Məhkəmə qərarları › İş №2(105)-369/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-369/2025

25.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-369/2025 25.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulmasına və valideynin uşağa görə əlavə xərclərə cəlb edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və X2 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulmasına və valideynin uşağa görə əlavə xərclərə cəlb edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2784/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AZ-İ seriyalı, 063641 №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında 28 avqust 2022-ci ildə rəsmi nikah qeydə alınmışdır. Nikaha daxil olarkən İddiaçı ərinin soyadına uyğun “Məmmədova” soyadını qəbul etmişdir.

2. AZ-T seriyalı, 268087 №li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 06 oktyabr 2023-cü il təvəllüdlü X5 doğulmuşdur.

3. 07 may 2024-cü il tarixli ödəniş qəbzlərindən müəyyən olunur ki, İddiaçı mediasiya prosesi ilə bağlı Qusar rayon 1 saylı Mediasiya təşkilatının hesabına 60 manat məbləğində rüsum ödəmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulmasına və valideynin uşağa görə əlavə xərclərə cəlb edilməsi tələbinə dair iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən övladları 06 oktyabr 2023-cü il təvəllüdlü X1 üçün hər ay 250 (iki yüz əlli) manat sabit məbləğində alimentin tutulmasına və hər ay 100 manat məbləğində uşağın 3 yaşına çatana kimi saxlanılması üçün əlavə xərclərə cəlb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 28 avqust 2022-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan bir uşaqları – 06 oktyabr 2023-cü il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdehlə uzun müddətdir ki, ayrı yaşayırlar. Birgə nikahdan olan uşaqları onun yanındadır. Cavabdehlə onunla və uşağı ilə maraqlanmır. Onun üçün uşağa tək baxmaq çətin olur. Övladının saxlanması ilə bağlı xərcləri çatdıra bilmir. Cavabdehin imkanı yaxşıdır, lakin ödəniş etmək istəmir. Uşaq teztez həkim müayinəsində olur. Uşaq azyaşlı olduğuna görə heç yerdə işləyə bilmir və əlavə gəlir yeri yoxdur.

6. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2784/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Abiyeva Nərmin) iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahından olan uşaqları – 06 oktyabr 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni 02 sentyabr 2024cü il tarixdən başlayaraq, Cavabdeh hər ay 200 manat sabit məbləğdə aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, cavabdehdən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni 02 sentyabr 2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahından olan uşaqları – 06 oktyabr 2023-cü il təvəllüdlü X3 3 yaşına çatana qədər 100 manat məbləğində əlavə xərc tutularaq İddiaçı verilməsi, Cavabdeh 44 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahından olan uşaqları – 06 oktyabr 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni 02 sentyabr 2024cü il tarixdən başlayaraq Cavabdeh hər ay 200 manat sabit məbləğdə alimentin tutularaq İddiaçı ödənilməsi məqsədə uyğundur. Məhkəmə iddiaçının 06 oktyabr 2023-cü il təvəllüdlü X3 3 yaşına çatana qədər cavabdehdən 100 manat məbləğində əlavə xərc üzrə tələbini əsaslı hesab etdiyindən, həmin hissədə iddianı təmin edərək, cavabdehdən 100 manat məbləğində əlavə xərcin tutularaq iddiaçıya ödənilməsini məqsədə müvafiq sayır.

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının 17-ci, Ailə Məcəlləsinin 3.0.4, 75.1, 78.1, 78.2, “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2784/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmədə çıxış edərək bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir və aylıq rəsmi qazancı yoxdur. Məhkəmə onun sözlərinə məhəl qoymayaraq 200 manat sabit alimentin və xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşına çatanadək 100 manat məbləğində əlavə xərcin ondan alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul etmişdir. Hesab edir ki, apellyasiya məhkəməsi şikayətimə obyektiv baxaraq, ədalətli qərar qəbul edəcəkdir. Belə ki, birinci instansiya məhkəməsi onun rəsmi heç bir yerdə işləməməsini nəzərə almamışdır. Əli travmalıdı deyə o, hərbidə belə olmamışdır, halbuki uşaqlıqdan arzusu olmuşdur vətən keşiyin çəkmək. Bel ilə belə işləyə bilmir, ana atasının himayəsindədir. Bunları məhkəmədə demiş və əlinin travmasını da göstərmişdir. Lakin məhkəmə prossesində qarşı tərəfə üstünlük çox verilib və aliment olduqca çox yüksək hesab olunaraq onun üzərinə öhdəlik kimi qoyulub.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Ərizə ilə məhəməyə müraciət edərək, azyaşlı övladı ilə gəlib-getməsi çətin olduğu üçün işə onun iştirakı olmadan baxılmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

15. Maddə 17. Ailə, uşaqlar və dövlət İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (...) Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

16. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

17. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı (...) 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

18. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

19. Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad;

20. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. (...)

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

22. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

23. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər (...)

26. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulması hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

29. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

31. Qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.

32. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

33. Birinci instaniya məhkəməsi 06 oktyabr 2023-cü il təvəllüdlü X4 yaşını, qida və digər zəruri xərclərə tələbatını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduqlarını nəzərə alaraq hər ay uşağın saxlanması üçün 200 manat sabit pul məbləğində alimentin tutulmalı olmasını müəyyən etmişdir.

34. “Elektron məhkəmə” informasiya sistemindən müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC-də sosial quşçuluq, işçi olaraq işləyir və aylıq əmək haqqı 400 manat təşkil edir.

35. İşdən görünür ki, İddiaçı uşaq azyaşlı olduğu üçün işləyə bilmədiyinə, əlavə gəlir yerinin olmadığına əsaslanaraq, uşağın saxlanması üçün alimendən əlavə cavabdehdən uşağın 3 yaşına çatanadək özünə görə hər ay 100 manat vəsaitin tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi həmin tələbi əsaslı hesab edərək təmin etmişdir.

36. Cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən uşağın saxlanması üçün müəyyən edilmiş alimentin miqdarını əsaslı hesab edir. Lakin kollegiya, tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin qazancını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqları 06 oktyabr 2023-cü il təvəllüdlü X3 3 yaşına çatanadək iddiaçının xeyrinə tutulan alimentin məbləği hər ay sabit pul şəklində 50 manat məbləğində müəyyən edilməlidir.

37. Kollegiya həmçinin qeyd edir ki, alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsinə və ya aliment ödəməkdən azad edilməyə əsas verən hallar mövcud olduqda, Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tərəflərin yenidən məhkəməyə müraciət etmək hüququ istisna deyildir.

38. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

39. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2784/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli, tərəflərin birgə nikahından doğulmuş uşaqları 06 oktyabr 2023-cü il təvəllüdlü X3 3 yaşına çatanadək Cavabdeh hər ay 50 manat məbləğində sabit pul şəklində tutularaq İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2784/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. Tərəflərin birgə nikahından doğulmuş uşaqları 06 oktyabr 2023-cü il təvəllüdlü X3 3 yaşına çatanadək Cavabdeh hər ay 50 manat məbləğində sabit pul şəklində tutularaq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal icra edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar