Məhkəmə qərarları › İş №2(105)-41/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-41/2025

19.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-41/2025 19.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin naturada bölünməsi və əmlakın açıq hərracda satılaraq hərracdan əldə olunmuş vəsaitin paya uyğun şəkildə ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(012)-55/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) iddia qismən təmin edilməsi, birgə nikah zamanı əldə edilmiş Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********11) açıq hərraca çıxarılaraq satılması, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********11) açıq hərracda satışından əldə edilən vəsaitin İddiaçı və Cavabdeh arasında bərabər surətdə bölüşdürülməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, aparılmış ekspert tədqiqatları üçün tələb olunan cəmi 200 manat pulun 100 manat hissəsinin İddiaçı, 100 manat hissəsinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1029/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.Məmmədov (sədrlik edən və məruzəçi), L.Rəhimli və İ.Dəmirov) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1029/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin naturada bölünməsi və əmlakın açıq hərracda satılaraq hərracdan əldə olunmuş vəsaitin paya uyğun şəkildə ödənilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun 1/2 hissədə paylı mülkiyyətçisi olduğu Abşeron rayonu Fatmayı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin naturada bölünməsi, natura qaydasında bölünməsi mümkün olmadıqda mübahisəli əmlakın açıq hərracda satılaraq hərracdan əldə olunmuş vəsaitin onun payına mütənasib şəkildə ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahda olmuş, sonradan isə bu nikah pozulmuşdur. Eyni zamanda, birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Fatmayı kəndi ərazisində olan 0,08 ha torpaq sahəsi hər birinə ½ hissə müəyyən edilməklə bölünmüşdür. Bu torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etdirmişlər və əvvəllər o da ailəsilə birlikdə bu evdə yaşamışdır. Lakin ev inşa olunduqdan sonra sənədləşdirmə işləri tamamlanmamışdır. Hazırda isə Cavabdeh ½ hissədə xüsusi mülkiyyətində olan torpaq sahəsindən (həmçinin evdən) istifadəyə mane olur. Ona görə də mübahisəli əmlakın naturada bölünməsi və bu mümkün olmadıqda isə açıq hərrac vasitəsi ilə satılaraq hərracdan əldə olunmuş vəsaitin paylara mütənasib şəkildə ödənilməsi zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Əliyeva X4 Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməsi ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, maddi hüquq normaları ilə yanaşı Abşeron Rayon Məhkəməsi prosessual hüquq normalarını da kobud surətdə pozmuşdur. İddiaçının iddia tələb məhz onun ½ hissəsində payında olan Abşeron Rayon Fatmayı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsini naturada bölünməsi, natura qaydasında bölünməsi mümkün deyilsə mübahisəli əmlakın açıq hərracda satılaraq hərracdan əldə olunmuş vəsaiti paylara mütənəsib şəkildə ödənilməsi ilə bağlı olmasına baxmayaraq, iddiaçı tərəfindən Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində qeyd olunan tələblərə və ardıcılığa riyaət etməmişdir, bu barədə məhkəməyə dəfələrlə məlumat verilməsinə baxmayaraq hakim tərəfindən bu məsələ araşdırılmamışdır və düzgün hüquqi qiymət verməmişdir. Bundan əlavə olaraq, hakim tərəfindən təyin edilmiş ekspertiza nəticəsində, iddianın predmeti olmayan torpaq sahəsinin üzərində tikilmiş, lakin heç bir sənədi olmayan fərdi ev qiymətləndirilmişdir. Burda iki sual yaranır, mülki işdə iddia predmeti olan torpaq sahəsi ola ola, niyə fərdi ev qiymətləndirilir və qeyd olunan torpaq sahəsi hərraca çıxarılsa torpaq sahəsinin üzərində olan fərdi yaşayış evin aqibədi necə olmalıdır. Hakim ekspertizanı təyin etdi nəticələrini əldə etdi, lakin ekspertizada qeyd olunan məbləğ barədə, torpağın yerinə evin qiymətləndirilməsi barədə və ev hərracdan satıldığı halda sərancam əsasında ev tikilməsinə cavabdehin evin necə olacağı barədə araşdırma aparmamışdır. İddiaçı tərəfindən verilən iddia ərizəsində və ya Abşeron Rayon Məhkəməsində araşdırma zamanı qeyd olunan mülkiyyət payının cavabdeh tərəfindən ödənilməsi barədə hər hansı bir təklif gəlməmişdir. Mülki Məcəllə tərəfindən hər bir vətəndaşın mülkiyyət hüquqlarını qorunur və bu tip işlərdə əgər əşyanın naturada bölünməsi mümkün deyilsə ilkin olaraq əşyanın ümümi qiyməti müəyyən olunmalıdır, sonra isə qeyd olunan əşyanın iddiaçının payına uyğun olaraq hüququ var ki, payının ödənilməsini cavabdehdən tələb etsin, cavabdeh payın dəyərinin ödənilməsindən imtina edəndən sonra əşyanı hərraca çıxarılması mümkündür. Nə iddia tələbində, nə də Abşeron Rayon Məhkəməsində araşdırma zamanı iddiaçı tərəfindən belə bir təklif cavabdehə rəsmi qaydada təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumun Qərarında qeyd edilir ki, “Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.” Abşeron Rayon Məhkəməsi tərəfindən AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumun Qərarına riyaət edilməməsi faktiki olaraq cavabdehin mülkiyyət hüquqlarının pozulması deməkdir. Belə ki, yalnız cavabdeh tərəfindən iddiaçıya məxsus olan payın alınmasından imtina etdiyi təqdirdə, əmlak hərraca çıxarıla bilər, lakin Abşeron Rayon Məhkəməsi tərəfindən nə torpaq sahəsinin qiymətləndirilməsi aparmamışdır, nə də iddiaçı tərəfindən cavabdehə payın alınması ilə bağlı rəsmi qaydada təklifi olub-olmamasını müəyyən etməmişdir. İş materiallarında olan ekspertin rəyi, torpaq sahəsinin qiymətləndirilməsi ilə bağlı deyil, qeyd olunan rəydə iddia predmeti olmayan torpaq saəhəsin üzərində fərdi yaşayış evin qiymətləndirilməsidir. Abşeron Rayon Məhkəməsi tərəfindən işi hərtərəfli və obyektiv araşdırmamışdır. Məhkəmə tərəfindən təyin edilmiş mübahisəli iddia predmetini, yəni torpaq sahəsini qiymətləndirməkdənsə, öz qərardadı ilə, torpaq sahəsinin üzərində olan fərdi yaşayış evi və digər tikililəri qiymətləndirmişdir. Ekspert tərəfindən təqdim olunan rəydə görünür ki, faktiki olaraq 144000 (yüz qırx dörd min) manata torpaq sahəsinin üzərində olan fərdi yaşayış evin qiyməti müəyyən edilmişdir. Görünür ki, faktiki olaraq, hakim qərardadında evin qiymətləndirilməsini qeyd etməklə iddia tələbindən kənara çıxmışdır və iddia tələbini təmin edərək, torpaq sahəsini hərraca çıxarılmaqla birbaşa olaraq torpaq sahəsinin üzərində olan əmlakdan cavabdehi məhrum edilməsinə şərait yaratmışdır. Abşeron Rayon Məhkəməsinin qətnaməsində qeyd edilir ki, məhkəmə kompensasiya ilə bağlı araşdırma aparılmışdır və mübahisəli olan əmlakın dəyəri müəyyən edilmişdir. İlk olaraq qeyd etmək isəyir ki, kompensasiya məbləğin müəyyən etməkdən ötrü, ilkin olaraq mübahisəli əmlakın dəyəri müəyyən edilməlidir. Yuxarıda qeyd etdiyi kimi, mübahisəli torpaq sahəsinin qiyməti müəyyən edilməmişdir. Torpaq sahəsinin üzərində olan əsassız olaraq tikililərin qiyməti müəyyən edilmişdir. Baxmayaraq ki, torpaq sahəsinin üzərində olan əmlaklar iddia tələbinə aid deyil məhkəmə tələbdən kənəra çıxaraq torpaq sahəsinin üzərində olan tikililəri qiymətləndirilmişdir. Torpaq sahəsin qiyməti 144000 (yüz qırx dörd min) manat deyil, bu tikililərin qiymətidi, necə kompensasiya ödənilməsi məsələsinə məhkəmə tərəfindən baxılar bilərdi, əgər torpaq saəhəsin qiyməti müəyyən edilməmişdirsə. Digər tərəfindən, yenədə vurğulamaq istəyir ki, iddiaçıya məxsus olan payın cavabdehə satılması təklifi rəsmi qaydada iddiaçı tərəfindən gəlməli idi, məhz iddiaçı burda payın satıcısı olaraq çıxış edir, lakin cavabdehə belə bir təklif gəlməmişdir, işin materiallarında belə bir təklif barədə məlumat yoxdur. Nə şifahi nə də yazılı təklif iddiaçı tərəfindən gəlməmişdir. Beləliklə hesab edir ki, hakim tərəfindən qəbul edilən qətnamə tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmamışdır. Məhkəmə qəbul etdiyi qətnamə iddia predmetindən kənara çıxaraq özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır, bu da Mülki-Prosessual Məcəlləsinə ziddir. Məhkəmə tərəfindən mübahisəli predmetin yox, mübahisəli predmetin üzərində olan tikililəri qiymətləndirir. Faktiki olaraq, araşdırma zamanı məhkəməyə məlum olur ki, qeyd olunan torpaq sahəsinin üzərində fərdi yaşayış evi vardır. Buna baxmayaraq, fərdi yaşayış evin kimə məxsus olmasını aydınlaşdırmadan qeyd olunan evi qiymətləndirir və faktiki olaraq hərraca çıxarılması barədə qətnamə qəbul edir. Məhkəmə tərəfindən torpaq sahəsin real qiyməti müəyyən edilməmişdir və bunun nəticəsində məhkəmə tərəfindən kompensasiya məsələsini araşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini mübahisəli əmlak hazırda yalnız Cavabdeh faktiki istifadəsindədir. Tərəflərin paylı mülkiyyətində olan bu əmlakın paylara uyğun naturada bölünməsi isə mümkün olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bu nəticədən narazı qalan cavabdeh qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən Mülki Məcəllənin 220.4-cü maddəsini tətbiq etməsi əsaslandırılmamasını, iddiaçının izahatında, cavabdeh tərəfin verdiyi izahatlarda cavabdehə torpaq sahəsinə görə kompensasiya verilməsi barədə təklif verilməsinin əksini tapmaması, cavabdehin yazılı müraciətlərindən də bu hal müəyyən edilməməsini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, İddiaçılə Cavabdeh 05 dekabr 2004-cü ildə nikaha daxil olmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 avqust 2019cu il tarixli qətnaməsi ilə İddiaçı ilə VCavabdeh arasında bağlanmış nikah pozulmuşdur. İşin digər mübahisə olunmayan halı odur ki, tərəflər nikah müddətində Abşeron rayonun Fatmayı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid ümumi sahəsi 0,08 ha olan həyətyanı torpaq sahəsi əldə edərək, həmin torpaq sahəsi üzərində xx.xx.2013-cü ildə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydə aldırmı və qüvvədə olan məhkəmə aktı ilə torpaq sahəsi üzərində tərəflərin ½ hissədə payı müəyyən edilmişdir. Bununla yanaşı torpaq sahəsi üzərində Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 339 saylı sərəncamı əsasında inşa edilmiş fərdi yaşayış evinin tərəflərin hər hansı birinin adına dövlət reyestrində qeydiyyatdan keçməməsi səbəbindən ev üzərində payları müəyyən edilməmişdir. Baxılan iş üzrə iddia tələbi paylı mülkiyyətin naturada bölünməsi və əmlakın açıq hərracda satılaraq hərracdan əldə olunmuş vəsaitin paya uyğun ödənilməsi barədədir. İddia tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 220.4-220.6-cı maddələri nəzərdən keçirilə bilər. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlarn arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1., 220.2., 220.3., 220.4., 220.5., 220.6. maddələri). Bu mənada məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətin tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Qanunvercilik mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. Mülki Məcəllənin 220-ci maddəsinin mənasına görə, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: a) Ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; b) Əşyadakı paya görə payın dəyərinin ödənilməsi; d) Əşyanın məhkəmə aktına əsasən açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi. Göründüyü kimi, əşyanın məhkəmə aktına əsasən açıq hərracdan satılmasına və satış pulunun paylara mütənasib surətdə paylı mülkiyyətçilər arasında bölüşdürülməsinə o, hallarda yol verilir ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılmasına yol verilməsin və ayrılan payçıya digər payçılar tərəfindən payının dəyəri ödənilməsin. İşdən görünür ki, mübahisə predmeti təşkil edən əmlak hazırda Cavabdeh faktiki istifadəsində olmaqla, ekspert rəyinə əsasən tərəflər arasında naturada bölünməsi texniki cəhətdən mümkün deyil. Məhkəmə kollegiyası mövcud tələb üzrə əmlakın bölünməsinin mümkünsüzlüyünü nəzərə alaraq hesab edir ki, Mülki Məcəllənin 220.3-cü maddəsində nəzərdə tutulmuş digər əsasların olmasının araşdırılması zəruridir. Bu məqsədlə ayrılmaq istəyində olan iddiaçının öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan Cavabdeh tərəfindən ona ödənilməsi barədə iddiaçının təklifinin olub-olmaması araşdırılmış, İddiaçı cavabdehin 222,600 manatın ½ hissəsini kompensasiya olaraq ona verilməsini xahiş etmiş, cavabdeh tərəf isə iddiaçının bu təklifinə etiraz edərək təklifin faktiki olaraq torpaq sahəsinə yox, həmin torpaq sahəsinin üzərində inşa edilmiş tikili ilə əlaqəli olduğundan, təklif olunan məbləğin çox olduğunu əsas gətirərək, kompensasiya məbləği ilə razı olmadığını bildirmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təklif olunan kompensasiyanı vermək istəmədiyindən, növbəti mərhələ olaraq əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxılması məqsədəuyğundur. Qeyd olunmalıdır ki, mübahisəli əmlakın açıq hərracdan satılması və satış pulunun tərəflər arasında mütənasib surətdə bölüşdürülməsi nəticəsinə gələn məhkəmə qətnamənin nəticə hissəsində icra qaydası kimi mübahisəli əmlakın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətinin göstərməməsi Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 06 dekabr 2024-cü il tarixli, 02/2024 saylı qərardadı ilə uzlaşmır. Çünki ki, sözügedən qərardadla qətnamənin nəticə hissəsində icra qaydası kimi mübahisəli əşyanın açıq hərracdan satılması zamanı bazar dəyərinə uyğun ilkin satış qiymətinin göstərilib-göstərilməməsi ilə bağlı yaranmış fikir ayrılığına artıq aydınlıq gətirilmişdir. Belə ki, həmin Qərardadın 59-cu bəndində göstərilir ki, mülki qanunvercilikdə əşyanın açıq hərracdan satılması halında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulub (İpoteka haqqında Qanunun 39.3.3-cü maddəsi). Əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Həmçinin o da nəzərə alınmalıdır ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində inşa edilmiş əqdin obyekti olmayan, yəni daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən fərdi yaşayış evi vahid daşınmaz əmlak olaraq torpaq sahəsinin tərkib hissəsi olduğundan, həmin torpaq sahəsi üzərində mövcud olan fərdi yaşayış evi ilə birlikdə aşıq hərracda satılması məqsədəuyğundur. Məhkəmə kollegiyası mübahisəli mənzilin bazar dəyərinə uyğun açıq hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə mülki iş üzrə ekspertiza təyin etmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-9/1293/2025 nömrəli, 23 iyun 2025-ci il tarixli ekspert rəyi ilə Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin bazar dəyəri 69.000 (altmış doqquz min) manat, üzərindəki inşa edilmiş fərdi yaşayış evinin orta bazar dəyəri isə 222600 (iki yüz iyirmi iki min) manat müəyyən edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birgə nikah zamanı əldə edilmiş Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,08 ha torpaq sahəsi (reyestr nömrəsi: **********11) və üzərində (339 saylı sərəncam əsasında) inşa edilmiş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən fərdi yaşayış evi açıq hərracda satılmalı və satışdan əldə edilən vəsait ½ hissədə tərəflər arasında bölünməli, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin bazar dəyəri 69.000 (altmış doqquz min) manat, torpaq sahəsinin üzərindəki (339 saylı sərəncam əsasında) inşa edilmiş fərdi yaşayış evinin orta bazar dəyəri isə 222600 (iki yüz iyirmi iki min altı yüz) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı, həmçinin apellyasiya baxışında iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 200+200=400 (dörd yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Birgə nikah zamanı əldə edilmiş Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,08 ha torpaq sahəsi (reyestr nömrəsi: **********11) və həmin torpaq sahəsinin üzərində inşa edilmiş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən fərdi yaşayış evi açıq hərracda satılsın, həmin əmlakın açıq hərracda satışından əldə edilən vəsait ½ hissədə tərəflər arasında bölünsün, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin bazar dəyəri 69.000 (altmış doqquz min) manat, torpaq sahəsinin üzərindəki (339 saylı sərəncam əsasında) inşa edilmiş fərdi yaşayış evinin orta bazar dəyəri isə 222600 (iki yüz iyirmi iki min altı yüz) manat müəyyən edilsin. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 400 (dörd yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar