olaraq qayğı göstərməməsi, övladı 18 yaşı tamam olana kimi heç vaxt aliment ödəməməsi ilə göstərmişdir ki, həmin şəxs 23 yanvar 2002-ci il tarixdə doğulan X6 vərəsəsi ola bilməz. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsi 17.06.2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə verdiyi apellyasiya şikayətini müdafiə edib təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı, Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı, Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə içtirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olur ki, İddiaçı və X510 noyabr 1998-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və birgə nikahlarından 23 yanvar 2002-ci ildə İsmayıl adlı uşaqları doğulmuşdur. Zəngilan Rayon Məhkəməsinin 08.12.2004-cü il tarixli qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında olan rəsmi nikah pozulmuş və 23.01.2002-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda anadan olmuş X9 anasının yanında saxlanması qət edilmişdir.. Zəngilan Rayon Məhkəməsinin 26.04.2013-cü il tarixli, 2(034)88/2013 saylı qətnaməsi ilə 23.01.2002-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda anadan olmuş X1 üçün İddiaçı hər ay 87 manat aliment Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Zəngilan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin arxiv arayışından məlum olur ki, X9 23.01.2002-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda anadan olmuş və tərəflər onun valideynləridir. AZE №******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Saatlı rayonu, Telmankənd kəndində anadan olmuş və yaşayış yeri Saatlı rayonu, Əhmədbəyli kəndidir. AZ-İİ 076748 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X9 07.11.2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində Fizuli rayonunda ölmüşdür. Birinci instansiya məhkəməsinin araşdırması zamanı şahid qismində dindirilmiş X11 ifadə verərək göstərmişdir ki, Cavabdeh onun dayısı nəvəsidir. Natəvan David adlı şəxslə ailə qurmuş, onların birgə nikahlarından 23.01.2002-ci il təvəllüdlü İsmayıl adlı bir uşaqları olmuşdur. Bildiyinə görə onların ailə münasibətləri alınmadığından aralarında olan nikah məhkəmə qətnaməsi ilə ləğv edilmiş və uşaq anasnın himayəsində saxlanılmışdır.Tərəflər boşanan zaman İsmayıl 3 aylıq olmuşdur. Onlar boşandıqdan sonra Natəvan azyaşlı uşağı ilə birlikdə atasının evinə sığınmışdır. İsmayıla ana babası baxmış, onun bütün təlabatları həm anası, həm də ana babası tərəfindən ödənilmişdir. İsmayıl 3 aylığından şəhid olan günə kimi nə onun atası, nədəki ata qohumları bir dəfə də olsun onunla maraqlanmamışdılar. Hətta İsmayılın atası onun saxlanması üçün kəsilən alimenti belə ödəməkdən boyun qaçırmışdır. Onlar qohum olaraq İsmayılın ata qohumlarını görməmiş, ümumiyyətlə onları tanımamışlar. Cavabdeh İsmayılı tək böyütmüş, şəhid olana kimi onun bütün qayğılarını o, özü təkbaşına çəkmişdir.İsmayıl hərbi məktəbdə təhsil almışdır. Müharibə başlayan kimi o, könüllü olaraq müharibəyə getmiş və qəhrəmancasına döyüşmüşdür. Mübaribə qutardıqdan sonra onlar düz iki ay İsmayılı itkin kimi anası Cavabdeh ilə birlikdə axtarmışlar. İsmayılı Şuşa, Hadrut, Qubadlı, Xocavənd istiqamətində axtarsalarda tapa bilməmişlər. İsmayılın nəşini son olaraq anası Natəvan morqdan tapmışdır. İsmayılın axtarışında nə onun atası olan David adlı şəxs, nədə ki, ata qohumları bir dəfə də olsun iştirak etməmişlər. İsmayılın cənazəsi təhvil verilərkən və yas mərasimində atası gəlib iştirak etməmişdir. David İsmayıl doğulduğu gündən şəhid olduğu günə kimi bir dəfə də olsun ona atalıq belə etməmişdir. Şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, Cavabdeh tanıyır, qarşı tərəfi isə tanımır. Bildiyinə görə Natəvan David adlı şəxslə ailəli olmuş, sonradan onların ailə münasibətləri alınmadığı üçün rəsmi olaraq ayrılmışlar. Tərəflərin birgə nikahlarından İsmayıl adlı bir uşaqları olmuşdur. İsmayılı yaxından tanısa da, onun atasını tanımır. Natəvan İsmayılı çox böyük əziyyətlə böyütmüş, İsmayılın bütün qayğılarını həm anası, həm də ana babası çəkmişdir.O, İsmayıllı uşaqlıqdan tanıyır. İsmayıl hərbiçi olduğu üçün müharibə başlayan kimi könüllü olaraq müharibəyə getmişdir. Müharibə qutardıqdan sonra onlar İsmayılın anası ilə birlikdə iki ay onu axtarmışlar. Bu müddət ərzində İsmayılın nə atası, nədə ki, ata qohumları onun axtarışında belə iştirak etməmişlər. Hətta İsmayılın cənazəsi anasına təhvil verilən zaman da, atası orada olmaımşdır. Bildiyinə görə atası ümumiyyətlə doğulduğu gündən şəhid olduğu günə kimi bir dəfə də olsun İsmayılla maraqlanmamışdır. Belə ki, onların heç bir əlaqələri olmamışdır. Şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, Natəvan xanımı tanyır, qarşı tərəfi isə tanımır. Belə ki, İsmayılın babası ilə qonşu olmuşlar. İsmayılı uşaqlıqdan tanıyr. İsmayıla 3 aylığından babası baxmışdır. İsmayılın bütün qayğılarını anası ilə birlikdə babası da çəkmişdir. Atasının isə gəlib-getməsini görməmişdir. Bildiyinə görə İsmayıl itkin düşdüyü və şəhid olduğu müddət ərzində nə atası, nədə ki, ata qohumları bir dəfə olusun onunla maraqlanmamışlar. AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh xx.xx.1976cı il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron 2 saylı Notariat ofisi tərəfindən verilmiş 14.02.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən məlum olur ki, 07.11.2020-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi Zəngilan rayonu, Mincivan qəsəbə ərazi dairəsi, Mincivan qəsəbəsi, Nəsimi küçəsi, ev-2-də qeydiyyatda olan Cavabdeh miras əmlakdan tam şəkildə pay almalı və bu miras 11000 manat sığorta ödənişindən ibarətdir. Saatlı Rayon İcra və Probasiya şöbəsinin 01.03.2021-ci il tarixli 8010/2011-69-5 saylı məktubundan məlum olur ki, hazırda ölkə ərazisindən kənarda yaşayan borclu İddiaçı X1 üçün bu günə kimi aliment ödənişi etməmiş və 8265 manat ödənilməmiş aliment borcu qalmışdır. Hazırda borclu İddiaçı axtarışa veriliməsi istiqamətində zəruri tədbirlər davam etdirilir. 29.12.2020-ci il tarixli 579 saylı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan Rayon Şöbəsinin arayışından məlum olur ki, mərhum əsgər X6 anası Cavabdeh «Şəhid ailəsi» statusuna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölmüş şəxsin uşaqları,miras qoyanın ölmündən sonra doğulmuş uşaq,arvad(ər),valideynlər (övladlığa götürənlər) birinci nöbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olur ki, Cavabdeh və İddiaçı 10.11.1998-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahlarından 23 yanvar 2002ci il təvəllüdlü X9 adlı bir uşaqları doğulmuşdur. Tərəflərin nikahları Zəngilan Rayon Məhkəmsinin 08 dekabr 2004-cü il tarixli qətnaməsi ilə pozulmuş və uşaq anası Cavabdeh himayəsində saxlanılmışdır. Uşağı Cavabdeh valideynin köməkliyi ilə saxlamışdır. Sonradan alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Zəngilan Rayon Məhkəməsinin 26 aprel 2013-cü il tarixli, 2(034)-88/2013 saylı qətnaməsinə sasəsən cavabdeh İddiaçı 23 yanvar 2002-ci il tarixdə doğulan X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 04 aprel 2013-cü il tarixdən etibarən hər ay 87 (səksən yeddi) manat məbləğində sabit aliment tutularaq ona ödənilməsi qərara alınmışdır.Lakin İddiaçı nikah pozulduğu andan bir dəfə də olsa uşaqla maraqlanmamış, məhkəmə tərəfindən təyin olunmuş alımenti ödəməmişdir. X6 8265 manat aliment borcu yığılmışdır. 23 yanvar 2002-ci il təvəllüdlü X9 2-ci Qarabağ döyüşlərində ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərəkən 7 noyabr 2020-ci il tarixdə qəhrəmancasına şəhid olmuşdur.”Hərbi Qulluqçuların Dövlət İcbarı Şəxsi Sığorta haqqında “Azərbaycan Respublikasının Qanununa əsasən şəhid ailəsinə 11000 manat pul ödənilmişdir. X2 ölmü ilə əlaqədar 11000 manat sığorta ödənişini tək vərəsə kimi Abşeron rayonu 2-saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında şəhid anası Cavabdeh almışdır. İddiaçı şəhid atası olduğunu bildirərək Abşeron rayonu 2-saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsini və X6 vərəsəsi kimi sığorta ödənişinin yarısını, yəni 5500 manatını İddiaçı verilməsini tələb etmişdir. İddiaçı X6 şəhid olmasından 2020-ci ilin noyabr ayında xəbər tutmuşdur və qanunla müəyyən olunmuş vaxt ərzində notariat ofisinə vərəsəliyi qəbul etməsi ilə bağlı rəsmi qaydada müraciət etməmişdir. Məhkəmə iclasında İddiaçı təmsil edən onun nümayəndəsi (anası)Nümayəndə da oğlunun Türkiyədə olduğuna görə notariusa müraciət etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1247-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.(MM-nin 1243,1;1243,2; 1243,2 maddələri) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 atası kimi onun oğlu qanun üzrə vərəsəsi olduğunu və dövlət tərəfindən şəhid ailəsinə ödənilmiş sığorta ödənişinin yarısı ona ödənilməli olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi nə oğlunun, nə də onun özü oğlunun nümayəndəsi kimi notariat ofisinə vərəsəliyin qəbulu ilə bağlı müraciət etməmişdir. Abşeron rayonu 2-saylı notariat ofisinin notariusu G.İ.Məsimova tərəfindən təqdim olunmuş vərəsəlik işindən və iş materiallarında olan sənədlərdən də göründüyü kimi İddiaçı qanun üzrə vərəsəliyi qəbul etməsi üçün notariat ofisinə müraciət etməmişdir və ötürülmüş müddətin bərpasına dair məhkəməyə ərizə verməmişdir. İddiaçı övladının şəhid olması barədə tam məlumatlı olmasına baxmayaraq vərəsəliyin qəbulu ilə bağlı notariusa rəsmi qaydada ərizə təqdim etməklə müraciət etmədiyindən, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsi üçün heç bir əsas müəyyən olunmamışdır. Eyni zamanda məhkəmə Cavabdeh İddiaçı qarşı “İddiaçı 23 yanvar 2002-ci il tarixdə doğulmuş və 07 noyabr 2020-ci il tarixdə şəhid olmuş X6 vərəsəsi olmaq hüquqlarından mərhum olması” barədə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, Cavabdeh qarşılıqlı iddia ərizəsi İddiaçı miras qoyan İsmayıl Mehdiyevi bir valideyn kimi saxlanması üçün öhdəsinə qoyulmuş vəzifələri yerinə yetirməkdən hazırki vaxta kimi boyun qaçırdığı tam sübuta yetirildiyindən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1138-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Azərbaysan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli qərarı ilə müəyyən edilir ki, Azərbaysan Respublikası Mülki Məsəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası bu Məsəllənin 1137 (ləyaqətsiz vərəsə) və 1138-ci (vərəsə ola bilməyən valideynlər) maddələrində göstərilən halları əhatə edərək, nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, İddiaçı övladı X7 qarşı ata kimi üzərinə düşən vəzifələri yerinə yetirməmiş, uşaq üç yaşından şəhid olana kimi ona qarşı laqeydlik nümayiş etdirmiş, onunla maraqlanmamış, heç bir maddi, mənəvi köməklik göstərməmiş və bunun nəticəsində də İddiaçı hazırki vaxta ödəniləcək olan, ödənməmiş 8265 manat məbləğində aliment borcu yaranmışdır. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı təmin etməməklə və qarşılıqlı iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə veridiyi apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən və apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(034)-340/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar