Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-408/2022 13.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçının vəkili Nümayəndə, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızına qarşı tutulan alimentin yarısının bank hesabına köçürülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4307/2021 saylı, 27 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 2(012)-4307/2021 saylı, 27 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 28 dekabr 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı Abşeron Rayon Məhkəməsinin 2(012)- 2146/2020 saylı, 03.09.2020-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləğinin 50 faizinin Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə X6 adına açılmış bank hesabına bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.(hakim M.A.Abbasova) Qətnamədən cavabdeh Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin 2(012)- 2146/2020 saylı 03.09.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 28 dekabr 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun hər ay qazancının ¼ hissəsi miqdarında tutulacaq alimentin 50 faizinin X6 adına açılan bank hesabına köçürülməsinə dair iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Əliyev X2 (Əliyeva) Cəlalə Cəlal qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2146/2020 saylı 03.09.2020-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilərək, 28 dekabr 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun hər ay qazancının ¼ hissəsi miqdarında, yəni 784,5 avro məbləğində tutulan alimentin 50 faizinin X6 adına açılacaq bank hesabına köçürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı tərəf məhkəməyə tələbin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2146/2020 saylı 03.09.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 28 dekabr 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun hər ay qazancının ¼ hissəsi miqdarında tutulacaq alimentin 50 faizinin hazırki iş üzrə iddianın məhkəmənin icraatına daxil olduğu tarixdən başlayaraq X6 adına açılan bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddiasını bununla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2146/2020 saylı, 03.09.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, birgə nikahdan anadan olmuş 28 dekabr 2017-ci il təvəllüdlü X6 anası X4 himayəsində qalması, 28 dekabr 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 28 aprel 2020-ci il tarixdən başlayaraq X4 xeyrinə onun hər ay qazancının ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay iddiaçının əmək haqqından 784,5 AVRO aliment tutulur. Alimentin 50 faizi olan 784,5 manat yaşayış minimumunun 5 misli miqdarını təşkil edir və uşağın saxlanması, tərbiyəsi və təhsilinə kifayət edir. Digər 50 faizin X6 adına açılacaq bank hesabına köçürülməsi ilə bu məbləğ onun yetkinlik yaşına çatdıqda bank hesabında yığılacaq və həmin pul vəsaitinə sərəncam vermək hüququ əldə edərək həmin vəsait hesabına özünə daha yaxşı həyat şəraiti yaradacaqdır. Ona görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızı apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, qətnamə əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, 28 dekabr 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazancının ¼ hissəsi miqdarında, yəni 784,5 AVRO məbləğində tutulan alimentin 50 faizinin uşağın adına açılacaq bank hesabına köçürülməsi gələcəkdə uşağın anasına, yəni ona bürokratik əngəllər yaratmaqla, uşağın maddi maraqları naminə aliment vəsaitinin yetkinlik yaşın çatana qədər onun təhsili, sair xərclərin ödənilməsində çətinliklər yaradacaqdır. Bundan başqa, iddiaçı hansı səbəbə görə uşağın adına bank hesabının açılmasını və aliment məbləğinin həmin hesaba köçürülməsinin təmin edilməsinə zəruriyyət olduğuna dair heç bir əsas gətirməmişdir. Belə olan halda, iddiaçının ödənilən aliment məbləğinin cavabdeh tərəfindən uşağın mənafeyi naminə xərclənmədiyini və buna görə də onun adına bank hesabının açılmasına ehtiyac olduğunu göstərməli idi. Hazırda isə belə bir hal yoxdur. Uşağın adına bank hesabı açılarkən ananın da razılığı tələb edilir, belə bir razılıq olmadan isə bank hesabının açılması uşağın şəxsi həyatına lüzumsuz müdaxilə kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə şikayətlə razılaşmadı və onun rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2146/2020 saylı 03.09.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə X5 arasında 04 mart 2017- ci il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 493 saylı akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş 28 dekabr 2017-ci il təvəllüdlü X6 anası X4 himayəsində qalması, 28 dekabr 2017ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 28 aprel 2020-ci il tarixdən başlayaraq X4 xeyrinə İddiaçı hər ay qazancının ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş 06 may 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı AR-nın Polşa Respublikasındakı Səfirliyində Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi aparatında məsləhətçi vəzifəsində çalışır və aylıq əmək haqqı 2511 AVRO təşkil edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın rədd edilməsi hissəsində qətnamə mübahisələndirilmir və hazırda bu hissə apellyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-4307/2021 saylı, 27 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər 04 mart 2017-ci il tarixdə rəsmi nikaha girmişlər və onların bu nikahından 28 dekabr 2017-ci il tarixdə X8 adlı uşaqları doğulmuşdur. Sonradan onların münasibətləri korlanmış və nikaha məhkəmə qaydasında xitam verilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)- 2146/2020 saylı 03.09.2020-ci il tarixli qətnaməsilə tərəflərin nikahının pozulması, birgə nikahdan anadan olmuş 28 dekabr 2017-ci il təvəllüdlü X6 anası X4 himayəsində qalması, 28 dekabr 2017ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 28 aprel 2020-ci il tarixdən başlayaraq X4 xeyrinə İddiaçı hər ay qazancının ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı tərəf Abşeron Rayon Məhkəməsinin 2(012)-2146/2020 saylı 03.09.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 28 dekabr 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun hər ay qazancının ¼ hissəsi miqdarında tutulacaq alimentin 50 faizinin X6 adına açılan bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, İddiaçı AR-nın Polşa Respublikasındakı Səfirliyində Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi aparatında məsləhətçi vəzifəsində çalışır və aylıq əmək haqqı 2511 AVRO təşkil edir. Onun qazancının ¼ hissəsi, yəni 784,5 AVRO (hazırda 1569 manat) aliment öhdəliklərinə görə tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yenə həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Yenə də həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Eyni Məcəllənin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. İşin hallarından görünür ki, iddiaçı əvvəlki məhkəmə qətnaməsi ilə ondan tutulacaq aliment məbləğinin yarısının (hazırda 784,50 manatın) azyaşlı övladının adına açılacaq bank hesabına köçürülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. O, ondan tutulan aliment məbləğinin yaşayış minimumundan dəfələrlə çox olduğunu, yarısının isə azyaşlının ehtiyaclarını ödəyəcəyini iddia edir. Qalan 50 %-lik məbləğin isə azyaşlının adına açılacaq bank hesabına yüklənərək gələcəkdə övladının rifahının təmin edilməsi məqsədi ilə istifadə edilməsi və onun daha yaxşı təhsil alması, təlim-tərbiyəsi üçün bu tələbin təmin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericilik alimenti ödəyən şəxsə tutulan alimentin yarısının birgə nikahdan doğulmuş uşağın adına açılmış bank hesabına köçürmək hüququnu verir. Hazırkı işin faktiki hallarından görünür ki, qət edilmiş alimentin yarısı ilə (hazırkı məzənnə ilə 784,50 manat) azyaşlı Xədicənin yüksək səviyyədə qidalanması, böyüməsi və tərbiyə edilməsinə kifayət edir. Bu məbləğ ölkə üzrə 2022-ci ilin uşaq minimumu xərclərindən xeyli çox olub, onun zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yetərlidir. Qət edilən aliment miqdarının 50 faizlik hissəsinin azyaşlının gələcək həyatının və rifahının daha da yaxşı təmin olunması üçün adına açılacaq bank hesabına köçürülməsi addımı uşağın mənafeyi baxımından təqdirəlayiqdir Uşaq yetkinlik yaşına çatdıqdan sonra, onun təhsili, həyat şəraitinin qurulması, cəmiyyətdə layiqli yer tutması üçün maliyyə vəsaiti ona kömək edilməsi üçün vasitədir. Bu baxımdan məhkəmə kollegiyası da hesab edir ki, qaldırılmış iddia əsaslıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin hər ikisinin maddi vəziyyətini, birgə nikahdan doğulmuş azyaşlı Xədicənin mənafeyini nəzərə alaraq, iddianın bu formada təmin edilməsi barədə tamamilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı öz tələbinin əsasını sübut edə bildiyi halda, cavabdeh Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızı isə apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4307/2021 saylı, 27 avqust 2022-ci il tarixli qətnaməsi cavabdeh X3 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızının özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-408/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-408/2022
13.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver