Məhkəmə qərarları › İş №2(105)-403/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-403/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-403/2024 28.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qasımova (Yusifova) Könül Melağa qızına qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X14 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı və cavabdeh X6 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2095/2023 nömrəli qətnaməsindən cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən verilmiş 10 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda X10 izahatında göstərmişdir ki, o, ərizə və izahatın Uğur Media rəhbəri tərəflndən təhqirlərə, təzyiqlərə və şantajlara məruz qalmışdır, Tərlan onu dələduzluqda ittiham edərək şəkillərini sosial mediada yayımlayacağı ilə şantaj etmişdir. Zəng vuraraq onu qorxutmuşdur. İddiaçı 2021-ci ilin iyun ayında faizlə 1000 manat, sonrada müxtəlif vaxtlarda yenə faizlə pul götürmüş, sonuncu dəfə 2021-ci ilin dekabr ayında Xııdalan şəhərində yerləşən notariusda 1500 manat faizlə pul almış, ümumilikdə 13700 manat əsas, 2230 manat isə 1 aylıq faiz borcu yaranmışdır. Ümumi olaraq onun 15930 manat borcu olmuşdur. O, heç kəsi ölümlə hədələməmişdir, Tərlan adlı şəxsi təhqir edibetməməsini xatırlamır. O, oktyabr ayından etibarən 15930 manat pul borcunu hissə-hissə ödəyəcəkdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 ona borclu olduğu 16000 manat maddi, 14000 manat mənəvi olmaqla, ümumilikdə 30000 manat pulun cavabdehdən dərhal alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdə ilk dəfə X8 3000 manat, sonuncu dəfə isə Xırdalan şəhərində yerləşən notariusun içərisində 1500 manat olmaqla ümumilikdə 23000 manat pul vermiş, həmin pulları Şamaxinka adlanan ərazidə yerləşən lombarddan özünə məxsus zinət əşyalarını qoyaraq götürmüş, bu səbəbdən Könül adlı şəxsdən borca vermiş puldan iyun ayından dekabr ayınadək hər ay 600-800 manat pul alaraq həmin lombarda ödəmişdir. Könülün sonradan pulu ödəməməsi səbəbindən Unibankda depozitdə olan özünə məxsus 6000 manat pulunu bankla müqaviləsini pozaraq götürüb lombarda olan borcuna ödəmişdir. Belə ki, məsələ ilə bağlı “Uğurmedia xəbər və yayım agentliyi”nə, ona yardım etməsi, borcunun cavabdehdən alıb ona verməsində və hadisənin ictimailəşdirilməsi üçün, 2022-ci il 7 aprel tarixində kömək istəmişdir. Belə ki, 07 sentyabr 2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən X20 və X3 təsisçisi, baş redaktoru X1 onun X11 tərəfindən 23000 manat pulunun dələduzluq ilə, ələ keçirilməsi, eləcə də, hədə qorxu gəlinməsi və ölümlə hədələnməsi ilə bağlı müraciəti əsasında toplanmiş material Bakı şəhəri, Nəsimi RPİ-dən, Abşeron RPİ-nə daxil olmuşdur. Lakin cavab olaraq, X21 və X3 təsisçisi, baş redaktoru X2, Abşeron RPİ-dən, Cinayət işi başlanmasının rədd edilməsi haqqında 10 sentyabr 2022-ci il tarixli qərar daxil olmuşdur və məsələnin mülki xarakter daşıması qeyd olunmuş və bunun üçün də, pul tələbi ilə bağlı məhkəməyə müraciət olunması qeyd olunmuşdur. X12 RPİ-də verdiyi izanatında ondan 2021-ci ilin iyun ayında faizla 1000 manat, sonrada müxtəlif vaxtlarda yenə faizlə pul götürdüyünü, sonuncu dəfə 2021-ci ilin dekabr ayında Xırdalan şəhərində yerləşən notariusda 1500 manat faizlə pul aldığını ümumilikdə 13700 manat əsas, 2230 manat isə bir aylıq faiz borcu yarandığını, ümumi olaraq 15930 manat borcu olduğunu etiraf etmişdir. Beləliklə, X7 ona borcu var və həmin pulu heç bir yol ilə cavabdehdən ala bilmir.

4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2095/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh X5 13700 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir (hakim Elman Məmmədov).

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 739.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh X10 apellyasiya şikayəti verib Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2095/2023 nömrəli qətnaməsini ləğv edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Çünki 2021-ci ildə 13700 manat pulu İddiaçı almışdır. Birinci instansiya məhkəməsinə sübut təqdim etməsinə baxmayaraq iddianı qismən təmin etdi və onun ödədiyi 7000 manatı borcdan silməyərək əsassız qətnamə qəbul etdi.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında cavabdeh X10 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 14.2 və 14.2.7 Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

15. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

16. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

19. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

20. Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2095/2023 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsini mübahisələndirmişdir.

30. Kollegiya qeyd edir ki, iddianın təmin edilməyən hissəsindən şikayət verilmədiyindən məhkəmə kollegiyası həmin hissədə araşdırma aparmır.

31. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2095/2023 nömrəli qətnaməsinin yalnız mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, həmçinin, mülki iş materiallarına əlavə olunmuş Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən verilmiş 10 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda X10 izahatında göstərmişdir ki, o, İddiaçı 2021-ci ilin iyun ayında faizlə 1000 manat, sonrada müxtəlif vaxtlarda yenə faizlə pul götürmüş, sonuncu dəfə 2021-ci ilin dekabr ayında Xııdalan şəhərində yerləşən notariusda 1500 manat faizlə pul almış, ümumilikdə 13700 manat əsas, 2230 manat isə 1 aylıq faiz borcu yaranmışdır. Ümumi olaraq onun 15930 manat borcu olmuşdur. O, oktyabr ayından etibarən 15930 manat pul borcunu hissə-hissə ödəyəcəkdir.

34. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

35. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

36. X9 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

37. Kollegiya qeyd edir ki, bu qəbildən olan iddialarda iddiaçı cavabdehə verdiyi pulu sübut etdiyi təqdirdə pulun qaytarılmasının sübutetmə yükü cavabdehin üzərinə düşür. Hazırkı iş üzrə cavabdeh hüquq mühafizə orqanında verdiyi izahatında, eləcə də apellyasiya şikayətinin dəlillərində 13700 manat məbləğində pul aldığını etiraf etmişdir və beləliklə də birinci instansiya məhkəməsi haqlı olaraq iddianı qismən, yəni sübut olunan həcmdə təmin etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində 7000 manat məbləğində pulu qaytardığını bildirsə də buna dair sübutu nə birinci instansiyada nə də apellyasiya instansiyası məhkəməsində təqdim etməmişdir.

38. Kollegiya iş materiallarında olan bank hesabından çıxarışın surətinə münasibət bildirərək, qeyd edir ki, həmin çıxarış 2021-ci ilin aylarını əhatə etdiyindən, cavabdeh isə bu dövrdən sonra Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində 10 sentyabr 2022-ci il tarixdə iddiaçıya 13700 manat əsas borcun qaldığını etiraf etdiyindən, həmin çıxarış hazırkı mübahisə predmeti olan pulun qaytarılmasına dair sübut kimi qiymətləndirilə bilməz.

39. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişdir. Cavabdeh isə apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir.

40. Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.

41. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

42. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2095/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2095/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar