Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-392/2022 01.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı Etibarov X4 cavabdeh “017 Cars Sumqayıt” Avtosalonuna qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(060)-3201/2020 saylı qətnaməsindən iddiaçı Etibarov X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(060)-3201/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim G.Tanrıverdiyeva) Qətnamədən iddiaçı Etibarov X8 apellyasiya şikayəti verərək Sumqayıt Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(060)-3201/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(105)-990/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin 2(102)- 5142/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qərarı ilə iddiaçı Etibarov X8 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(105)-990/2021 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Etibarov X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “017 CARS Sumqayıt" Avtosalonu tərəfindən avtomobilin qusurlu olması səbəbindən geri qaytarılması zamanı ona vurulmuş 7380 manat məbləğində pulun cavabdehdən tam tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01.10.2019-cu il tarixdə Sumqayıt şəhərində yerləşən "017 Cars Sumqayıt" avtosalonun ******* nömrəli elanında qeyd olunan “Volksvagen Passat CC” 2.0 motor həcmli, 2013-cü il buraxılış avtomobili almaq üçün həmin avtosalona getmiş və həmin avtomobilin alınması üçün avtosalonun sahibi Vüqar adlı şəxslə danışıqlara başlamışdır. Elanda göstərilən və qiyməti 25900 manat olan avtomobillə, ona məxsus “Opel Vectra B 1.8” markalı, 2001-ci il buraxılışlı avtomobili barter olaraq dəyişdirilməsini təklif etmiş, 8000 manat əlavə verməklə barter variant ilə razılaşmışdır. Əvvəlcədən beh olaraq 500 manat, sonra isə avtomobilin saat 14:00 da DYP-yə gətirilməsini, oradakı servisdə birlikdə avtomobilə tam baxış keçirilib yoxlandıqdan və qeydiyyata alındıqdan sonra, pulun qalan hissəsinin, yəni 17400 manat ödəniləcəyini razılaşdırmışdır. Daha sonra, "017 Cars Sumqayıt" avtosalonun nümayəndəsi Şahin müəllim ona zəng edərək avtomobilin gətirildiyini və artıq DYP-də texniki yoxlamada olduğunu bildirmişdir. Avtomobilin qeydiyyata alınması xərcləri elanda qeyd olunan (iki saat ərzində maşın sənədləşdirilib müştəriyə təhvil verilir) yazısına baxmayaraq, bütün xərclər onun tərəfindən ödənilmişdir. Beləliklə, avtomobilin texniki pasportu (əlavə № 3) və qeydiyyat nömrəsi alındıqdan sonra, maşının pulu Şahinə tam ödənilmişdir. Maşına oturarkən, Şahindən nə üçün əlavə qırmızı işıqlar yandığını soruşduqda, o akkumulyatorun yatdığı üçün işığın yandığını izah etmiş və yolda maşını sürərkən mühərrikin səsli olduğunu hiss etmişdir. Səhər tezdən maşın işə düşməmiş, avtomobilə akkumulyator yerinə köhnə bir akkumulyator quraşdırıldığı aydın olmuşdur. Səhərisi gün başqa maşının akkumulyatordan istifadə edərək maşını işə salınmış və Babək prospekti, Volksvagen "X12" servisinə müraciət etmişdir. "X12" servisində 02.10.2019-cu il tarixində avtomobil diaqnostika olunaraq və zədəli hissələr akkumulyator, SAPUN və s. dəyişdirilərək 530 manat hesab ödənilmişdir. Anbarda olmayan alt sağ tərəf qoruyucu isə əlavə olaraq xaricdən gətirilməsi üçün sifariş olunmuşdur. Bundan sonra həmin gün "017 Cars Sumqayıt" avtosalonuna gələrək onlara ilkin olaraq aşkarlanmış zədələr haqda məlumat vermişdir. Digər vizual zədələrin aradan qaldırılması yerində (servisdə) baha olduğundan 07-08.10.2019-cu il tarixlərində "Opel Servis"ə müraciət edərək əzilmiş sağ ayaqaltı çıxarılıb, rənglənərək yenidən bərpa olunması, duman faralarının təmizlənməsi və s. işlər görülərək 200 manat pul xərclənmişdir. 01.11.2019-cu tarixdə "X12 servis işçiləri ona zəng vurub 02.10.2019-cu il tarixdə anbarda olmadığından sifariş olunmuş “Passat CC”-nin sağ tərəf alt qoruyucunun anbara daxil olduğunu bildirmişlər. Servisə gəldikdən sonra qoruyucu əvəz olunmuş və onun bərpası üçün isə 182 manat ödənilmişdir. Qeyd olunanlardan başqa maşına su əlavə edərkən suyun çəndən yerə töküldüyü və çənin deşik olduğu aşkarlanmışdır. Yenisinin qiyməti baha - 250 manat olduğundan zədələnmiş hissə 08.10.2019 tarixində "Opel Servisdə" açılıb təmir olunmuşdur. 08.10.2019-cu tarixində 2000 kub-sm motor dediyinə baxmayaraq, servisdə su çəni dəyişilərkən maşının mühərrikinin həcminin 1800 kub-sm olduğunu ona göstərmişlər. “017 Cars Sumqayıt" avtosalonunun ******* nömrəli elanda 92000 km getmiş 2000 kub-sm həcmli və 200 at gücü qeyd olunduğu halda, texniki pasportda 1800 kub-sm qeyd olunmuşdur. Servis kitabçasında isə avtomaşının yürüşünün 96200 km olduğu diqqətini çəkmişdir. Məsələnin araşdırılması və aydınlıq gətirilməsi məqsədilə "017 Cars Sumqayıt" avrosalonun meneceri Vüqara dəfələrlə zəng etmiş, lakin o, cavab verməmişdir. SMS ilə ona mesaj göndərərək, maşının problemli olduğunu, zədələrin və maşının mühərrikinin elanda qeyd olunduğu kimi 2000 kub-sm, 200 at gücü deyil, 1800 kub-sm 160 at gücü olduğu haqda ona məlumat vermişdir. Daha sonra, Passat CC 1.8 2013-cü il, 96200 km yürüşü olan minik avtomobilini Turbo.az saytında "100 CARS" avtosalonuna aid elan N ******* məxsus olduğu aydın olmuşdur. 12.10.2019-cu il tarixində "017 Cars Sumqayıt" Avtosalonuna gedərək, maşının ümumiyyətlə zədəli və səhv təqdim olunması səbəbindən geri qaytarılmasını tələb etmişdir. Lakin bütün cəhdlərinə baxmayaraq, hər hansı bir əlavə xərclərin ödənilməsinin mümkün olmadığını bildirmişlər. Daha sonra, 18.10.2019-cu il tarixində maşının mühərrik yağının işığı yanmışdır. Maşını "X12" Servisinə gətirdikdə, mühərrəkin yağının 1000 km-ə 1 litrdən cox azaldığı məlum olmuşdur. Servis tərəfindən 1 litr Mobili 3000 5W30 yağ əlavə olunmuş, mühərrikin yağ yediyini izah edilərək 1 litr əlavə maşında saxlamamasını tövsiyyə etmişlər. Daha sonra, H.Əliyev pr., Koroğlu metrosunun yanındakı Azpetrol Avtomobil satış mərkəzində maşına baxış keçirilərkən, maşının alın şüşəsinin dəyişdirildiyi, sağ və sol tərəfin rəngləndiyi aydın olmuşdur. Nəticədə bunlar aydın olmuşdur: mühərriki yağ yeyir, alın şüşəsi dəyişdirilib, sağ tərəf ayaqaltı və sağ tərəf alt qoruyucu (tərəfindən ödənilərək düzəldilmiş) qəzaya uğramış maşın aldadılaraq ona satılmışdır və ya haradansa ona oxşar zədəli maşını təqdim etmişlər. Bundan sonra, bir neçə dəfə Sumqayıta gedərək maşının geri qaytarılmasını xahiş etsə də nəticəsi olmamışdır. Avtosalon nümayəndələri təqdim olunan maşının bütün zədələri və qüsurları haqda tam məlumat verməli olduğu halda, buna əməl etməmiş və onu aldatmışlar. Mühərrikə 4 dəfə Mobil 5W30 - 1L yağ əlavə etdikdən sonra 14.12.2019-cu il tarixdə "X12" servisində mühərrikin yağının vaxtından əvvəl, yəni 6 ay müddət qeyd olunmasına baxmayaraq, 5000 km yürüşdən sonra tam dəyişdirilmiş və əlavə olaraq 3 ədəd zədəli olan təkər boltu yenisi ilə əvəz olunmuşdur. Son olaraq, 23.12.2019-cu il tarixdə Sumqayıta gələrək **-RM-*** dövlət nömrə nişanlı “Passat CC 1.8” markalı 2013-ci il buraxılışlı avtomobilinin geri götürülməsini tələb etdikdə ona 19500 manat ödəyəcəklərini söyləmişlər. 24.12.2019-cu il tarixdə isə maşın vəsaiti hesabına qeydiyyatdan çıxarıldıqdan və təhvil verildikdən sonra ona 19500 manat məbləğində pul qaytarılmışdır. Nəticə olaraq satıcı bilərəkdən avtomobilin çatışmamazlıqları, zədələri haqda məlumat verməmiş, avtomobilə baxış keçirilməsinə şərait yaratmamış, elanda təsvir olunan maşını təqdim etməmiş və onu aldatmışdır. Satıcı satdığı malı şəkildə qeyd və təsvir olunan kimi alıcıya satmalıdır. Satıcı satdığı malın qüsurlarını alıcıya deməyə borcludur. Ümumilikdə, avtomobilin texniki normalara uyğunlaşdırılmasına və təmirinə (yağ dəyişmə, benzin çıxmaq şərti ilə) 982 manat pul xərclənmişdir. Avtomobilin 25900 manat qiymətə alındığı, geri qaytardığı halda isə 19500 manat pul verdiklərini nəzərə alaraq, "017 CARS Sumqayıt" Avtosalonu bu halda ona 7382 manat ziyan vurmuşdur. Əgər mal təklif olunan ceşidə, növə, formaya və keyfiyyətə uyğun olmadığını ağlabatan müddətdə satıcıya bildirmirsə, satıcı həmin malı şəxsə təklif etdiyi çeşidə, növə, formaya və keyfiyyətə uyğun malla əvəzləzdirməyə və o mümkün olmadıqda isə ödədiyi pulu tamamilə geri verməyə borcludur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı Etibarov X8 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması nəticəsində çıxarıldığından ləğv olunmalıdır. Belə ki, 6 ay davam edən məhkəmə işi üzrə 02 iyun 2020-ci il tarixli ilk iclas qeydiyyata alınmamış və məhkəmə sistemində son 3 iclas qeyd olunmuşdur “Avtosalonun ünvanda mövcud olmadığı” haqda poçt tərəfindən təqdim olunan məktuba əsasən işin baxılmasının mümkün olmadığı vurğulandıqda, o, hakimə iradını bildirmiş və yerləşdiyi ünvan haqda izahat vermişdir. Sonrakı iclasda hakim Yol Polisinə müraciət olunduğunu bildirdikdə, avtomobilin avtosalondan alındığı və qaytarıldığı anda alqı-satqı müqaviləsinin Quliyev Pərviz ilə imzalandığını bildirmiş və 01.10.2019-cu il tarixli, 793357 saylı hesab-arayışın surətini hakimə təqdim etmişdir. Belə ki, BDYPİ tərəfindən verilmiş cavab məhkəmə tərəfindən təhrif edilmiş, avtomobilin Quliyev Pərvizdən alındığı və ona qaytarıldığı faktı aydın olsa belə, bunu düzgün qiymətləndirməmiş və yanlış qərar qəbul etmişdir. Son məhkəmə iclasında cavabdehin “etirazının” təqdim olunmasını xahiş etmişdir. Yazıları oxuna biləcək surətin təqdim olunmasını və ona münasibət bildirməyinə imkan yaradılması xahişi isə rədd olunmuşdur. Belə ki, məhkəmədən sonra 18.11.2020 tarixli məktubla cavabdehin nisbətən oxuna bilən “möhürsüz etirazının” surətini almışdır. Cavabdehin 11.11.2020 tarixli “etirazı” məhkəmə tərəfindən bir gün əvvəlki 10.11.2020 tarixi ilə qeydiyyata alınmışdır. Bununla da birinci instansiya məhkəməsi tərəfindən MPMnin 47.2; 153.1; 172.1 və “Kargüzarlıq haqda Qanunun” 107-ci maddələri pozulmuşdur. Avtomobilin mühərrik həcminin yanlış və onun zədəli olması haqda 2-ci gün, 8-ci gün və daha sonra 6-7 dəfə avtosalona gələrək məlumat vermiş və onun geri qaytarılmasını tələb etmişdir. Avtomobilin 4000 manat aşağı qiymətlə əvəz olunması təklif olunsa belə, razılıq verməmiş və sonda avtomobili avtosalona geri qaytarmışdır. Cavabdeh “etirazında” 5 dəfə “Wotksvagen Passat CC 2.0” avtomobili qeyd edir. Məhkəmə bunu təkrar edərək “Wolksvagen Passat CC 2.0” avtomobilin ona satıldığını təsdiq edir və inkar etmir. BDYPİ tərəfindən təqdim olunmuş avtomobilin qeydiyyat şəhadənaməsində isə mühərrik həcmi 1800 sm3 qeyd olunmuşdur. Bununla da, cavabdeh ilə məhkəmə Passat CC 2.0 (200 a.g.) əvəzinə modelə, izaha, çeşidə, elana, təsvirə uyğun olmayan Passat CC 1.8 (160 a.g.) avtomobilinin satdıqlarını təsdiq etmiş olurlar. Avtomobilin modelinin yanlış təqdim olması isə cavabdehin təqsirli hərəkətidir. Bunun məhkəmə tərəfindən qiymətləndirilməməsi və formal dəlil adlandırılması səhvdir. Vəkil sorğusuna cavab olaraq, “Digital Classifieds”, “Turbo.Az” saytı 11.01.2021-ci il tarixli, DG-001/Ö1/21 nömrəli cavab məktubu ilə adı gedən avtomobilin alınmamışdan əvvəlki 27 sentyabr 2019-cu il tarixli, ******* nömrəli və avtomobil qaytarıldıqdan sonrakı 15 yanvar 2020-ci il tarixli, ******* nömrəli elanların təsdiq olunmuş surətləri təqdim olunmuşdur. Avtomobil başqa adama satılmışdırsa, o avtosalona necə qayıtmışdır? “Turbo.Az” saytının cavabı ilə "017 Cars Sumqayıt" avtosalonunun yerləşdirdiyi elanlarında adı gedən “Wolksvagen Passat CC” avtomobilinin təsvir olunduğunu, lakin müxtəlif tarix, müxtəlif mühərrik həcmi ilə (2.0 və 1.8) və müxtəlif qiymətlərlə göstərildiyi təsdiq olunur. “Turbo. Az” saytında bu elanları yerləşdirməklə “017 Cars Sumqayıt” avtosalonu avtomobili idarə etmək üçün bütün lazımı hüquqlara, lisenziyalara, icazələrə malik olduğunu birbaşa təsdiqləyir və razılaşır. Daha sonra “2.9. NV ilə elanı yerləşdirərək istifadəçi təsdiq edir ki, o elanda göstərilmiş hərəkətlərin belə nəqliyyat vasitəsi barəsində həyata keçirmək hüququna malikdir. Mühərrik həcmindən asılı olaraq avtomobillərin gücü, sürəti və 5000 manatadək qiymət fərqinin olmasını cavabdehin bilməməsi gülüncdür və o, məhkəməyə yanlış məlumat vermişdir. O, avtosalona bu avtomobil üçün 25900 manat tam ödənilmişdir. Turbo.Az saytının cavabından gürünür ki, avtomobil avtosalona qaytarıldıqdan sonra 28.12.2019-cu il tarixdən 24900 manat qiymətlə satışa çıxarılmış, sonda qiymət 1000 manat aşağı salınaraq proses başlamamış “təcili” satılmış və 28.05.2020-ci il tarixində saytdan silinmişdir. Belə ki, sonradan cavabdeh 1000 manat endirim edərək, avtomobili sonradan təkrar olaraq 24000 manat qiymətinə kiməsə satdığı aydın görünür. Cavabdeh avtomobili satan zaman “mühərrikin zədəli olması” barədə “etirazında” heç bir aydınlıq gətirilməmiş və bu məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Bununla da birinci instansiya məhkəməsi cavabdehin ona zədəli və keyfiyyətsiz avtomobil satdığını təsdiqləyir və etiraz etmir. Nəticə olaraq, məhkəmə tərəfindən Mülki Məcəllənin 581, 587, 588, 589-cu maddələri və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun nəzərə alınmamışdır. Bu hallara məhkəmə qətnaməsində düzgün qiymət verilmədiyindən qətnamə ləğv olunmalı, dəymiş ziyanın əvəzinin ödənilməsi barədə onun iddiası təmin edilməlidir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına təkrar gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan «Euro Style LTD» tərəfindən verilmiş 00013242-1 saylı, 02.10.2019-cu il tarixli təmir kartından görünür ki, «Passat» markalı, ** RM *** dövlət qeydiyyat nömrəli avtomaşına Etibarov X1 əsasında istifadə olunmuş ehtiyyat hissələri və materialların dəyəri 530 manat təşkil etmişdir. İş materiallarında olan «Euro Style LTD» tərəfindən verilmiş 00013242-1 saylı, 01.11.2019-cu il tarixli təmir kartından görünür ki, «Passat» markalı, ** RM *** dövlət qeydiyyat nömrəli avtomaşına Etibarov X1 əsasında istifadə olunmuş ehtiyyat hissələri və materialların dəyəri 182 manat təşkil etmişdir. Yenə iş materiallarında olan «Opel Servis» tərəfindən verilmiş 08.10.2019-cu il tarixli, ********* saylı arayışdan görünür ki, «Passat» markalı, ** RM *** dövlət qeydiyyat nömrəli avtomaşının təmirinə Etibarov X8 tərəfindən 200 manat məbləğində ödəniş edilmişdir.. Yenə də iş materiallarında olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş 10.10.2020-ci il tarixli, 92708-1220 saylı məktubdan görünür ki, “Wolksvagen Passat CC” markalı, ** RM *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətləri barədə komputer çıxarışına əsasən, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobil 01.10.2019-cu il tarixdə Etibarov X4 adına dövlət qeydiyyatına alınmış, avtomobilə ** RM *** dövlət qeydiyyat nişanı verilmişdir. Həmin avtomobil 24.12.2019-cu il tarixdə Etibarov X4 adından dövlət qeydiyyatından çıxarılmış, ** VE *** dövlət qeydiyyat nişanı ilə X2 adına qeydə alınmışdır və hazırda da onun adına qeydiyyatdadır. İşə əlavə edilmiş 01.10.2019-cu il tarixli ərizədən görünür ki, Etibarov X8 ** HN *** dövlət qeydiyyat nişanlı, “Wolksvagen Passat CC MİNİK” markalı avtomaşının onun adına qeydiyyata alınması barədə ərizə ilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etmişdir.. İşdə olan AC 244712 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Wolksvagen Passat CC minik” markalı, 2013-cü il buraxılışlı mühərrikinin həcmi 1800 sm3 olan ** HN *** dövlət qeydiyyat nişanlı avtomaşın 04.07.2014-cü il tarixdə X5 adına qeydə alınmışdır. Yenə işdə olan fiziki şəxsin sahibkarlıq uşotu haqqında 12 noyabr 2009-cu il tarixli şəhadətnaməsinin surətindən görünür ki, X6 ********** VÖEN-lə sahibkarlıq fəaliyyəti göstərir. Yenə də işdə olan **********4 saylı arayışdan görünür ki, X6 ********** VÖEN-lə Sumqayıt çəhəri, Daş Bazarının yanında avtosalonla bağlı sahibkarlıq fəaliyyəti göstərir M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, Ali Məhkəmənin mübahisə üzrə mövqeyini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ona mübahisəli avtomaşının satılması barədə 01.10.2019-cu il tarixli alqı-satqı müqaviləsini mübahisələndirməmiş, sonradan 2019-cu ilin dekabr ayında 3 aya yaxın müddət keçdikdən sonra, həmin avtomaşını öz iradəsinə uyğun olaraq, qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən müəyyənləşdirilməklə X7 adlı başqa bir şəxsə satmışdır. Eyni zamanda, iddiaçı mübahisəli avtomaşını 25900 manata alıb 19500 manata satdığını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı Etibarov X8 tərəfindən məhkəməyə mübahisəli avtomaşının 25900 manata alınıb 19500 manata satıldığı barədə sübutlar təqdim olunsa belə, bu hazırki iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, avtomaşının baha alınıb ucuz satılmasına cavabdeh “017 Cars Sumqayıt” Avtosalonunun təqsirli hərəkətlərinin səbəb olmasına dair iş materiallarında hər hansı sübut yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən kobud prosessual hüquq pozuntusuna yol vermişdir. Baxılan işdən görünür ki, İddiaçı mübahisəli avtomobilin alğı-satqısı ilə bağlı dəymiş zərəri və çəkdiyi xərclərin ödənilməsini tələb etmiş və tələbini “017 Cars Sumqayıt” Avtosalonuna yönəltmişdir. AR Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əssasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Yenə həmin Məcəllənin 44.1-ci maddəsinə görə hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. İş materiallarında “017 Cars Sumqayıt” Avtosalonun dövlət qeydiyyatı ilə bağlı heç bir rəsmi sənəd, başqa sözlə onun mülki hüquq qabiliyyətini təsdiq edəcək sübut yoxdur. Daha öncə qeyd olunduğu kimi hüquqi şəxs mövcud olmaq üçün qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçməli, mülkiyyətində ayrıca əmlakı olmalı, öz öhdəlikləri üçün bu əmlakla cavabdehlik daşımalı, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malik olmalıdır. AR MPM-nin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 50.1-ci maddəsinə görə prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Yenə həmin Məcəllənin 50.3-cü maddəsinə görə, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qeyd edildiyi kimi iş materiallarında tələbin yönəldiyi “017 Cars Sumqayıt” Avtosalonun mülki hüquq münasibətlərinin subyekti, hüquqi şəxs olması barədə hər hansı bir məlumat yoxdur. İşin 86-87-ci vərəqələrindəki şəhadətnamə və arayışa görə avtosalon sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X3 vergi ödəyicisi kimi uçota alındığı yerdir. Göstərilnlərə baxmayaraq birinci instansiya məhkəməsi iddia tələbini mümkün hesab edərək iddia ərizəsini icraata qəbul etməklə mülki hüquq qabiliyyəti olmayan(qeyd edildiyi kimi bu barədə işdə heç bir sübut yoxdur), başqa sözlə cavabdeh ola bilməyən “017 Cars Sumqayıt” Avtosalonunu iş üzrə cavabdeh kimi tanımış, işə mahiyyəti üzrə baxaraq avtosalona qarşı iddia tələbini rədd etmişdir. AR MPM-nin 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Mübahisənin araşdırılması, zəruri prosessual tədbirlərin görülməsi məqsədilə tərəflər dəfələrlə məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, onlar məhkəmə iclasında iştirak etməmiş, buna görə də daha öncə qeyd edilən məsələlərin həll edilməsi mümkün olmamışdır. Belə vəziyyətdə isə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qarşısında cavabdehlik daşıya bilməyən, başqa sözlə mülki hüquq münasibətlərinin subyekti olmayan “017 Cars Sumqayıt” Avtosalonuna qarşı qaldırılmış iddia təmin oluna bilməz. Birinci instansiya məhkəməsi bu hallara düzgün qiymət verməmiş, mübahisə üzrə İddiaçı qarşısında heç bir öhdəlik daşımaq qabiliyyətinə malik olmayan “017 Cars Sumqayıt” Avtosalonu cavabdeh qismində tanıyaraq işə mahiyyəti üzrə baxmışdır ki, bu da mülki prosessual qanunvericiliyə birbaşa ziddir və iddianın göstərilən əsasla təmin edilməməsi isə məhkəmə kollegiyasının qənaətinə görə yolverilməzdir. AR MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bunun üçün isə tələbin yönələ biləcəyi şəxsin düzgün müəyyən edilməsi vacib şərtdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan hallara düzgün qiymət verməmiş, iddianı rədd etsə də, mübahisəyə tətbiq edilməli maddi və prosessual normaları düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinin tələblərinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını səhv tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin belə hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının mübahisənin məhkəmədə baxılması üçün ödədiyi bütün rüsumlar onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(060)- 3201/2020 saylı qətnaməsi ləğv olunsun. Yeni qətnamə qəbul olunsun. İddiaçı Etibarov X4 cavabdeh “017 Cars Sumqayıt” Avtosalonuna qarşı vurulmuş 7380 manat məbləğində zərərin əvəzinin ödənilməsi tələbinə dair dair iddiası təmin olunmasın. Etibarov X4 mübahisənin məhkəmədə baxılması üçün ödədiyi bütün dövlət rüsumları onun özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-392/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-392/2022
01.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver