Məhkəmə qərarları › İş №2(105)-3500/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3500/2021

02.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3500/2021 02.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(060)-6654/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(060)-6654/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, birgə nikahdan 27.06.2014-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının 16 iyul 2021-ci il tarixindən hesablanması qət edilmişdir. (hakim E.Abdullayev) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(060)-6654/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, birgə nikahlarından olan 27.06.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 2012-ci il tarixdə faktiki nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuşdur. Faktiki nikahdan 27.06.2014-cü il təvəllüdlü X4 anadan olmuşdur. Tərəflər ayrı yaşayırlar. Cavabdeh ailəsinə baxmır. O, uşağı təkbaşına saxlaya bilmir. Cavabdehin hal-hazırda yüksək qazancı var. Lakin o, uşağın saxlanması üçün iddiaçıya heç bir maddi köməklik göstərmir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırda qətnamə ilə aliment tutulan uşağın atası o deyildir. Həqiqətən də o, iddiaçı ilə 2012-ci ildə müəyyən fasilələrlə 6 ay birlikdə yaşasa da, onların münasibətlərindən uşaq olmamışdır. Onun bu uşağın atası olmasında şübhələri vardır. Məhz bu səbəbdən də bu barədə məhkəmədə qarşılıqlı iddia qaldırsa da, onu icraata götürməmişlər. Azyaşlı uşağın atasının məhz o olduğu müəyyən edilmədiyindən ondan uşağın saxlanılması üçün alimentin tutulması da qanunsuzdur. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə vəsatət göndərərk xəstə olması səbəbindən məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, onun xəstəliyilə bağlı vəsatətə mötəbər sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AZ-İİİ 369131saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 27.06.2014-cü ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. Yenə iş materiallarında olan AZ-İ 268936 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X4 atası kimi Cavabdeh müəyyən edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(060)-6654/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh 2013-cü ildə faktiki nikah münasibətində olmuş və onların bu nikah münasibətlərindən 27.06.2014-cü ildə X4 adlı uşaq anadan olmuşdur. Uşağın atasının məhz Cavabdeh olmasını AZ-İ 268936 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamə təsdiq edir. Tərəflər əvvəllər birlikdə yaşasalar da, hazırda ayrılmışlar. Birgə nikahdan doğulmuş azyaşlı Ümid anası ilə yaşayır. Hazırda iddiaçı bu uşağın saxlanılması üçün cavabdehdən hər ay 175 manat alimentin tutulmasını tələb etmiş və iddiası təmin edilmişdir. Lakin cavabdeh apellyasiya şikayətində uşağın atasının o olmaması səbəbilə iddianın rədd olunmasını xahiş edir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə 17.01.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli, “X5rşı” iş üzrə 26.10.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Birinci instansiya məhkəməsi qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə alaraq azyaşlı Ümidin saxlanılması üçün yaşayış minimumu həddində aliment təyin etmişdir. Cavabdeh isə iddiaçı ilə rəsmi deyil, faktiki nikahda olmasını bəhanə edərək bu uşağın saxlanılmasından apelyasiya şikayətində göstərdiyi qaydada boyun qaçırması həm başadüşülən deyil, həm də hüquqdan sui-istifadədir. Digər tərəfdən, məhkəmə kollegiyası izah edir ki, cavabdehin bu barədə əsaslı şübhələri varsa, bu məsələni ayrıca məhkəmə icraatında mübahisələndirə bilər. Hazırkı mərhələdə isə azyaşlı Ümidin saxlanılmasında iştirakı onun birbaşa vəzifəsidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş Ümid adlı uşağın saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması ədalətlidir. Bu baxımdan, işin tədqiq olunan faktiki hallarına əsaslanaraq məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı şikayətindəki qeyd etdiyi dəlilləri sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(060)- 6654/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar