Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-335/2024 19.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: aliment tələbi) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X5 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, e-2(012)-4786/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay uşağa 220 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X6 doğulmuşdur. Cavabdeh ilə xasiyyətləri tutmadığından aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Artıq xeyli müddətdir ki, cavabdeh ilə birgə təsərrüfat idarə etmir və cavabdeh uşağın saxlanmasına heç bir maddi və mənəvi köməklik göstərmir. Hazırda övladı böyümüş və onun maddi tələbatları artmışdır, bu səbəbdən çətinlik çəkir. Səhhəti ilə əlaqədar daim müalicə və müayinə olunur. Cavabdeh özü fərdi işlə məşğuldur, yaxşı qazanc əldə edir. Aylıq qazancı təxminən ***-**** manat təşkil edir. Ona görə də aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ № 252710 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2016-cı ildə pozulmuşdur.
5. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2007-ci ildə doğulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
6. Abşeron Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, e-2(012)- 4786/2023 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsinin təmin edilməsi, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması, Cavabdeh dövlət rüsumuna görə 46.4 manatın tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43, 44.3, 48, 75.1, 75.4, 78.1 və 78.2-ci maddələri, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 124.1, 14.2, 78.1, 217.3, 217.4, 218.3, 234.2.1, 216-220, 227, 233, 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, e-2(012)-4786/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, birgə nikahdan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulan alimentin miqdarının azaldılaraq ondan iddiaçının xeyrinə hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.1999-cu il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. İddiaçı ilə aralarında olan rəsmi nikah xx.xx.2016-cı il tarixində pozulmuşdur. Aralarında olan nikah pozulduqdan sonra uşaqlardan biri onun, digəri isə yəni X6 anasının himayəsinə verilmişdir. O, himayəsində olan uşağın saxlanılması üçün heç vaxt iddiaçıdan aliment tələb etməmişdir. Himayəsində olan uşaq hal-hazırda yetkinlik yaşına çatmışdır. Bir ata kimi hər zaman uşaqlarının qayğılarına qalmışdır. Himayəsində olan uşaq yetkinlik yaşına çatsa belə ona maddi və mənəvi olaraq o, dəstək olur. Sadəcə hal-hazırda onun sağlamlıq vəziyyəti çox pisdir. Özü müxtəlif xəstəliklərdən əziyyət çəkir. Şəkər, ürək xəstəliyi, eyni zamanda ağciyəri ilə əlaqədar mövcud olan xəstəlik onu tamamilə əldən salmışdır. Buna görə də işləməyə gücü yoxdur. Özünün baxıma, müalicəyə mütəmadi olaraq ehtiyacı var. Əgər o, uşaqlarına baxmaqdan imtina etmiş olsaydı və ya boyun qaçırmış olsaydı himayəsində olan uşağa da baxmaqdan yayınardı. Mövcud vəziyyəti ona işləməyə imkan vermir. Məhkəmə isə qətnamə qəbul edərkən qanunvericiliyin tələbindən irəli gələn tərəfin ailə, maddi vəziyyətini və digər diqqətəlayiq halları nəzərə almamışdır. Uşağa baxmaq, onun qayğısına qalmaq hər iki valideynin vəzifəsidir. Onun sağlamlığı maddi gəlir mənbəyinin yaranmasına imkan vermir. Bundan əlavə olaraq qeyd edir ki, iddiaçı onun himayəsində olan uşaqla əlaqə saxlamağına, onunla ünsiyyətdə olmağına imkan vermir, müxtəlif maneələr törədir. Bir ata kimi hüquqlarını pozur. Bu kimi halları məhkəməyə bildirsə də, məhkəmə sözügedən halları araşdırmamış, onun mövcud vəziyyətini, sağlamlıq və maddi vəziyyətini nəzərə almadan iddiaçının tələbini haqlı hesab etmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Hər ay uşağa 100 manat məbləğində aliment ödəyə bilər. Bu məbləğdən artığının ödənilməsi onun bugünkü vəziyyəti və maddi imkanları fonunda qeyri-realdır və ağlabatan deyildir. Göründüyü kimi birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, ədalətsiz və qanunsuz qərar qəbul etməklə onun hüququnu kobud şəkildə pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
11. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
12. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.1. Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
14. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; Maddə 27. (bənd 2) Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
16. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
17. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
21. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında olan nikah pozulmuşdur. Birgə nikahlardan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X6 iddiaçının yanında qalır. Hazırda, iddiaçı uşağın saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyindən uşağın saxlanılması üçün cavabdehdən 220 manat sabit pul məbləği şəklində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir.
23. Göründüyü kimi mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
25. Birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermişdir.
26. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
27. Göründüyü kimi apellyator şikayətin dəlillərini mövcud vəziyyəti, sağlamlıq vəziyyətinin çox pis olması ilə əlaqədar olaraq işləyə bilməməsi, maddi gəlir mənbəyinin olmaması ilə əsaslandırmışdır.
28. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı hesab etmir.
29. Kollegiyanın qənaətincə cavabdehin heç bir yerdə işləməməsi onu hazırkı aliment öhdəliyindən azad olunması, yaxud alimentin miqdarının azaldırmasına əsas verən hal kimi çıxış edə bilməz.
30. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh xəstəliyi ilə əlaqədar sağlamlıq imkanlarının və əmək qabiliyyətinin məhdudlaşmasına dair nə birinci instansiya məhkəməsindəki araşdırma zamanı, nə də apellyasiya icraatı zamanı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
31. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Göründüyü kimi birincin istansiya məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarı 2023-cü ildə uşaqlar üçün müəyyən edilmiş minimum dolanışıq xərcləri həddindədir.
33. Kollegiya qeyd edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər.
34. İşin müəyyən edilmiş faktiki hallarına istinadən məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda alimentin təyin edilmiş məbləği öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil etmir, onun əlverişsiz vəziyyətə düşməsinə şərait yaradacaq məbləğ kimi qiymətləndirilə bilməz. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş miqdarda alimentin təyin edilməsini məhkəmə hər iki tərəfə münasibətdə ədalətli və işin faktiki hallarına uyğun hesab edir.
35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi və ya dəyişdirilməsi ücün üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Abşeron Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, e-2(012)-4786/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.