Məhkəmə qərarları › İş №2(105)-339/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-339/2022

23.02.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-339/2022 23.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Elman Məmməd oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, cavabdehin nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" LTD MMC-yə qarşı əmək haqqı tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(012)-543/2020-008 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddianın qismən təmin edilməsi, "xxxx" MMC-dən 2019-cu ilin may ayından iyul ayınadək ödənilməmiş əmək haqqı kimi-12 593 manat 32 qəpik, ödənilməyən məzuniyyət günlərinə görə 10 947 manat 04 qəpik, ümumilikdə 23 540 manat 36 qəpik məbləğində pulun tutularaq İddiaçı verilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2078/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov - sədrlik edən və məruzəçi, Z.Məmmədov və T.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(012)- 543/2020 saylı qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul edilməklə, iddianın qismən təmin olunması, İddiaçı işdən azad olunması barədə "xxxx" MMC-nin 02 oktyabr 2020-ci il tarixli, AZT İR-1/274 saylı əmrinin ləğv edilməsi, "xxxx" MMC tərəfindən İddiaçı 02 oktyabr 2019cu il tarixinə yaranmış məcburi iş buraxmaya görə əmək haqqının və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı apelyasiya şikayətinin verilməsi üçün ödədiyi 15,40 manat dövlət rüsumunun "xxxx" MMC-dən tutularaq ona verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 23 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.Əhmədova və İ.Xəlilov) cavabdeh "xxxx" MMC-nin kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2078/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı "xxxx" MMC-yə qarşı iddia ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-dən ödənilməmiş əmək haqqı olaraq 25 648 manat və məzuniyyət haqqı olaraq 3 341 manat məbləğində pulun tutularaq ona ödənilməsi, habelə işdən çıxarılma haqqında 01.10.2019cu il tarixli əmrin ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehdən 5 aylıq hər ay 4600 manat maaş olmaqla 23 000 manat məbləğində ödənilməmiş əmək haqqı, 70 gün ödənilməmiş məzuniyyət pulu olaraq 10733 manat, 150 gün əmək müqaviləsində hər günə 45 manat cərimə tətbiq edilməklə gecikdirmə nəticəsində 6750 manat pulun tutulması, 02.10.2019-cu il tarixli işdən çıxarılma haqqında əmrin ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o,17.02.2014-cü il tarixdən "xxxx" MMC-də işləmiş, bu müddət ərzində orada satış nümayəndəsi, baş mütəxəssis, daha sonra isə məhsul satışı şöbəsinin müdiri vəzifəsində çalışmış, 07.06.2019-cu il tarixdə məzuniyyətə çıxmışdır. 18.06.2019-cu il tarixdə məhsul satışı şöbəsinin işçiləri onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq otağın qapısının plomblandığını, içəri daxil olmalarına icazə verilmədiyini bildirmişlər. Bundan sonra o, MMC-nin ofisinə gələn zaman nəzarət buraxılış məntəqəsində xidmət edən şəxs ona ofisin inzibati binasına daxil olmağına məhdudiyyət qoyulduğunu bildirmiş, onun vəzifəsini müvəqqəti icra edən Rəşad Rzayev məzuniyyət müddəti bitdikdən sonra iş yerinə qayıda biləcəyini ona izah etmişdir. 20.06.2019-cu il tarixdə könüllü olaraq işdən çıxmağı ilə bağlı ərizə ilə müraciət edərək 01.07.2019-cu il tarixdə məzuniyyətinin başa çatdığı tarixin onun işdən çıxdığı gün hesab olunmasını xahiş etmişdir. "xxxx" MMC tərəfindən ona göndərilmiş 01.07.2019-cu il tarixli məktubda vəzifəsini yerinə yetirən zaman nöqsanlar olmasına şübhələr olması əsas gətirilərək öz ərizəsi ilə işdən azad olunmağının məqbul hesab edilməməsi qeyd edilmişdir. 02.07.2019cu il tarixdən onun həmin MMC-in ofisinin inzibati binasına daxil olmağına qadağa qoyulmuş, 01.05.2019-cu il tarixdən hal-hazırkı günədək MMC tərəfindən ona aylıq əmək haqqı və 70 gün üzrə məzuniyyət haqqı ödənilməmişdir. Bununla da, MMC tərəfindən ona 23000 manat əmək haqqı və 10733 manat məzuniyyət üzrə ödəmələr, əmək haqqının gecikdirilməsi ilə bağlı 6750 manat ödənilməlidir. 01.10.2019-cu il tarixdən hal-hazırıkı günədək işdən azad olunma barədə əmrin surətini "xxxx" MMC-dən tələb etməsinə baxmayaraq, həmin əmrin surəti ona verilməmişdir. MMC-nin binasında olan zaman onun 01.10.2019-cu il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndində uyğun olaraq işdən azad olunmağı ilə bağlı şifahi məlumat verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması nəticəsində çıxarıldığından qismən ləğv olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı onun tərəfindən təqdim edilmiş sübutlardan da görünür ki, 20.06.2019-cu il tarixdə könüllü olaraq işdən çıxmaqla bağlı "xxxx" MMC-yə müraciət etmişdir. Həmin müraciətə MMC tərəfindən heç bir cavab verilmədiyi üçün 01.07.2019-cu il tarixdə iş yerinə gedən zaman mühafizəçilər inzibati binaya girişinə məhdudiyyət qoyulduğunu bildirmişlər. Bununla bağlı, yenidən ərizə ilə MMC rəhbərliyinə müraciətinə yenə də heç bir cavab verilməmiş, yalnız 31.07.2019-cu il tarixdə ona göndərilmiş məktubda "xxxx" MMC-də rəhbər və maddi məsul şəxs hesab olunduğu üçün işdən azad olunmağının məqbul hesab olunmaması qeyd edilmişdir. Abşeron Rayon Məhkəməsində aparılan araşdırma zamanı cavabdeh tərəfindən təqdim edilmiş əmrdən isə məlum olmuşdur ki, o, 31.07.2019-cu il tarixdən 31.08.2019-cu il tarixədək, habelə, 31.08.2019-cu il tarixdən 30.09.2019-cu il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin ”C” bəndinə uyğun olaraq işdən kənarlaşdırılmışdır. Abşeron Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ödənilməyən əmək haqları 2019-cu ilin may ayı üçün 4676.77 manat, 2019-cu ilin iyun ayı üçün 3442.51 manat, iyul ayı üçün isə 4474.04 manat olmaqla, ümumilikdə 12.593 manat həcmində, ödənilməyən məzuniyyət günləri isə ümumilikdə 10.947 manat həcmində hesablanmışdır. Məhkəmə tərəfindən araşdırma birtərəfli aparılaraq yalnız cavabdeh tərəfindən təqdim edilmiş sənədlər əsasında aparılmışdır. Belə ki, cavabdeh "xxxx" MMC tərəfindən təqdim edilmiş əmrlərə istinad edilərək onun işdən kənarlaşdırılmağı qənaətinə gəlinmişdir. "xxxx" MMC tərəfindən fəaliyyətinin yoxlanılmasına dair komissiya təşkil edilməsini, həmin komissiyanın rəyinə əsasən onun şirkət qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, əmək müqaviləsində nəzərdə tutulan şərtləri kobud şəkildə pozduğunu, bunun nəticəsində şirkətə əhəmiyyətli zərər vurulması göstərilmişdir. Həmçinin, cavabdeh həmin komissiya tərəfindən aparılan araşdırmaya görə onun "xxxx" MMC-nin təsisçisi olmağını, cavabdehlə kontragent münasibətinə daxil olaraq, həmin əlaqələrdən istifadə edərək "xxxx" MMC-nin maraqlarının əksinə istifadə etməyi göstərmişdir. Məhkəmə tərəfindən mübahisə üzrə araşdırma aparılan zaman cavabdehin təqdim etdiyi komissiya rəyi həqiqətə uyğun olmamış, cavabdehin maraqları naminə tərtib edilmişdir. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən onun "xxxx" MMC-nin təsisçisiolmağını təsdiq edən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən yalnız elektron mail yazışmalarından çıxarışlar sübut kimi məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş elektron mail yazışmaları hansı araşdırma ilə, eləcə də hansı üsulla məhkəmə tərəfindən sübut kimi qəbul edilməsi qeyrimüəyyəndir. Cavabdeh tərəfindən təşkil olunmuş komissiya həmin elektron yazışmaları əsasında onun guya şirkətin maraqlarına zidd olaraq fəaliyyət göstərməyilə bağlı nəticəyə gəlmişdir. Halbuki, həmin komissiya tərəfindən də elektron yazışmaların mənbəyi, onların iddiaçı tərəfindən yazılıbyazılmaması barədə heç bir araşdırma aparılmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan görünür ki, "xxxx" MMC tərəfindən təşkil olunmuş komissiya onun digər MMC-də təsisçi olmağı barədə 19.09.2019-cu il tarixdə nəticəyə gələrək rəy tərtib etmişdir. Halbuki, həmin rəy saxta olmaqla qanunvericiliyin təlbinə ziddir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, MMC 01.07.2019cu il tarixdən onun şirkətin inzibati binasına girişinə qadağa qoymuş, xidməti fəaliyyətini araşdırmaq üçün 31.07.2019- cu il tarixdə komissiya təşkil etmiş, həmin gün işdən kənarlaşdırılması barədə əmr verilmiş, 19.09.2019-cu il tarixdə isə inzibati və ya cinayət xarakterli əməl törətməyi barədə rəy tərtib edilmişdir. Belə olan halda, 31.07.2019-cu il tarixli işdən kənarlaşdırılması ilə bağlı əmrin heç bir hüquqi əsası olmamışdır. Məhkəmə baxışı zamanı cavabdeh onun kommersiya sirrini yaymağı ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq əmr verilməsini, bu zaman blanket norma kimi həmin məcəllənin “d” bəndinə uyğun qərar qəbul edilməsini bildirmişdir. Halbuki, əmək kitabçasında işdən çıxarılma əsası kimi məlum Məcəllənin 72-ci maddəsnin “c” bəndi göstərilmişdir. Cavabdeh onun kommersiya sirrinin nədən ibarət olmasını, məhz hansı kommersiya sirri hesab olunan məlumatın onun tərəfindən yayılmasını sübut edə bilməmişdir. Bundan başqa, məhkəmədə bu mübahisəyə təxminən 3 ay müddətində baxılmış və beləliklə də MPM-nin 172.2-ci maddəsinin tələbləri pozulmuşdur. Digər tərəfdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yanında X2 üçüncü şəxs qismində cəlb edilsə də, məhkəmə iclaslarının yeri və vaxtı barədə Müfəttişliyə məlumat verilməmiş, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci maddəsinin tələbləri pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edilməsini iddiaçının işdən kənarlaşdırıldıqdan sonra Cavabdeh-nin 02.10.2019-cu il tarixli əmrinə əsasən İddiaçı əmək müqaviləsinə 02.10.2019-cu il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinə (maddə 72 "c" bəndi - təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) əsasən xitam verilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni iddiaçı mübahisələndirərək, apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş, iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul etmiş, bu nəticədən narazı qalan cavabdeh kassasiya şikayəti əsasında işə baxan kassasiya instansiya məhkəməsi cavabdehin iddiaçının verdiyi iddia tələbinə etirazının mahiyyətinin ondan ibarət olduğunu vurğulayaraq qeyd etmişdir ki, iddiaçı işə götürənin mənafeyinə münasibətdə əmək funksiyasını vicdanla yerinə yetirməmiş və bu hərəkətləri ilə ona maddi zərər vurmuşdur. Qeyd edilən halların araşdırılması hazırkı mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da apelyasiya instansiyası məhkəməsi bu halları araşdırmadığını və həmin hallara hüquqi qiymət vermədiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İddiaçı qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, iddianı təmin olunmayan hissəsində mübahisələndirmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İşdən görünür ki, mübahisələndirilən hissədə iddia tələbi işdən azad olunma barədə əmrin ləğv edilməsi, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və əmək haqqının ödənilməsi barədədir. Hazırki işin mübahisə olunmayan halı ondan ibarətdir ki, Cavabdeh ilə İddiaçı arasında 17.02.2014-cü ildən əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında və kommersiya sirrinin açıqlanmamasına dair müqavilələr bağlanmaqla əmək münasibətləri yaranmış və iddiaçı mübahisəli hüquq münasibəti yaranan dövrdə "xxxx" MMC-də məhsul satışı şöbəsinin rəisi vəzifəsində çalışmışdır. İddiaçı vəzifəsini yerinə yetirən zaman nöqsanlar olmasına şübhələr yarandığından "xxxx" MMC-də 31.07.2019-cu il tarixli əmrlə onun iş fəaliyyətinin yoxlanılması məqsədilə 4 nəfərlik komissiya yaradılmışdır. Bu komissiya tərəfindən tərtib edilmiş 19.09.2019-cu il tarixli rəydə göstərilmişdir ki, İddiaçı tərəfindən "xxxx" MMC yaradılmış və həmin Cəmiyyət 15.02.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Araşdırma materiallarında olan "xxxx" MMC-nin təsis sənədlərinin surətlərindən görünür ki, İddiaçı həmin Cəmiyyətin təsisçilərinin biridir və onun nizamnamə kapitaldakı payı 50% təşkil edir. İddiaçı "xxxx" şirkətinin "xxxx" MMC ilə kontragent münasibətinə daxil olmasına nail olmuş və həmin əlaqələrdən öz mənafeyinə uyğun və birbaşa olaraq "xxxx" MMC-nin maraqlarına ziddinə istifadə etmişdir. İddiaçı fəaliyyət dövrü ərzində şirkət qarşısında götürdüyü öhdəliklərini, o cümlədən əmək müqaviləsindəki öhdəliklərini kobud şəkildə pozmuş, bununla da şirkətə əhəmiyyətli zərər vurmuşdur. Əmək müqaviləsinin şərtlərini və götürdüyü digər rəsmi öhdəliklərinin kobud şəkildə pozduğuna görə işə götürən tərəfindən Əmək Məcəlləsinin 70 və 72-ci maddələrinin tələblərinə əsasən əmək müqaviləsi ləğv edilməlidir. Komissiya bu zaman İddiaçı "intechauto.az" domenində e-mail ünvana sahib olmasına, bir sıra elektron yazışmalara istinad etmişdir. Məhkəmə kollegiyası tərəfindən işin hərtərəfli araşdırılması məqsədilə sorğular verilmiş, sorğuya cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş **********078700 № 01 fevral 2022-ci il tarixli məktuba əsasən hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən hüquqi ünvanı ünvan 1 fevral 2018-ci il tarixində dövlət qeydiyyatına alınmış və nizamnamə kapitalında İddiaçı 50% təsis payına malikdir. İş üzrə AC № 347164 Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **- JA-*** qeydiyyat nişanlı Volvo FH 4*2 T Yük markalı nəqliyyat vasitəsi Az Texnika LTD MMC-nin mülkiyyətindədir. İşdən göründüyü kimi cavabdeh İddiaçı "xxxx" MMC-də işlədiyi dövrdə "xxxx" MMC yaradaraq "xxxx" MMC-nin distribyutoru olduğu “Total Vostok” şirkəti ilə əlaqəyə girərək sonuncunun distribyutoru olmuş, "xxxx" MMC ilə eyni bazarda rəqabət təşkil edərək eyni müştərilərə eyni məhsulların satışını təşkil etmiş, bununla da cavabdeh "xxxx" MMC-yə əhəmiyyətli miqdarda ziyan vurmuşdur. Həmçinin iddiaçı "xxxx" MMC-yə məxsus **-JA-*** qeydiyyat nişanlı Volvo FH 4*2 T Yük markalı nəqliyyat vasitəsinin idarə edilməsi üçün 50% təsis payına malik olduğu "xxxx" MMC-nin adından etibarnamə vermişdir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin məcəllənin 62-ci maddəsinin 3-cü hissəsinə əsasən işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı ödənilimir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir (Əmək Məcəlləsinin 143.2 və 144.2.-ci maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 2019cu ilin may ayından iyul ayınadək olan ödənilməmiş əmək haqqı üçün 12593 manat 32 qəpik, ödənilməyən məzuniyyət günləri üçün 10947 manat 04 qəpik olmaqla ümumilikdə 23540 manat 36 qəpik iddiaçıya ödənilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir (Əmək Məcəlləsinin 172.5-ci maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işdən kənarlaşdırılması onun fəaliyyətinin yoxlanılması ilə bağlı olduğundan, bununlada əmək haqqının ödənilməsinin gecikdirilməsi cavabdehin təqsiri üzündən baş vermədiyindən, iddia tələbini bu hissədə də təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “ç” bəndlərinin məzmununa görə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək və işəgötürənə vurduğu maddi zərərə görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindən biridir. İşçinin əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürənə əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək qismində intizam tənbehlərindən birini vermək huququnu təsbit edir (Əmək Məcəlləsinin 186.2-ci maddəsi). Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçı işdən çıxması barədə ərizə vermiş olsa da, barəsində aparılmış audit yoxlamasının nəticələrinə görə əmək fəaliyyətində əhəmiyyətli zərərə səbəb olan nöqsanlar olmasına əsaslı şübhələr olduğundan onun öz xahişi ilə işdən azad olunmasının qəbul edilməməsi və Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması barədə işəgötürənin 02.10.2019-cu il tarixli əmrinin ləğv edilməməsi barədə iddia tələbini rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar