Məhkəmə qərarları › İş №2(105)-383/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-383/2021

14.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-383/2021 14.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə və Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-2573/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) İddiaçı Cavabdeh1 qarşı bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğvi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1, DƏDRX-nin 4 saylı Ərazi İdarəsi və Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında Abşeron rayon 1 saylı Notariat Kontorunda bağlanmış xx xxxxxx 2020-ci il tarixli bağışlanma müqaviləsinin və onun əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55 kv.metr olan mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun nəvəsidir. Oğul övladı olmadığı üçün 268109 №-li övladlığa götürmə haqqında şəhadətnaməyə əsasən, xx xxxxxxx 1994-cü il tarixdə Kənanı övladlığa götürübdür. Onun bütün əziyyətini çəkərək böyütmüş və bu yaşına qədər onun bütün maddi ehtiyaclarını qarşılamışdır. Uzun illər əziyyət ilə qazanaraq aldığı mənzili xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayon, 1 saylı Notariat kontorunda bağışlama müqaviləsi əsasında oğlu Cavabdeh1 bağışlamışdır. O, özü yaşlı bir insan olaraq, bir neçə xəstəlikdən əziyyət çəkir. Həyat yoldaşı da ağır şəkər xəstəsi olduğundan, həyat yoldaşının yeriməyində problemlər yaranmış və onun daima kənar şəxsin köməyinə ehtiyacı vardır. O da mənzili bağışladığı vaxt cavabdehlə aralarında şifahi razılaşmışlar ki, cavabdeh ata-anasına, yəni ona və onun həyat yoldaşına ömürlərinin axırına kimi baxacaqdır. O, cavabdehi kiçik yaşlarından böyütdüyü üçün övladı olaraq Kənana inanıb ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 55 kv.metr olan mənzili bağışlama müqaviləsi əsasında oğlu – Cavabdeh1 bağışlamışdır. Lakin, bağışlama müqaviləsi bağladıqdan az müddət keçdikdən sonra heç bir səbəb olmadan cavabdeh ona və onun həyat yoldaşına qarşı təhqirlər, kobud ifadələr işlətməyə başlamış, o cavabdehi hər dəfəsində sakitləşdirmək istəsə də, lakin cavabdeh bunlara məhəl qoymayaraq öz davranışlarına davam etmişdir. Beləliklə də, o, başa düşmüşdür ki, cavabdehə mənzili bağışlamaqda yanılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi işin həqiqi hallarına lazımi qiymət verməmiş, işin faktiki hallarını hərtərəfli araşdırmamış və iddianın təmin olunmaması barədə əsassız qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi və Abşeron rayon 1 saylı Notariat ofsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında nümayəndələri iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2. maddəsinə əsasən onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini tələbin təmin edilməsindən ötrü sübut təqdim edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən iddiaçı narazı qalaraq nəticəni apellyasiya qaydasında mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İş üzrə xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakin Dövlət Reyestrindən çıxarışdan müəyyən edilir ki, ünvan 3, ev 1, mənzil 98 ünvanında yerləşən, ümumi sahəsi 55 kv.m olan mənzili Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 68 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində **********54-05301-093005 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş üzrə Abşeron rayon 1 saylı Notariat kontorunda bağlanmış xx xxxxxx 2020-ci il tarixli, 4Ə-401 reyestr nömrəli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nə əsasən müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 55 kv.m olan mənzili İddiaçı Cavabdeh1 bağışlamışdır və onun üzərinə heç bir öhdəlik qoyulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 666.1. maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı). Mülki Məcəllənin 666.1. maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxx 2012-ci il tarixli qərarında göstərmişdir ki, bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Mülki Məcəllənin 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi, qanunverici bağışlama müqaviləsini yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarı). Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, bağışlama müqaviləsinin ləğvini xahiş edən şəxs, müqavilənin ləğvinin əsası kimi istinad edilən halların mövcudluğunu sübut etmə öhdəliyi daşıyır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göründüyü kimi sübutetmə yükü daşıyan iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutlar məhkəmə kollegiyasına təqdim etməmişdir. Bağışlamadan sonra cavabdehin öhdəliklərinə əməl etməməsi, onların qulluğunda durmaması, təhqir və təhdidlər etməsi, ləyaqətlərini alçaltması, xalalarını da təhqir etməsi və bunu birinci instansiya məhkəməsində xx xxxxxxxx 2020-ci il tarixdə şahid qismində dindirilən şəxslər X2 və X1 ifadələri ilə öz təsdiqini tapması barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, həmin şəxslər iddiaçının qızlarıdır və qohumu olmaqla iş üzrə maraqlı olmuşlar. Belə ki, cavabdehin onların istəmədiyi qadınla ailə qurması, onların bu müqavilənin bağlanmasına narazı olmaları həmin şahidlərin başqa ifadə verə biləcəyini inandırıcı hesab etmədiyindən, məhkəmə kollegiyası onların ifadələrinə tənqidi yanaşır. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, müqavilə azadlığı şəraitində bağlanmış bağışlama müqaviləsi tərəflərin həqiqi iradə ifadəsini özündə əks etdirdiyindən, iddiaçının göstərdiyi əsaslar qanuna uyğun bağışlanmış bu müqavilənin ləğvinə səbəb ola bilməz. Məhkəmə kollegiyası mübahisə predmeti təşkil edən mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında cavabdehin adına çıxarışın ləğvi ilə əlaqədar qeyd edir ki, həmin çıxarışın verilməsinə əsas olan bağışlama müqaviləsinin ləğvi əsaslı hesab edilmədiyindən, həmin müqavilə əsasında verilmiş çıxarışında ləğvinə dair iddia tələbi də təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar