Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-343/2022 19.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(060)-283/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(060)-283/2021 saylı qətnaməsi ilə (hakim Ə.Q.Ələkbərov) İddiaçı Cavabdeh2 qarşı pul tələbinə iddiası təmin edilib, Cavabdeh2 10.000 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(060)-283/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10.000 manat borcun, 1000 manat mənəvi ziyana görə pulun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, **-BS-*** dövlət nömrə nişanlı “Mercedes Benz C220” markalı avtomaşının mülkiyyətçisi Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi cavabdeh X2 tərəfindən 03 mart 2020-ci il tarixli etibarnaməyə əsasən ona satılmışdır. Cavabdehlərə avtomaşının dəyəri olaraq 10000 manat pulu tam ödəmişdir. **-BS-*** dövlət nömrə nişanlı “Mercedes Benz C220” markalı avtomaşın karantin rejimi qaydaları tətbiq olunduğu vaxt nəqliyyat vasitəsinin idarə olunmasına lazımi icazənin olmaması səbəbindən polis əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilmişdir. Cavabdehlər tərəfindən ona verilmiş 03.03.2020-ci il tarixli etibarnamə ləğv edilmiş və **-BS-*** dövlət nömrə nişanlı “Mercedes Benz C220” markalı avtomaşın cərimə meydançasından götürülərək aparmış, onlara ödənilmiş 10.000 manat məbləğində pulu geri qaytarmamışlar. Cavabdehlər ona qarşı məqsədli şəkildə dələduzluq edərək onun pullarını ələ keçirmişdir. Cavabdehlərin əməlləri barədə onun tərəfindən Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət edilmiş, lakin işin mülki xarakterli olması baxımından aidiyyəti orqanlara müraciət edilməsi tövsiyə edilmişdir. İddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək Cavabdeh2 10.000 manat borcun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh2 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Sumqayıt Şəhər Məhkəməsi 10 iyun 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, işin halları ondan ibarətdir ki, iddiaçı ilə aralarında etibarnamə əsasında alqı-satqı olmuş və avtomobili satması müqabilində iddiaçıdan 10.000 (on min) manat məbləğində pul almışdır. Etibarnamə verərkən alqı-satqının həyata keçrilməsini istəmiş, iddiaçı etiraz olaraq sonra edəcəyini bildirmiş və hətta verilən məbləğdən 300 manat ona qaytararaq qısa vaxt ərizində həyata keçirməsini xahiş etmişdir. Sonradan ondan aldığı avtomobili etibarnamə ilə başqa şəxsə satmışdır. Belə olan halda o, iddiaçıya pul qaytarmamalı, ona heç bir borcu yoxdur. Birinci instansiya məhkəməsi məhkəmə iclaslarında iştirakını təmin etməmiş, poçt vasitəsi ilə ona bildiriş göndərilməmiş və məhkəmədə barəsində mülki işin olması ilə bağlı heç bir məlumatı olmamışdır. Bundan əlavə birinci instansiya məhkəməsi iddia ərizəsini icraatına qəbul edərkən cavabdehlərin qeydiyyat ünvanına nəzər salmalı və bu əsala mülki işə baxa bilərdi. Belə ki, cavabdhlərdən biri Bakı şəhəri Nərimanov rayonuna, digəri isə Laçın rayonu, Güləbird kəndinə qeydiyyatdadırlar. Sumqayıt şəhərində qeydiyyatda olmalarına dair heç bir sənəd və sübut iş materiallarında öz əksini tapmamış və belə olan halda məhkəmənin iddia tələbini icraatına qəbul etməklə ərazi aidiyyatı pozulmuşdur. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh2 **-BS-*** dövlət nömrə nişanlı “Mercedes Benz C220” markalı avtomaşını İddiaçı 10.000 (on min) manata satmışdır və o, iltizamnaməyə qol çəkmişdir. AD 718824 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-BS-*** dövlət nömrə nişanlı Mercedes Benz C200 minik markalı maşının sahibi Cavabdeh1dur. Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, **-BS-*** dövlət nömrə nişanlı Mercedes Benz C200 minik markalı maşın Cavabdeh2 tərəfindən İddiaçı etibar edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin 03.06.2020-ci il tarixli 061-9983Q-3220 nömrəli məktubundan görünür ki, işin mülki xarakterli olması baxımından İddiaçı aidiyyəti orqanlara müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddia ərizəsinin təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi hesab etmişdir ki, **-BS-*** dövlət nömrə nişanlı “Mercedes Benz C220” markalı avtomaşınla bağlı cavabdeh X2 tərəfindən iddiaçıya 03 mart 2020-ci il tarixli etibarnamə verilmiş və sonuncu maşının dəyəri olaraq 10.000 manat pulu ona ödəmişdir. Cavabdeh X2 bu barədə iltizamnaməyə qol çəkmiş, **-BS-*** dövlət nömrə nişanlı “Mercedes Benz C220” markalı avtomaşın karantin rejimi qaydaları tətbiq olunduğu vaxt nəqliyyat vasitəsinin idarə olunmasına lazımi icazənin olmaması səbəbindən polis əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilmiş, sonradan cavabdeh tərəfindən ona verilmiş 03.03.2020-ci il tarixli etibarnamə ləğv edilmiş və **-BS-*** dövlət nömrə nişanlı rejimli “Mercedes Benz C220” markalı avtomaşın cərimə meydançasından götürülərək aparılmışdır. Cavabdeh ona ödənilmiş 10.000 manat məbləğində pul vəsaitini geri qaytarmamışdır. Bundan əlavə iş materialları ilə müəyyən olur ki, iddia tələbi ilk olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yönəlmişdir. Cavabdeh1 qeydiyyatda olduğu ünvan ünvan 1kası MPM-nin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Qanunvericiliyin tələbinə əsasən iddia ərizəsi düzgün olaraq icraata qəbul olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Bu səbəbdən də cavabdehin apellyasiya şikayətinin aiddiyyat qaydalarının pozulması barədə dəlili əsassızdır. Bundan başqa iş materiallarına əlavə edilmiş 12 saylı Mənzil Kommunal İstehsalat Birliyinin 07 iyun 2021-ci il tarixli, 692 saylı arayışı ilə müəyyən olur ki, Cavabdeh2 Laçın rayonundan məcburi köçkündür, Sumqayıt şəhəri, 41a saylı məhəllə, ev 4a, mənzil 49-da məskunlaşmışdır. İş materiallarının 67-ci səhifəsində olan bildirişdən görünür ki 10 iyun 2021-ci il tarixə saat 12:30-a təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 ünvanına poçt vasitəsi ilə bildirş göndərilmişdir. Poçt göndərişinin xəbərnaməsindən görünür ki, Cavabdeh2 göndərilmiş məhkəmə bildirişi 31 may 2021-ci il tarixdə «anası Məmmədova» qeydi aparmış şəxs tərəfindən qəbul edilmişdir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İş materiallarının 68-ci səhifəsində olan sms bildirişdən görünür ki, Cavabdeh2 istifadəsində olan mobil telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsi üçün ona sms göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin “Birinci instansiya məhkəməsi məhkəmə iclaslarında onun iştirakını təmin etməmiş, poçt vasitəsi ilə ona bildiriş göndərilməmiş və məhkəmədə barəsində mülki işin olması ilə bağlı heç bir məlumatı olmamışdır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdeh2 verdiyi apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(060)-283/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-343/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-343/2022
19.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver