Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3461/2021 09.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN Q Ə TNAMƏ SUMQAYİT APELLYASİYA MƏHKƏMƏSİ 09.12.2021-ci il İŞ № 2(105)-3461/2021 Sumqayıt şəhəri Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında Zəngilan Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(034)-428/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Zəngilan Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(034)-428/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Gülsarə İmanova) İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(034)-88/2011 saylı qətnaməsi ilə təyin olunmuş, 23.06.2006-cı il təvəllüdlü X4, 23.02.2010-cu il təvəllüdlü X5 və 23.02.2010-cu il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarının azaldılaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat məbləğində müəyyən edilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Zəngilan Rayon Məhkəməsinin 2(034)-88/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh xeyrinə tutulmuş alimentin miqdarının azaldılması, ondan Cavabdeh xeyrinə üç uşağın saxlanması üçün hər bir uşağa 100 manat, cəmi 300 manat miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 09.11.2004-cü ildə rəsmi nikah bağlayaraq ailə qurmuş, birgə nikahlarından 23.06.2006-cı il tarixdə X7, 23.02.2010-cu il tarixdə X8 və 23.02.2010-cu il tarixdə X9 anadan olmuşlar. Zəngilan Rayon Məhkəməsinin 2(034)- 88/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə onun arasında olan 08.11.2005-ci il tarixdə Zəngilan rayonu VVADQ şöbəsində bağlanmış nikah pozulmuş, 23.06.2006-cı il təvəllüdlü X7, 23.02.2010-cu il təvəllüdlü X8 və 23.02.2010-cu il təvəllüdlü X9 anaları Cavabdeh himayəsində saxlanılmış və ondan 23.06.2006-cı il təvəllüdlü X4, 23.02.2010-cu il təvəllüdlü X5 və 23.02.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 02 noyabr 2020-ci il tarixindən başlayaraq hər ay hər uşaq üçün 134 manat olmaqla, cəmi 402 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulmuşdur. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında texnik işləyir və 380 manat əmək haqqı alır. Həmçinin 1 qrup əlildir, 220 manat pensiya, 100 manat Prezident təqaüdü alır. Bundan başqa, o, “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətindən əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq 423 manat pul alırdı, lakin hazırda həmin pul kəsilmişdir və o, həmin pulu artıq almır. Bu barədə hesabdan çıxarış da almışdır. Hazırda onun aldığı məbləğ cəmi 700 manatdır. Cavabdeh isə Zəngilan şəhərciyində yerləşən Şəfəq körpələr evində rəsmi olaraq müəllimə işləyir, 355 manat əmək haqqı alır və bundan başqa, məcburi köçkünlər üçün yemək xərci uşaqlarla birlikdə 240 manat təşkil edir. Beləliklə, cavabdehin gəliri 595 manatdır. Həmçinin məhkəmənin qətnaməsi ilə də 402 manat aliment kəsilmişdir və bunlar birlikdə 997 manat təşkil edir. Onun isə 700 manatdan aliment çıxıldıqdan sonra cəmi 300 manat pulu qalır və həmin pul da heç onun müalicəsinə kifayət etmir. O, 1-ci qrup əlil olduğu üçün işləyə bilmir, 400 manat aliment verməsi çox çətindir. O, hər uşağa 100 manat olmaqla, cəmi 300 manat verməyə razıdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Qərarın 1.1-ci bəndinə əsasən zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. İddiaçının təqsirkar işəgötürənlə aralarında olan ödənclərlə bağlı hər hansı mübahisənin yaranması, atalıq vəzifəsini icra etməkdən kənarlaşdırmır. Bu halda iddiaçı işəgötürənlə aralarında olan əmək xəsarəti ilə bağlı ödənclərin verilməsinə dair məhkəmə müstəvisində mübahisə aça bilər. Lakin iddiaçı “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətinə müraciət edərək, ödənilən aylıq 423 AZN-dən qəsdən imtina etmişdir ki, məhkəmədə öz məqsədinə çataraq, qətnamə qəbul olunandan sonra yenidən qeyd olunan ödənci ala bilsin. Məhkəmə nəzərə almamışdır ki, o, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində Şəfəq körpələr evi-uşaq bağçasında tərbiyəçi vəzifəsində çalışır, əmək haqqı 338 manat təşkil edir. İddiaçının aliment məbləğinin 400 manatdan 300 manata salması ilə bağlı iddiası onun, xüsusən də üç azyaşlı körpənin yaşayışını mühüm şəkildə pisləşdirəcəkdir. Həmçinin iddiaçı halhazıradək 1112 manata yaxın alimenti ödəməmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv olunması və iddianın təmin olunmaması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv olunması və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(034)-88/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşaqların ananın himayəsində qalması və aliment tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 08.11.2005-ci il tarixdə Zəngilan rayonu VVADQ şöbəsində bağlanmış nikahın pozulması və akt qeydləri kitabında 243 saylı nikah qeydinin ləğv edilməsi, 23.06.2006-cı il təvəllüdlü X7, 23.02.2010-cu il təvəllüdlü X8 və 23.02.2010-cu il təvəllüdlü X6 anaları Cavabdeh himayəsində saxlanılmaları, cavabdeh İddiaçı 23.06.2006-cı il təvəllüdlü X7, 23.02.2010cu il təvəllüdlü X8 və 23.02.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 02 noyabr 2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 134 manat olmaqla, cəmi 402 manat sabit pul məbləğində alimentin iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 148 saylı, 06.07.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı karta köçürülən əmək haqqı 379,81 manat təşkil edir. İş materiallarında olan “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətinin 22.06.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı hazırda “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətində əmək münasibətində deyildir və əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq 423 manat miqdarında ödənc cari ilin may ayında İddiaçı müraciəti əsasında cəmiyyət sədrinin göstərişi ilə dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzinin 05 iyul 2021-ci il tarixli, **********4 saylı arayışından görünür ki, İddiaçı Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 1 dərəcə əlilliyə görə 130 manat məbləğində aylıq Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzinin 05 iyul 2021-ci il tarixli, **********5 saylı arayışından görünür ki, İddiaçı Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 1 dərəcə əlilliyə görə 231,21 manat məbləğində əmək pensiyası alır. İş materiallarında olan Zəngilan rayon İcra Hakimiyyəti Şəfəq uşaq bağçası tərəfindən verilmiş 18.06.2021-ci il tarixli, 24 saylı arayışdan görünür ki, Quliyeva X2 eviuşaq bağçasında tərbiyəçi vəzifəsində çalışır və 338,63 manat əmək haqqı alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2021-ci ildə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin qeyd edilən normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçının “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətindən əmək xəsarəti ilə əlaqədar aldığı 423 manat ödəncin dayandırılmasına, hazırda iddiaçının həmin məbləği almamasına istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin mənasına görə alimentin müəyyən olunmuş miqdarı o vaxt dəyişdirilə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Həmçinin Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsi ödəmələrin miqdarının dəyişdirilməsi üçün ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən halların dəyişməsini nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İşdən görünür ki, Zəngilan Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(034)- 88/2021 saylı qətnaməsi ilə İddiaçı tərəflərin birgə nikahından olan 23.06.2006-cı il təvəllüdlü X7, 23.02.2010-cu il təvəllüdlü X8 və 23.02.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 134 manat olmaqla, cəmi 402 manat aliment tutulmuşdur. Zəngilan Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(034)-88/2021 saylı qətnaməsi qəbul edilən vaxt iddiaçı “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətindən əmək xəsarəti ilə əlaqədar zərərə görə aylıq 423 manat ödənc alırdı. İddiaçı Yunis oğlu hazırki iddia ilə 02 iyun 2021-ci il tarixdə, yəni Zəngilan Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsi qəbul ediləndən 3 aya yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. İddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən əvvəl, yəni 2021-ci ilin mayında “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətinə müraciət edərək əmək xəsarəti ilə əlaqədar ödəncin dayandırılmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçıya əmək xəsarəti ilə əlaqədar ödəncin verilməsi ləğv edilməmiş, iddiaçının özünün ərizəsi əsasında dayandırılmışdır və belə olan halda, ödəncin verilməsinin bərpa olunması istisna edilmir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xahişi ilə “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətindən əmək xəsarəti ilə əlaqədar zərərə görə aylıq 423 manat ödəncin dayandırılması uşaqların saxlanması görə ödənilən alimentin azaldılması üçün əsas ola bilməz. Bundan başqa, iddiaçının tələb etdiyi məbləğdə, yəni üç uşağın saxlanması üçün 300 manat alimentin tutulması uşaqların maddi təminatının aşağı düşməsinə səbəb olar. Birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamış, bu isə qanunsuz və əsassız qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırki mübahisə üzrə İddiaçı azaldılmasını tələb etdiyi alimentun bir illik məbləği məbləği 1224 manat təşkil edir. Ona görə də hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(034)-428/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Yunis oğlunun Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3461/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3461/2021
09.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver