Məhkəmə qərarları › İş №2(105)-3798/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3798/2021

14.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3798/2021 14.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment və maddi yardım” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7554/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7554/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 27.05.2014-cü il təvəllüdlü X3 və 06.08.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 24.08.2021-ci il tarixdən başlayaraq hər ay, hər uşağa 175 manat sabit pul məbləğində aliment və 06.08.2019-cu il təvəllüdlü X1 3 yaşına çatanadək hər ay 50 manat məbləğində maddi yardım olmaqla, ümumilikdə 400 manat pul tutulması, qətnamənin dərhal icra edilməsi qət edilmişdir (hakim Azər İsmayılov). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı “aliment və maddi yardım” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh birgə nikahdan olan 06.08.2019-cu il təvəllüdlü X4 və 27.05.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay sabit pul məbləğində hər uşağa 175 manat olmaqla, cəmi 350 manat aliment, həmçinin, 06.08.2019-cu il təvəllüdlü X1 3 yaşına çatanadək 50 manat məbləğində maddi yardım olmaqla, ümumilikdə 400 manat məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L LY A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil2 bildirdi ki, təqdim edilən ərizələrdən göründüyü kimi iddiaçı ilə müəyyən razılığa gəlmişdir. Belə ki, cavabdehin gəlirini nəzərə alaraq hər uşağa görə 150 manat olmaqla ayda cəmi 300 manat alimentin cavabdehdən tutulmasına, iddia tələbinin hər ay 50 manat maddi yardım ödənilməsinə dair təmin olunmuş hissəsində qətnamənin ləğv edilməsinə və həmin hissədə iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı bildirdi ki, qarşı tərəflə razıdır, bunu ərizəsində də qeyd etmişdir. Cavabdehdən hər uşağa görə 150 manat olmaqla ayda cəmi 300 manat alimentin tutulmasına, iddia tələbinin hər ay 50 manat maddi yardım ödənilməsinə dair təmin olunmuş hissəsində qətnamənin ləğv edilməsinə və həmin hissədə iddianın rədd edilməsinə etiraz etmir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7554/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh İddiaçı xeyrinə 27.05.2014-cü il təvəllüdlü X3 və 06.08.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması hər ay, hər uşağa 175 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilməli, hər uşaq üçün tutulan alimentin miqdarı 150 manat müəyyən edilməli, qətnamə 06.08.2019-cu il təvəllüdlü X1 3 yaşına çatanadək hər ay 50 manat məbləğində maddi yardım tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında 25.06.2013-cü il tarixdə nikah bağlanmış, tərəflərin birgə nikahından 27.05.2014-cü il tarixdə Nuray və 06.08.2019-cu il tarixdə Yusif adlı uşaqlar doğulmuşdur. Birinci instansiya məhkəməsi iş materiallarına istinad edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi azyaşlıların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən aliment tutulması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4-ci maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» 01 yanvar 2021-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2021-ci ildə yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yaşayış minimumuna istinad eərək hər uşaq üçün 175 manat alimentin tutulmasını müəyyən etmişdir. İşə apellyasiya qaydasında baxılarkən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən hər uşaq üçün tutulan alimentin miqdarının 150 manat müəyyən edilməsi,eləcə də 06.08.2019-cu il təvəllüdlü X1 3 yaşına çatanadək hər ay 50 manat məbləğində maddi yardım tutulması hissəsində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ərizəsi əsasında cavabdehdən tutulan alimentin məbləği dəyişdirilməli, hər uşaq üçün tutulan alimentin miqdarı 150 (yüz əlli) manat müəyyən edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə haqlı olaraq alimentin 24.08.2021-ci il tarixdən başlayaraq, tutulması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, aliment iddiaçının məhkəməyə aliment tələbi ilə müraciət etdiyi vaxtdan, yəni 24.08.2021-ci il tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qeyd edilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində 06.08.2019cu il təvəllüdlü X1 3 yaşına çatanadək hər ay 50 manat məbləğində maddi yardım tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi iddianı qeyd edilən hissədə təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə bu hissədə gəldiyi nəticədə haqlı olmamışdır. Belə ki, iddiaçı ərizəsində uşaq üçün 3 yaşına çatanadək maddi yardımın tutulmasını xahiş etsə də tələbini əsaslandırmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki işdən görünür ki, iddiaçı uşağın xəstəliyi ilə bağlı əlavə xərclərin tutulmalı olmasını sübuta yetirə bilməmişdir. Həmçinin iddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək qətnamənin qeyd eidlən hissədə ləğv edilməsinə etiraz etmədiyini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası 06.08.2019-cu il təvəllüdlü X1 3 yaşına çatanadək hər ay 50 manat maddi yardım tələbinə dair hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə qismən razılaşaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7554/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh İddiaçı xeyrinə 27.05.2014-cü il təvəllüdlü X3 və 06.08.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması hər ay, hər uşağa 175 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilməli, hər uşaq üçün tutulan alimentin miqdarı 150 manat müəyyən edilməli, qətnamə 06.08.2019-cu il təvəllüdlü X1 3 yaşına çatanadək hər ay 50 manat məbləğində maddi yardım tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7554/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh İddiaçı xeyrinə 27.05.2014-cü il təvəllüdlü X3 və 06.08.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması hər ay, hər uşağa 175 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilsin. Cavabdehdən hər uşaq üçün tutulan alimentin miqdarı 150 (yüz əlli ) manat müəyyən edilsin. Qətnamə 06.08.2019-cu il təvəllüdlü X1 3 yaşına çatanadək hər ay 50 manat məbləğində maddi yardım tutulması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar