Məhkəmə qərarları › İş №2(105)-355/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-355/2023

22.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-355/2023 22.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X13 və X3 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şıxaydın oğluna, Qusar rayon Dövlət Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-312/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Vəliyev) iddianın rədd edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şıxaydın oğluna, Qusar rayon Dövlət Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı cavabdeh Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən 13 fevral 2008-ci ildə təsdiq olunmuş, cavabdeh satıcı Cavabdeh2 Şıxaydın oğlu ilə alıcı X8 arasında bağlanmış torpaq sahəsinin alqı- satqısına dair müqavilənin və satıcı X5 ilə alıcı X8 arasında bağlanmış torpaq sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız sayılması, həmin müqavilələr əsasında Səməndər Əmirxanovun mülkiyyət hüququnun Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatının və onun adına verilmiş 30 aprel 2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışın, habelə Səməndər Əmirxanovun ölümü ilə əlaqədar vərəsəlik əsasında torpaq sahəsi üzərində arvadı Cavabdeh1 mülkiyyət hüququnun Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatının və adına verilmiş 22 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın əsassız sayılması və ləğv edilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şıxaydın oğluna, Qusar rayon Dövlət Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən 13 fevral 2008-ci ildə təsdiq olunmuş, cavabdeh satıcı Cavabdeh2 Şıxaydın oğlu ilə alıcı X8 arasında bağlanmış torpaq sahəsinin alqı- satqısına dair müqavilənin və satıcı X5 ilə alıcı X8 arasında bağlanmış torpaq sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız sayılması, həmin müqavilələr əsasında Səməndər Əmirxanovun mülkiyyət hüququnun Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatının və onun adına verilmiş 30 aprel 2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışın, habelə Səməndər Əmirxanovun ölümü ilə əlaqədar vərəsəlik əsasında torpaq sahəsi üzərində arvadı Cavabdeh1 mülkiyyət hüququnun Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatının və adına verilmiş 22 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın əsassız sayılması və ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü ilin yanvar ayında Qusar rayonu Urva kəndində yaşayan Cavabdeh2 Şıxaydın oğlu ilə razılaşıb Cavabdeh2 Şıxaydın oğlunun onun yaşadığı evin arxasında Qusar rayonu Urva palasa kəndinin ərazisində yerləşən 1,14 ha torpaq sahəsini almışdır. Lakin sənədləşmə işlərinə pulu çatmadığına görə alqı-satqı müqaviləsi bağlaya bilməmişdir. Cavabdehlə razılaşıb həmin torpaq sahəsinin 10 illiyə icarəyə götürməyi barədə onunla və atası X5 ilə Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq olunmuş 11 yanvar 2003-cü il tarixli iki icarə müqaviləsi bağlamışdır. Hər iki icarə müqaviləsinin müddəti 11 yanvar 2013-cü ildə bitirdi. Cavabdeh2la razılaşmışdılar ki, həmin vaxt ya alqı-satqı müqaviləsi bağlayar və ya icarə müqaviləsinin müddətini uzadarlar. Ancaq Cavabdeh2 və onun ailə üzvləri gözlənilmədən 2015-ci ildə Qusar Rayon Məhkəməsinə müraciət edərək ona icarə verdikləri torpağın qanunsuz sahibliyindən alınaraq ona qaytarılması barədə iddia qaldırmışlar. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, cavabdeh kimi o, onları aldadaraq iddiaçılara məxsus Qusar rayonu Urva oba kəndində yerləşən 1,14 ha torpaq sahəsini 11 yanvar 2003-cü il tarixli icarə müqaviləsi bağlayaraq qanunsuz olaraq istifadə etmiş, həmin müqavilənin müddəti 11 yanvar 2013-cü ildə bitdiyi halda, cavabdeh torpağı zəbt edərək qaytarmamış və bununla onların mülkiyyət hüquqlarını pozmuşdur. Qusar rayon Məhkəməsinin 27 avqust 2015-ci il tarixli qətnaməsi ilə (hakim Ə.M.Hüseynov, iş № 2(029)-680/2015) iddiaçılar Cavabdeh2 Şıxaydın oğlu, X9, X10 və X11 cavabdeh İddiaçı qarşı “Qusar rayonunun Urva palasa kəndində yerləşən onlara məxsus 1,14 ha torpaq sahəsinin cavabdeh İddiaçı qanunsuz sahibliyindən alınaraq onlara qaytarılması” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Qətnamədən Cavabdeh2 Şıxaydın oğlu, X9 və X14 apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 mart 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər S.A.Qafari (sədrlik edən və məruzəçi), E.G.Rəhimov və L.M.Məmmədova, iş № 2(105)-510/2016) apelyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2017-ci il tarixli qərarı ilə (hakimlər Ə.M.Rüstəmov (sədrlik edən və məruzəçi), İ.K.Dəmirov və Ə.Ə.Şadiyev, iş № 2(102J-781/2017) iddiaçıların kassasiya şikayəti təmin edilərək Sumqayıt Apelyasiya Məhkəməsinin 28 mart 2016-cı il tarixli 2(105)- 510/2016 nömrəli qətnaməsi ləğv edilmiş, işin yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.Abbasov (sədrlik edən və məruzəçi), Ş.R.Abbasov və T.Q.Məmmədov, iş № 2(105)-2035/2017) iddiaçılar Cavabdeh2 Şıxaydın oğlu, X9 və X11 apellyasiya şikayəti təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 27 avqust 2015-cı il tarixli, 2(029)-680/2015 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilərək Qusar rayonu Urvaoba kəndində yerləşən 1,14 ha torpaq sahəsinin cavabdeh İddiaçı qanunsuz sahibliyindən alınaraq iddiaçılara qaytarılması qət edilmişdir. Göstərilən qətnamədən onun tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər T.A.Qoldman (sədrlik edən və məruzəçi), Ə.A.Mirzəliyev və G.A.Quliyev, iş № 2(102)-6408/2018) cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2017-ci il tarixli, 2(105)-2035/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə yekun məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edilmişdir. Belə ki, qonşusu Cavabdeh1 ona həmin torpaq sahəsinin 2008-ci ildən özünə məxsus olmasını bildirərək bu barədə sənədlərin surətini təqdim etmişdir. Həmin sənədlər və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 26 fevral 2021-ci il tarixli **********03 nömrəli məktubla (məktub cavabdeh tərəfindən 13 mart 2021 -ci ildə alınmışıdr) müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh2 İddiaçı icarəyə verdiyi 1,14 ha torpaq sahəsini 13 fevral 2008-ci ildə Qusar rayon Dövlət Notariat Kontorunda 471/26 və 471/27 reyestr nömrələri ilə qeydə alınmış alqı-satqı müqavilələri ilə Cavabdeh1 əri X1, bundan sonra Səməndər Əmirxanova Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30 aprel 2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış verilmişdir. 20 yanvar 2013-cü ildə Səməndər Əmirxanovun ölümündən sonra həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ vərəsəlik əsasında arvadı Cavabdeh1 keçmiş və onun bu hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22 fevral 2018-ci il tarixli RX seriya ******* nömrəli çıxarışla təsdiq olunmuşdur. Göründüyü kimi, Cavabdeh2 onunla bağladığı 11 yanvar 2003-cü il tarixli 10 illik icarə müqavilələrinin vaxtının bitməsinə 5 il qalmış, 13 fevral 2008-ci ildə ona məlumat vermədən müqavilənin predmeti olan torpaq sahəsini Səməndər Əmirxanova satmışdır. Halbuki, hər iki icarə müqaviləsinin 3.2ci bəndində göstərilmişdir ki, icarəyə götürülmüş sahələrin başqasına icarəyə verilməsinə, özbaşına dəyişdirilməsinə, alınıb-satılmasına, girov qoyulmasına və torpaq qanunvericiliyinin digər hallarının pozulmasına yol verilmir. İcarə müqavilələrinin şərtlərini kobud surətdə pozan Cavabdeh2 bununla kifayətlənməmiş, heç bir subyektiv hüququ olmadan 5 il əvvəl satdığı, artıq ona məxsus olmayan, Səməndər Əmirxanovun mülkiyyətində olan torpaq sahəsi ilə bağlı məhkəmədə iddia qaldırmış, məhkəmə isə həmin iddianı təmin etmişdir. Bu səbəbdən göstərilən iddia tələbi ilə bağlı qəbul edilmiş məhkəmə aktlarının ləğv edilməsi üçün yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna ərizə verilmişdir. Bununla yanaşı, hesab edir ki, Cavabdeh2 və mərhum atası X5 mərhum Səməndər Əmirxanov arasında bağlanmış 1,14 ha torpaq sahəsinin alqı-satqı müqavilələri mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmadığından etibarsız hesab olunmalı və həmin müqavilələrə uyğun olaraq qonşusu Əmirxanovlar ailəsinin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Lakin Cavabdeh2la Səməndər Əmirxanov arasında bağlanmış torpaq sahəsinin alqı-satqı müqavilələri mülki qanunvericiliyin şərh olunan normalarının pozulması ilə bağlanmışdır. Hesab edir ki, cavabdehlərin əsassız və qanunsuz hərəkətləri ilə onun mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. Həmçinin bildirilmişdir ki, iddia ərizəsinə əlavə olunmuş bütün sənədlərin əsli Qusar Rayon Məhkəməsində olan 2(029)-680/2015 nömrəli mülki iş materiallarında saxlanıldığından onların notariat qaydada təsdiq olunmuş surətlərini ərizəyə əlavə etmək mümkün olmamışdır. Bununla bağlı DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə verilmiş sorğu icra olunmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Qusar Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qusar Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. O, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi və pozulması ilə çıxarılmışdır, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün mühüm əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Lakin məhkəmə göstərilən normaların tələblərinə zidd olaraq tərəflərin bərabərliyi prinsipinə riayət etməmiş, məhkəmə baxışının çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsini təmin etməmiş, mübahisəyə işdə iştirak edən cavabdehlər Cavabdeh2, Qusar rayon Dövlət Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndələrini çağırıb dindirmədən baxmış, illərdir davam edən böyük bir mübahisə üzrə demək olar ki, heç bir araşdırma aparmamış, tərəflərin dəlillərini dinləmədən cəmi 10 dəqiqəlik birinci məhkəmə baxışında iddiaçının nümayəndəsinin və Cavabdeh1 qısa izahatları ilə kifayətlənərək işə baxılmasını yekunlaşdırmışdır. Elə buna görədir ki, məhkəmə öz qərarını tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandıra bilməmiş, öz subyektiv mülahizələrinə istinad etmişdir. Bununla məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış və Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və mövcud qanunvericiliyin tələblərinə zidd olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozduğundan ləğv edilməli, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini X4 həmin torpaq sahələrini Cavabdeh2 Şıxaydın oğlundan alarkən icarə müqaviləsindən xəbərdar olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməməsi, həmin halın məhkəmədə öz təsdiqini tapmaması, S.Əmirxanovun vicdanlı alıcı olması ilə əsaslandırmış, gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 324.2., 324.4, 324.5, 337.1, 337.2, 337.5, 339.2, 339.3, 394, 372.1, 375.2, 382-ci maddələrinə istinad etmiş və bununla da mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməli olduğu halda tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X24rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X20 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X2rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-nin 385.1.1-ci maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddia tələbi daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 140 və 339.2-ci maddələri təşkil edir. Baxılan iş üzrə Qusar rayonu Urva palasa kəndi ərazisində yerləşən 1,14 ha torpaq sahəsinin Şıxaydın və Cavabdeh2ların əvvəllər mülkiyyətində olması, həmin torpaq sahəsinin xx.xx.2003-cü il tarixli icarə müqaviləsinə əsasən İddiaçı 10 illik müddətə icarəyə vermələri və həmin müqavilənin müddətinin bitməsi ilə bağlı qüvvədə olan məhkəmə aktlarına əsasən torpaq sahəsinin İddiaçı qanunsuz sahibliyindən alınıb həmin iş üzrə iddiaçılar Nazir, Təşviqə, Mariana, Rasif Mehmandarovlara qaytarılması işin mübahisəsiz halıdır. İşin digər halı isə mübahisəli torpaq sahəsinin xx.xx.2008-ci il tarixli 471/26 və 471/27 saylı alqı-satqı müqavilələri əsasında Mehmandarovlar tərəfindən digər Cavabdeh1 mərhum əri Səməndər Əmirxanova satılması və sonuncunun ölümündən sonra vərəsəlik hüququ əsasında həmin torpaq sahələri üzərində Cavabdeh1 mülkiyyət hüququ qeydə alınmasından ibarətdir. Hazırkı işdən görünür ki, İddiaçı həmin torpaq sahələri ilə bağlı bağlanmış əqdləri mübahisələndirmək üçün subyektiv hüququ mövcud deyil. Belə ki, yuxarıda qeyd olunduğu kimi qüvvədə olan məhkəmə aktı ilə mübahisəli torpaq sahələri iddiaçıdan alınaraq Mehmandarovlara qaytarılmış və hazırda da həmin torpaq sahəsi Cavabdeh1 istifadəsindədir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının başqasının mülkiyyətində olan daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququ olmadığından, iddia tələbi təmin edilə bilməz. Həmçinin o da qeyd olunmalıdır ki, iddiaçının tələbin əqdin etibarsızlığı təşkil etdiyindən bu əqdlər 2008-ci ildən cavabdehlər tərəfindən bağlandığından həmin müddətlərdən də artıq 14 ilə yaxın müddət müddət keçdiyindən bu əsasla da iddia tələbi təmin edilə bilməz. Çünki əqdin etibarsızlığı Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən 1 illik müddət təşkil edir, bu müddəti də kəsici müddət olmaqla məhkəmə tərəfindən tətbiq olunur. İddiaçı tərəfindən həmin 1 illik müddət belə ötürülmüşdür. Lakin iddia tələbini təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şıxaydın oğluna, Qusar rayon Dövlət Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın xx.xx.2008-ci il tarixli alqı-satqı müqavilələrinin və daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2008-ci il və xx.xx.2018-ci il tarixli çıxarışların ləğv edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar