Məhkəmə qərarları › İş №2(105)-387/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-387/2023

01.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-387/2023 01.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(067)-2754/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2007-ci il təvəllüdlü Lalənin, xx.xx.2009-cu il təvəllüdlü Vəfanın və xx.xx.2012-ci təvəllüdlü Zaurun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 300 manat olmaqla, cəmi 900 manat məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2006-cı ildə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından 3 övladları - xx.xx.2007-ci il tarixdə Lalə, xx.xx.2009-cu il tarixdə Vəfa, xx.xx.2012-ci il tarixdə Zaur dünyaya gəlmişdir. Cavabdehlə münasibətləri pozulduğundan ayrılmışlar. Artıq 1 ildən çoxdur ki, müvəqqəti olaraq valdeyinlərinə məxsus evdə 3 uşağı ilə birlikdə yaşayır. Cavabdeh uşaqların saxlanılması üçün ona yardım etmədiyindən aliment tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin buna hər cür imkanı çatır. Şəxsi yaşayış evi var, kommersiya fəaliyyəti ilə məşğul olur, bundan əlavə gündəlik gəlirləri də vardır. Uşaqlarının saxlanılması üçün ayda hər uşağa 300 manat, ümumi 900 manat aliment tutulmalıdır, çünki onun qazancı qeyri-müntəzəmdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək hər uşağa görə cavabdehdən 193 manat aliment alınaraq ona verilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(067)-2754/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 08 sentyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir (hakim Vüsalə Qasımova). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(067)-2754/2022 nömrəli qətnaməsini ləğv edərək iddianın tam təmin edilməsi, 14 iyul 2022-ci il tarixindən başlayaraq hər ay, hər uşağa görə 193 manat olmaqla, hər ay cəmi 589 manat məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından üç yetkinlik yaşına çatmayan uşaqları vardır. Cavabdehlə münasibətləri pozulmuş, bir ildən çoxdur ki, ayrılmışlar. O, uşaqları ilə bilikdə valideynlərinə məxsus evdə yaşayır. Cavabdeh uşaqların saxlanılması üçün heç bir yardım etmədiyindən məhkəməyə müraciət etmiş və yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Qətnamədə cavabdehdən alınaraq ona ödənilməsi nəzərdə tutulan alimentin məbləği ilə razılaşmır, cavabdehin nəinki bu məbləğdə, daha çox aliment ödəməyə kifayət qədər imkanı vardır. Cavabdeh X2 Peterburq şəhərində kommersiya fəaliyyəti ilə məşğuldur. Belə ki, ödənilməsi qət edilən məbləğdə pul ilə müvafiq olaraq 10, 13 və 15 yaşlı uşaqların minimum tələbatını belə təmin etmək mümkün deyildir. Nəzərə almaq lazımdır ki, uşaqların üçü də məktəblidir, onların təhsil xərclərini və s. xərclərin hansı məbləğə başa gəlməsini təsəvvür etmək çətin deyildir. Cavabdehdən tələb etdiyi alimentin miqdarı qanunvericiliklə müəyyən edilmiş minimum həddindədir. Onun qazancı və ayrı yaşayış yeri yoxdur. Şikayətin mətnində qeyd etdiyi kimi, o, halhazırda uşaqlarını valideynlərinə məxsus evdə saxlayır. Hazırki qətnamə ilə müəyyən olunan məbləğ isə uşaqlarının tələbatının ödənilməsi üçün kifayət edəcək səviyyədə deyildir. Məhkəmədə işə baxılarkən və qərar qəbul edilərkən tərəflərin maddi və ailə vəziyyəti, eyni zamanda digər hallar nəzərə alınmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan işə baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Xaçmaz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İ seriyalı, 324148 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah 25 iyul 2019-cu il tarixdə pozulmuş, bu barədə nikahın ləğv olunması haqqında akt qeydləri kitabında 140 № ilə qeydiyyat aparılmışdır. Nikah pozulduqdan sonra qadına “Həsənova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 iyul 2022-ci il tarixli, 05/Q-561/69 nömrəli arayışın surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2007-ci il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Xaçmaz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 iyul 2022-ci il tarixli, 05/Q-560/69 nömrəli arayışın surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il tarixdə X7 adlı uşaqları anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Xaçmaz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 989334 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Xaçmaz RİH MKTİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 623 nömrəli arayışdan görünür ki, X6, X7 və X1 şəhəri, E.Əliyev küçəsi, ev 11 ünvanında yaşayan İddiaçı himayəsindədirlər. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2007-ci il tarixdə X6, xx.xx.2009-cu il tarixdə X7 və xx.xx.2012-ci tarixdə X8 adlı uşaqları anadan olmuşdur. Tərəflərin nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olsa da, sonradan münasibətləri pisləşmiş və aralarında bağlanmış nikah pozulmuş, uşaqlar iddiaçının himayəsinə verilmişdir. Cavabdeh uşaqların saxlanmasında iddiaçıya maddi köməklik göstərmədiyindən iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, aliment təyin olunarkən tərəflərin hər ikisinin maddi vəziyyəti, azyaşlıların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması nəzərə alınmalı, alimentin tutulması barədə tərəflərin hər birinə münasibətdə balanslaşdırılmış qətnamə çıxarılmalıdır. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, Cavabdeh 08 sentyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat məbləğində aliment tutulması qənaətinə gəlmişdir. İddiaçı isə apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(067)-2754/2022 nömrəli qətnaməsini ləğv edərək iddianın tam təmin edilməsi, 14 iyul 2022-ci il tarixindən başlayaraq hər ay, hər uşağa görə 193 manat olmaqla, hər ay cəmi 589 manat məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, alimentin miqdarını müəyyən edərkən uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlarının olması ilə yanaşı, həmçinin yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyətinin, eləcə də diqqətəlayiq digər halların öyrənilməli olmasını nəzərə alır. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsində cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı Xaçmaz MRX-nin yoluxucu xəstəliklər şöbəsində tibb bacısı işləyir. İddiaçının yazdığı kimi 1 il yox, cəmi dörd ay sonra, daha doğrusu 29 may 2022-ci il tarixdə onun yanından çıxıb Azərbaycana gəlmişlər. O, Rusiya Federasiyasının Sankt-Peterburqun Kolpino şəhərində kommersiya şirkətində işləyir və aylıq əmək haqqı 19000 rubldur, milli pulla bu da 532 manat edir. Bundan başqa onun özünə məxsus şəxsi evi də yoxdur. Hazırki apellyasiya şikayəti üzrə məhkəmə kollegiasının iclasında isə cavabdeh maddi vəziyyətinin daha da ağır olduğunu, Rusiya Federasiyasına onun qayıtmağının sual altında olduğunu, maddi vəziyyətinin imkan verdiyi halda isə aliment məbləğinin artırılmasına tam razı olduğunu bildirdi. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, hazırki apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar olmadığından birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehin maddi vəziyyəti daha da yaxşılaşdığı halda, iddiaçı yenidən birinci instansiya məhkəməsinə müraciət edərək alimentin müəyyən olunmuş miqdarının artırılmasını tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin hər ikisinin maddi vəziyyətini, azyaşlı uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını nəzərə alaraq, qeyd edilən miqdarda alimentin tutulması barədə tamamilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(067)-2754/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar