Məhkəmə qərarları › İş №2(105)-347/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-347/2021

18.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-347/2021 18.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X5 nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(060)-433/2013 saylı qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X5 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(060)-433/2013 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlyas Mahmudov) iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı torpaq sahəsinin mülkiyyət hüququ üzrə qanuni sahiblikdə olması faktının müəyyən edilməsi, alqı-satqının bağlanmış hesab edilməsi, plan və ölçünün verilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən, sahəsi 600 kvadrat metrdən ibarət 297 saylı həyətyanı torpaq sahəsinə dair İddiaçı3 ilə, Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən, sahəsi 600 kvadrat metrdən ibarət 296 saylı həyətyanı torpaq sahəsinə dair İddiaçı2 Bahadur qızı ilə, Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində sahəsi 600 kvadrat metrdən ibarət torpaq sahəsinə dair İddiaçı1 ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında alqı-satqı müqaviləsi torpaq sahəsinin dəyəri İddiaçı3, İddiaçı2 Bahadur qızı və İddiaçı1 tərəfindən 2005-ci ildə mövcud olmuş torpağın müvafiq normativ qiymətlərinə uyğun, yəni hər 100 kvadrat metrinə görə 180 manat ödənilməklə bağlanılmış hesab edilməsi, Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən, sahəsi 600 kvadrat metrdən ibarət 297 saylı həyətyanı torpaq sahəsinin İddiaçı3, Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən, sahəsi 600 kvadrat metrdən ibarət 296 saylı həyətyanı torpaq sahəsinin İddiaçı2 Bahadur qızının və Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində sahəsi 600 kvadrat metrdən ibarət torpaq sahəsinin İddiaçı1 mülkiyyət hüququ üzrə qanuni sahibliyində olması tanınmaqla, sözügedən torpaq sahələrinin plan və ölçüsünün hazırlanmasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinə həvalə edilməsi qət edilmiş, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X8 qətnamədən apellyasiya şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx.xx.2012-ci il tarixdə İddiaçı3, İddiaçı2 və Novruzov X4 Bələdiyyəsinə qarşı iddia ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli (protokol №55) qərarı ilə Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan 296 saylı həyətyanı torpaq sahəsinə dair İddiaçı3 ilə, x xxxxxx 2005-ci il tarixli (protokol №53) qərarı ilə 20-ci mikrorayon ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan 297 saylı həyətyanı torpaq sahəsinə dair İddiaçı2 ilə, xx xxxxxx 2005-ci il tarixli (protokol №57) qərarı ilə 20-ci mikrorayon ərazisində sahəsi 600 kvadrat metr torpaq sahəsinə dair İddiaçı1 ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin torpaq sahəsinin dəyəri onlar tərəfindən 2005-ci ildə mövcud olmuş torpağın müvafiq normativ qiymətlərinə uyğun, yəni hər 100 kvadrat metrinə görə 180 manat ödənilməklə bağlanmış hesab edilməsi, həmin torpaq sahələrinin mülkiyyət hüququ üzrə qanuni sahibliklərində olması faktının tanınması və torpaq sahələrinin plan və ölçüsünün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən təsdiq edilərək onlara verilməsi və mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi üçün əsas olması barədə qətnamə cıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışlar ki, 2005-ci ilin əvvəllərində Sumqayıt şəhər Bələdiyyəsinə müraciət edərək fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsinin ayrılmasını xahiş etmişlər. Onların müraciəti əsasında Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli qərarı ilə 20-ci mikrorayon ərazisində sahəsi 600 kvadrat metr, 296 saylı həyətyanı torpaq sahəsi İddiaçı3, x xxxxxx 2005-ci il tarixli qərarı ilə 20-ci mikrorayon ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan 297 saylı həyətyanı torpaq sahəsi İddiaçı2, xx xxxxxx 2005-ci il tarixli qərarı ilə 20-ci mikrorayon ərazisində sahəsi 600 kvadrat metr torpaq sahəsi İddiaçı1 mülkiyyətinə verilmişdir. Mülkiyyətlərinə verilən torpaq sahəsi məişət tullantıları ilə örtülən, çirkab, qrunt suları ilə bataqlığa çevrilən sahə idi. Onlar həmin əraziyə 6-7 min manat xərc çəkərək məişət tullantılarını təmizləmiş, çirkab, qrunt sularını xüsusi texnika ilə çəkib bataqlığı qurutmuş, satın alaraq oraya maşınlarla münbit torpaq töküb yararlı hala salmışdılar. Lakin Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən həmin qərarların 2-ci bəndi məlum olmayan səbəblərə görə yerinə yetirilməmişdir. Belə ki, həmin bənddə qeyd olunmuşdur ki, “Torpaq islahatı haqqında” qanunun 19-cu maddəsinə əsasən torpağın alqı-satqısına dair akt tərtib olunmalı və həmin akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsində qeydiyyata alınmalıdır. Alqı-satqı aktının tərtib edilməsi üçün torpağın dəyərinin ödənilməsinin zəruriliyi nə bələdiyyə, nə də DT və XK-nin Sumqayıt şəhər şöbəsi tərəfindən onlara bildirilməmişdir. Alqı-satqı aktının lazım olması onlara bir müddət əvvəl məlum olmuşdur ki, bunu da onlar torpaq sahəsini mülkiyyət hüququ üzrə dövlət qeydiyyatından keçirmək istəyərkən öyrənmişlər. Bununla bağlı Sumqayıt şəhər Bələdiyyəsinə müraciət etmiş və torpaq sahəsinin bələdiyyə qərarları verilərkən qüvvədə olmuş normativ-hüquqi aktlar əsasında müəyyən olunmuş dəyərini bələdiyyənin hesabına keçirməyə hazır olduqlarını bildirmişlər. Ancaq bələdiyyədə onlara hazırda qüvvədə olan qanun normaları əsasında torpağın hər 100 kv.metrinə görə 560 manat məbləğində ödəniş həyata keçirməli olduqları, yaxud da torpağı hərrac və ya müsabiqə yolu ilə əldə etməli olduqları bildirilmişdir. Bu isə tamamilə əsassız bir tələbdir. Bələdiyyə tərəfindən onlara torpaq sahəsi 2005-ci ildə ayrılmışdır. Bələdiyyənin həmin qərarı hazırda qüvvədədir və hər hansı orqan, o cümlədən Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən bu günədək mübahisələndirilməmişdir. Tələb olunan ödənişin vaxtında ödənilməməsi və alqısatqı aktının bağlanmaması isə onların deyil, bələdiyyənin təqsiri üzündən baş vermişdir. Onlar hüquqi təhsilə malik deyildirlər və qanunun normalarını da lazımi şəkildə bilmirlər. Bu səbəbdən onlardan əlavə ödənişin tələb edilməsi əsassızdır, yəni qanun normaları onlara münasibətdə tətbiq oluna bilməz və yeni qiymətlərlə torpağın ödənişi həyata keçirilə bilməz. Onlarla Sumqayıt şəhər Bələdiyyəsi arasında torpaq sahəsinə dair hüquq münasibətləri hazırda qüvvədə olan qanun normaları qəbul edilməmişdən xeyli əvvəl yaranmışdır. Bütün bu haqsızlıqlar səbəbindən onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Onlarla Sumqayıt şəhər Bələdiyyəsi arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair münasibətlər xeyli əvvəl yarandığından, müvafiq alqı-satqı əməliyyatı da həmin dövrdə mövcud olmuş normativ qiymətlər əsasında aparılmalıdır. Mülkiyyətlərinə verilmiş torpaq sahəsinin 3-cü qiymət zonasında yerləşdiyini və bələdiyyə qərarı verilərkən həmin qiymət zonasında yerləşən torpaqların hər 100 kv.metrinin dəyərinin 180 manat olduğu nəzərə alınsa, onlardan hər 100 kv.metr torpaq sahəsinə görə indiki qiymətlə 560 manat pulun tələb edilməsi qanuna ziddir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X8 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qətnamə ləğv olunmalı və iş üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edilməlidir. Məhkəmə qətnaməsində mübahisəli torpaq sahələrinə dair Sumqayıt Bələdiyyəsi ilə iddiaçılar arasında alqı-satqının konkret hansı hallardan asılı olaraq rəsmiləşdirilməməsi göstərilmir. Belə ki, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası MM-nin 335.2-ci maddəsinin mənasına görə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Hazırki iş üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə məhkəmənin bu cür qətnamə qəbul etməsi dolayı yolla qanunsuz əqdin və qeydiyyatın rəsmiləşdirilməsinə şərait yaradılması kimi qiymətləndirilməlidir. Ümumiyyətlə, qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. Hazırki işdən göründüyü kimi, iddia ərizəsi məhkəmə tərəfindən mümkün hesab edilmiş və icraata qəbul edilmişdir. Buna baxmayaraq, hal-hazırda da alqı-satqının rəsmiləşdirilməsi ilə əlaqədar iddiaçıların Sumqayıt Bələdiyyəsinə müraciət etmək hüququ vardır. Alqı-satqının rəsmiləşdirilməsi imkanı da itirilməmişdir. Belə olan halda, iddiaçılar sözügedən torpaq sahələrinin alqı-satqısının rəsmiləşdirilməsi ilə əlaqədar Sumqayıt Bələdiyyəsinə rəsmi müraciət etməlidir. Əgər onun müraciəti müsbət həll olunmazsa, o zaman ərizəçi bələdiyyəyə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər. Həmçinin, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Göstərilənlərdən də aydın olur ki, ilkin olaraq iddiaçı Sumqayıt Bələdiyyəsinə müraciət etməli, qanunla müəyyən edilmiş sənədləri əldə etdikdən sonra, həmin sənədlərlə birlikdə məhkəməyə müraciət etməlidir. Əgər onun müraciətinin icrasından hansısa inzibati orqan tərəfindən imtina olunursa, aidiyyəti üzrə həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməlidir. Hazırki işdə göstərilən qaydaya əməl olunmamış, iş üzrə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Mülki işə baxan birinci instansiya məhkəməsi isə işdə olan sübutları obyektiv, hərtərəfli və tam araşdırmaq, qətnamədə müzakirə etdiyi dəlillərlə əsaslandırmaq əvəzinə, heç bir əsaslı sübut olmadan yalnız iddiaçıların və onların nümayəndələrinin izahatlarına əsaslanıb, torpaq sahələrinə dair alqı-satqı müqaviləsini bağlanmış hesab etmişdir və ümumiyyətlə, səlahiyyətlərinə aid olmadığı halda, həmin torpaq sahələri üzərində iddiaçıların mülkiyyət hüquqlarının tanınması və torpaq sahəsinə dair plan və ölçü sənədinin hazırlanması öhdəliyini inzibati orqanın- Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmuşdur. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X5 nümayəndəsi X3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1, cavabdeh Sumqayıt Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçılar məhkəmə iclasına gəlmədiklərindən, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qətnamə hüquq və vəzifələrinə toxunan şəxsin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli, 55 saylı qərarının surətindən görünür ki, Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində fərdi ev tikintisi üçün istifadə etdiyi 600 kvadrat metr həyətyanı torpaq sahəsinin İddiaçı3 adına rəsmiləşdirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsinin x xxxxxx 2005-ci il tarixli, 53 saylı qərarının surətindən görünür ki, Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində fərdi ev tikintisi üçün istifadə etdiyi 600 kvadrat metr həyətyanı torpaq sahəsinin İddiaçı2 adına rəsmiləşdirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli, 57 saylı qərarının surətindən görünür ki, Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində baş plan əsasında fərdi ev tikintisi üçün İddiaçı1 600 kvadrat metr həyətyanı torpaq sahəsi ayrılmışdır. İşdən görünür ki, iddiaçıların tələbləri Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli, 55 saylı qərarı ilə Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan 296 saylı həyətyanı torpaq sahəsinə dair İddiaçı3 ilə, x xxxxxx 2005-ci il tarixli, 53 saylı qərarı ilə 20-ci mikrorayon ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan 297 saylı həyətyanı torpaq sahəsinə dair İddiaçı2 ilə, xx xxxxxx 2005-ci il tarixli, 57 saylı qərarı ilə 20-ci mikrorayon ərazisində sahəsi 600 kvadrat metr torpaq sahəsinə dair İddiaçı1 ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin torpaq sahəsinin dəyəri onlar tərəfindən 2005-ci ildə mövcud olmuş torpağın müvafiq normativ qiymətlərinə uyğun, yəni hər 100 kvadrat metrinə görə 180 manat ödənilməklə bağlanmış hesab edilməsi, həmin torpaq sahələrinin mülkiyyət hüququ üzrə qanuni sahibliklərində olması faktının tanınması və torpaq sahələrinin plan və ölçüsünün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən təsdiq edilərək onlara verilməsindən ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranma əsaslarından biri də bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrdir. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci hissəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 5.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Torpaq islahatı haqqında” qanunun 19-cu maddəsinə görə dövlət, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə görə sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Göründüyü kimi, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq (şərh) etmədiyindən iş üzrə yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə həmin tələbin qanuni əsasının tapılmasından və istinad olunan faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan maddi hüquq normaları mübahisələndirilən torpaq sahələrinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün hər hansı əsas vermir. Həmin normalar torpaq üzərində hüququn yaranmasının ümumi qaydalarını müəyyən edir. Digər tərəfdən, əqdin notariat qaydasında təsdiqinə yol verildiyi təqdirdə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konsitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MM-nin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə kollegiyası iş materiallarına əsasən Sumqayıt Bələdiyyənin iddiaçılarla torpaq sahəsinin alqı-satqısına dair akt və ya müqavilə bağlamaqdan boyun qaçırmasını, bundan hər hansı şəkildə imtina etməsini müəyyən etmədi. Göründüyü kimi, hazırki işdə torpaq sahəsinin mülkiyyət hüququ üzrə qanuni sahiblikdə olması faktının müəyyən edilməsi, bağlanmış hesab olunması xahiş edilən əqd yuxarıda göstərilən tələblərə cavab vermir, iddiaçılarla Sumqayıt Bələdiyyəsi arasında yazılı formada əqd bağlanmamış, iddiaçılar tərəfindən torpaq sahələrinin dəyəri Sumqayıt Bələdiyyəsinə ödənilməmiş, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılşadırılması qaydaları haqqında Əsasnamə”nin tələblərinə əməl edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X5 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(060)-433/2013 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı torpaq sahəsinin mülkiyyət hüququ üzrə qanuni sahiblikdə olması faktının müəyyən edilməsi, alqısatqının bağlanmış hesab edilməsi, plan və ölçünün verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar