Məhkəmə qərarları › İş №2(105)-3668/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3668/2021

23.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3668/2021 23.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6652/2021 saylı, 16 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6652/2021 saylı, 16 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 16.07.2021-ci il tarixdən etibarən 17.06.2015-ci il təvəllüdlü X2 və 22.01.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. (hakim A.Behbudova) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6652/2021 saylı, 16 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 22.08.2014-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 17.06.2015-ci il təvəllüdlü X4 və 22.01.2018-ci il təvəllüdlü X5 doğulmuşlar. Cavabdeh ailəsinə, uşaqlarına qarşı laqeyddir, övladlarının saxlanılmasında heç bir maddi və mənəvi dəstəyi yoxdur. Böyük oğlu Sultanov Murad “autizm” xəstəliyindən əziyyət çəkir, artıq 4 ildir ki, uşağın müalicəsini tək özü edir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh 17.06.2015-ci il təvəllüdlü X4 və 22.01.2018-ci il təvəllüdlü X1 üçün sabit pul məbləğində 400 (dörd yüz) manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə alimentin miqdarını sabit məbləğdə müəyyən edərkən səhv nəticəyə gəlmişdir, çünki onun rəsmi iş yeri vardır və hər ay 600 manat əmək haqqı alır. Onun gəlirləri müntəzəm olduğundan ondan hər ay Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən sabit məbləğdə alimentin tutulması qanunsuzdur. Bununla da işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətini müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. O, əlavə etdi ki, hər ay cəmi 350 manat aliment ödəməyə maddi gücü çatmır. Lakin uşaqları üçün ayda cəmi 200-250 manat aliment ödəyə bilər. Apelyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X7 arasında bağlanmış nikah Sumqayıt “ASAN-Xidmət” Mərkəzi, qeydiyyat şöbəsində 22.08.2014-cü il tarixində akt qeydləri kitabında 1587 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Sultanova soyadı verilmişdir. Yenə iş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X4 17.06.2015-ci il tarixində, X5 22.01.2019-cu il tarixində doğulmuşdur. Ataları Cavabdeh, anaları İddiaçıdır. Yenə də iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 02.08.2021ci il tarixli, 53 nömrəli arayışdan görünür ki, Cavabdeh 19.05.2021-ci il tarixindən bu günədək "xxxx" MMC-də anbardar vəzifəsində işləyir və aylıq əmək haqqısı 600 manat təşkil edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6652/2021 saylı, 16 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilməli, birgə nikahdan doğulmuş Murad və Məsud adlı uşaqların saxlanılması üçün hər ay tutulacaq alimentin məbləği cəmi 300 (150+150) manat müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər 22.08.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş, tərəflərin birgə nikahından 17.06.2015-ci il tarixdə Murad, 22.01.2019-cu il tarixdə isə Məsud adlı uşaqlar doğulmuşdur. İşdən görünür ki, cavabdeh azyaşlı uşaqların saxlanılmasında yaxından iştirak etmir. Hazırda birgə nikahdan doğulmuş azyaşlılar Murad və Məsud iddiaçının himayəsindədir. Tərəflər arasındakı əsas mübahisə bu uşaqların saxlanılması üçün alimentin məbləği barədədir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, aliment təyin olunarkən tərəflərin hər ikisinin maddi vəziyyəti, azyaşlıların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması nəzərə alınmalı, alimentin tutulması barədə tərəflərin hər birinə münasibətdə balanslaşdırılmış qətnamə çıxarılmalıdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” AR Qanununa əsasən 2021-ci il üzrə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 manat təşkil etmişdir. Cavabdeh apelyasiya şikayətində hər ay müntəzəm miqdarda əmək haqqı almasını və bu faktın birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadığını iddia edir. İşdən görünür ki, həqiqətən də, cavabdeh "xxxx" MMC-də anbardar vəzifəsində işləyir və aylıq əmək haqqısı 600 manat təşkil edir. Doğrudur, cavabdehin aylıq gəliri müntəzəmdir və qanunvericiliyə əsasən bu halda ondan aliment Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən hissəvi tutulmalıdır. Bununla belə, işdən görünür ki, hazırkı tələbi İddiaçı qaldırmışdır və tələb sabit məbləğdə alimentin tutulması barədədir. Digər tərəfdən, cavabdehin aylıq əmək haqqının iki uşaq üçün üçdə biri, yəni 200 manat, uşaqlar üçün nəzərədə tutulmuş yaşayış minimumundan xeyli aşağıdır və bu hal iddiaçının marağını əhəmiyyətli dərəcədə poza bilər. Bundan əlavə cavabdeh məhkəmə kollegiyasının iclasında təyin edilmiş alimentin yüksək olduğunu, bu səbəbdən də alimentin hər uşağa 100-125 manat olmaqla, cəmi 200-250 manat məbləğində müəyyən olunmasını xahiş etmiş, bununla da ondan sabit məbləğdə alimentin tutulmasına faktiki razılığını ifadə etmişdir. Məhkəmə iclasında o, iki uşağa görə hər ay cəmi 200-250 manat aliment ödəməyə qadir olduğunu bildirdi. İşin tədqiq olunan faktiki hallarını, cavabdehin hər ay 600 manat əmək haqqı almasını, nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən 2 uşağa görə hər ay ümumilikdə 300 manat məbləğində aliment tutulması ağlabatan və ədalətli olardı. Bu hallara qiymət verərək, məhkəmə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi tərəflərin birgə nikahından doğulmuş Murad və Məsud adlı azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit aliment məbləği hər uşaq üçün 175 manatdan 150 manata endirilməlidir və bu məbləğ hazırkı mərhələdə hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. Bu məbləğdən də aşağı alimentin müəyyən edilməsi isə azyaşlı Murad və Məsudun hüquqlarının pozulması kimi qiymətləndirilir və məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətlərini, ən başlıcası isə birgə nikahdan doğulmuş Murad və Məsud adlı uşaqların mənafeyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6652/2021 saylı, 16 avqust 2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilməli, tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə 17.01.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli, “X8rşı” iş üzrə 26.10.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflərin birgə nikahından 17.06.2015-ci il tarixdə doğulmuş Murad və 22.01.2019-cu il tarixdə doğulmuş Məsud adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. AR MPM-nin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.3, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6652/2021 saylı, 16 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. Tərəflərin birgə nikahından 17.06.2015-ci il tarixdə doğulmuş Murad və 22.01.2019cu il tarixdə doğulmuş Məsud adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün, 16.07.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay, hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş 10,40 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar