Məhkəmə qərarları › İş №2(105)-3535/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3535/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3535/2021 21.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 (eyni zamanda İddiaçı5 etibarnamə üzrə nümayəndəsi), İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı1 nümayəndə və vəkili X8, Cavabdeh1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh1 və maraqlı tərəf Qobustan rayon notariat ofisinə qarşı 30 dekabr 2009-cu il tarixdə 4-Ə-42 nömrə ilə qeydiyyata alınmış torpaq alğı-satqı müqaviləsinin əsassız və qanunsuz olduğu üçün ləğv edilməsi və torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 2(026)-279/2021 saylı, 26 avqust 2021ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinin 2(026)-279/2021 saylı, 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Mirələm Quliyev). Qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 apellyasiya şikayəti verərək Qobustan Rayon Məhkəməsinin 2(026)-279/2021 saylı, 26 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X2 və İddiaçı5 Cavabdeh1 və maraqlı tərəf Qobustan rayon notariat ofisinə qarşı 30 dekabr 2009-cu il tarixdə 4-Ə-42 nömrə ilə qeydiyyata alınmış torpaq alğı-satqı müqaviləsinin əsassız və qanunsuz olduğu üçün ləğv edilməsi və torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Qobustan Rayon Məhkəməsinin 2(026)-279/2021 saylı, 12.08. 2021-ci il tarixli qərardadı ilə Cavabdeh2 Xudaverdi oğlu iş üzrə əlavə cavabdeh, Qobustan rayon notariat ofisi isə maraqlı tərəf kimi cəlb edilmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iddiaçı (eyni zamanda İddiaçı5 etibarnamə üzrə nümayəndəsi) İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, onun və ailə üzvü olan 4 övladının pay torpaq sahəsi əri, yəni Cavabdeh1 tərəfindən onlara heç bir məlumat verilmədən, razılıq və imzaları olmadan satılmışdır. Cavabdehlə nikahları pozulmayıb. Cavabdeh yalnız özünə düşən payı sata, bağışlaya, bu və ya digər qaydada özgəninkiləşdirə bilərdi. Amma onların mülkiyyət hüququnu pozaraq onlara düşən hissəni də satmışdır. Torpaq onlara 1998-ci ildə ayrılıb, məhsuldar torpaq deyil, torpaq sahəsindən heç vaxt istifadə etməmişdilər. Cavabdehin torpağı nə vaxt satdığını bilmir. Onlar torpağı əkib-becərmək istəyənədə cavabdeh onu satdığını dedi. Onlar 2021-ci ildə bildilər ki, torpaq payları satılıb, bu səbəbdən məhkəməyə müraciət etdilər. Dəfərlərlə bağlanmış alğı-satqı müqaviləsinin bir nüsxəsinin məhkəməyə təqdim olunmasını xahiş etsələr də notarius bunu etmədi. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qobustan Rayon Məhkəməsinin 2(026)-279/2021 saylı, 26 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 nümayəndə və vəkili X8 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iş materiallarında olan alğı-satqı müqaviləsinin notariusun onun həqiqiliyini təsdiqləməsinə dair hissəsi oxunmur. Hər bir halda cavabdeh iddiaçıların razılığı olmadan onlara məxsus pay torpaq sahəsini sata bilməzdi. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qobustan Rayon Məhkəməsinin 2(026)-279/2021 saylı, 26 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Qobustan Rayon Məhkəməsinin 2(026)-279/2021 saylı, 26 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı3 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Qobustan Rayon Məhkəməsinin 2(026)-279/2021 saylı, 26 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı4 oğlu apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Qobustan Rayon Məhkəməsinin 2(026)-279/2021 saylı, 26 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək qeyd etdi ki, torpağı satıb, lakin bu barədə ailə üzvlərinə deməyib, pulunu da özü üçün xərcləyib. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Qobustan Rayon Məhkəməsinin 2(026)-279/2021 saylı, 26 avqust 2021-ci il tarixli dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə əlavə Cavabdeh2 hüquqi varisləri X3 və X7 və maraqlı tərəf Qobustan rayon notariat ofisinin notariusu X5 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna Dair JN-615 KOD 30700028 saylı 18 dekabr 1998-ci il tarixli Dövlət aktının surətindən görünür ki, Cavabdeh1, İddiaçı1, İddiaçı2, İddiaçı3, X2 və X1 təsərrüfatı məhsullarının istehsalı üçün 3,48 hektar pay torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı 27 sentyabr 2010-cu il tarixli çıxarışın surətindən görünür ki, hüququ rəsmiləşdirilən şəxs Cavabdeh1 Şahmədan oğlu göstərilməklə İddiaçı1, İddiaçı2, İddiaçı3, X2 və X4 mülkiyyətinə 1,0198 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Maraqlı şəxs tərəfindən təsdiq olunmuş 30 dekabr 2009-cu il tarixli 4-ə-42 reyestrlə qeydə alınmış torpağın alğı-satqısı barədə 30 dekabr 2009-cu il tarixli müqavilənin surətindən görünür ki, Qobustan rayonunun Qobustan şəhər sakini Cavabdeh1 ilə Bakı şəhəri, Mustafayev küçəsi, ev 27, mənzil 36-da yaşayan Cavabdeh2 arasında 2,46 ha torpaq sahəsinin alğı-satqısı olmuş və Cavabdeh2 torpağa görə Cavabdeh1 3000 manat pul ödəmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin 21 may 2018-ci il tarixdə verdiyi AZ-İ seriyalı 946805 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 17 may 2018-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qobustan rayon Notariat Ofisinin 26 avqust 2021-ci il tarixdə verdiyi 135 saylı məktubdan görünür ki, Qobustan rayon notariat ofisində 30 dekabr 2009-cu il tarixli 4-Ə-42 reyestrli “torpaq sahəsinin alğı-satqısına dair” bağlanmış müqavilə aşkar edilmədi. Müəyyən olundu ki, Qobustan rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1996cı il tarixli, 16 saylı qərarı ilə Cavabdeh1 və onun 5 nəfər ailə üzvlərinin mülkiyyətinə JN- 615 kod 30700028 saylı Dövlət aktı ilə 3,48 hektar pay torpağı verilmişdir. Cavabdeh1 2009-cu ildə ona və ilə üzvlərinə verilmiş 3,48 hektar pay torpaq sahəsinin 1,0198 hektarını Maraqlı şəxs tərəfindən təsdiq olunmuş 30 dekabr 2009-cu il tarixli, 4-ə-42 reyestrlə qeydə alınmış müqavilə ilə Bakı şəhəri, Mustafayev küçəsi, ev 27, mənzil 36-da yaşayan Cavabdeh2 3000 manata satmışdır. Cavabdeh2 17 may 2018-ci il tarixdə vəfat etmişdir. Həmçinin müəyyən olundu ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X2 və İddiaçı5 iddia müddətini ötürmüşlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Maddənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmədə işə baxılarkən iş üzrə maraqlı tərəf Qobustan rayon notariat ofisinin notariusu X9 ərizə təqdim edərək iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Şərh olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətindən görünür ki, iddiaçılar qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikyətinin dəlilləri əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar Cavabdeh1 və maraqlı tərəf Qobustan rayon notariat ofisinə qarşı 30 dekabr 2009-cu il tarixdə 4-Ə-42 nömrə ilə qeydiyyata alınmış torpaq alğı-satqı müqaviləsinin əsassız və qanunsuz olduğu üçün ləğv edilməsi və torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Qeyd edilən müqavilə isə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmışdır. Azərbaycan Respubdlikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Yəni qanunvericiliyin tələblərinə görə müqavilənin ləğv edilməsi tələbini yalnız həmin müqavilənin tərəfi, yəni alıcı və ya satıcı irəli sürə bilər. Hazırkı halda isə iddiaçıların müqavilənin tərəfi olmadıqları üçün onların belə bir iddia qaldırmaq hüququ yoxdur. Onlar yalnız maraqlarına toxunduğu üçün müqavilənin etibarsızlığını tələb edə bilərlər. Qeyd edilənlər əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qətnaməsindən görünür ki, işə baxan hakim iş üzrə düzgün nəticəyə gəlmiş, qətnamənin əsaslandırıcı və nəticə hissəsində iddianın təmin olunmamasını qeyd etmişdir. Lakin qətnamənin nəticə hissəsində iddianın təmin edilməməsini qeyd etmiş, lakin sonrakı abzasda, iddianın rədd edilməsi əvəzinə «İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X2 və İddiaçı5 Cavabdeh1 və maraqlı tərəf Qobustan rayon notariat ofisinə qarşı 30 dekabr 2009-cu il tarixdə 4-Ə-42 nömrə ilə qeydiyyata alınmış torpaq alğı-satqı müqaviləsinin əsassız və qanunsuz olduğu üçün ləğv edilməsi və torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddiadan imtina edilsin.» kimi qeyd edilmişdir. Məhkəmə kollegiyası bunu texniki səhv kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericlik normalarına uyğundur və məhkəmə qeyd edilən əsasla iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi işin bütün hallarını araşdıraraq iddianı təmin etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin oluna bilməz. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Qobustan Rayon Məhkəməsinin 2(026)-279/2021 saylı, 26.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar