Məhkəmə qərarları › İş №2(105)-3360/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3360/2021

15.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3360/2021 15.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Elman Məmməd oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment borcunun ödənilməsindən azad edilmə tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(027)-1499/2021-006 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Məmmədov) İddiaçı Cavabdeh qarşı aliment borcunun ödənilməsindən azad edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 03.03.2003-cü il tarixli 2-6/2003 saylı qətnaməsi ilə 23.07.1996-cı il təvəllüdlü X2 və 17.08.1998-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə tutulması müəyyən edilmiş alimentin ödənilməməsinə görə yaranmış borcun ödənilməsindən təmamilə azad edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 1994-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurub. Birgə ikahdan 23 iyul 1996-cı il təvəllüdlü X6 və 17 avqust 1998-ci il təvəllüdlü X7 anadan olmuşdur. Quba Rayon Məhkəməsinin 03 mart 2003-cü il tarixli 2 - 6/2003 saylı, qətnaməsi ilə 23.07.1996-cı il təvəllüdlü X2 və 17.08.1998-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan 27.09.2002-ci il tarixdən hər ay, aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin Ağasıyeva ( Xəlfəyeva) Elnarə Nadir qızının xeyrinə tutulması qət edilmişdir. Həmin tarixdə onun məhkəmə prosesindən və aliment təyin olunmasından heç bir xəbəri olmayıb. Yalnız 13.07.2020-ci il tarixində Quba rayon İcra və Probasiya şöbəsinin tələbin könüllü icrası barədə bildirişindən sonra bu barədə məlumatlanıb. Cavabdeh X4 2003-cü ildə evi tərk edib, ondan xəbərsiz aralarındakı nikahı pozaraq, onun icazəsi olmadan uşaqları götürərək Türkiyə Respublikasına getmişdir. Orada ailə qurmuşdur. Cavabdeh təxminən 2 il əvvəl Azərbaycan Respublikasına qayıtmışdır . Hal-hazırda övladlarının birinin 24, birinin də 26 yaşı vardır. X4 onun yeni ailə qurmağından xəbər tutduğundan qəsdən ondan aliment borcunu tələb edir. Hal bu ki, 2003-cü ildən uşaqların yetkinlik yaşı tamam olanadək cavabdeh öz ünvanını və uşaqları ondan gizlətmişdir. Bu halda onun aliment ödəməyi qeyri-mümkün olmuşdur. Bu müddət ərzində cavabdeh ona qarşı tələbkar olmamışdır. Beləliklə cavabdehin əməlləri nəticəsində 10 480 manat aliment borcu yaranmışdır. Bu borcdan 900 manatı xəbər tutandan sonra son aylar ödəyib. Bu borcu ödəməyə heç cür maddi imkanı yoxdur, vaxtında bu barədə məlumatı olsaydı, cavabdeh ondan gizlənməsəydi aliment borcu olmazdı. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Quba Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İş üçün əhəmiyyətli olan hallar araşdırılmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir. İddia tələbi aliment borcundan ödənilməsindən azad edilmə barədədir. İşdən görünür ki, iddiaçının 2 (iki) övladının saxlanılması üçün hər uşağa aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin cavabdehə ödənilməsi Quba Rayon Məhkəməsinin 03 mart 2003-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş, lakin övladlarının saxlanılması üçün müəyyən edilmiş aliment məbləğini ödəmədiyinə görə 10480 manat məbləğində aliment borcu yaranmış, həmin borcdan 900 manat ödədiyini, qalan borcun silinməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetrilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, aliment valideynin övladının saxlanılması üçün uşaqları yanında qalan valideynə ödənilə müavinətdir. Həmin müavinət digər valideynə öz tələbatının ödənilməsi üçün deyil, himayəsində qalan övladlarının maddi tələbatının ödənilməsi, yemək və digər zəruri ehtiyaclarının ödənilməsində digər valideynin də iştirakının təmin edilməsinə yönəldilir ki, uşaqların saxlanılması yükü bir valideynin üzərinə düşməsin. Lakin aliment ödəyən valideynin işsizlik və digər üzürlü səbəblərə görə borc əmələ gəldiyi, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər (Ailə Məcəlləsinin 107.2. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin aliment borcunun qətnamədən xəbəri olmadığından və digər üzrlü səbəbə görə əmələ gəlməsini, eləcə də ailə və maddi vəziyyətinin bu borcu ödməyə imkan vermədiyini sübut etmə öhdəliyi yaranmışdır. Lakin iddiaçı aliment borcunun üzrlü səbəbə görə əmələ gəlməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə qaydasında aliment üzrə borcları ödəməkdən azad edilmənin əsaslarına aliment borcunun onu ödəməli olan şəxsin xəstəliyi və yaxud başqa üzrlü səbəblərdən əmələ gəlməsi və aliment ödəməli olan şəxsin ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan verməməsi daxildir. Qanunun mənasına görə aliment üzrə borcları ödəməkdən azad edilmə üçün bu hallar birlikdə mövcud olmalıdır. Aliment üzrə borcların qalması üzrlü səbəblərlə əlaqədar olduqda, məhkəmə bu borcların miqdarını azaltmağa və ödəməkdən azad etməyə haqlıdır. Lakin bunun üçün o hallar əsas kimi götürülə bilər ki, həmin halların mövcud olması aliment borclarının ödənilməsini qeyri-mümkün etsin. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları il, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) İşdən göründüyü kimi, öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyan iddiaçı qeyd etdiyi hallar barədə heç bir tutarlı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etdiyindən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar