Məhkəmə qərarları › İş №2(105)-3298/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3298/2021

23.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3298/2021 23.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(060)-5356/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(060)-5356/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 16 aprel 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin 03.06.2021-ci il tarixdən başlayaraq tutulub İddiaçı verilməsi, iddia tələbinin maddi yardım hissəsində rədd edilməsi qət edilmişdir.(hakim R.Qoşqarlı) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və tutulacaq alimentin məbləğinin 90 manat həddində müəyyən olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan 16.04.2021-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması və uşağın 3 yaşına çatanadək saxlanılmasına görə 100 manat məbləğində maddi yardımın tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə 29.11.2019-cu il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan 16.04.2021-ci il təvəllüdlü X3 adlı bir övladları olmuşdur. Nikahlarının ilk vaxtlarında münasibətləri normal olsa, sonradan aralarında yaranan mübahisələrdən sonra münasibətləri pisləşmişdir. Qaynanası və baldızının ailə münasibətlərinə müdaxiləsi nəticəsində o, evi tərk etmişdir. Evi tərk edərkən hamiləliyinin 11-ci həftəsindəydir. Cavabdeh uşaq doğularkən belə xəstəxanaya gəlməmiş və o gündən bu günə kimi nə onunla, nə də uşaqla bir dəfə də olsun maraqlanmamışdır. Hesab edir ki, cavabdeh atalıq məsuliyyətini dərk etməli, övladının maddi ehtiyac və tələbatlarının ödənilməsində yaxından iştirak etməlidir. Özü heç bir yerdə işləmir. Uşağı körpədir. Onun tələbatlarını tək başına qarşılıya bilmir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, valideynlik məsuliyyətini dərk edərək, bir ata kimi iddiaçının uşağının saxlanılmasında iştirak etməkdən və maddi imkanı daxilində ona maddi yardım göstərməkdən imtina etmir. Lakin İddiaçı onun ikinci ailəsi, o da iddiaçının ikinci ailəsidir. İddiaçının birinci ailəsindən övladı olmasa da, onun birinci ailəsindən iki azyaşlı uşaqları vardır. Rəsmi işdə işləməsə də, digər iki övladının saxlanılması üçün günəmuzd işlərdə çalışır. Lakin işi daimi deyildir. Ona görə də uşaqlarıın ehtiyaclarını maddi imkanı daxilində təmin edir. O, iki azyaşlı uşaqlarının anasından ayrı yaşasa da (uşaqların anası Bakı şəhərində yaşayır və rəsmi nikahları yoxdur), uşaqların hər ikisi onunla yaşayır və oğlu X2 yaşadığı ünvan üzrə Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 №-li tam orta məktəbdə 6d sinfində oxuyur. O, uşaqların ehtiyaclarını çox çətinliklə təmin edir. Bunu İddiaçı özü də təsdiq edə bilər.Ona görə də hazırki qətnamə üzrə təyin olunmuş alimentin məbləği ilə razı deyil və hesab edir ki, hazırki qətnamə üzrə təyin edilmiş 175 (bir yüz yetmiş) manat məbləğində alimenti ödəmək onun maddi imkanı xaricindədir. O, iddiaçının bir uşağının saxlanılması üçün maddi imkanım daxilində hər ay 70-90 manat ödəyə bilər. Apellyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan, AZ-T № 034092 saylı, 02.06.2021-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 29 noyabr 2019-cu il tarixdə bağlanmış və 3475 nömrə ilə qeyd olunmaqla sonuncuya “Hüseynova” soyadı verilmişdir. Yenə iş materiallarında olan, AZ-İV № 579919 saylı 05.05.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından X3 16.04.2021-ci il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 2341 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrdən məlum olur ki, Cavabdeh başqa qadından 30.03.2008-ci ildə doğulmuş Aydın adlı oğlu və 24.01.2013-cü ildə doğulmuş Emilya adlı qızı vardır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddia tələbinin təmin edilməmiş hissəsində qətnamədən şikayət verilmədiyindən məhkəmə kollegiyası həmin hissədə araşdırma aparmır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(060)-5356/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh 29.11.2019-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan 16.04.2021-ci ildə X3 adlı bir övladları olmuşdur. Nikahlarının ilk vaxtlarında münasibətləri normal olsa, sonradan aralarında yaranan mübahisələr səbəbindən münasibətləri pisləşmişdir. Hazırda ayrı yaşayırlar. İddiaçı bir uşağın saxlanılması üçün cavabdehdən hər ay 175 manat alimentin və özü üçün 100 manat maddi yardımın tutulmasını tələb etmiş və iddiası qismən təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək alimentin məbləğinin azaldılmasını xahiş etmişdir. İddiaçı tələbinin təmin edilməyən hissəsindən şikayət verməmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, öz uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Birinci instansiya məhkəməsi qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə alaraq azyaşlı Uğurun saxlanılması üçün yaşayış minimumu həddində aliment təyin etmişdir. Cavabdeh isə əvvəlki faktiki nikah münasibətlərindən daha 2 uşağının olmasını bəhanə edərək bu uşağın saxlanılması üçün cəmi 90 manat aliment ödəmək istəyir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin hər ikisinin maddi vəziyyətini, azyaşlı Uğurun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını nəzərə alaraq, qeyd edilən miqdarda alimentin tutulması barədə tamamilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə həmçinin iddiaçının özü üçün əlavə 100 manat maddi yardım tələbini təmin etməməklə cavabdehin də mənafeyini nəzərə almışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş Uğur adlı uşağın saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması ədalətlidir. Bu baxımdan, işin tədqiq olunan faktiki hallarına əsaslanaraq məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh şikayətində qeyd etdiyi dəlilləri sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(060)- 5356/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Məhəmmədəli Rzayev Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar