Məhkəmə qərarları › İş №2(105)-356/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-356/2022

15.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Sair mülki iş - Mənəvi zərərin ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-356/2022 15.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Telman Qədir oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı nümayəndəsi X6, Cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı əmlaka zərər dəyməsinin qarşısının alınması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(012)-1333/2021 saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(012)-1333/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh X2 İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin sərhəd hasarında və döşəməsinə vurulmuş aqlay daşlarının üzərində mövcud olan qüsurların (çatların) aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinə 330 (üç yüz otuz) manat məbləğində çəkiləcək xərcin alınaraq İddiaçı verilməsi, iddia tələbinin digər hissələrdə təmin edilməməsi qət edilmişdir.(hakim E.Kazımov) Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin həyətində əkilmiş və ünvan 1 ünvanında yerləşən iddiaçının həyətinə zərər verən tut ağacının cavabdeh tərəfindən kəsilməsi və yerdən çıxarılmasını, tut ağacının daş hasarı yararsız hala saldığına görə hasarın cavabdeh tərəfindən bərpa edilməsini, tut ağacının köklərinin iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən həyətə döşənmiş aqlay döşəmələrinə zərər vurmasına görə həmin aqlay döşəmələrin cavabdeh tərəfindən bərpa edilməsini, cavabdeh tərəfindən iddiaçı və ailə üzvlərinə mənəvi zərər vurduğuna görə 1000 manat məbləğində kompensasiya məbləğinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, 247 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0,065 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 21.01.2019-cu il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan torpaq sahəsi hər 4 tərəfdən 40 sm. qalınlığında mişar daşı ilə hasarlanmış, həyətə aqlay döşənmişdir. Evin sağ tərəfindəki həyət və həyətin içərisində tikilmiş fərdi yaşayış evi cavabdeh X4 məxsusdur. X3 həyəti ilə iddiaçının həyətinin arasındakı daş hasarı iddiaçı öz vəsaiti hesabına tikmiş və cavabdeh hasarın tikilməsinə heç bir vəsait xərcləməmişdir. Cavabdeh X5 hasarın dibindən tut ağacı əkmiş, ağac dərin kök salaraq qalınlığı 40 sm olan daş hasarı yerindən çatlatmış və hasar uçmaq təhlükəsi ilə üz-üzə qalmışdır. Tut ağacının kökləri hasarın altı ilə iddiaçının həyətinə doğru inkişaf edərək, həyətə döşənilmiş aqlay daşlarını dağıtmış, nəticədə iddiaçıya xeyli miqdarda zərər dəymişdir. Bundan başqa, tut ağacının budaqları iddiaçının həyətinin bir hissəsinə düşdüyündən, ağacın meyvələri yaz-yay aylarında yer örtüyünü korlayır, payız-qış aylarında isə ağacın yarpaqları və həşəratların sürfələri həyəti zibilləyir. Bu ağaca görə iddiaçı həyətinin bu hissəsindən demək olar ki, istifadə edə bilmir. Tut ağacı baxımsızlıq ucbatından uzanmış, ağacın budaqlanaraq kəsilməsi lazımdır. Hər gün iddiaçı və ailə üzvləri ağacın həyətə tökdüyü zibilləri yığırlar. Eyni zamanda, ağac evin işıqlanma rejimini pozur. İddiaçı, dəfələrlə cavabdehdən ağacın kötüyünün kəsilməsini, budaqlarının budanmasını tələb etsə də, buna əhəmiyyət verməmişdir. Yay aylarında ağacın yetişmiş meyvələri yerin örtüyündə şirə təbəqəsi yaradaraq həyəti anti-sanitar vəziyyətə salır, həşərat və üfunət əlindən həyətə çıxmaq mümkün olmur. Yerə düşən meyvənin turşaması nəticəsində həyətdə olan üfunətdən pəncərələri açmaq olmur. Ağac böyüdükcə kötüyü həyət divarını və asfalt örtüyünü parçalayır. Eyni zamanda, ağacın kötüyü kanalizasiya xəttini bağlayır. Kanalizasiya bağlanmasın deyə kötüklərini təmizləmək məcburiyyətində qalırlar. İddiaçı bununla bağlı, Abşeron rayon Masazır bələdiyyəsi və Ekologiya İdarəsinə müraciət etsə də, həmin qurumlar evin xüsusi mülkiyyət olduğuna görə tədbir görə bilməyəcəklərini bildirmişlər. Belə ki, Ekologiya İdarəsi bələdiyyəyə ünvanladığı cavab məktubunda göstərir ki, AR Nazirlər Kabinetinin 321 saylı, 30 avqust 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi qaydası tələbləri xüsusi mülkiyyətdə olan həyətyanı torpaq sahəsinə şamil olunmur. İddiaçı pozulmuş hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmalı, cavabdehin həyətində əkilmiş və ünvan 1 ünvanında yerləşən iddiaçının həyətinə zərər verən tut ağacının cavabdeh tərəfindən kəsilməsi və yerdən çıxarılması, tut ağacının daş hasarı yararsız hala saldığına görə hasarın cavabdeh tərəfindən bərpa edilməsi, tut ağacının köklərinin iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən həyətə döşənmiş aqlay döşəmələrinə zərər vurmasına görə həmin aqlay döşəmələrin cavabdeh tərəfindən bərpa edilməsi, cavabdeh tərəfindən iddiaçı və ailə üzvlərinə mənəvi zərər vurduğuna görə 1000 manat məbləğində kompensasiya məbləğinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı iddiaçı tərəf Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbləri əsasında iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X4 qarşı yaşadığı ünvan 5 evin həyətində olan tut ağacını kökündən yerdən öz hesabına çıxarılması vəzifəsinin qoyulması, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, 247 saylı və ünvan 5 fərdi yaşayış evlərinin həyətlərinin giriş qapılarının qarşısında yerləşən ümumi istifadədə yolda özünün mülkiyyətində və ya sahibliyində olan avtonəqliyyat və digər texniki vasitələri (traktor və s.) mütəmadi olaraq saxlamağın qadağan olunması, cavabdeh X2 1200 manat məbləğində maddi və 1000 manat məbləğində mənəvi ziyan olmaqla, ümumilikdə 2200 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. Qeyd olunanlardan əlavə, cavabdeh X5 iddiaçıya məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, 247 saylı fərdi yaşayış evindən təxminən 20-25 məsafədə qanunla nəzərdə tutulmuş hər hansı bir müvafiq icazəsi olmadan dəmirçi emalatxanası işlədir. Həmin emalatxanada metal məmulatlarla işlənən zaman, daha doğrusu metal məmulatlar cilanalan zaman onun hisi, pası, tozu, həmin emalatxanada metal məmulatların hazırlanmasında istifadə olunan lak və boya materiallarının qoxusu bütün ətrafı, o cümlədən yaşadığı evi bürüyür. Həmin yoldan keçmək və evdə oturmaq olmur, insan sağlamlığına, xüsusi ilə də tənəffüs yollarına olduqca mənfi təsir edir. Bundan başqa, həmin emalatxanada metal məmulatlarla işlənən zaman yaranan səs-küy narahatçılığa səbəb olur və bu da iddiaçının konstitusiya ilə nəzərdə tutulmuş istirahət hüququnun pozulmasına səbəb olur. Ona görə də, cavabdeh X3 iddiaçıya məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, 247 saylı fərdi yaşayış evindən təxminən 20-25 məsafədə qanunla nəzərdə tutulmuş hər hansı bir müvafiq icazəsi olmadan işlətdiyi və həmin emalatxananın fəaliyyət göstərməsi sağlamlıq və istirahət hüquqlarının pozulmasına səbəb olduğu üçün, həmin dəmirçi emalatxanasının fəaliyyət göstərməsinin qarşısı alınaraq dayandırılmalıdır. Odur ki, İddiaçı cavabdeh X4 qarşı əmlaka zərər dəyməsinin qarşısının alınması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddianın əsası və ya predmetinin dəyişdirilib, iddia tələbinin həcminin artırılaraq cavabdeh X3 üzərinə yaşadığı ünvan 5 evin həyətində olan tut ağacını kökündən yerdən öz hesabına çıxarılması vəzifəsi qoyulması, cavabdeh X3 Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, 247 saylı fərdi yaşayış evindən təxminən 20-25 məsafədə qanunla nəzərdə tutulmuş hər hansı bir müvafiq icazəsi olmadan işlətdiyi və həmin emalatxananın fəaliyyət göstərməsi sağlamlıq və istirahət hüququnun pozulmasına səbəb olduğu üçün qeyd olunan dəmirçi emalatxanasının fəaliyyət göstərməsinin qarşısı alınaraq dayandırılması, cavabdeh X4 Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, 247 saylı fərdi yaşayış evinin həyətlərinin giriş qapılarının qarşısında yerləşən ümumi istifadədə yolda özünün mülkiyyətində və ya sahibliyində olan avtonəqliyyat və digər texniki vasitələrin (traktor və s.) mütəmadi olaraq saxlamağı qadağan olunması, cavabdeh X2 1200 manat məbləğində maddi və 1000 manat məbləğində mənəvi ziyan olmaqla, ümumilikdə 2200 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı iddia ərizəsilə eyni məzmunlu apellyasiya şikayəti verərək cavabdehin evinin həyətində olan tut ağacının kökündən yerdən öz hesabına çıxarılması, cavabdehin həmin ərazidə qanunsuz işlətdiyi dəmirçi emalatxanasının fəaliyyət göstərməsinin qarşısının alınması, ümumi istifadədə olan yolda özünün mülkiyyətində və ya sahibliyində olan avtonəqliyyat və ya digər texniki vasitələri (traktor və s.) mütəmadi olaraq saxlamağın qadağan olunması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin 2(012)-1333/2021 saylı 07.09.2021-ci il tarixli qətynaməsinin ləğv edilərək, iddianın tamamilə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında cavabdeh X5 apellyasiya şikayətini qəbul etməyərək birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0.065 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə 21.01.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 188 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh X3 işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, Abşeron rayonu Masazır kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Abşeron rayon Masazır Bələdiyyəsinə ünvanlanmış 2419 saylı, 11.09.2020-ci il tarixli cavab məktubunun surətindən görünür ki, ünvan 2 ünvanında yaşayan X6 qonşusu X3 həyətindəki ağac xüsusi mülkiyyətdə olan torpaq sahəsində bitdiyindən ağacın götürülməsi və köçürülməsi torpaq mülkiyyətçisinin özü tərəfindən həyata keçirilməlidir. Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən X7 ünvanlanmış 01/05-01-05/A- 26/1 saylı, 28 oktyabr 2020-ci il tarixli cavab məktubunun surətindən görünür ki, N.Aslanovun ağacın götürülməsi ilə bağlı ərizəsinə Masazır Bələdiyyəsi tərəfindən baxılmışdır. N.Aslanova bildirilmişdir ki, ərizəsində qeyd edilən məsələ bələdiyyə səlahiyyətinə aid edilməmişdir. Bu baxımdan aidiyyəti üzrə müvafiq icra qurumlarına və ya məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Məhkəməyə baxışı zamanı birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının 02 iyul 2021-ci il tarixli, 10/1766 saylı rəyindən görünür ki, birinci sual üzrə --- praktikada daha öncə də bu hadisələrə rast gəlinmişdir. Belə ki, ağac kökləri inkişaf edərək müxtəlif təyinatlı tikililərə, kommunikasiya xətlərinə müxtəlif həcmdə ziyan vurmuşdur. Odur ki, X3 yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi 249 saylı fərdi yaşayış evinin həyətində olan tut ağacının kökləri İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi 247 saylı fərdi yaşayış evinin həyətinin hasarının çatlamasına, həyətinin döşəməsinin aqlay daşlarını dağıtmasına və həmin ağacının kötüyünün iddiaçının evinin kanalizasiya xəttini bağlamasına səbəb ola bilər. İkinci sual üzrə --- İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin sərhəd hasarında və döşəməsinə vurulmuş aqlay daşlarının üzərində mövcud olan qüsurların (çatların) aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 330 manat məbləğində olduğu müəyyən olundu. Həmçinin, qeyd olunur ki, baxış zamanı kanalizasiya xəttlərini göz ilə görmək mümkün olmadığına görə mövcud ola biləcək hər hansı qüsuru müəyyən etmək mümkün olmadı. Apellyasiya baxışı zamanı ünvan 5 ünvanında fəaliyyət göstərən cavabdeh X4 məxsus dəmirçi emalatxanasından ətraf mühitə atılan səs-küy, toz, kimyəvi qaz və vibrasiyanın yol verilən norma daxilində olub-olmamasını müəyyən etmək üçün ekspertiza təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinə həvalə edilmişdir. Xidmətin mütəxəssisləri tərəfindən 03.02.2022-ci ildə aparılmış monitorinq nəticəsində təyin edilən səs-küyün səviyyəsinin, vibrasiyanın ətraf mühit üçün yol verilən hədd daxilində olduğu müəyyən edilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə də həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(012)- 1333/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, tərəflər Abşeron rayonunun Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yaşayırlar və onlar qonşudurlar (ev 247 və 249). Tərəflər arasında mübahisə qonşuluq münasibətləri zəmnində yaranmışdır. İddiaçı cavabdehin evinin həyətində olan tut ağacının kökündən yerdən öz hesabına çıxarılması, cavabdehin həmin ərazidə qanunsuz işlətdiyi dəmirçi emalatxanasının fəaliyyət göstərməsinin qarşısının alınması, ümumi istifadədə olan yolda özünün mülkiyyətində və ya sahibliyində olan avtonəqliyyat və ya digər texniki vasitələri (traktor və s.) mütəmadi olaraq saxlamağın qadağan olunması, maddi və mənəvi ziyanın ödənilməsi tələb edir. İşə baxan birinci instansiya məhkəməsi mübahisə ilə bağlı qətnaməsini aşağıdakı qaydada əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin İ və İV hissələri müəyyən edir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Mülki Məcəllənin 174.1-ci maddəsinə əsasən əgər çıxıntılı budaqlar və uzanan köklər qonşunun mülkiyyətinə ziyan vurarsa və onun şikayəti ilə ağlabatan müddətdə aradan qaldırılmazsa, o, həmin budaqları və kökləri kəsib özündə saxlaya bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə tərəfindən iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh X3 yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi 249 saylı fərdi yaşayış evinin həyətində olan tut ağacının kökləri İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi 247 saylı fərdi yaşayış evinin həyətinin hasarının çatlamasına və həyətin döşəməsinin aqlay daşlarını dağıtmasına səbəb olduğu, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin sərhəd hasarında və döşəməsinə vurulmuş aqlay daşlarının üzərində mövcud olan qüsurların (çatların) aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 330 manat məbləğində olduğu müəyyən olunmuşdur. Məhkəmə iddia tələbinin “cavabdeh X3 üzərinə yaşadığı ünvan 5 evin həyətində olan tut ağacını kökündən öz hesabına çıxarılması vəzifəsinin qoyulması” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, cavabdehin həyətində bitən tut ağacının uzanan kökləri iddiaçıya ziyan vurmuşdur. Lakin, iddiaçı cavabdehə xəbərdarlıq etdikdən sonra, cavabdeh məhkəmənin gedişatı zamanı ağır texnika vasitəsini öz həyətinə salaraq həmin ağacın köklərini çıxartmış və bu hal məhkəməyə təqdim olunmuş foto şəkillərlə öz təsdiqini tapmışdır. Bununla yanaşı qanunun tələbinə əsasən, gələcəkdə çıxıntılı budaqlar və uzanan köklər cavabdehin mülkiyyətinə ziyan vurarsa onları kəsib özündə saxlaya bilər. Məhkəmə iddia tələbinin “cavabdeh X3 Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, 247 saylı fərdi yaşayış evindən təxminən 20-25 məsafədə qanunla nəzərdə tutulmuş hər hansı bir müvafiq icazəsi olmadan işlətdiyi və həmin emalatxananın fəaliyyət göstərməsi sağlamlıq və istirahət hüququnun pozulmasına səbəb olduğu üçün qeyd olunan dəmirçi emalatxanasının fəaliyyət göstərməsinin qarşısı alınaraq dayandırılması” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, məhkəmənin təklif etməsinə və cavabdehin mübahisələndirməsinə baxmayaraq, sübutetmə yükü üzərinə düşən iddiaçı onun yaşadığı evdən 20-25 metr aralıda yerləşən sözügedən emalatxananın cavabdeh tərəfindən müvafiq icazə olmadan işlədilməsi, məhkəməyə qədər hərəkətlərə riayət olunmadığından, həmin emalatxananın fəaliyyətinin onun sağlamlıq və istirahət hüququnu pozması barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının iddia tələbi bu hissədə iş materialları ilə də təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə də əsassız hesab edilməli və təmin edilməməlidir.(Yuxarıda qeyd edildiyi kimi apellyasiya baxışı zamanı keçrilmiş ekspertiza nəticəsində bu fakt bir daha öz təsdiqini tapdı) Həmçinin məhkəmə iddia tələbinin “cavabdeh X4 Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, 247 saylı fərdi yaşayış evinin həyətlərinin giriş qapılarının qarşısında yerləşən ümumi istifadədə olan yolda özünün mülkiyyətində və ya sahibliyində olan avtonəqliyyat və digər texniki vasitələrin (traktor və sair) mütəmadi olaraq saxlamağın qadağan olunması” hissəsinə münasibətdə qeyd etmişdir ki, hər bir şəxsin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat və digər texniki vasitələrlə digər şəxslərin və qonşuların hüquqlarını pozmadan ümumi istifadədə olan yoldan istifadə etmək hüququ vardır. Lakin, məhkəmə baxışı dövründə cavabdeh X1 olan traktorun ümumi istifadədə olan yoldan çıxardığı müəyyən olunmuşdur. Məhkəmə iddia tələbinin “cavabdehdən 1200 manat məbləğində maddi ziyanın iddiaçının xeyrinə ödənilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı ona dəymiş maddi zərərin 1200 manat olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilmədi. İş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edildi ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin sərhəd hasarında və döşəməsinə vurulmuş aqlay daşlarının üzərində mövcud olan qüsurların (çatların) aradan qaldırılması üçün dəymiş zərərin məbləği 330 manat təşkil edir. Ona görə də iddia bu hissədə qismən təmin edilərək dəymiş maddi zərərə görə 330 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, məhkəmə “cavabdehdən 1000 manat məbləğində mənəvi ziyanın tutularaq iddiaçının xeyrinə ödənilməsi” hissəsində əsassız hesab etmişdir. Məhkəmə iddia tələbinin həlli üçün “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab etmişdir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Göründüyü kimi, qanunvericinin mövqeyinə görə, mənəvi zərərin vurulmasını iddia edən tərəf bunların hansı şəraitdə və cavabdehin hansı hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verməsini, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında əlaqəni və cavabdehin bunda təqsirini (qəsdi və yaxud ehtiyatsızlığını) sübuta yetirilməlidir. Belə olan halda, iddiaçının mənəvi ziyanın ödənilməsi hissəsində tələbi əsassızdır və iddia tələbi bu hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdeh X2 İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin sərhəd hasarında və döşəməsinə vurulmuş aqlay daşlarının üzərində mövcud olan qüsurların (çatların) aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinə 330 manat məbləğində çəkiləcək xərc alınaraq İddiaçı verilməli, iddia digər hissələrdə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu əsaslandırması ilə tam razılaşır və hesab edir ki, işə baxan məhkəmə qətnamənin ləğvinə səbəb olacaq maddi və prosessual hüquq pozuntusuna yol verməmişdir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən ona istinad edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmiş, öz dəlillərinin əsası kimi istinad etdiyi hallar barədə məhkəməyə heç bir mötəbər və legitim, əsaslı şübhələrdən kənar sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(012)- 1333/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar