Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-338/2025 18.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X8 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-7367/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 30 sentyabr 2024-cü il tarixdə verilmiş AZ-T № 065521 saylı nikah haqqında şəhadətnamənin təkrarının surətindən görünür ki, Cavabdeh ilə X6 18 may 2023-cü il tarixində rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında həmin tarixdə 622 №-li akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Baxışova soyadı verilmişdir.
2. 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 30 sentyabr 2024-cü il tarixdə verilmiş AZ-T № 276595 saylı doğum haqqında şəhadətnamənin təkrarından görünür ki, X7 10 may 2024-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır.
3. 28.10.2024-cü il tarixli MŞS/MT030/2024-02333 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən, İddiaçı 50 manat məbləğndə mediasiya xərci və 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir.
4. "xxxx" ASC tərəfindən verilmiş Cavabdeh məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh kartına əmək haqqı olaraq xx.xx.2023-cü il tarixdə 1043,81 manat, xx.xx.2023-cü il tarixdə 1043,81 manat, xx.xx.2023-cü il tarixdə 1043,81 manat, xx.xx.2023-cü il tarixdə 1043,81 manat, xx.xx.2023-cü il tarixdə 1043,81 manat, xx.xx.2024-cü il tarixdə 1043,81 manat, xx.xx.2024-cü il tarixdə 2957,49 manat, xx.xx.2024-cü il tarixdə 1213,43 manat, xx.xx.2024-cü il tarixdə 1213,43 manat, xx.xx.2024-cü il tarixdə 1213,43 manat, xx.xx.2024-cü il tarixdə 1213,43 manat, xx.xx.2024-cü il tarixdə 1213,43 manat pul köçürülmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 18 may 2023-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan bir övladı dünyaya gəlmişdir: 10 may 2024-cü il təvəllüdlü X7. Ailə qurduqları ilk vaxtlarda münasibətləri yaxşı olsa da, bir müddət sonra münasibətləri müdaxilələr olduğuna görə pisləşmişdir. Evində söz-söhbət yaranmışdır, iddiaçıya şiddət göstərilmişdir. Ona görə də məsuliyyətə cəlb edilmişdir. Halhazırda iddiaçının imkanı olmadığından müvəqqəti 4 aylıq körpəsi ilə atasının evində qalır. Aralarında ailə münasibəti yoxdur. Cavabdeh Müdafiə Nazirliyinin Hərbi X5 komanda məntəqəsində işləyir və təxminən 2000 manat maaş alır, eyni zamanda digər gəlirləri də vardır. Lakin bir ailə olsalar da, iddiaçı heç vaxt onun rəsmi gəlirlərini dəqiq bilməmişdir. Ona görə də, qeyd olunan hal məhkəmə araşdırması ilə öz təsdiqini tapacaqdır. Balaca qızı üç yaşına çatmamışdır və ona xüsusi qayğı və maddi məsrəfləri daha çox köməklik tələb edir. Ona görə də 10 may 2024-cü il təvəllüdlü X3 3 yaşına çatana kimi saxlanılması üçün cavabdehdən alimentdən əlavə 200 manat məbləğində pul tutulmasını vacib hesab edir. Qeyd olunan məsələlərin məhkəmədənkanar qaydada mediasiya sesiyasında nizama salınması üçün iddiaçı tərəfindən cavabdehə mediasiyaya dəvət məktub göndərilmişdir. 28 oktyabr 2024-cü il tarixdə №MŞS/MT030/2024-02333 saylı ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayışa əsasən cavabdeh iştirak etməmişdir. Mediyasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediyasiyaya dair və 10 manat kargüzarlıq xərcini iddiaçı özü ödəniş etmişdir. Bu səbəbdən də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən Cavabdeh birgə nikahdan olan 10 may 2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsini aliment tutularaq iddiaçıya verilməsi, əlavə olaraq 10 may 2024-cü il təvəllüdlü X3 3 yaşına çatana kimi saxlanılması üçün alimentdən əlavə 200 manat məbləğində pul tutularaq, həmçinin çəkilmiş mediasiya xərcinin yarısı olaraq 25 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbinin qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsinin aliment olaraq tutulmasına razıdır.
8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-7367/2024 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2024cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi və Cavabdeh ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin yarısı 25 (iyirmi beş) manat məbləğində pul alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə— valideynlərin qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmçinin, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Qeyd olunan qanunun normasından görünür ki, keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Bundan əlavə, yuxarıda qeyd olunan qanunun normasından görünür ki, keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. İşdən isə göründüyü kimi iddiaçı (hətta tərəflər arasında nikah pozulmuş olsaydı belə) cavabdehin zəruri vəsaitə malik olması barədə hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir.
10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.1, 78.1, 78.2, 85.1.1, 100.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilmədiyi hissədə qətnamənin ləğv edilməməsini və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, məhkəmə tətbiq edilməli olan maddi hüquq normasını-AR Ailə Məcəlləsinin 84.2.2-ci maddəsini tətbiq edərək iddiamı tam təmin etməli olduğu halda bunu etməmiş, qanunsuz və əsassız olaraq AR Ailə Məcəlləsinin 85.1.1-ci maddəsini tətbiq edərək iddiamı qismən təmin etmiş, iddianı “əlavə olaraq 10 may 2024-cü il təvəllüdlü X3 3 yaşına çatana kimi saxlanılması üçün alimentdən əlavə 200 manat məbləğində pul tutularaq iddiaçıya verilməsi” hissəsində təmin etməmişdir. Məhkəmənin irəil sürdüyü dəlil, yəni yalnız keçmiş arvadın nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malik olması tamamilə qanunsuz və əsassızdır. Belə ki, AR Ailə Məcəlləsinin 84.1 və 84.2.2-ci maddələrinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Göründüyü kimi, ailə qanunvericiliyinə görə, yalnız keçmiş arvad deyil, həm də nikahda olan arvad hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmənin irəil sürdüyü digər dəlil, yəni iddiaçının (hətta tərəflər arasında nikah pozulmuş olsaydı belə) cavabdehin zəruri vəsaitə malik olması barədə hər hansı sübutları məhkəməyə təqdim edə bilməməsi də əsassızdır. Belə ki, məhkəmənin öz qətnaməsiində istinad etdiyi sübutdan-iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş Cavabdeh məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh kartına əmək haqqı olaraq xx.xx.2023-cü il tarixdə 1043,81 manat, xx.xx.2023-cü il tarixdə 1043,81 manat, xx.xx.2023-cü il tarixdə 1043,81 manat, xx.xx.2023-cü il tarixdə 1043,81 manat, xx.xx.2023-cü il tarixdə 1043,81 manat, xx.xx.2024-cü il tarixdə 1043,81 manat, xx.xx.2024-cü il tarixdə 2957,49 manat, xx.xx.2024-cü il tarixdə 1213,43 manat, xx.xx.2024-cü il tarixdə 1213,43 manat, xx.xx.2024-cü il tarixdə 1213,43 manat, xx.xx.2024-cü il tarixdə 1213,43 manat, xx.xx.2024-cü il tarixdə 1213,43 manat pul köçürülmüşdür. Göründüyü kimi, cavabdeh AR Müdafiə Nazirliyinin Hərbi X2 məntəqəsində işləməklə ən azı 1213,43 manat mbləğində əmək haqqı alır. Cavabdehdən hal-hazırki əmək haqqı məbləğini (1213,43 manat), ondan 1 uşağa görə tutulacaq dörddə bir hissə məbləğində, yəni 303.35 manat məbləğində alimentin tutulacağını nəzərə alsaq, cavabdehə qalacaq yekun pul məbləği-910.08 manat cavabdehin zəruri vəsaitə malik olduğunu mötəbər şəkildə təsdiq edir və bu sübut məhkəmə tərəfindən iddiamın həmin hissədə təmin edilməsi üçün kifayət qədər mötəbər hüquq əsas kimi qəbul edilməli idi. Birinci instansiya məhkəməsinin qətnaməsi iddianın “uşaq üç yaşına çatanadək hər ay 200 manat sabit pul məbləğində vəsaitin tutulması” hissəsində maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edilmədiyinə və onda baxılan iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmədiyinə, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilmədiyinə, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmadığına görə həmin hissədə qanuni və əsaslı hesab edilə bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaratmamış, həmin hissədə pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində alimentin iddianın “uşaq üç yaşına çatanadək hər ay 200 manat sabit pul məbləğində vəsaitin tutulması” hissəsində məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər qanunun tələblərinə uyğun olaraq göstərilməmiş, sübutlar əlaqəli şəkildə şərh edilməmiş, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada düzgün və aydın şəkildə izah edilməmişdir. Birinci instansiya məhkəməsinin yol verdiyi ən kobud prosessual pozuntu ondan ibarət olmuşdur ki, məhkəmə iddiaçı tərəfin “əlavə sübutlar tələb edilməsinə və əldə olunmuş sübutların iş materiallarına əlavə edilməklə düzgün hüquqi qiymət verilməsinə dair” vəsatəti qanunsuz və əsassız olaraq təmin etməmiş, cavabdehin hərbi qulluqçu olmaqla Müdafiə Nazirliyinə tabe olan qurumda işləməsini və iddiaçının şəxsən özü tərəfindən cavabdehin əmək haqqısına və qazancına dair sübutların əldə olunmasının qeyri-mümkünlüyünü nəzərə alaraq, məhkəmə öz təşəbbüsü ilə iddia ərizəsi daxil olduqdan dərhal sonra Müdafiə Nazirliyinə sorğu verməklə cavabdehin əmək haqqısına dair sübutu əldə etməmişdir. İddiaçı tərəfin verdiyi “əlavə sübutlar tələb edilməsinə və əldə olunmuş sübutların iş materiallarına əlavə edilməklə düzgün hüquqi qiymət verilməsinə dair” vəsatətin əsaslandırıcı hissəsində deyilir ki, “...Məhkəmənin hazırlıq iclasında məhkəmə cavabdehin qeyd edilən iş yerində işləyib-işləməməsi, işlədiyi halda hansı vəzifədə işləməsi, hansı məbləğdə qazancının (başqa gəlirlərinin) olması barədə qeyd edilən dəlillərin yoxlanılması üçün tərəflərə sübutlar təqdim etməyi təklif etməmiş və öz təşəbbüsü ilə belə sübutu özü bilavasitə elektron məhkəmə sistemi vasitəsilə əldə etməmiş və ya belə bir sübutun əldə edilməsi üçün AR Müdafiə Nazirliyinə müvafiq sorğu verməmiş, həmin sübutun təqdim edilməsi üçün tərəflərə, xüsusilə də iddiaçı tərəfə heç bir imkan yaratmadan və tərəflərin fikrini soruşmadan işi məhkəmə baxışına təyin etmişdir. Birinci instansiya məhkəməsi uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyətinin, habelə aliment ödəməli olan şəxsin maddi vəziyyətini düzgün müəyyən etmək və uşağın əvvəlki yüksək təminat səviyyəsinə uyğun aliment təyin etmək və ən əsası məhz uşağın hüquqlarının və qanuni mənafelərinin qorunması və onların daha layiqli və yaxşı həyat səviyyəsində saxlanılması üçün ilk növbədə aliment ödəməli şəxsin daimi iş yerinin olub-olmaması və daimi iş yeri olduğu halda hansı məbləğdə qazancının (başqa gəlirlərinin) olması, konkret olaraq onun hansı məbləğdə orta aylıq əmək haqqı alması, digər gəlirlərinin olubolmamasını müəyyən etmək üçün öz təşəbbüsü ilə əlavə sübutlar əldə etməli idi. Onun həmin sübutları müstəqil surətdə əldə etmək imkanı olmamışdır. O elə zənn etmişdir ki, məhkəmə özü cavabdehin harada işləməsini və hansı məbləğdə əmək haqqı aldığını müvafiq icra hakimiyyəti orqanına və ya onun işlədiyi yerə sorğular verməklə və ya bilavasitə özü elektron məhkəmə sistemi vasitəsilə əldə edəcəkdir və ya cavabdehin özü bu barədə arayışı məhkəməyə özü bilavasitə təqdim edəcəkdir. Lakin məhkəmə qeyd edilən sübutları əldə etmədən və ona bu barədə əlavə sübutlar təqdim etməyi təklif etmədən və onun əlavə sübutlar təqdim etməsinə imkan yaratmadan məhkəmə baxış iclasını təyin etmişdir. Həmin məlumatların əldə edilməsi iddiaçı tərəfindən iddianın dəyişdirilməsi-iddia tələbinin həcminin artırılması üçün əsas ola bilər. Belə ki, cavabdeh özü məhkəmə iclasında işlədiyi yer üzrə vəzifəsinin yüksəldildiyini və buna görə xidməti vəsiqəsinin öz üzərində olmadığını bildirmişdir və bu da artıq onun aldığı əmək haqqının avtomatik olaraq artırılması deməkdir. Digər tərəfdən, o, ehtimal əsasında onun təxminən 2000 manat maaş aldığını bildirmiş və buna görə də iddiada cavabdehdən uşağa qulluq üçün alimentdən əlavə 2000 manat pul tutulmasını xahiş etmişir. Əgər cavabdehin daha yüksək əmək haqqı aldığı müəyyən edilərsə o, iddianın həmin hissəsində, yəni uşağa qulluq üçün tələb edilən pula dair hissəsində dəyişdirilməsi (artırılması), yəni uşağa qulluq üçün cavabdehdən alimentdən əlavə ən azından 300 manat məbləğində pul tutulması barədə ərizə verəcəkdir. Hesab edir ki, bəhs edilən mülki iş üzrə məhkəmə Cavabdeh Şıxəli oğlunun hal-hazırda AR Müdafiə Nazirliyinin Hərbi X5 komanda məntəqəsində və ya AR Müdafiə Nazirliyinə tabe olan hər hansı başqa iş yerində (hərbi hissədə və sair) işləyibişləməməsi, işlədiyi halda hansı vəzifədə işləməsi və hansı məbləğdə qazancının (başqa gəlirlərinin) olması, yəni cavabdehin aldığı orta aylıq əmək haqqısının və başqa gəlirlərinin məbləği barədə geniş və ətrafı məlumat əldə etmək üçün bilavasitə elektron məhkəmə sistemi vasitəsilə həmin məlumatları əldə etməsinə və bu mümkün olmadığı halda məhkəmə tərəfindən qeyd edilən məlumatların əldə edilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə sorğu verilməsinə və Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən həmin məlumatları özündə əks etdirən arayışın əldə edilməsinə və bəhs edilən mülki işin materiallarına əlavə edilməklə həmin arayışa düzgün hüquqi qiymət verilməsinə zərurət yaranmışdır...”
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Ə Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
16. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
17. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
18. Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad;
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
20. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
21. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
24. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsi “uşaq üç yaşına çatanadək hər ay 200 manat sabit pul məbləğində vəsaitin tutulması” hissəsində mübahisələndirildiyindən həmin hissədə müzakirə edilməlidir.
28. Birinci instansiya məhkəməsi mövcud tələbi təmin etməyərək cavabdehin zəruri vəsaitə malik olması barədə sübutların məhkəməyə təqdim edilmədiyinə əsaslanmışdır.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı ərizəsində bu tələbi ilə əlaqədar maddi yardıma ehtiyacı olması barədə konkret əsaslandırmaya istinad etməsə də, Ailə Məcəlləsinin 84-cü maddəsi ər və arvadın bir-birinə maddi cəhətdən kömək etmələri üçün alimentin tutulmasını zəruri vəsaitə malik olan tərəflərin ailə və maddi vəziyyəti, eləcə də, digər diqqətəlayiq olan maraqları ilə şərtləndirmişdir.
30. Məhkəmə kollegiyasının iclasında cavabdeh bildirmişdir ki, o, Hərbi Hava Qüvvələrində hərbi qulluqçudur. Onun əmək haqqı 1200 manatdır. Döyüş növbəsində olduğu üçün əmək haqqı dəyişkən olmaqla 1300-1400 manat arasında dəyişir.
31. Cavabdehin əmək haqqısının ¼ hissəsinin 300 manatdan artıq təşkil etməsi, uşağın saxlanılması üçün ondan tutulan alimentin məbləğinin Azərbaycan Respublikasında 2024-cü il üçün uşağa münasibətdə yaşayış minimumu kimi müəyyən edilmiş 235 manat məbləğdən 65 manat artıq olması və bu məbləğin tərəflərin ailə və maddi vəziyyəti, eləcə də, digər diqqətəlayiq olan maraqları baxımından bir uşağın saxlanması üçün kifayət edən məbləğ hesab edildiyindən, kollegiya hesab edir ki, bu hissədə birinci instansiya məhkəməsinin mahiyyətcə gəldiyi nəticə əsaslıdır.
32. Kollegiya həmçinin qeyd edir ki, şəxsin saxlanması üçün alimentin tutulması məsələsi davam edən münasibətlər kateqoriyasına aid olduğundan, alimentin tutulması barədə müəyyən olunmuş miqdarının dəyişdirilməsinə və ya aliment ödəməkdən azad edilməyə əsas verən hallar mövcud olduqda tərəflərin yenidən məhkəməyə müraciət etmək hüququ istisna deyildir.
33. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)- 7367/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. MPM-in 402-ci maddəsinə əsasən kollegiya həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-7367/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.