Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3474/2021 28.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı-cavabdeh İddiaçı, cavabdeh-iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(060)-1686/2021 saylı qətnaməsindən iddiaçı-cavabdeh İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(060)-1686/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Almaz Süleymanova) İddiaçı Cavabdeh qarşı uşaqların himayədə qalması və aliment tələbinə dair iddiası qismən, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Sumqayıt şəhər nikah evində 01 dekabr 2007-ci il tarixdə 2022 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahdan olan 28.03.2009-cu il təvəllüdlü X7 və 11.01.2011-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında qalmaları, 02 avqust 2021-ci il tarixdən başlayaraq 28.03.2009-cu il təvəllüdlü X3 və 11.01.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması, məhkəmə qətnaməsinin alimentin tutulması hissəsində dərhal icra olunması, birinci iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, iddiaçı-cavabdeh İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək birgə nikahlarından olan 28.03.2009-cu il təvəllüdlü X3 və 11.01.2011-ci il təvəllüdlü X4 onun yanında qalmaları və Cavabdeh uşaqlar yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin və 11.01.2011-ci il təvəllüdlü X4 müalicəsi üçün hər ay 200 manatın tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, o, 01.12.2007-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından 28.03.2009-cu il tarixdə X7 və 11.01.2011-ci il tarixdə X8 anadan olmuşlar. Artıq bir ilə yaxındır cavabdehdən ayrı yaşayırlar, aralarında faktiki olaraq ər-arvad münasibəti yoxdur. Onların ailələri faktiki olaraq dağılmışdır və bərpası mümkün deyildir. Hazırda uşaqlar onun yanındadırlar. Ayrı yaşadıqları müddətdə cavabdeh uşaqları ilə maraqlanmamış, uşaqların saxlanması üçün heç bir maddi yardım etməmişdir. Həmçinin birgə nikahlarından olan 08.02.2011-ci il təvəllüdlü X8 anadangəlmə ayaq iflici xəstəliyindən əziyyət çəkir, hər ay Məryəmi masaja, fizioterapiyaya və parafinə aparır. O, təkbaşına uşaqların saxlanması xərclərini, eləcə də əlavə olaraq qızının müalicə xərclərini qarşılamaqda çətinlik çəkir. Cavabdeh aliment məbləğini ödəmək imkanına malikdir, hərbiçidir və hər ay 2000 manat əmək haqqı alır. Cavabdeh iddia ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı ilə arasında 01 dekabr 2007-ci ildə qeydə alınmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ilə 01 dekabr 2007-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 28 mart 2009-cu il tarixdə X7 və 11 yanvar 2011-ci il tarixdə X8 anadan olmuşlar. Cavabdehlə niyyətləri uyğun gəlmir. Onların barışıb bir yerdə yaşamaları bundan sonra mümkün deyildir, nikahları formal xarakter daşıyır. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1676/2021 saylı, 04 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçı X5 cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair 2(060)- 1676/2021 saylı və İddiaçı cavabdeh X6 qarşı uşağın himayədə qalması və aliment tələbinə dair 2(060)-1686/2021 saylı işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı-cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, aliment tutulması qətnamənin çıxarıldığı gündən deyil, məhkəməyə müraciət etdiyi 08.01.2021-ci il tarixdən hesablanmalıdır. O, heç bir yerdə işləmir, uşaq məktəbə gedir, xərcləri gün-gündən artır, yeməyi, içməyi geyinməyi və əlavə xərclərini ödəyə bilmir, çox çətinlik çəkir. Cavabdeh uşağa nə maddi, nə də mənəvi köməklik etmir, ata kimi qayğısına qalmır. İddiaçı-cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək, 08.01.2021-ci il tarixdən 28.03.2009-cu il təvəllüdlü X7 və 11.01.2011-ci il təvəllüdülü X1 üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı-cavabdeh İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(060)-1686/2021 saylı qərardadı əsasında verilmiş icra sənədi üzrə ona aliment ödənilməmişdir. Cavabdeh-iddiaçı Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, hərbiçidir, 1800 manat əmək haqqı alır, Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(060)-1686/2021 saylı qərardadı əsasında verilmiş icra sənədi üzrə onun əmək haqqından aliment tutulmamışdır. Uşaqlar onun valideynlərinin yanında yaşamış, hər ay atasına uşaqlarının təminatının ödəməsi üçün pul göndərmişdir. Məhkəmə iclasında cavabdeh-iddiaçı Cavabdeh nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə alimentin tutulması vaxtına aid hissədə dəyişiklik edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı-cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin alimentin tutulması vaxtına aid hissədə dəyişdirilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Xalıqova (Əkbərova) Günel Sətdar qızı arasında olan nikah 01.12.2007-ci il tarixdə Sumqayıt şəhər nikah evində bağlanılaraq 2022 sayla qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahından 28.03.2009-cu il tarixdə X7 və 11.01.2011-ci il tarixdə X8 anadan olmuşlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulmasına aid hissədə qanuni və əsaslı deyildir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı 08.01.2021-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edərək birgə nikahlarından olan 28.03.2009-cu il təvəllüdlü X3 və 11.01.2011-ci il təvəllüdlü X4 onun yanında qalmaları və cavabdehdən uşaqlar yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin və 11.01.2011-ci il təvəllüdlü X4 müalicəsi üçün hər ay 200 manatın tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı aliment tələbi ilə bağlı 08.01.2021-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. İşdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1686/2021 saylı, 20.04. 2021-ci il tarixli qərardadı ilə birinci iddia üzrə İddiaçı Cavabdeh qarşı uşağın himayədə qalması və aliment tələbinə dair, birləşdirilən iddia üzrə iddiaçı X5 cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiaları üzrə məhkəmə qətnaməsi çıxarılanadək 08 yanvar 2021-ci il tarixdən başlayaraq 28.03.2009-cu il təvəllüdlü X3 və 11.01.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qərara alınmış, həmin qərardad əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. Qətnamə çıxarıldıqdan sonra Sumqayıt Şəhər Məhkəməsi 31 avqust 2021-ci il tarixli məktubla Sumqayıt şəhəri üzrə İcra idarəsinə müraciət edərək alimentin müvəqqəti tutulması barədə 20 aprel 2021-ci il tarixli, 2(060)- 1686/2021 saylı qərardadın geri qaytarılmasını, alimentin tutulmasının 02 avqust 2021-ci il tarixli, 2(060)-1686/2021 saylı məhkəmə qətnaməsinə əsasən icrasının təmin olunmasını xahiş etmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin 31.08.2021-ci il tarixli məktubu ilə 2(060)-1686/2021 saylı, 20.04. 2021-ci il tarixli icra sənədi Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmışdır. İşin mübahisə edilməyən hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1686/2021 saylı, 20.04. 2021-ci il tarixli icra sənədi icra edilməmiş, həmin icra sənədi üzrə aliment tutulmamışdır. Birinci instansiya məhkəməsi tərəflərin faktiki olaraq ayrı yaşadıqları müddətdən hazırki vaxtadək İddiaçı uşaqları ilə birgə Cavabdeh valideynləri ilə birlikdə yaşamasına və uşaqların təminatının Cavabdeh tərəfindən ödənilməsinə istinad edərək alimentin 02 avqust 2021-ci il tarixdən hesablanması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən normada hər hansı istisna nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment İddiaçı məhkəməyə müraciət etdiyi 08.01.2021-ci il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə alimentin tutulması vaxtına aid hissədə dəyişiklik edilməlidir. Cavabdeh məhkəmə kollegiyasının iclasında verdiyi izahatından görünür ki, hərbiçidir, 1800 manat əmək haqqı alır. Həmin məbləğin 1/3 hissəsi 600 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Sumqayıt Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(060)-1686/2021 saylı qətnaməsinə əsasən alimentin tutulması 02 avqust 2021-ci il tarixdən hesablanmışdır. İddiaçı apellyasiya şikayətində alimentin 08.01.2021-ci il tarixdən tutulmasını xahiş etmişdir. Göründüyü kimi, İddiaçı alimentin tutulmasını tələb etdiyi müddət 6 ay 24 gün təşkil edir. Həmin dövr üçün isə alimentin miqdarı 3600 manat (6 ay x 600 manat) + 360 manat (600 manat : 3/5) = 3960 manat təşkil edir. Göründüyü kimi, İddiaçı Səftər qızının qətnaməni mübahisələndirdiyi hissəsində iddianın qiyməti beş min manatdan azdır. Ona görə də Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı-cavabdeh İddiaçı Səftər qızının apellyasiya şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(060)- 1686/2021 saylı qətnaməsinə alimentin tutulması vaxtına aid hissədə dəyişiklik edilsin. 08.01.2021-ci il tarixdən başlayaraq Cavabdeh 28.03.2009-cu il təvəllüdlü X7 və 11.01.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3474/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3474/2021
28.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver