Məhkəmə qərarları › İş №2(105)-3615/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3615/2021

15.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3615/2021 15.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qobustan Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Q.Quliyev) iddianın qismən təmin edilməsi, 11 may 2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 05 iyul 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 120 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı 11 may 2020-ci il tarixdə anadan olmuş övladı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 176 manat sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 18 iyun 2019-cu il tarixdə Cavabdeh ilə nikahlarını 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 1410 sayla qeyd etdirməklə evlənmişlər. Birgə nikahdan 11 may 2020-ci il tarixdə Ayla adlı bir qızları anadan olmuşdur. Sərdarla aralarında olan münasibət pozulduğundan yeddi aydan çox müddətdir ki, qızı Ayla ilə birlikdə valideynlərinin yanına gəlmiş və hazırda da orada yaşayır. Sərdar bu müddət ərzində onunla və övladı ilə maraqlanmamışdır. Ayanın saxlanılması üçün Sərdarın maddi yardımına ehtiyacı vardır. 11 may 2020-ci il tarixdə anadan olmuş övladı Aylanın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 176 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə heç bir hüquq normasına istinad etmədən, işin həllinə sədrlik edənin maraqları mövqeyindən yanaşaraq qanunsuz olaraq, iddianı qismən təmin olunmalı, cavabdehdən hər ay 176 manat əvəzinə 120 manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. Məhkəmə tərəfindən yaşayış minimumu həll edilməmişdir. Qobustan Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli 2(026)-275/2021 saylı qətnaməsinin ləğv olunmasını, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən uşağın saxlanılmasına maddi köməklik edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, tərəflər 18 iyun 2019-cu il tarixdə nikaha daxil olmuşlar, birgə nikahlarından 11 may 2020-ci il tarixdə Ayla adlı uşaqları anadan olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qanunun bu tələblərinə əsasən məhkəmə uşağın anası İddiaçı yanında olmasını, valideynlər arasında uşaqlara aliment ödənilməsi barədə saziş olmamasını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment tutulub 11 may 2020-ci il tarixdə anadan olmuş Aylanın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsini məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir. Azərbaycan Respublikasının Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 sayı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin “Uşaq hüquqları haqqında” 20 noyabr 1989-cu il tarixli Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istərsə bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvercilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Avropa Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər uşağın, onun valideynlərinin və qanuni qəyyumlarının irq, dərinin rəngi, cins, dil, din, siyasi və ya digər baxışlar, milli, etnik və ya sosial mənşə, əmlak vəziyyəti, əlillik, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik qoymadan yurisdiksiyaları daxilində olan hər bir uşağın bu Konvensiyada nəzərdə tutulmuş bütün hüquqlarına hörmət edir və onları təmin edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilməlidir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Odur ki, məhkəmə kollegiyası uşagın mənafeyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarını 120 manat təyin etməkdə haqlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Qobustan Rayon Məhkəməsinin bu iş üzrə 04 avqust 2021-ci il tarixli 2(026)- 275/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilsin. xx xxx 1985-ci il tarixdə Qobustan rayonu Nərimankənd kəndində anadan olan Cavabdeh 11 may 2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 05 iyul 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 176 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar