Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-330/2025 03.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) X6 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2(067)-2715/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. Müəyyən etdi: İşin halları
1. AZ-İ seriyalı, 875964 saylı nikah haqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X12 arasında 20 avqust 2013-cü il tarixdə Xaçmaz rayon Qeydiyyat Şöbəsində 450 nömrə ilə rəsmi nikah qeydə alınmışdır. Nikaha daxil olarkən iddiaçı X12 ərinin soyadına uyğun “Allahverənzadə” soyadını qəbul etmişdir.
2. AZ-İİİ seriyalı, 112826 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 28 yanvar 2009-cu il təvəllüdlü X7 anadan olmuşdur.
3. AZ-İİİ seriyalı, 112825 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 28 sentyabr 2010-cu il təvəllüdlü X8 anadan olmuşdur.
4. AZ-İİİ seriyalı, 112824 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 27 noyabr 2012-ci il təvəllüdlü X10 anadan olmuşdur.
5. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Müşkür kənd İƏD-də nümayəndəsinin 02 oktyabr 2024-cü il tarixli, № 977 saylı arayışından müəyyən olunur ki, Xaçmaz rayon Müşkür kənd sakini X9 ağır yataq xəstəsi olduğu üçün ona yeganə xidmət göstərib qulluq edən şəxs oğlu Cavabdehdur.
6. “AZEMİS” Elektron məhkəmə informasiya sistemində qeydə alınmış tərəflərin barəsində olan gəlir məlumatından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh rəsmi gəlirləri barədə məlumat yoxdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahından doğulmuş 28 yanvar 2009-cu il təvəllüdlü X2, 28 sentyabr 2010-cu il təvəllüdlü X3 və 27 noyabr 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər bir uşaq üçün 235 manat olmaqla, ümumilikdə üç uşağa görə 705 manat sabit pul məbləğində alimentin və mediasiya prosesi üçün ödədiyi 60 manat rüsumun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə 06 fevral 2019-cu ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan iki uşaqları - 28 yanvar 2009cu il təvəllüdlü X7 və 28 sentyabr 2010-cu il təvəllüdlü X8 və 27 noyabr 2012-ci il təvəllüdlü X10 anadan olmuşlar. Cavabdehlə faktiki olaraq ayrılmışlar. Cavabdehlə xasiyyətləri uyğun gəlmir, birgə yaşamalarının qeyri-mümkün olduğu qənaətinə gəlmişdir. Neçə vaxtdır ki, cavabdehin hərəkətlərinə dözüb, amma artıq onun hərəkətləri dözülməz hal almışdır. O, uşaqları ilə birlikdə valideynlərinin evinə qayıtmışdır. Cavabdehlə arasında uşaqların saxlanılmaları üçün aliment ödənilməsinə dair heç bir razılaşma yoxdur. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
9. Cavabdeh tərəfindən 03 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizədə sonuncu göstərib ki, iddiaçı ilə xx.xx.2007-ci il tarixdə evlənsələr də, xx.xx.2013-cü il tarixdə 450 nömrə ilə nikahları qeydə alınmışdır. Birgə nikahdan onların 3 övladı vardır. Məhkəmənin nəzərinə çatdırır ki, anası X9 yataq xəstəsidir və onun qulluğunda o, dayandığından heç bir işlə məşğul ola bilmir və heç bir işə qəbul ola bilmir. Həyat yoldaşı İddiaçı ilə birgə yaşayanda böyük qızı Zərifə Allahverənzadə yataq xəstəsi olan anasına qulluq etdiyindən o da işləmişdir. X1 yataq xəstəsi olmağı ilə bağlı Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının nümayəndəliyindən arayış da almışdır. Məhkəmənin əlavə olaraq nəzərinə çatdırır ki, həyat yoldaşı İddiaçı özü Xaçmaz şəhərində yerləşən X22 işləyir və aylıq məvacibi ən azından 400 manat olmalıdır. Lakin 400 manat məvacibi ola-ola ondan 705 manat aliment pulu istəyir. İddiaçı öz iddia ərizəsində göstərmişdir ki, alimentin alınmasından başqa cehiz əmlaklarını və qızıl-zinət əşyalarını da tələb edir və birgə nikah dövründə əldə olunmayan əmlakı böldürmək istəyir. Məhkəmədən ərizəsinin nəzərə alınaraq ədalətli qərar çıxarılmasını xahiş etmişdir.
10. Xaçmaz Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2(067)-2715/2024 nömrəli qətnaməsi ilə (hakim N.Abiyeva) iddia qismən təmin edilərək: - tərəflərin birgə nikahdan anadan olmuş uşaqları 28 yanvar 2009-cu il təvəllüdlü X2, 28 sentyabr 2010-cu il təvəllüdlü X3 və 27 noyabr 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni 23 avqust 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay, hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit məbləğdə aliment və mediyasiya prosesinə görə ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməsi, - Cavabdeh 74 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edib ki, tərəflərin birgə nikahından anadan olmuş uşaqları - 28 yanvar 2009-cu il təvəllüdlü X2, 28 sentyabr 2010cu il təvəllüdlü X3 və 27 noyabr 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni 23 avqust 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay, hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat məbləğində sabit alimentin tutularaq İddiaçı ödənilməsi məqsədəuyğundur.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 3.0.4, 75.1, 78.1, 78.2 və 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə, “Uşaq hüquqları Bəyannaməsi”nin müvafiq prinsiplərinə, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 107, 112.1.3, 119, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2(067)-2715/2024 nömrəli qətnaməsinin dəyişdirilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin aliment məbləğinə münasibətdə mövqeyi qanunsuz və əsassızdır. Məhkəmə hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment müəyyən etmişdir. Onun himayəsində yataq xəstəsi olan anası var və anasına baxdığı üçün heç yerə gedə bilmir. Bu yaxınlarda anasına baxması ilə əlaqədar dövlət tərəfindən ona 100 manat məvacib veriləcək. Hazırda dolanışıqları yalnız anasının təqaüdüdür. İşə baxan məhkəmə bu hallara əhəmiyyət verməmiş, yüksək məbləğdə aliment müəyyən etmişdir. Hesab edir ki, apellyasiya instansiya məhkəməsi şikayətə obyektiv baxaraq, ədalətli qərar qəbul edəcəkdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o aliment ödəməkdən yayınmır, sadəcə hazırda anası yataq xəstəsi olduğundan və özü keçirmiş olduğu qəza ilə bağlı müvəqqəti olaraq işləyə bilmədiyi üçün alimentin azaldılmasını xahiş edir. Özü hazırda aşpaz işləyir və bir ata kimi bilir ki, övladlarını saxlamağa borcludur. Ona görə də ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq işin təxirə salınmasını xahiş etmişdir.
18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1.Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətindən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2(067)-2715/2024 nömrəli qətnaməsinin aliment məbləğinə münasibətdə (azaldılmasını) dəyişdirilməsini xahiş etmişdir.
22. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisəndirilən hissədə yoxlamağı vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cavabdeh tərəfin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2(067)-2715/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. Birinci instansiya məhkəməsi uşaqların mənafeyini, əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimenti hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat məbləğində müəyyən etmişdir.
25. Apellyasiya instansiya məhkəməsi də, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, hazırkı halda apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
26. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı kollegiya qeyd edir ki, bu dəlillər onun həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.
27. Cavabdehin azgəlirli olması və ya himayəsində yaşlı anasının olması kimi dəlillər onu aliment öhdəliyindən azad edə bilməz, daha konkret ifadə edilsə, hazırkı aliment məbləğindən daha az məbləğdə alimentin təyin edilməsinə əsas ola bilməz.
28. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, uşaqların aylıq dolanışığını qarşılamağa dair qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.
29. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal qida rasionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutulmalıdır.
30. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və bu artım ilbəil dəyişir.
31. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırkı iddia üzrə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını istisna etmir.
32. Məhkəmə kollegiyası qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini alimentlə bağlı hissədə göstərilən həddə, hətta 2024cü il üçün yaşayış minimumundan aşağı həddə uyğun təmin etməkdə düzgün nəticəyə gəlmiş və tərəflərə münasibətdə balanslaşdırılmış qətnamə qəbul etmişdir.
33. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz
34. Kollegiya həmçinin MPM-in 402.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəmənin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2(067)-2715/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikаyəti verilə bilməz.