Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-339/2024 26.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borc pul tələbi- sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 İddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh, onun nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı pul və dəymiş maddi ziyan tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(060)- 2390/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4124/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçılar İddiaçı2, X1 və İddiaçı1 Cavabdeh qarşı pul tələbi təmin edilməmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-194/2023 saylı, xx.xx.2023 saylı qərardadından görünür ki, həmin qərardadla Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4124/2022 saylı, xx.xx.2022-ci tarixli qətnaməsi tamamilə ləğv edilmiş, iddiaçılar İddiaçı2, X1 və İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı pul və dəymiş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı2 olan 70000 manat məbləğində borcun və həmin pula görə köçürdüyü 355 manat dövlət rüsumunun, Cavabdeh İddiaçı1 olan 6000 manat məbləğində borcun və həmin pula görə köçürdüyü 80 manat dövlət rüsumunun alınaraq qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı Rəhiməni xeyli müddətdir ki, tanıyırlar. O, 2019-cu ilin noyabr- dekabr aylarında müraciət edərək pul lazım olduğunu bildirmiş və o, da 2021-ci ilin mart ayına kimi cavabdehə hissə-hissə olmaqla ümumilikdə 70000 (yetmiş min) manat məbləğində borc pul vermiş, lakin sonradan həmin pulları ona qaytarmamışdır. Onu da qeyd edir ki, vermiş olduğu pulların 37000 (otuz yeddi min) manat pulu onun şəxsən öz pulu olmuş, 19000 (on doqquz min) manatı tanışı Fəxriyyə Orucovadan, 14000 (on dörd min) manatını isə tanışı İddiaçı1 almaqla cavabdehə vermiş və ümumilikdə cavabdehin borcu 70000 (yetmiş min) manat təşkil etmişdir ki, bu puldan ona bir manat da olsun ödəniş etməmişdir. Qeyd edilən pulların cavabdehə verilməsini təsdiqləyən şahidləri və sübutları da vardır, bundan başqa həmin pulların 19000 manatını və 14000 manatını o, cavabdehə həmin pulları almış olduğu şəxslərin - İddiaçı1 və F.Orucovanın
yanında vermişdir. O. cavabdehin onu aldatdığını və aldığı pulları ona qaytarmadığını gördükdə onun barəsində polisə şikayət etmiş və araşdırma zamanı cavabdeh ondan qeyd edilən məbləğdə pulu almasını etiraf etmişdir. O, cavabdehə 19000 manat məbləğində pulu alaraq verdiyi F.Orucova və 14000 manat pulu alıb verdiyi İddiaçı1 birlikdə cavabdehə qarşı məhkəmədə pul tələbinə dair iddia qaldırmış və həmin iddia tələbində 70000 manat məbləğində pulun alınaraq qaytarılmasını iddia etmiş, lakin AR Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-194/2023 saylı qərardadı ilə həmin iddia tələbi baxılmamış saxlanılmış və yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Adları qeyd edilən şəxslərdən- İddiaçı1 və F.Orucovadan pulu alaraq onların iştirakı ilə cavabdehə o, vermiş və cavabdeh də 70000 manat məbləğində ona borclu olduğunu etiraf etmişdir, buna görə də cavabdehə vermiş olduğu 70000 manat məbləğində pulun alınaraq ona qaytarılmasını xahiş edir. Cavabdehdə olan və İddiaçı2 ondan alaraq verdiyi 70000 manata daxil olan 14000 manat pulunun qaytarılmasını tələb etdikdə cavabdeh ondan xahiş etmişdir ki, onu lotoreyaya salsın, lotoreyanı götürüb borcunu qaytaracaq və özü də lotoreyanı ödəyəcəkdir. O da cavabdehə inanaraq cavabdehi lotoreyaya salmış və cavabdeh lotoreyadan 6000 manat pulu götürsə də borcu ödəməmişdir. Nəticədə 6000 manat lotoreyanı da o, qaytarmaq məcburiyyətində qalmış, cavabdehin yerinə ödənişlər etmişdir, bu pul vəsaiti də cavabdehdən alınaraq ona qaytarılmalıdır. İddiaçılar qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.
5. Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(060)- 2390/2023 nömrəli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddia təmin edilməmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdehə ümumilikdə 76000 manat məbləğində borc verdiklərini əsaslı şübhədənkənar mötəbər sübutlarla sübut edə bilməmişlər. Belə ki, iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar (səs yazıları, izahat ərizələri və s.) cavabdeh tərəfindən iddiaçılardan mübahisəli məbləğdə borc götürülməsi nəticəsinə gəlməyə əsas vermir. Məhkəmə eyni zamanda qeyd edib ki, İddiaçı2 iddia ərizəsində borcun 37000 manat hissəsinin özünə məxsus olduğunu bildirsə də, məhkəmə iclasında verdiyi izahatında həmin pulun bibisinə məxsus olduğunu bildirmişdir. İddiaçı iddia tələbinin əsasını təşkil edən pul məbləğinin qalan hissələrdə başqa şəxslərə məxsus olduğunu isə həm iddia ərizəsində qeyd etmiş, həm də məhkəmə iclasında bildirmişdir. Beləliklə məhkəmə hesab edib ki, İddiaçı2 ziddiyyətli izahatlar verməklə ilk növbədə cavabdehdən tələb etdiyi pulun hansı hissədə özünə məxsus olduğunu, nəticədə cavabdehdən həmin pul məbləğinin (və ya bir hissəsinin) tutulması barədə tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olduğunu da sübuta yetirə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edib ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı pul və dəymiş maddi ziyan tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.2.1, 739.1 və 739.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1. 14.2, 77.1, 77.3, 78.2, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən narazı qalan İddiaçı1 apellyasiya şikayəti vermiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3290/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması və onun Cavabdeh qarşı 6000 (aliı min)manat məbləğində borcun və 80 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Məhkəmə işin faktiki hallarını tam araşdırmamış, nəticədə onun hüquqlarının pozulmasına səbəb olan əsassız qətnamə qəbul etmişdir. İddia ərizəsində qeyd olunanlarla bağlı cavabdeh barəsində polisə şikayət edilmiş və araşdırma zamanı polisdə vermiş olduğu izahatında cavabdeh 70000 manat məbləğdə pul almasını etiraf etmişdir. Bundan sonra iddiaçılar cavabdehə qarşı məhkəmədə pul tələbinə dair iddia qaldırmış və həmin iddia tələbində 70000 manat məbləğində pulun alınaraq qaytarılmasını xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-194/2023 saylı qərardadı ilə həmin iddia tələbi baxılmamış saxlanılmış və yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Cavabdehə həmin pullar bir çox şəxsin, o cümlədən onun iştirakı ilə verilmiş, həmin pullar verildikdən sonra dəfələrlə cavabdehlə görüşmüş və o da pulu aldığını etiraf etmişdir. Məhkəməyə təqdim olunmuş disk yazısında da o borclu olduğunu demiş və məhkəmə prosesində həmin səs yazısının lotoreya ilə bağlı olduğunu bildirsə də, məhkəmə iddia tələbini təmin etməmişdir. Halbuki cavabdeh lotoreya ilə bağlı borcunun olduğunu məhkəmədə etiraf etmişdir. Göründüyü kimi işə baxan məhkəmə təqdim edilən sübutları və faktları nəzərə almayaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə İddiaçı2 cavabdehə vermiş olduğu pulları başqa şəxslərdən aldığını qeyd etməklə onun həmin pulları cavabdehdən tələb etməsinə subyektiv hüququnun olmadığını qeyd etmişdir. Halbuki həmin tələb olunan 70000 manat pulun tərkibinə daxil edilən 14000 manat pulu verərkən İddiaçı2 bildirmişdir ki,onun həmin pulu kimə verməsindən asılı olmayaraq o, pulu ondan tələb edəcəyəkdir. Hazırda həmin məbləği iddiaçıdan tələb edir, lakin pul cavabdehə onun yanında verildiyindən, cavabdeh tərəfindən iddiaçıya qaytarıldıqdan sonra pulunu tələb edəcəkdir. Cavabdeh məhkəmə prosesində təqdim edilmiş audio yazılardakı səslərin ona məxsusluğunu etiraf etmiş və həmin söhbətlərin lotoreya ilə bağlı aparıldığını bildirmişdir. Bu danışıqlarla da cavabdehin iddiaçılardan pul aldığı tam təsdiq edilir. Lakin işə baxan məhkəmə birtərəfli araşdırma aparmaqla, iddianın rədd edilməsi ilə nəticələnən əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
10. Qətnamədən narazı qalan İddiaçı2 apellyasiya şikayəti vermiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3290/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması və Cavabdeh iddia ərizəsi üçün ödənilmiş 355 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti digər cavabdehin apellyasiya şikayəti ilə analoji məzmunda tərtib olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. İddia tələbi kifayət qədər əsaslı olduğu və sübutlarla təsdiq olunduğu halda işə baxan məhkəmə iddianın rədd edilməsi barədə qanunsuz qətnamə qəbul etmişdir. İddia ərizəsində adları qeyd edilən şəxslərdən İddiaçı1 və F.Orucovadan pulu alaraq onların iştirakı ilə cavabdehə şəxsən vermiş və cavabdeh də 70000 manat məbləğində borclu olduğunu etiraf etmişdir. Cavabdehin borclu olması həm polisdəki araşdırma zamanı, həm də məhkəmə iclasında verdiyi izahatında etiraf edilsə də, məhkəmə qeyri-obyektiv yanaşma göstərmiş, heç bir əsaslanma aparılmadan iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Qətnamə qanunsuz və əsassız olduğundan apellyasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməlidir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, işə baxan məhkəmə iş üzrə kifayət qədər araşdırma aparmamış, təqdim edilən sübutlara düzgün qiymət verməmişdir. İşin mahiyyəti ondan ibarətdir ki, onların Fəxriyyə adlı tanışı hazırkı iş üzrə cavabdehə pul lazım olduğunu bildirmiş və əgər ona borc pul verilərsə, sonradan cavabdehin bir qədər artıq məbləğdə olmaqla borcunu qaytarcağını bildirmişdir. O da razılaşmış və bir dəfə 10 min manat daha sonra 14 min manat olmaqla iki dəfə Fəxiyyənin evində Rəhiməyə pul vermiş, o da öz növbəsində pulu cavabdehə vermişdir. Bu halı təsdiq edən şahid ifadələri, tərəflər arasında keçən telefon danışıqlarının əks etdirən cd disk və ən əsası mövcud borcu cavabdehin etiraf etməsi barədə polis bölməsində verdiyi izahat olduğu halda məhkəmə iddianı sübut yetərsizliyi əsası ilə rədd etmişdir. Məhkəmənin mövqeyi əsassız və qərəzlidir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasında iştirak etmiş İddiaçı2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh onun qardaşının keçmiş qaynanasıdır. Mübahisəli məbləği cavabdeh ondan borc istəyərkən yaxın qohumunun ağır xəstəliyi və daha sonra oğlunun probləmləri ilə əlaqələndirmişdir. O da, uzunmüddətli qohumluq münasibətini nəzərə almış, öz bibisindən 37000 min manat borc almaqla, həmçinin tanışları, Xətai və Fəxriyyədən iddia ərizəsində qeyd olunan məbləğdə borc almaqla, Fəxiyyənin evində cavabdehə vermişdir. Lakin cavabdeh aldığı borcu bugünədək qaytarmamış, onun etibarından sui-istifadə etmişdir. İddia tələbi kifayət qədər əsaslı olsa da, məhkəmə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən işin hallarına düzgün qiymət verilməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh Dəryaqulu qızı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, onun iddiaçılara heç bir borcu yoxdur. İddiaçı1 ümumiyyətlə tanımır. İddiaçı2 qeyd etdikləri həqiqəti əks etdirmir. Onunla arasında yalnız lotoreya oyunundan yığılası pul məbləğinin verilməsi ilə bağlı söhbət olmuşdur. İddiaçının ona qeyd olunan məbləğdə pul verməsi barədə izahatı həqiqətdən uzaqdır. Polisdə verilən izahat isə onun xətti ilə yazılmamışdır. O polis bölməsinə iddiaçıların şikayəti əsasında getmiş, və orada səhhəti pisləşmişdir. Onun qol çəkdiyi izahat onun sözləri ilə yazılmamışdır. Bütün bunlar iddiaçıların planlarıdır. Onlar əsassız şəkildə ondan pul tələb edirlər. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.
16. Məhkəmə iclasında iştirak edən Cavabdeh Dəryaqulu qızının nümayəndəsi və vəkili Ziya Bağırov apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddia tələbi kimi apellyasiya şikayətinin heç bir əsası yoxdur. Hazırkı mübahisə üzrə daha öncə qəbul edilmiş məhkəmə aktları mövcuddur. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4124/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2, X1 və İddiaçı1 Cavabdeh qarşı pul tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 194/2023 saylı, xx.xx.2023 saylı qərardadına əsasən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4124/2022 saylı, xx.xx.2022-ci tarixli qətnaməsi tamamilə ləğv edilmiş, iddiaçılar İddiaçı2, X1 və İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Hazırkı mübahisə üzrə də əslində iddianın əsasları və epizodlar analoji məzmunda tərtib edilmiş, sadəcə iddiaçılar və tələb edilən məbləğdə müəyyən fərqlər mövcuddur. Cavabdeh bildirir ki, o İddiaçı1 ümumiyyətlə tanımır. Digər İddiaçı2 ilə aralarında yalnız lotoreya oyunundan yığılası pul məbləğinin verilməsi ilə bağlı söhbət olmuşdur. İddiaçı tərəfin məhkəmə təqdim etdiyi cd diskdəki səs yazıları da bu halı təsdiq edir. Cavabdeh iddiaçılara heç bir borcunun olmamasını bildirir. İddia ərizəsi, tərəflərin izahatları habelə daha öncə istinad olunan məhkəmə aktlarının aid olduğu iddia ərizəsində qeyd edilən hallar arasında ziddiyətli məqamlar mövcuddur. Bütün bunlar iddia tələbinin formal mülahizələrdən ibarət olmasını göstərir. Borc məbləğlərini iddia ərizəsində qeyd edilən hallara uyğun təhlil etdikdə hazırkı iddiada cavabdehdən əlavə sələm olaraq pulun tələb edildiyi görsənir. Lakin hər hansı məbləğdə borcun verilməsini təsdiq edəcək heç bir sübut işdə mövcud deyildir. Göstərilənlərə əsasən nümayəndə sonda apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;
Maddə 14.2.1.Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Madə 739.1. (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada ) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MMin 740-cı maddəsi).
18. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Maddə 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətlərindən görünür ki, apellyatorlar Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3290/2023 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişlər.
20. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. İddia tələbinin mahiyyətindən və ifadə tərzindən görünür ki, iddiaçıların tələbi “borc verdikləri” pulun cavabdehdən alınması barədədir.
23. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya ilk növbədə qeyd edir ki, yalnız iddia tələbində qeyd olunan əsaslarla iddia irəli sürüldükdə həmin tələblərin birmənalı olaraq təmin olunması anlamına gəlinə bilməz. Həmin iddiaların təmin olunması üçün ilk növbədə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
24. Nəzərə alınmalıdır ki, əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
25. Mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədən kənar olmaqla iki növdə olur. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.
26. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir
27. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Hazırki iddia tələbinin həlli sübutetmə ilə əlaqəli olmuş və birinci instansiya məhkəməsi bununla bağlı maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir.
28. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
29. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşan apellyasiya kollegiyası qeyd edir ki, qeyd olunan iddia tələbi iddiaçının formal mülahizələrindən, yalnız iddia ərizəsində qeyd olunan fikirlərdən ibarət olmaqla, iddianın əsası heç bir mötəbər və tutarlı sübutla təsdiq olunmamışdır.
30. Tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası ımübahisənin obyektiv və qanuni həllinin əldə edilməsi üçün hərtərəfli araşdırmanı təmin etmiş, tərəflərin çəkişmə prinsipinə uyğun şəkildə izahatlarını almış, təqdim edilən səs yazılarını dərindən öyrənməyə çalışmışdır.
31. Araşdırılan işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçılardan İddiaçı2 ilə Cavabdeh arasında qohumluq əlaqələri mövcud olmuşdur. Belə ki, cavabdeh iddiaçının qardaşının qayınanasıdır.
32. İddiaçı bildirir ki, cavabdeh ona vacib pul lazım olmasını bildirmiş, o da qohumluq əlaqələrini nəzərə alaraq, öz bibisindən 37 000 manat borc alaraq, həmçinin digər İddiaçı1 10 000 manat, bir dəfə 14 000 manat da sonradan almaqla cavabdehə pul verilmişdir. Digər İddiaçı1 da izahatı təxminən analoji məzmunda olmuşdur.
33. İddia tələbinin dəlillərindən görünür ki, tələb edilən pulun bir hissəsini İddiaçı1, qalan hissəsi isə İddiaçı2 tərəfindən üçüncü şəxsdən borc alınmaqla, nəhayət 9 min manat məbləğində pul isə Fəxriyyə adlı şəxsə məxsus olmaqla qısa müddətli zaman kəsimində cavabdehə verildiyi iddia edilir.
34. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, istinad olunan məbləğlərin cavabdehə verilməsinə dair hər hansı qəbz, yazılı iltizam, və s olmadığı kimi, iddia tələbi özlüyündə mürəkkəb şəkildə tərtib olunmaqla konkret olaraq tələblər anlaşılan və əsaslı deyildir.
35. Hər şeydən öncə kollegiya iddia tələbinin məhz hazırkı iki nəfər iddiaçı tərəfindən birgə qaldırılması məsələsini aydınlaşdıraraq qeyd edir ki, iddiaçıların oxşar məzmunlu izahatlarına görə cavabdehdən tutulması tələb olunan 70 min manat məbləğin 24 mini İddiaçı1 tərəfindən, digər 37 mini isə İddiaçı2 tərəfindən cavabdehə verilmişdir. Belə olan halda birgə tələb edilən məbləğ 61 min manat təşkil edir. Digər 9 min manat məbləğində pulu Fəxriyyə adlı ortaq tanışlarının verdiklərini iddia edən iddiaçıların üçüncü şəxs tərəfindən verilən borc məbləğini cavabdehdən tələb etməyə subyektiv hüquqları yoxdur.
36. Kollegiya qeyd edir ki, iddia ərizəsində qeyd edilən pul məbləğinin iddiaçı tərəfindən cavabdehə verilib-verilmədiyi müəyyən edilmədən, həmin hissədə tələb aydınlaşdırılmadan iddiaçının formal mülahizələrinə əsasən iddianın təmin edilməsi qəbul edilmiş məhkəmə aktının əsaslılığını və ədalətliliyini şübhə altına ala bilər. Apellyasiya icraatı zamanı da tərəflər aqressiv davranmaqla, yalnız özlərinin mənafeyindən çıxış etmiş və hər biri özünün haqlı olmasını bəyan etmişdir.
37. Kollegiya məsələnin həllinə göstərilən kontekstdən yanaşaraq, iddiaçı tərəfin təqdim etdiyi “CD” diskə tərəflərin iştirakı dinləmə keçirməklə əlaqəli şəkildə müqayisəli təhlilini aparmışdır. Dinlənilmə zamanı hər iki tərəf audeo-səs yazılarının onlara məxsus olmasını bildirmişdir.
38. Kollegiya qeyd edir ki, iddiaçı tərəfin israrla istinad etdiyi “CD” disklərə qulaq asılan və oradakı danışıqlar tərəflərin iştirakı ilə təhlil edilən zaman, nə “CD” diskdəki səs yazılarından, nə də ki cavabdehin izahatından yuxarıda istinad olunan borc münasibətinin detalları aşkara çıxmamışdır. Belə ki, mövcud səs yazmalardakı danışıqların iş üzrə tərəflərə (İddiaçı2 və Cavabdeh) aid olması sonuncular tərəfindən mübahisələndirilməsə də, həmin səs yazılarda konkret şəkildə cavabdehin məbləği müəyyən edilən borc öhdəliyini qəbul etməsi halı mövcud deyildir. Digər tərəfdən səs yazılarda iddiaçı tərəf borc verdiyi pulu tələb etsə də, cavabdehin hər hansı borc məbləğini konkret olaraq qəbul etməsi, yaxud borcu qaytarmaq niyyətində olmasını təsdiq edən ifadələr müəyyən edilmir.
39. İddia tələbinin rədd edilməsi barədə işə baxan məhkəmənin mövqeyini işin faktiki hallarına uyğun hesab edən kollegiya qeyd edir ki, hazırkı mübahisənin əsl mahiyyətini açmağa imkan verən hər hansı əsaslı dəlil mövcud deyildir. İş üzrə tərəflərin məhkəmə iclasında verdikləri izahatlar, uyğun olaraq “CD” diskdəki və polis bölməsində verilən izahatlar arasında kəskin ziddiyyətli məqamlar mövcuddur ki, həmin hallar qeyd olunan iddia tələbinin təmin edilməsini istisna edir.
39. İddia tələbinin təsdiqedici sübutu kimi təqdim edilən cavabdehin Sumqayıt şəhər 3 saylı Polis Bölməsində verdiyi izahata gəldikdə isə kollegiya qeyd edir ki, Cavabdeh Dəryaqulu qızının izahatında onun İddiaçı2 Dəryaqulu qızından 2019-cu ildə hissə-hissə olmaqla 70 min manat pulu faizlə qaytarılması şərtilə aldığı və pulu qaytardığı, hazırda İddiaçı2 heç bir borcunun olmaması bildirilmişdir. Bundan başqa məhkəmə iclasında cavabdeh tərəf qeyd olunan izahatın mötəbərliyini şübhə altına salacaq ifadələr işlətmiş, izahatın onun əlyazması olmadığı, habelə səhhətinin pisləşməsi zamanı formal şəkildə tərtib olunaraq ona imzaladılmasını qeyd etmişdir. Kollegiya bu hissədə qeyd edir ki, polis bölməsində tərəflərin verdikləri izahatlar arasında uzlaşma, biri-digərini məntiqi baxımdan tamamlayan rabitəli hallar müəyyən edilmədiyindən, cavabdehin də izahatı “borcun etirafı” kimi qəbul edilə bilməz.
41. Həmçinin Sumqayıt Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edən hazırkı iş üzrə İddiaçı2 ərizəsində Cavabdeh Dəryaqulu qızına borc verilən pul məbləğləri, habelə həmin pulun kimlərdən alınmaqla verilməsi ilə bağlı fərqli məqamlar qeyd olunmuşdur ki, bunlardan ən diqqətçəkəni, birgə iddiaçı olan İddiaçı1 adı həmin ərizədə qeyd olunmamışdır.
42. Bundan başqa məhkəmə iclasında İddiaçı1 izahatında bildirdi ki, cavabdehə verilən pulun qaytarılması üçün İddiaçı2 özünə məxsus birotaqlı mənzilini satmış və pulu İddiaçı1 borcun bir hissəsinin qaytarılması məqsədi ilə vermişdir.
43. Sadalananları ümumiləşdirərək kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçılar iddia tələbinin əsasını qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirməmişlər.
44. Yuxarıda göstərilən normaların tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
45. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
46. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir
47. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı yekunlaşdıran kollegiya bildirir ki, iddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin işi obyektiv araşdırmamasına istinad etsə də, bu dəlilləri təsdiq edən sübutları əsaslandırmamış, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində sadalanan dəlillər mülahizə xarakterli olmaqla, formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3290/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.